Xəbər lenti
"Üşüyən şeirlər"in istisi - Vaqif Osmanlı yazır
Onun yenicə işıq üzü görmüş “Üşüyən şeirlər,...” kitabındakı poetik duyğularını ələk-vələk eləməyə başlayandan az sonra məşhur rus ədəbi tənqidçisi V.Q.Belinskinin bir fikrini xatırladım. Onun yeni kitabında nəzmə çəkilən mətləblər Belinskinin fikirləşdiyi kimidir: “Poeziya həyatı bir imkan kimi yaradıcı surətdə yenidən yaratmaqdır”...
O da yaradır. Bu yaradıcı insanın lirik düşüşüncələrini, həyata, ömrə, mənəvi dəyərlərə münasibətini cilalayan məqamlardan, bəlkə də birincisi doğulduğu, yetkinləşdiyi, fəaliyyətdə olduğu mühitdir.
Şair, yazıçı, pedaqoq, dövlət idarəetmə orqanlarında müxtəlif vəzifələrdə işləyən Adilə xanım Aslanova Azərbaycanın ecazkar - Yaradanın ovqatının ən xoş vaxtında yaratdığı bir guşəsində - axarlı-baxarlı, qızılgül ətirli, qoca Qafqazla qol-boyun dayanan, müxtəlif etnoslara qucaq açan vüqarlı, məğrur, Adilə xanımın təbiriylə desək, “kiçik Paris”də - Zaqatalada dünyaya göz açıb. Onun Zaqatalası da bir obrazdır, “dağa söykənən şəhərdi, bir əzəmət heykəli”dir.
Həmişə düşünmüşəm ki, Vətənimizin ən mərhəmətli, qayğıkeş, tolerant insanlarının yaşadığı ərazilərindən öndə gedəni Şimal-Qərb bölgəsidir. Orada yaşayanların insansevərliyi buna əyani sübutdur. Çoxları dünyanın cənnət yerlərini Alp dağlarının ətəklərində, Balkan yarımadasında axtarır. Zaqatalanı görənlərin gözündə Alp dağlarında gördükləri mənzərələr adiləşir. Zaqatala elit şəhərdi - insanları, təmizliyi, saf havası və suyu, həyatverici təbiəti, min nemət yetirən torpaq-bitki örtüyü ilə.
Sadaladığım bu dəyərlər Adilə xanımın şəxsiyyətinin və poetik dünyasının mükəmməlliyində özünü bariz göstərir. O, duyğularını özününküləşdirməyi bacarır, sözlərdən özünəxas, təkrarsız nümunələr yaradır. Səmimilik hər misranın yükünü artırır, sözə can verir, sözsevərləri sözün sehrinə salır. Ayrı-ayrı şeirlərdən ayrıntılara diqqət edək:
Gecə tərin tökür nəm şüşəmizdə...
Küçə ayağına dar olmadı ki?!.
Məzar daşı kimi soyuq əllərim...
Yuxular gecənin dəm qonağıdır...
Ürək dönüb indi qəbir qazana...
Ağlayan daşlardan yer atlaz olur...
Belə nümunələri çox seçmək mümkündür. Lirik düşüncələri orijinaldı. Hiss olunur ki, həmişə axtarışdadı. Uğurlu sözü tapanda ağuşuna alır, sevinir, özü olur, mənəvi övladıdır axı.
“Üşüyən şeirlər,...”in redaktoru və ön sözün müəllifi qazi zabit, şair, esseist, publisist Rəfail Tağızadə yazır: “Adilə xanımın şeirlərində elə məqamlar var ki, ordan sakitcə keçə bilmirsən, şeir, fikir səni tutub saxlayır. Adilə Aslanova hansı mövzuya əl atırsa, orda özünəməxsus nümunə yarada bilir. Oxucu onun şeirlərindəki sadəlikdən həzz alır. Darıxmır, yorulmur”.
Adilə Aslanovaya görə “Vətən çəhrayı bələkdən başlayr!”. Uğurlu bənzətmə, tapıntıdır. O, vətəndaşdı, vətənsevər söz adamıdı. Vətən dar gündə olanda kədərlənən, ona hayan olmağa çalışan, şad günündə uğuruna sevinən el, oba, yurd Vətən qızıdı. “Azərbaycan, Zəfər Günün mübarək”, “Azərbaycan əsgəri”, “Yaşayan şəhid”, “Xocalıya açılacaq bu sabah”, “Torpağım şəhid-şəhid”, “Şuşa” və digər şeirlərində onun bir gözü gülür, o birisi göz yaşı tökür. Sevinir ki,Vətən oğlu “qələbəylə ibrət verdi düşmənə”. Sevinir ki:
Öz halal torpağına
Yad quş da səkə bilməz!
Sən varsan, azadlıq var,
Bu yurdun qeyrətini
Heç vaxt yad çəkə bilməz!
Sən mənim torpağımın
Şanı, fəxri, hünəri,
Azərbaycan əsgəri!
Kədərlənir ki:
Sağ qalan şəhidlərin,
Ayaqları, qolları,
Görən gözü asılıb
Şəhid məzarlarından!
Dil açmamış körpəmin,
Müəmmalı baxışı,
Gələcək sualları,
Donub, asılı qalıb,
Şəhid məzarlarından!
Həyat başdan-başa müəmmadı, sirdi, sehirdi, labirintdi. Bu burulğanların, keçilməzliklərin caynağında kimsə bu gününü alqışlayır, kimsə də qarğış atəşinə tutur. Bu təzadların içində yaşamaq, əlbbəttə, asan deyil. Kimi şükranlıqla yaşayır, kimi də ömrünə, gününə, ömür-gün yoldaşına lənət oxuyur. Adilə xanım lirik qəhrəmanı qadının hər halını duyur, anlayır. Çünki həyatın sınaqlarından halıdır, anadı, nənədi, ləyaqətli Türk xanımıdı. Ona görə də həmcisinin durumunu başa düşür, sözlə ifadə edir:
Yaxında qonşu qadın
Ərini qarğıyırdı.
Tənha qalan bir qərib -
Dul gəlin ağlayırdı.
Küçədə “xoşbəxt” itlər
Kimə gəldi hürürdü.
Kif basmış boz ümidlər,
Küçələrdə ölürdü.
Onun lirik qəhrəmanlarından çoxu qadındı - “solğun tellərinin boyası gedən, əyilə bilməyən, sına bilməyən, küskün taleyilə abır həyasına, soyuq kədərinə qısılan qadın, ötmüş qatarından sarsılan qadın”. Bu hissləri fenimizm kimi, qadın təəssübkeşliyi, gender bərabərliyi axtarışı kimi anlamayın. Adilə xanım daha geniş əhatəli, daha bəşəri düşünür. O, harda zorakılıq, zülm, ədalətsizlik varsa ordadır, hansı cinsin nümayəndəsinə qarşı qeyri-humanist münasibət görsə, sakit dayana bilməz. Söz adamı həm də haqq-ədalət tərəfdarı, zamanın, insanın nəbzini tuta bilən, dəqiq ölçən barometr olmalıdır. Adilə xanımın bir qanunu var: sözə könül verən kəs nə “yazırsa, yaxşı yazmalıdır”. O, “qüruru məhbəsdə həbs olan qadının” daxili dünyasındakı təlatümləri görür:
Içindən qaynaıb, içindən daşan,
Payız gözlərindən selə qarışan,
Ruhuyla ağılı qoşa yarışan,
Özünün oduyla qarsılan qadın.
Adilə Aslanova söz adamı kimi qarşısına bir məqsəd qoyub - “ömrün çətin düyünlərini açmaq”. Ona görə də “qanqalı da tər bənövşə qoxuyan” ömrün “zəhərini də şərbət bilib içmək” cəsarətindədi. Həm də mərhəmətlidi, “körpü salır” ömrün “həsrətindən, acısından”. Ancaq o körpü “Sirat deyil, tez ol, yüyür, keç görüm” düşüncəsi ilə bəşər övladını qorumaq istəyindədi. Bu qayğının, yanğının, humanistliyin vəhdətində bir ömür boyu “mən” axtarır. O aliliyi, əzəməti, mükəmməliyi tapır və sözə çevirir. Uğurlu söz axtarışları zamanı həmişə özüylədöyüşdədir, hər an özünə hesabat verir:
Möhtəşəm olurmuş sevilən kədər,
Varlığı təsəlli, yoxluğu əzab.
Fəsillər dövr edib dəyişən qədər,
Ürəyim ağlımla çəkir haqq-hesab.
Bəli, o təkcə sevincə aşiq olmur, kədərini də sevir, müqəddəsləşdirir. Dərin düşüncələr içində üzüağ ömrünü ələk-vələk edir, adilikdən uzaq sevgisinə, yəqin ki, özü də təəccüblənir:
Sevdirir insanı ruhu, nəşəsi,
Mən öz kədərimi sevdim, İlahi!
Onun sevdiyi kədər işıqlıdır, doğmadır, həyatvericidir, həniri heç vaxt azalmır.
İgid odur ki, kədərini də sevsin, özü də:
Dərdi qoyub cibinə,
Xərcləməyə gedəsən.
Gərək dərd sevəndə də,
Ən gözəlin sevəsən...
Adilə xanımın sevgi hissləri də möhtəşəmdi. “Qara oğlan” şeiri ilə özəl həyatının acısını, şirinini, həsrətini, vüsalını, xoşbəxtliyini, səmimi, şirin xatirələrlə limhəlim dolu ömrünün anlarını qələmə alır. “Sarışın qızın poetik düşüncələri həm həzindi, həm də hay-haraylı. Oxuyanı düşünürük ki, lap bizim ömrümüzün müxtəlif ovqatlı anlarıdır. “Qaşın altdan baxıb, sevgilisinin ruhunu özüylə aparan, sarışın qızın qaranquş qəlbini söküb talayan, gözəllər dalınca dönüb axmayan” qara oğlandan nigaran sarışın qız o qara oğlanla birgə ömrünün qırx ilini arxada qoyub. Məmməd Arazın bir misrası yadıma düşdü: “Bu da belə bir ömürdü, yaşadım”.Adilə xanım da ərkyana: “məni qınamağa nə var ki, ömrüm, bilmirəm bu necə, necə ömürdü” pıçıldayır. O da, o qara oğlanda yaşadılar, bir ömrü çiçəkləndirdilər, bəhərləndirdilər, nəvələrlə varlandırdılar. “Etiraf” şeirinin lirik qəhrəmanları da həmin sarışın qızdı, həmin qara oğlan, sarıbənizin “sevdiyi, seçdiyi cavan oğlan”. Onlar bir isti ailə ocağının qurucularıdır.
Söz aldı, söz verdi dədə babamız,
İsindi evimiz, güldü yuvamız,
Bizləri yaşatdı üçcə balamız,
Nəvələr dırmanır divara, oğlan!
Lap bir gün əcəl gəlsə,
Qorxma!
Yan-yörənə buraxma!
Məni özünlə saxla!
Səni mənsiz aparsa,
Görəcəksən ordayam!
Adilə Aslanova lirik qəhrəmanının doğum gününəgöndərdiyi ən dəyərli hədiyyəsinə həsəd aparmamaq olmur: “qədəhinə şeir süzüm”. Şairin sözdən qiymətli bəxşişi olmaz ki?! Başqa bir hədiyyəsi “kriminal” olsa da çox orijinaldı: “hər şeirimdən bircə sətir oğurladım”. Belə unikal oğurluğu söz qədrini bilənlər edər. Bir də şairin poçtxanası çox oprativ işləyir, “sovqatımı göyərçinin ayağına bağladım”. Belə baratı hamı gözləyib - qanıqaynar vaxtı.
Doğrudan da şair olanın ürəyi adi deyil. Belə qeyri-adiliklərdən ədəbiyyat yaratmaq isə qat-qat qeyri-adilikdir. Bunun üçün çırpınıb coşan, çarpışan ürək gərəkdir. Əbu Turxana gərə, ədəbiyyat - əbədiyyəti ana, anı əbədiyyətə çevirir. Adilə xanım da lirik qəhrəmanının doğum gününü əbədiyyətə çevirir. Lirik qəhrəmanına ən ümdə mənəvi varlıq - ümid də göndərir:
Süfrənizdə bir yeri boş qoyarsan,
Üzbəüzə, səninlə tuş qoyarsan,
Boşqabıma bir az da aş qoyarsan,
Bir də gördün, gəldim özüm, bağışla.
O, məsuliyyətlidir, yazdığı hər misraya cavabdehdi, etiraf edir ki, şair olmaq asan deyil. Şair olmaq üçün gərək “tay olasan bənövşəyə”. Dürlü-dürlü fikirlər onun təxəyyül süzgəcindən keçib sız incilərinə çevrilir. Bununla belə özünə qarşı çox qəddardır: “Mənə şair deyirlər, deyiləm, Allah haqqı!”
Adilə Aslanova inamlıdır:
Mən içib Arazın suyunu bir qurtuma,
Ayaqyalın qaçacam, o mübarək yurduma!
O, əqidə sahibidir, amalı, məsləki birdi. Qəlbi yad hisslərin, üsyan yeridi. Bu qəlbin “qapısında gecələyir, şanı hörüb beçələyir, öldürmür ey çiçəkləyir ağrılar”. Ağrılar əlahəzrət sözün qidasıdır.
Sevdiyim! Gəl incimə,
Hər nə istəyirsən, de,
Bircə mənə “Ay” demə.
Mən ona
tay olmaq istəmirəm!
Hər gecə bir şəkil alan
Ay olmaq istəmirəm!
“Şagird dəftərində qalan şeirlər”, “Görüş yeri”, “Kəndçi qız”, “Şəkillər”, “Sənə şeir yazıram”, “Səndən nigaranam”, “Bu gecə” və digər bədii nümunələrdə lirika ilə nostalgiya bir-biri ilə elə ülfət yaradıb ki, bu iki şirin duyğunun dadından doymaq olmur, bu şirinliyə düşənlər ordan çıxmaq istəmir, körpələşir, xatirələr qucağında süd qoxulu körpəliyinə dönür. “Çit donlu, xəyalları aşıb-daşan tələbə, incə, sarıbəniz kəndçi qız”ın obrazı nəinki Adilə xanımın, artıq mənim də gözümün qarşısından çəkilmir,Adilə xanım onu mənə də doğmalaşdırıb. “Qoynunda qolları çarpaz, bükülü” qız uzaq-uzaq illərdən boylanır, bizi də o günlərə səsləyir. İndi o qız da, biz dəsarışın qızın qarşısında lal-dinməz dayanıb suala dönürük. Belə saflığa baş əyməmək olmur.
Adilə Aslanova başdan ayağa şeir adamdı:
Hardasa bir ulduz uçur,
Qonur qərib şeirlərə.
Yapışmışam ətəyindən,
Görüm nə vaxt çırpır yerə...
“Nağıl bilək dünyanı” şeiri gerçəliklə xəyalların gerçək nağılıdı. Şair xanım arzularının, xəyallarının quşqonmaz sərhədlərini aşıb real dünyasına qayıtmaq üçün mücadilədədi. Narazıdır ki, “düşüncəmiz Cırtdan olub, kiçilib, nənəmizin arpa aşı bişmir, “siçan bəylər” xan evində kefdədi”. Acgöz məmurlar (divlər) “çevirib dünyamızı zindana, tələsirik işıq gələn tərəfə”. Ancaq işığın qarşısını kəsən Təpəgözlərə gücümüz çatmır. Elə bu an nəhayət Adilə xanımın mübariz təxəyyülü dadımaza çatır. Doğrudan da dünyanı, insanı mübariz ruh xilas edəcək:
Koroğlular qılınc beldə gələcək,
Keçəl Həmzə yad atından enəcək,
Div deyilən əməlində yenəcək,
Qarşılayın!.. Atlarımız kişnədi!
Onun “şeirləri ürək kimidir” - həssas çırpıntıları, yaşantıları ilə, onun “şeirləri pətək kimidir” - sözə vurğunların zövqünü balladır. Onun şeirləri nazlıdı, kövrəkdi - bənövşə kimi, kükrəkdi - şəlalə kimi, hürkəkdi - həsrətdən bağrı yanan lalə kimi. Onun “sevgi dünyası bir tilsimdi, pünhandı - sevgi dünyası kimi, onun şeirləri “uşaq kimidir - sakitcə ağlayır”, qəhqəhə çəkib gülür. Onun şeirləri özünün özüylə haqq-divanıdır - “burda qırğını var ruhla ağılın”. Onun şeirləri “təpədən dırnağa özü kimidir - həmişə özü özünü varaqlayır”. “Qəlbində dil açmış sözləri qaldığından Simurğun qanadlarına qonub ruhunu göylərdə gəzmək, şeir heykəli qurmaq istəyir”. Şeir heykəli qurmaq istəyənlərə sözə dəyər verənlər ürəklərində əbədi və əzəmətli heykəl ucaldırlar. Ancaq Adilə xanım yenə “narazı”dı. Onu şair doğmadığı üçün anasını “qınayır”. Bəli, əsl şair odur ki, həqiqi şair olduğunu boynuna almır. Bu da söz adamının aliliyidir. “Niyə məni şair doğmadın, ana” şeiri Adilə xanımın həyat manifestidir, fəlsəfəsidir:
Niyə məni şair doğmadın, ana?!
Şairlər bir az da kədərdən yazır.
Mən də azdırardım qəm, kədərimi,
Yaxına qoymazdım heç qədərimi.
Iblisə, şeytana qəbir qazardım,
Yolundan didərgin salardım, ana!
Məni niyə şair doğmadın, ana?!
Şairlər dünyanın söz qılıncıdır.
Qılınc götürərdim, sipər çəkərdim,
Dünyanın qəlbinə ümid əkərdim,
Pisliyi, nifrəti xeyrə yozardım,
Sonra kürəyimə alardım, ana!
Bəlkə də, lap şair olardım, ana!
Adilə Aslanovanın şeirləri Vətənin “boynuna taxılan göz muncuğudur”...
Onun lirik dünyası gözəlliklər məskənidir - ilahi sözün sehrindən yaranıb...
Onun “ümidi kainatı qucan sevgi qədərdi”...
Özü də hələ böyüməkdədi – təzə doğulan şeirləriylə. Hələlik “yarımçıq şeir”inin şah misrası boydadı”. Şah misralar çoxaldıqca mənəvi anasını da böyüdəcək...
“Kənddən gələn və kəndinə qayıdan (hər iki anlamda) sarışın qız “arxalı köpəkləri” lirik dili və duyğularıyla susdurmaqdadır...
Onun “üşüyən şeirlər”inin istisində qızındım, yeni şeir-insan tapdım...
Vaqif OSMANLI
02.06.2024
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar