Xəbər lenti
Ermənilərdən sensasion etiraf - “Bizi atom bombası da xilas etməz...”
“İsgəndər” raketləri düşmən ölkədə əminlik yaratmayıb; Rusiyanın bu jesti Ermənistanın ağzına verilən əmzik kimi qiymətləndirilir; erməni politoloq öz xalqını eyforiyaya uymamağa çağırır
Qarabağ problemi ətrafında siyasi-hərbi situasiya daha gərgin fazaya keçib. Bu da öncəliklə Kremlin Ermənistana “İsgəndər” tipli müasir raket kompleksləri ötürməsinə dair iddialarla bağlıdır. Doğrudur, həmin kompleksin Gümrüdəki 102 saylı Rusiya hərbi bazasına məxsusluğu da bildirilir, ancaq fakt ortalıqdadır - belə təhlükəli sistemlər işğalçı ölkənin ərazisindədir.
O üzdən də həmin sistemlərdən təcavüzkar ölkənin Azərbaycan əleyhinə istifadə edəcəyi, ən azından, guya Azərbaycan üçün müharibə variantına qarşı çəkindirici faktor ola biləcəyi barədə fikirlər səslənib. Hərçənd fərqli mövqedə olanlar da kifayət qədərdir.
Sonuncuların fikrincə, Azərbaycanı belə silahlarla öz ərazilərini güc yolu ilə azad eləməkdən daşındırmaq mümkün olmayacaq, ona görə ki, onun hərbi potensialı ümumən Ermənistandan üstündür və İrəvan yaxın perspektivdə bu üstünlüyü aradan qaldırmağa qadir deyil. Demək, “İsgəndər” məsələsi əslində yeni müharibə ehtimalını azaltmır, bəlkə də əksinə...
***
“Dağlıq Qarabağ konflikti ilə bağlı indiki şərtlər fonunda ən pis ssenariyə hazır olmaq lazımdır, çünki münaqişə həll olunmayıb, tərəflər isə silahlanıb və bütün arsenalı istifadə etməyə hazırdır”. Musavat.com xəbər verir ki, bu barədə rusiyalı tanınmış analitik və publisist Andrey Piontkovski yeni müharibənin mümkünlüyü barədə erməni nəşrinə açıqlamasında bildirib. Onun fikrincə, savaş təhlükəsi realdır.
“Məhz bu səbəbdən vasitəçilər özəl danışıqlar və görüşlər reallaşdırmağa çalışırlar ki, münaqişə tərəfləri arasında təmas ipləri qırılmasın. Ancaq konflikt çox mürəkkəbdir, ona çoxlu yan təsirli amillər var. Bütün bunlar da ixtilafın təzədən alovlanması riskini artırır. Necə ki, bunu apreldə gördük. Biz heç vaxt belə təhlükəni istisna edə bilmərik. Amma mən onu da qeyd eləmək istəyirəm ki, Moskva nə hərbi, nə də siyasi müstəvidə bu və ya digər tərəfin üstünlüyünə imkan verməz. Odur ki, hazırkı məqamda yeganə çıxış yolu - Moskvanın təsirini azaltmaqdır”, - deyə ekspert vurğulayıb.
Məsələ də ondadır ki, Rusiya amilinin təsiri olmasa, Azərbaycan qısa zamanda özünün hərbi, iqtisadi üstünlüyü, insani və başqa resursları sayəsində öz ərazilərini işğaldan azad edər. Bunu zatən, ciddi erməni təhlilçiləri də bilir və nəzərə alırlar. O sırada “İsgəndər” operativ-taktiki raket kompleksləri də Ermənistan üçün xilas yolu deyil, sadəcə, Kremldən İrəvana Bakı əleyhinə bir müvəqqəti sakitləşdirici “həb”, aldatma “əmzik” olduğunun yaxşı fərqindədirlər - hərgah, həmin komplekslərin Ermənistana məxsusluğu bu günədək rəsmən öz təsdiqini tapmayıb. Bu üzdən məntiqini itirməyən erməni təhlilçilər öz xalqını eyforiyaya uymamağa səsləyir, xəbərdarlıqla çıxış edirlər.
***
“Biz düşünməməliyik ki, bu raketlər xarici qüvvələr üçün, düşmən dövlət Azərbaycandan ötrü gözlənilməz olub. Ən azı Azərbaycan üçün rəhbərlik səviyyəsində bu, yenilik olmayıb. Onlar əmin idilər ki, Ermənistanda belə silah var. Başqa yandan, ”İsgəndər"lərin əhəmiyyətini şişirtməyə də ehtiyac yoxdur". Bu sözləri isə 1.in.am saytına açıqlamasında erməni politoloq Ayk Martirosyan deyib.
“Ermənistan nüvə silahı əldə eləməyib ki, Ermənistan əvvəlki Ermənistan olaraq qalır. Sadəcə, çox güclü raket sisteminə malik olub. Ancaq birincisi, bundan da vacibi odur ki, bu sistemin neçə raketi Ermənistanda ehtiyatdadır. İkincisi isə ”İsgəndər"in əhəmiyyəti uzağı vurmağındadır. Bu, bütöv bir şəhəri və ətraf rayonları məhv edən atom bombası deyil. Güclü silahdır, ancaq anlamaq lazımdır ki, bununla Bakını məhv etmək qeyri-mümkündür. Biz həmçinin başa düşməliyik ki, bu, bizim müharibə zamanı hər şeyi itirdikdən sonra istifadə edə biləcəyimiz son resursumuz olacaq - o da əgər Azərbaycanda həmin an eyni silahdan olmasa" - Martirosyan qeyd edib.
Onun qənaətincə, Azərbaycan İrəvanı vurmayınca Ermənistan Bakıya zərbə endirməyəcək: “Ermənistan Dağlıq Qarabağdan Bakıya zərbə endirə bilər. Amma İrəvan da Naxçıvan tərəfdən Azərbaycanın hədəfindədir. Azərbaycan həmçinin başqa sistemlərdən zərbələr endirə bilər ki, bu da ”İsgəndər" qədər dağıdıcı nəticələr törədəcək".
Erməni politoloq habelə əmindir ki, “İsgəndər”lər Azərbaycan toplumunda heç bir çəkindirici ovqat doğurmayıb: “Əlbəttə ki, yox. Dolayı yolla Suriyanın da ”İsgəndər"i var. Rusiya ona dəstək verir. Hətta dənizdən bu raketlərin atılması kimi gözəl bir şou da gördük. Amma bu, heç kimi dayandıra bilmədi. Suriyada müharibə davam edir. Odur ki, “İsgəndər”lərə ümid eləməyə, özünü aldatmaqla məşğul olmağa, demək ki, bu silahlar çəkindirici mexanizmə malikdir, dəyməz. Hətta atom silahımız olsa belə, heç nə dəyişmir. Çünki onu yüz faiz biz istifadə etməyəcəyik".
Bu xüsusda erməni ekspert Azərbaycanın hətta “İsgəndər”in zərbəsinə hazır olduğunu deyir. “Onlar artıq hesablayıblar ki, bu zərbələrdən nə qədər itki olacaq. Ona görə ki, Bakıdan ötrü tarixi vəzifə Ermənistanı və erməni amilini regiondan çıxarmaqdır. Bizdən ötrü isə əsas sağ qalmaqdır” - deyə o əlavə edib.
Bu yerdə yada salaq ki, az öncə tanınmış erməni politoloqu Aleksandr İsgəndəryan da “İsgəndər” kompleksləri ilə Azərbaycanın qabağını almağın mümkünsüzlüyünü dilə gətirmişdi. Sitat: “Apreldə təmas xəttindəki gərginliyi nəzərə alsaq, belə hadisələrin təkrarlanması tamamilə mümkündür. Demirəm ki, hökmən olacaq, amma ”İsgəndər"lər aprel olayları tipli hadisələri önləyəcək silahlar deyil. Apreldəki kimi analoji hadisələr başqa şeylərdən - neftin qiymətindən, Azərbaycanın müharibə hazırlığından, xüsusi hazırlıq keçmiş xüsusi təyinatlılardan asılı olacaq. Yoxsa ki, paradda bizə göstərilənlər bu qəbilədən eskalasiyaları önləyəcək vasitələr deyil".
***
Şübhə yox ki, erməni hərbi-siyasi rəhbərliyi Azərbaycanın güclü raketdən müdafiə sisteminə malik olduğunun da fərqindədir. Konkret olaraq, “İsgəndər” qalmaqalından sonra bu sistem yüzdə-yüz İsraillə hərbi əməkdaşlıq hesabına daha da təkmilləşdiriləcək. Artıq gəlişmələr də var. İsrail mənbəyinin bildirdiyinə görə, Bakı “Dəmir günbəz”i “Sehrli çubuq” adlı daha etibarlı raketdən müdafiə sistemi ilə əvəzləmək üçün hazırda bu ölkə ilə əməkdaşlıq içindədir. “Sehrli çubuq” isə verilən məlumatlara görə, “İsgəndər” raketləri də daxil, operativ-taktiki raketləri belə havada ikən müəyyən edib məhv etmək qabiliyyətinə malikdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar