Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

ş

Tarix: 24-03-2025 10:54     Baxış: 44 A- / A+
DAĞI DƏLİ OLANIN +
 
Namiq Dəlidağlıya
 
Gecə-gündüz hıçqırıb için-için ağlayır,
Dəlidağın köksündən neçə bulaq çağlayır...
 
Mənim də başım üstə fırtınalar oynayır,
Mənim də gözlərimdən gur çeşmələr qaynayır...
 
Ayrı bir dağa çıxıb, ayrı lalə dərdim mən,
Dəlidağ dəli olub indi mənim dərdimdən...
 
Ürəyimin başında ağrı kündə-kündədi,
Dağı dəli olanın gör özü nə gündədi?
 
Rafiq Yusifoğlu
18.05.2017
 
 
***
DAĞ VƏ ŞAİR +
 
                       Kəlbəcərli gənc şair Namiq Dəlidağlıya
 
Bir dağ var
              Dəlidağ.
Bir şair var –
               Dəlidağlı.
Hər ikici qaralı-ağlı.
Onu fələk bilir 
          hansı dağsız,
          hansı dağlı...
 
Qara keşiş 
                 Qara tikan əkərdi,
Bu dəfə qoyub ortaya 
                    qara daşı...
 
Dağ şairə həsrət,
                 şair dağa.
Hər ikisinin bağrının başı
Dönüb cızıldayan yağa.
 
Dağ qalıb əsirlikdə
             boynu bükük.
Şairsə yesirlikdə 
                Çiyni çəkik.
Hər ikisinin
               ürəyi yara,
qara keşişin qara daşı
diş qıcayır 
          bu ahu-zara.
 
Ey fələk, 
             tök ətəyindən daşı,
götür ortalıqdan 
              bu qara daşı!
                    06.01.2000
 
 
 
Əli Rza.Xələfli
 “Həsrət körpüsü” kitabı. 
      2003-cü il
 
 
***
 
GÖR HARDA GÖRÜŞDÜK... +
 
(Cavan şair dostum Namiq Dəlidağlını yayın istisində pivə içən gördüm)
 
Hanı Dəlidağın buz bulaqları? -
Yüz pivə yanğını söndürə bilməz.
Sənin dərmanındı dağların qarı,
Yollar bağlı qalıb, göndərə bilməz.
 
Ay Allah, hardadı o çöl, o çəmən, 
Hanı yanağı al, dodağı püstə? 
Heç vaxt o yerləri görməsəm də mən,
İlhamım köklənib Kəlbəcər üstə. 
 
İnsan vara təşnə, tamaha quldu,
Uduzdum harada, nədə bilmədim. 
Ayaqlarım sındı, gözüm yumuldu,
Bir yol Kəlbəcərə gedə bilmədim.
 
Mən Bakıda gördüm Dədə Şəmşiri,
Kəlbəcərdə görsəm gör nə olardı?
Əyilib öpərdim ətəklərindən,
Önündə südəmər körpə olardım. 
 
Gərək görüşəydik bulaq başında, 
Niyə taleyimiz bəd gətirdi bəs?
Sən köçkünə döndün cavan yaşında, 
Mənim də sinəmdə söndü od, həvəs...
 
Yağı tapdağına çevrildi vətən, 
Yada qismət oldu beçənin balı.
Bu qoca dünyada, aşıq demişkən:
İkimiz də qaldıq dərdli, nalalı.
 
Silah pas tutubdu daha qoburda,
Qılıncın ağzını bağlayıbdı qın.
Məhv olar dönməsə o doğma yurda,
Dözümü qalmayıb dözümlü xalqın. 
 
Bəsdi, başımızı soxmuşuq kola,
Özümüz adayıq, dərdimiz dəniz. 
Əgər istəyirik çıxaq düz yola,
Gedək həqiqətin arxasınca biz.
 
Niyyətimiz safdı, qəlbimiz kovrək,
Dünyaya gələndən təmizik, düzük.
Heç kəsdən, heç kimdən gözləmə kömək,
Həqiqət, həqiqət biz özümüzük. 
 
Deyir haqq nazilər, üzülməz, qağa, 
Hər zaman, hər yerdə udur həqiqət. 
Daha bu dərdlərə dözülməz, qağa, 
"Ya olum, ya ölüm",- budur həqiqət!
 
Tofiq Məmməd
“Sumqayıt” qəzeti
2003-cü il
 
***
KƏLBƏCƏR +
 
(İstedadlı qələm dostum, Kəlbəcər nisgilli Namiq Dəlidağlıya)
 
İyirmi ildir gözlərindən axıdır qan Kəlbəcər, 
(İki ili mən azltdım, sən öylə san, Kəlbəcər.)
 
 
Cüyürləri perik düşən, maralları ürküşən,
Ay xanəsi viran olan, könlü talan Kəlbəcər.
 
Ər oğullar kök altında – çıxmağa imkan gəzir,
İmkanı olanlar, fəqət, baxırlar yan, Kəlbəcər.
 
Qaf dağından əlini üz, Savalana qıyya çək,
De ki, igid, vaxt yetişdi, oyan, oyan! - Kəlbəcər.
 
De ki, nə tez unutdun bəs Qorqud verən öyüdü:
Torpaq qeyrət, torpaq ismət, şərəf və şan, Kəlbəcər.
 
Qoy qan tutsun gözümüzü - qan gölünə dönüşsün,
Ki, qovuşsun ayrı düşən Kanla Məkan, Kəlbəcər.
 
Yerlərdən əl üzüldükcə, göylər çatar imdada,
“O”ndan bizə əmanətdi RUH ilə CAN, Kəlbəcər.
 
RUHla  CANa, təpər istə yaradandan hər gecə,
Bəlkə bir gün müjdə ilə sökülə dan, Kəlbəcər.
 
Qoymaz qala qiyamətə Dəlidağlı qisası, -
Oday onda mələdəcək gör neçə “yan”, Kəlbəcər.
 
Rafiq Oday
2015-ci il
“Qərib ruhların nəğməsi” kitabı
2016-cı il
***
 
 
DOSTUM! +
 
(Namiq Dəlidağlıya)
 
Qocalıq vaxtsız gəlir,
nə qapı çalır,
nə xəbər verir. 
Eləcə çağırılmamış qonaq misalı 
girir ömrümüzün qapısından.
Qaçmağa dizin, 
qovmağa üzün, 
danlamağa sözün olmur. 
Sirri-sehri var onun da:
İndiyə kimi fikir vermədiyin,
adi baxdığın dünya gözəlləşir gözündə. 
Sevdiyin qadına bənzəyir dünya. 
Beşəlli yapışmaq gərək ətəyindən.
Uşaqlığın ətri gəlir qocalıqdan.
"Ömür filmi"nin tənha tamaşaçısı olur insan. 
Köhnə tanışlar var orda,
tərk etdiyin ata ocağı,
istisinin niskilini yaşadığın ana qucağı.
Daha kimlər.. 
Daha nələr... 
Yol ayrıcında çırpınır ürək: 
Biri uşaqlığa, uzaqlığa qayıdan; 
Biri qocalığa, ahıllığa aparan... 
Kimini qarıdan,
kimini yarıdan 
HƏYAT bu imiş,
DOSTUM! 
 
Nailə MİRZƏYEVA,
AzTU-nun müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
(Tarix yazmaq)
2018, 2019-cu illər, dəqiqləşdirmək.
 
***
DAHA

Namiq Dəlidağlıya
 
Kəlbəcərin dağlarına,
Gedən yolu azma daha.
Vətənoğlu sevdasını,
İlhamınla yozma daha.
 
Barındın el mayasından,
Aşıq Şəmşir dünyasından.
Məmməd Aslan ziyasından,
Gələn sözü pozma daha.
 
Otuz ildi köksün dağlı,
Zər qələmin sənə bağlı.
Ağıllı ol, Dəlidağlı,
Qəmli şeir yazma daha.  

2024-cü il

***

DAĞLAR OĞLU +
 
(Kəlbəcər dağlarının şair oğlu Namiq Dəlidağlıya həsr edirəm)
 
İçib buz bulağın sərin suyundan,+ 
Yarpızın ətrini duy, dağlar oğlu. +
Görüb kol dibində tər bənövşəni, +  
Dərib gözlərinə qoy, dağlar oğlu. +
 
Şehli çəmənlərin solmaz nərgizi, +
Gülündən ayrılan yolmaz nərgizi. +  
Hər çiçək sevənin olmaz nərgizi, +
Solub yanağlarım oy, dağlar oğlu. +
 
Gəraylı oxşadım, sözə büründüm, +
Kamana büründüm, saza büründüm. +
Gözəllər yanında naza büründüm. +
Almısan canımı, ay dağlar oğlu. +
 
Sultanım olaydın, şahım olaydın, +
Gözləri sürməli Ahun olaydım. +
Sevməsən, mən sənin ahın olaydım, +
Eşqini dilimdən soy, dağlar oğlu. +
 
Unutdun bir yolluq, nədən bilmədim, +
Çəkdiyim cəfadan, dərddən gülmədim. +
Harda yalan dedim, harda söylədim? +
Səhvimi üzümə say, dağlar oğlu. +
 
Hər kəsin aşiqi, öz yarı vardır, +
Hər çiçək budaqda yetişən bardır. +  
Məni məndən alan, itirən yardır, +
Olmadın sən mənə tay, dağlar oğlu. +
 
Dar gəlir həsrətin soyuq qucağı, +
Alışdır sinəmdə sönən ocağı. +
Olaydın qonağım bir axşamçağı, +
Susaydı həsrətim, vay, dağlar oğlu. +  
 
Lilparı aldatma, küsər, barışmaz, +
Sönərsə alovu, odu alışmaz. +  
Ölərsə həsrətdən, yerə qarışmaz, +
Gəl edək payızda toy, dağlar oğlu. +
 
Lilpar Cəmşidqızı
2018-ci il

 

***
 
ALDIM +

(Namiq Dəlidağlıya ithaf edirəm) 

O dağlardı bizi şair eyləyən, 
İlham mənbəyimi yerindən aldım. 
Qəlbə ruh verən gözəl sözləri,
Yurdun çiçəyindən, gülündən aldım. 

Yayda yaylağımız olardı Tala,
Ariflə bir yerdə çıxardıq yola.
Yerin cənnət olsun Əsginaz xala,
Çox xeyir dualar dilindən aldım.

Sönməzəm, qorusun yaradan səni, 
Namiq, unutmadın heç zaman məni.
Elə bildim bu gün bu hədiyyəni, 
Talış müəllimimin əlindən aldım.
 
Ələkbər  Sönməz
2023-cü il
 

***
 
DÖVRANDAN BİR YAZ+

 
(N.Dəlidağlıya) 
 
Dəlidağlı, al  əlinə qələmi
Bu ötən günlərdən, zamandan bir yaz. 
Yaxşını yamanı çıxarıb üzə
Namərd insanlardan, yamandan bir yaz
 
Dərdlinin dərdini dərd çəkən bilər,
Yaş axan gözləri o duyar, silər.
Kimisi ağlayar, kimisi gülər,
Çəkilən ahlardan, amandan bir yaz.
 
Doğrunun üstündən (daim) müdam xətt çəkən,
Altdan - altdan yeyib dağıdıb sökən. 
Yesirin malına gözünü tikən
Hamıdan sən rüşvət umandan bir yaz.
 
Dağlar da ucadı, dağ vuqarlıdı,
Sinəsi çiskinli, başı qarlıdı.
 Kişilər ləlöyün, gəda varlıdı,
Bizə ümid verən gumandan bir yaz.
 
Görürük, tarix də təkrarlanır,
 Çarxın da təkəri geri fırlanır. 
Görürsən təzə bir dövran yaranır,
 Gələcək o vaxtdan, dövrandan bir yaz.
 
Həbib Nəbioğlu
2024-cü il
 

YERİNDƏDİ
 
Yağı düşmən Kəlbəcəri işğal edən zaman Ələsgər kişi 3 aydan artıq ailə üzvləri və bəzi kənd sakinləri ilə yaşadığı Başlıbel kəndində mühasirədə qalmışdı. Sonradan həmin insanlar gəlib çıxmış, yaşı 90-ı keçmiş Ələsgər baba könüllü olaraq doğma ocağı tərk etməmişdir. 
Şair Namiq Dəlidağlının  Ələsgər babaya üz tutub yazdığı “Dağlar necədir?” şeirindən təsirlənənərək... 
 
Xəbərin olsun ki ay Dəlidağlı,
Gördüyün o dağlar var, yerindədi.
Dəlidağ, Ağcaqız, "Tala bulağı" 
Zirvədə gördüyün qar yerindədi

Gələndə yaz ayı - o gözəl çağlar,
Al - əlvan don geyir yenə də dağlar,
Bar verir bağçalar, bağbansız bağlar,
Təbiət verdiyi bar yerindədi. 

Dolaşır fəsillər, ötüşür aylar, 
Sənsiz keçib getdi baharlar, yaylar.
O yerlər dad edib, yurddaş haraylar,
Qartallar köçübdü, sar yerindədi 
 
Ay şair, ötənlər xatirə qaldı,
Yağılar o yurdu-yuvanı aldı, 
səni də, məni də çöllərə saldı 
qurdu nadan bizə tor, yerindədi.
 
Həbib Nəbioğlu
(Tarix yazmaq)
 


***
TANIYIR BU ELLƏR ONU +

Son günlər doğma Kəlbəcəri tez-tez ziyarət edən şair dostumuz, qardaşımız Namiq DƏLİDAĞLının paylaşımlarından təsirlənərək bu misraları qələmə almışam. 

Öz yolundan döndərmədi,+
yağış onu, sellər onu.
Yurd həsrəti, torpaq dərdi -
çəkdi dara - illər onu. 

Gəzdikcə yurd yerlərini, 
xatırlatdı illərini,
daradı ağ tellərini,
həzin-həzin yellər onun. 

Çox çətinə dözdü, durdu, 
unutmadı doğma yurdu. 
Ən çox da incitdi - yordu, 
"Qaçqın" deyən dillər onu. 

Sona çatdı yurd həsrəti,
yenə gördü o cənnəti.
Çin oludu arzu - niyyəti 
yormadı get-gəllər onu. 

Dolandıqca  çəmən-çölü,
əzizləyir hər bir gülü.
Cığırları tikan dolu -
incitməz daş yollar onu. 

Göz oxşayan o guşələr, 
tər çiçəklər – bənövşələr,
salamlayır göy meşələr,
dərə-yamac, yallar onu. 

Ömrü qara - ağlı kimi, 
öz yurduna bağlı kimi.
Namiq Dəlidağlı kimi, 
tanıyır bu ellər onu. 

Kəramət Əmirli. 
22.06.2024.

Sumqayıt.

 
SEVİNDİMİ+
 
(N.Dəlidağlıya)

Eşitdim getmisən dağlara sarı,
Söylə, səni görcək kənd sevindimi?
Seyr edib gördünmü quzeydə qarı,
Bərə sevindimi, bənd sevindimi? 

Üstündən keçsə də nə qədər illər,
Üzünə güldümü çiçəklər, güllər?
Xoş gəldin dedimi çəmənlər, çöllər,
Silindi qəlbindən dərd, sevindimi? 

Elsiz darıxırmı bəs Hüt yaylağı,
Həsrətdən susubmu “Novlu” bulağı.
Bağrına basdınmı doğma oylağı,
Oylaq sevindimi, yurd sevindimi?

Zaur Davudoğlu 
21.08.2022


 
QALIB +
(Namiq Dəlidağlının "Evimdə yata bilmədim" şeirindən təsirlənərək...) 
 
Gedib gördün ev dağılıb,
nə od, nə ocağı qalıb.
Evində yatmaq istədin,
divar uçub, tağı qalıb.
 
Zülm elədi yağı bizə, 
yaman çəkdi dağı bizə,
zərbə vurdu ömrümüzə, 
sinəmizdə dağı qalıb. 
 
Uçmuş barı - əziz sənə,
çöküb öpdün dönə-dönə,
göz yaşların döndü selə,
gözlərinin ağı qalıb. 

Davudoğlu sənə sirdaş,
gələcəkdir xoş gün, qardaş,
dağılsa da o dam, o daş,
xoş gündən bir çağı qalıb.

Zaur Davudoğlu 
27.04.2022

 
 
***
BƏLKƏ
 
Namiq Dəlidağlıya
 
İllər keçdi həsrət qaldıq,
 o yerlərdən nigaranıq,
 barı sən al bir halallıq,
ömür yetər, yetməz bəlkə...
 
Pircahanın daş körpüsü, 
dədələrdən var öygüsü, 
Həkərinin zümzüməsi
 yuxuma da gəlməz bəlkə.
 
Dəlidağa yol alanlar,
 Qırxqızda ov ovlayanlar
 o yurda həsrət qalanlar
Həkəridən  keçməz bəlkə 
 
Yollarında qanqal bitdi, 
kol - kos basdı, cığır itdi,
 doğma yurddan oba getdi
 el yaylağa köçməz bəlkə 
 
Qaratel Səfəralılar
Laçın rayonu
2025-ci il

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar