Xəbər lenti
İki okean arasında - Rafiq Yusifoğlunun şeirləri
Rafiq YusifoğluİKİ OKEAN ARASINDA
***
Bu il gec gəldim Venisə,
Gözlədim ki, hava sına,
Doğrudan, söz ola bilməz,
Bu yerlərin havasına...
Yenə şair könlüm coşdu,
Bu yerlərə nəğmə qoşdu,
Qulaq asmaq necə xoşdu
Okeanın avazına...
Dünyamızı duman alıb,
Bu qovğanı kimlər salıb?
Təbiət məəttəl qalıb,
İnsanların davasına...
Sərin-sərin külək əsir,
Həyəcandan ürək əsir,
Məlhəm olsun dalğa səsi
Bu dərdlərin dəvasına...
09.09.2025. Los Anceles, Venis
***
Baxma kiçik ölkəm var,
Balaca bir bölgəm var,
Özüm nəhəng ağacam,
Hər diyarda kölgəm var...
09.09.2025. Los Anceles, Venis
TƏYYARƏDƏ DÜŞÜNCƏLƏR
Tanrım, sənə əl yetməz,
Ucalardan ucasan...
Təyyarəmiz göydədi,
Uç ki, uç ki, uçasan!
Yerlə göy arasında
Ağ buludlar pərdədi.
Adam göydə uçsa da,
Yenə gözü yerdədi...
Yuxarıdan baxanda
İnsan gəlir heyrətə.
Rəhmin gəlsin, İlahi,
Bizim bəşəriyyətə!
Sən vermisən insana
Bu gücü, bu inadı.
Buludu biçib keçir
Təyyarənin qanadı...
Nə üçün sona yetmir
Bu mənəmlik davası?
İnsanın əlləriylə
Zəhərlənib hava, su...
Bitib tükənmək bilmir
Qan-qada Yer üzündə...
Elə hey tüstülənir
Heç deyil Yer özündə...
Biz göylərdə uçsaq da,
Hey Yerə can atırıq...
Niyə köhnə yaranı
Təzədən qanadırıq?
Bu ağrılar, acılar
İçimizi göynədir.
Heç bilmirik yer nədir,
Heç bilmirik göy nədir?
Nə ehtiyac var axı
Top-tüfəngə, qoşuna?
Allahım, sən ağıl qoy
Adamların başına!
Gərək qurub yarada,
Güclü əl, güclü bilək.
Tək bircə Yerimiz var
Onun qədrini bilək!
10.09.2025. Los Anceles, Venis
GÖZƏLLİK MƏLHƏMDİ GÖZƏ
Yaşamaq da rahat olur
Harda təmiz hava, su var.
İndi mənim ciyərimdə
Okeanın havası var.
Sıralanıb uca dağlar
Bu nəhəng okean boyu.
Elə bil ki, xoşbəxt anlar,
Köksümə okean qoyur...
Seyr edirəm sağı, solu,
Sahillərdə gəzə-gəzə...
Təzələnir ruhum, canım, –
Gözəllik məlhəmdi gözə...
10.09.2025. Santa Monika
***
Bu ilin payızının
Ömrünü lap qısaltdım.
Uçub Los Ancelesə
Yayı bir ay uzatdım...
12.09.2025. Los Anceles, Venis
GÖRÜM
Kəsib bu il mən payızın ömründən
Gəldim bura uzanırmı yay görüm?
Okeandan əsən külək, tez elə,
Sözlərimi bu dünyaya yay görüm!
Qocalmlşam, söz də çıxır huşumdan,
Çətin dönəm mən ömrümün qışından,
Uçub gəldim dünyanın o başından
Bəlkə burda təzə bulaq, çay görüm.
Göylədə bax, ulduzların sayı var?
Hər adamın öz qisməti, payı var,
Bu dünyanın bir Günü, bir Ayı var,
Burda necə ayrı Günəş, Ay görüm?
Taleyimin mənə əhdi, vədi nə?
Ruh neyləsin bu qocalmış bədənə?
Vaxt da getmir tez dönəsən vətənə,
Yusifoğlu, günlərini say görüm!
12.09.2025. Los Anceles, Venis
ZİRVƏDƏN BAXANDA
Kalvar siti təpəsindən
Cığırla yuxarı qalxdıq.
Çatıb dağın zirvəsinə
Heyrətlə aşağı baxdıq.
Hər şey dəyişdi gözümdə,
Bu nə gözəl səfər imiş!
Ucadan baxanda gördüm
Bu okean, nə okean,
bu şəhər nə şəhər imiş!
13.09.2024. Los Anceles,
Baldvin Hils Sceic Overlook
LOS ANCELESİN QIŞI
Bura qış gələn zaman
Qar yox, yağış başlayır.
Qupquru çöllər, düzlər
Dirçəlməyə başlayır.
Yumşalır yerin canı,
Tumurcuqlayır ağac...
Elə bil ki, yaz gəlir,
Yaşıllaşır yal-yamac...
Gözəlliyiı görəndə
Adamın gedir huşu...
Başqa qışa bənzəmir
Los Ancelesin qışı.
Çəmənlərin seyrinə
Böcək də, quş da gəlir.
Qəribədir, elə bil
Bura yaz qışda gəlir...
14.09.2025, Los Anceles
QABARMA VƏ ÇƏKİLMƏ
Milyon-milyon bulaqlar
Çaylar dənizə axır.
Günəş, Ay sakit durub,
Göylərdən yerə baxır.
Qoy səni aldatmasın
Günün sakit durmağı,
Ayın sakit durmağı.
Qabarma, çəkilmədə
Var onların “barmağı”.
Şəfəqlər nur saçanda
Sevincdən əsir ürək.
Şüa yerə uzanır
Dirijor çubuğu tək...
Bütün yer, göy, kainat
Yaradanın quludur.
Okeanın sinəsi
Möcüzəylə doludur...
Çəkiləndə elə bil
Dərindən nəfəs dərir.
Sahildə duranlara
Öz gücünü göstərir.
Ona möhtac olanın
Boş qaytarmır ovcunu.
Qabaranda qaytarır
Çayların su borcunu...
Dalğa qanadlarını
Elə ki, o, qaldırır,
Körfəzləri, çayları
Öz suyuyla doldurur...
Sanki sehrli qüvvə
Bizimlə məzələnir.
Qabarma, çəkilməylə
Dünyamız təzələnir.
Kainata can verən
Yaradanın əlidi.
Yerdə nə baş verirsə,
Göylə əlaqəlidi...
17.09.2025. Los Anceles.
BAYONA ÇAYI
İldırımlar çaxır ki, dağ mürgüdən oyana!
Bura təhlükəlidir, get bir azca o yana!
Quruyan yal-yamacın yağış yetir hayına,
İstəyir bomboz çöllər yaşıl rəngə boyana.
Coşub-daşan vaxtıdı, bəxtəvərdi Bayona,
Dağdan okeanacan Allah verib boy ona!
Yamaclar fərəhlənir baxıb onun boyuna.
Daşdısa, qabağında dağ-daş çətin dayana!
Yayda suyu azalır sitəm verir yay ona.
Onun ağır günləri gözdən çətin yayına!
Hərdən tərsinə axır necə deyək çay ona? –
Okean qabaranda sudan verir pay ona...
19.09.2025. Los Anceles, Marina del Rey
LİMANDA QALAN GƏMİLƏR
Limanlarda mürgüləyən
Köhnə katerlər, gəmilər,
Baxıb okeana sarı
Xəyala dalar, qəm elər...
Bilmirəm onlar nə qədər
Bu qədər həsrətə dözər?
Limanda qalan gəmilər
Qulubağlı qula bənzər...
Nə vaxtdandır həsrət qalıb
Onlar yosun qoxusuna.
Gecə-gündüz dəniz girir
Hamısının yuxusuna...
21.09.2025. Los Anceles, Marina del Rey
GÖYLƏRDƏ YAZILAN ŞEİR
Məni göylərə qaldıran
Uçmaq eşqim, inadımdı.
Təyyarənin qanadları
Sanki mənim qanadımdı...
Gözlərim yerdən ayrılmır,
Özüm göy ilə uçuram.
Ay aman, arada varmış
Nə qədər dərə, uçurum?!
Bilirəm ki, yerim yoxdu
Mələklərin sırasında.
Məni çarmıxa çəkiblər
Yerlə göyün arasında.
Qara qul xətasız olmaz,
Çaşıb, yolumu azıram...
Öz başımı qatmaq üçün
Oturub şeir yazıram...
Hecasında şimşək nuru,
Misrasında bulud dadı.
Göydə yazılan şeirin
Gözü ala buluddadı.
Çəkib şimşək qılıncını
Yaxınlaşır dəli bulud!
Göydə yazılan şeirimin
Közü ulduz, külü bulud.
Özünü yorma boş yerə,
Boinq hara, durna hara?
Yanıma qalxa bilməzsən,
Qoşulsan da durnalara.
Bura qalxa bilmirsənsə,
Onsuz da yoxdu xeyiri. –
Çətin ki, başa düşəsən
Göydə yazdığım şeiri...
Göylə yerin arasında
Bəyaz buludlar pərdədi..
Göydə yazdığım şeirin
Gözləri elə yerdədi...
Göydə yazdığım şeirin
Göz yaşıdı mürəkkəbi.
Duyan olsa, asan edər
Hər çətini, mürəkkəbi...
Demə ki, bu nə şeirdi
Nə soyuq, nə istisi var.
Şara bənzəyən şeirimin
İçində yer tüstüsü var...
Söz havada havalanıb
Aya uçmaq həvəsi var.
Şeirim şara bənzəsə də,
İçində yer nəfəsi var...
Oxuyub düşünmək üçün
Növbə tutanda mələklər,
Əlimdəki ağ kağızı
Qapıb apardı küləklər...
Qorxuram ki, əvvəl axır
Gerçək ola şirin röya.
Göydə yazılan şeiri
Yerdəkilər çətin duya...
Bilirəm ki, tuş gələcək
Sözlərim tənə oxuna.
Göylərdə yazılan şeir
Yerlərdə çətin oxuna...
23.09.2025. Los Anceles – Nyuark təyyarəsi.
SUQOVUŞAN
Dağlardan üzü aşağı
Bir çay gəlir daşa-daşa.
Elə bil görüş yeridi,
Möcüzədir suqovuşan.
Körpünün üstündə durub
Baxıram gələn bol suya.
Şafaq river okeana
Çatanda dönür quzuya.
Zərrələrdən yaranıbdır
Anamız yer, bu kainat.
Hər bəndə baş aça bilməz,
Müammadır ömür, həyat...
Həftə günə, gün həftəyə,
İllərsə aya möhtacdı.
Nə qədər nəhəng olsa da,
Okean çaya möhtacdı...
24.09.2025. Nyu Cersi, Belmar şəhəri
SALAM, ATLANTİK OKEAN
Salam, Atlantik okean!
Uzaq diyara gəlmişəm.
Təkcə səni görmək üçün
Gör hardan hara gəlmişəm?
Çimsəm də dənizlərində
Görmək istədim özünü...
Axır ki, suyun soyutdu
Qəlbimin həsrət közünü...
Girmişəm sənin qoynuna,
Çox şükür tale yazana!
Dalğanı köksümə basıb,
Dönmüşəm dəli ozana!
Hər adam duya bilərmi
Başdan-başa sirr olanı?
Elə bil ki, söz sinəmdə
Dalğalar tək sıralanır...
Ürək dinclik tapmır, onu
Aya, ya Marsa aparım?
Sənin Sakit okeana
Bir sözün varsa, aparım...
24.09.2025.
Nyu Cersi, Belmar şəhəri
PRİNSTONDA PAYIZ
Baxıb yarpaqları tək-tək
Saralan vən ağacına,
Sandım ki, yaşıl meşənin
Təzə dən düşür saçına
Hava soyuyur, payızın
Əlinə girəvə düşüb.
Elə bil yaşıl xalçaya
Sarı-sarı güvə düşüb...
Beş-on günə yaşıl meşə
Qızılı don geyinəcək.
Çəkdiyi canlı tabloya
Payız baxıb öyünəcək...
24.09.2025, Prinston, Nyu Cersi
PAYIZ GƏLİB PRİNSTONA
Havalar soyuyub bir az,
Yayın ömrü yetib sona.
Yaşıl yarpaqlar saralıb,
Payız gəlib Prinstona.
Sarı yarpaqlar nur saçır,
Sanki meşə qürurlanır.
Yağışda çimən ağaclar
Duman ilə qurulanır.
Okeandan qalxan duman
Gəlib Prinstona kimi.
O, ağacların başına
Örtülüb boz cuna kimi.
Sağollaşıb nəvəm ilə
Uğur diləyırəm ona.
Deyirəm, çətin ki yolum
Bir də düşə Prinstona.
Ayrılıram bu yerlərdən
Başımda yüz fikir-xəyal.
Bəlkə görüşə bilmədik,
Gözəl şəhər, salamat qal!
Yaydan ayrılan ox kimi
Təyyarə havaya qalxır.
Elə bil nəvəm kövrəlib,
Prinstona yağış yağır...
26.09.2025. Prinston, Nyu Cersi
YERLƏ GÖYÜN
ARASINDA
Yüz ikinci mərtəbədən
Mən Nyu Yorka baxıram.
Ayağım yerdən üzülüb,
Torpaq üçün darıxıram.
Həyat imtahana çəkir
Ondan ucalıq umanı.
Elə bil ki, şişə çəkir
Binalar qatı dumanı...
Gözdə heyrət qığılcımı,
Ürəkdə görmək həvəsi...
Bulud içində şimşəkmi
Göydələnlərin hərəsi?
Hər bina bir ox kimidi,
Kirpiyə bənzəyir şəhər,
Yerlə göyün arasında
Körpüyə bənzəyir şəhər...
25.09.2025.
Nyu York, Empayr Steyt Bildinq
NYU YORKDA YAĞIŞ
Yağış yağır, gəzirəm
Nyu Yorkda səhərdən.
Məndən başqa çətirsiz
Adam yoxdu şəhərdə...
Öz xoşbəxt taleyimdən
Daha nələr istəyim?
Başımda çətir olub,
Gəzmək, görmək istəyim...
Bu nabələd yerlərdə
Hey yağsa da sərasər,
Yox mənim ürəyimdə
Qəriblikdən bir əsər...
Yağış yağır, heç nəyi
Mən almıram vecimə.
Yağış danışan zaman
Gərək deyil tərcümə...
25.09.2025. Nyu York
OKEAN ƏTİRLİ ŞƏHƏR
Adamlar qarışqa kimi
Qaynaşır küçələr boyu...
Bu gözəllik yuxarıdan
Baxanları heyran qoyur...
Meydanlarda çox sıxlıqdı,
Yer yoxdu adam əlindən.
Yağış yağanda çətiri
Qoymur bir adam əlindən.
Sehrli maqnitə dönüb,
Okean ətirli şəhər...
Göylərə meydan oxuyur
Al-əlvan çətirli şəhər.
Burda hər yan çırağbandı
Gündüzlər də, gecələr də.
Elə bil heç adam yoxdu,
Çətir gəzir küçələrdə...
Evlər elə ucadı ki,
Gözlər elə göydə qalır.
Burda yağış da elə bil
Yerə düşmür, göydə qalır...
25.09.2025. Nyu York
GÖYDƏLƏNLƏR ŞƏHƏRİ
Qəlbim sevinclə dolub,
Bu şəhərə gələndən.
Baxıram dörd tərəfə
Ən hündür göydələndən.
Ay aman, bu şəhərdə
Gör nə qədər bina var!
Ona həsəd aparır
Sanki uca binalar.
Buludlar qüllələrin
Belində qurşaq kimi.
Bu gözəlliyi görən
Sevinir uşaq kimi...
25.09.2025. Nyu York
MƏN BULUDDAN
HÜNDÜRDƏYƏM
Yağış bax, vermir ara,
Elə yağır, elə yağır...
Ürəyimdə düşünürəm,
Görən bizim elə yağır?
Uca qüllədən baxanda
Təbəssüm qonur üzümə...
Çətir tutanları görüb,
Gülürəm özüm-özümə...
Qorxum yoxdu, nə olsun ki,
Küçələrdən sel-su axır?
Mən buluddan hündürdəyəm,
Yağış aşağıda yağır...
25.09.2025. Nyu York
ƏN HÜNDÜR BİNA
Nyu Yorkun ən hündür binası
Empayr Steyt Bildinqdi –
Hardan baxırsan görünür.
O qədər hündürdü ki,
Arabir dumana, çənə bürünür.
Bu binanın son mərtəbəsinə qalxıb
baxanda göz işlədikcə,
hər yeri görürsən,
Özünü görmürsən təkcə...
Bu bina bütün şəhəri bəzəyir,
heç kəs ona biganə qala bilmir.
Bu bina nəhəng bir şama da bənzəyir –
Hər yanı nurlandırsa da,
öz dibinə işıq sala bilmir...
25.09.2025. Nyu York
YAĞIŞLI, GÜNƏŞLİ ŞƏHƏR
Mən gəlsəm də payız vaxtı
Bu şəhərə - Prinstona,
Elə bil yaz təzə gəlib,
Yer bürünüb yaşıl dona...
Meh oxşayır çiçəkləri
Dəli küləklər də əsmir.
Qəribədir sanki bura
Payız gəlməyə tələsmir.
Meşələrə, çəmənlərə
Hey baxıram heyran-heyran.
Təəccüblənmə qarşına
Burda çıxsa cüyür, ceyran...
Qazdan ayıq çöl qazları
Heç səni almır vecinə.
Arxayınca otlayırlar
Girib çəmənin içinə...
Ağacların arasıyla
Yol uzanır çay boyunca.
Nəfəs almaq istəyirsən
Bu yerlərdə sən doyunca.
Meşə yaşıl, çəmən yaşıl,
Heç bu yerdə çiçək solar?
Gecə yağış yağıb, səhər
Gün çıxan yer necə olar?
26.09.2025. Nyu Cersi, Prinston
LOS ANCELES VADİLƏRİNDƏ
Upuca dağlar, yaşıl vadilər,
Yaşamaq üçün nələr vəd elər?
Çıxıb bu yerdə sakitcə gəzsən,
Çox şey görərsən sən bu vədələr...
Sərin bulaqlar, dumduru çaylar,
Həyət-bacaya yaşıllıq paylar...
Biri-birindən hündür ağaclar,
Çiçəkli düzlər,yaşıl yamaclar.
Çəkilən zəhmət göyərdər daşı...
Həyət-bacadan gül-çiçək daşır...
Nəyə qadirmiş İnsan əlləri?
Gülüstan edib quru çölləri...
02.10.2025. Los Anceles.
YER ULU TANRININ MÖCÜZƏSİDİR
Gəzmək, görmək üçün ürəyim əsir,
Xəyalən qol-qanad açmasan olmur.
Demə ki, yer oğlu göydə nə gəzir? –
Hərdən qanadlanıb uçmasan olmur.
Hisslərin oduna ocaq çatırsan,
Ruhsuz adamların göydə nə yeri?
Yerdə bir guşədə itib batırsan,
Bütöv görmək olur göylərdən yeri.
Hərənin bəxtinə bir ömür düşür,
Səhrada nə işi axı güllərin?
Yer var quraqlıqdan qovrulur, bişir,
Yer var ki, altında qalıb göllərin.
Dağ var əskik olmur təpəsi qardan,
Dağ var yamacında gül-çiçək açır.
Yer var ki, ilanlar mələşir orda,
Yer var ki, cüyürlər, ceyranlar qaçır...
Yer var ki, nur saçır şəhərlər, kəndlər,
Yer var ki, dəyməyib insan qədəmi.
Ucadan görünmür sədlər, sərhədlər,
Göydə yer həsrəti bükür qəddimi.
Həsrətlə baxıram mən yal-yamaca,
Xəyalən sanıram özümü yerdə.
Lacivərd göylərdə mən uça-uça
Ayıra bilmirəm gözümü yerdən...
Hələ iman nuru məni isidir,
Şükür ki, çox yerdə ömrün izi var.
Yer Ulu Tanrının möcüzəsidir,
Onun su üzü var, səhra üzü var...
05.10.2025. Los Anceles
OKEANLA SON GÜRÜŞÜM
Gəlib, vaxt-vədə yetişdi,
Necə qarışıbsa başım,
Sakit okan, səninlə
Gəlmişəm ki, vidalaşım.
Tale yazan Ulu Tanrı
Qoy özü yetsin köməyə!
Adamın dili də gəlmir
Sanə əlvida deməyə!
07.10.2025. Los Anceles, Marina del Rey
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























