Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

MART SOYQIRIMI - tarixə nəzər

Tarix: 31-03-2019 22:12     Baxış: 2497 A- / A+
MART SOYQIRIMI - tarixə nəzər

Tural Akif oğlu VƏLİZADƏ,
Qərbi Kaspi Universitetinin müəllimi,
BDU-nun Tarix fakültəsinin doktorantı

turallachin@mail.ru

1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı cinayətlərini üzə çıxarmaq, təhqiq etmək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə mümkün olmuşdur. Ermənilərin törətdikləri cinayətlərin təhqiqi üçün təsis edilən Fövqəladə Təhqiqat Komissiyası Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mühüm qərarlarından biridir. 1918-ci il iyul ayının 15-də təşkil edilmiş Komissiyasının tərtib etdiyi sənədlər 36 cilddən və 3500 vərəqdən ibarətdir. Bunların da 6 cildi (740 səhifə) Bakı şəhəri və onun ətraf kəndlərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq aktlarını əhatə edir.

1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri, həm də xarici işlər naziri F.X.Xoyskinin imzaladığı qərara əsasən Fövqəladə Təhqiqat Komissiyası 7 nəfərdən ibarət idi: Komissiyanın sədri, andlı iclasçı – Ələkbər bəy Xasməmmədov, üzvləri isə - Gəncə dairə məhkəməsinin üzvləri – İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə köçürmə idarəsindən Nikolay Mixayloviç Mixaylov, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Mirzə Cavad Axundzadə.

1918-ci ilin sentyabr ayından müstəntiqlər artıq Bakı və Yelizavetpol quberniyalarının müxtəlif qəzalarında fəal şəkildə işləyirdilər. Bakı azad edildikdən və Azərbaycan Hökuməti Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissiyası da öz fəaliyyətini Gəncədən Bakıya keçirdi və dərhal Bakı şəhərində və onun ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı.

Fövqəladə Təhqiqat Komissiyasının Bakı qrupuna Bakı dairə prokurorunun müavini A.Y.Kluge, andlı iclasçı M.Təkinski, andlı iclasçı A.Aleksandroviç (Litovski), hüquqşünas A. Hacı İrzayev, Gəncə Dairə Məhkəməsi prokurorunun müavini Ç.B.Klossovski daxil idi.

Komissiyanın üzvlərinin əksəriyyətini azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri – rus, polyak, yəhudi, alman və başqaları təşkil edirdi. Bu da cümhuriyyətin hadisələrə ədalətli, vicdanlı, qərəzsiz və tərəfsiz yanaşmasının bir təzahürü idi.

1919-cu ilin avqustunun ortalarınadək Bakıda 24 şəxs müttəhim qismində Fövqəladə Təhqiqat Komissiyası tərəfindən həbs edilmişdi. Beləliklə, 1920-ci ilin aprelinə kimi Fövqəladə Təhqiqat Komissiyası bolşevik-daşnak quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük iş gördü. Zərərçəkmiş yüzlərlə vətəndaş və şahid dindirilmiş, çoxlu material, maddi dəlil-sübut, fotosənəd toplandı.

1918-ci ildə Bakı şəhərində bolşevik-daşnak alyansı tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən Mart soyqırımından 101 il keçir. Mart soyqırımı son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətin ən qanlı nümunələrindən biridir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. 1905-1907-ci il qırğınları ilə məqsədlərinə nail ola bilməyən erməni daşnakları Birinci Dünya müharibəsinin yaratdığı “imkanlardan”, böyük dövlətlərin himayəsindən və köməyindən istifadə edərək 1918-1920-ci illərdə məqsədlərinə nail olmağa çalışmışlar.

1918-ci ilin martında Bakıda siyasi vəziyyət olduqca gərgin idi. Cənubi Qafqazda sayca üstünlük təşkil edən azərbaycanlıların haqları nə qərb dövlətləri, nə də Bakını ümumiyyətlə Azərbaycan şəhəri hesab etməyən rus siyasi qüvvələri tərəfindən qəti nəzərə alınmırdı. Belə bir vəziyyətdə Azərbaycanda geniş xalq kütlələrinin dəstəyini qazanmış “Musavat”ın Bakı Sovetinə keçirilən seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi şəkildə təşvişə salmışdı. Azərbaycan milli qüvvələri ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Azərbaycanın muxtariyyəti uğrunda inamlı mübarizə “Musavat” partiyasını bolşevik-daşnak alyansının əsas hədəfinə çevirmişdi. 1918-ci il Mart soyqırımı da başlıca olaraq Azərbaycanın istiqlaliyyəti əleyhinə yönəlmişdi. Məhəmməd Əmin Rəsulzadə bolşevik mətbu orqanı olan “Bakinskiy raboçiy” qəzetinin muxtariyyətçilərə necə cavab verdiyini belə xatırlayır: “Azərbaycanın muxtariyyəti türk burjuaziyasının muxtariyyətidir. Bu muxtariyyətə nə Rusiya burjuaziyası, nə də Rusiya demokratiyası razı olur. Azərbaycanın muxtariyyətini istəyən musavatçılar nəticədə xarabazar bulurlar”

Bakıda Mart soyqırımı hələ 1917-ci ilin sonlarında “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin

darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi.

Təbii ki, Bakı Xalq Komissarları Soveti tərəfindən, xüsusən onun sədri S.Şaumyanın şəxsi istəyi nəticəsində istər Bakıda, istərsə də Azərbaycanın digər bölgələrində həyata keçirilən bu qətl və talanlar milli istiqlalımıza qarşı yönəlmişdi və xüsusi qəddarlıq, görünməmiş amansızlıqla icra edilirdi. N.Nərimanovun təbirincə desək: “Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir. Onlar keyfi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular””.

Məlum hadisələrə öz münasibətini bildirən H.Baykara yazır: “Bakıda özünün rəhbərliyi altında sovet hökuməti quran Şaumyan azəri türklərinə “sizə Azərbaycan istiqlaliyyəti yerinə bir məzarlıq bəxşiş edəcəyəm” - deyə, açıqcasına söyləyirdi”.

Burada görkəmli alim T.Svyatoxovskini xatırlamamaq olmaz: “Belə bir şəraitdə bolşeviklərin yeni, lakin bu dəfə daşnaklarla taktiki ittifaqı formalaşırdı. Hər yerdə və həmişə millətçiliyin hər cür təzahürünə qarşı çıxan Şaumyan Bakını Azərbaycanın paytaxtı etmək xülyasına düşən müsəlmanlara tamamilə başqa münasibət bəsləyirdi: Azərbaycan kəlməsi onun dilində həmişə məsxərə ilə səslənirdi”.

Tarixi faktlar göstərir ki, Bakı Kommunası heç bir milli kökləri olmayan, yerli əhalidən, müsəlman kütləsindən təcrid olunmuş Rusiyanın, erməni millətçilərinin mənafeyinə xidmət edən anti-demokratik, anti-Azərbaycan siyasəti yeridən, xüsusən Bakını Sovet Rusiyası hakimiyyətinə tabe etdirməyə çalışan və Azərbaycanın istiqlalına qarşı inadla mübarizə aparan qondarma hökumət idi. Xalq Komissarları Sovetində əsas həlledici rəhbər mövqelər ermənilərin əlində cəmləşmişdi. S.Şaumyan Xalq Komissarları Sovetinin sədri və Xarici İşlər komissarı, Q.Korqanov Hərbi-Dəniz İşləri komissarı, A.Karinyan (Qabrielyan) Ədliyyə komissarı kimi aparıcı vəzifələri tutmuşdular. Bakı kommunasının rəhbər eşelonuna Avetisyan, Kostandyan, Osipyan, Əmiryan, Ter-Saakyan, Nuricanyan, Mikoyan və digər daşnakpərəst ermənilər də daxil idilər.

İstər Bakıda və Şamaxıda, istərsə də Qubada və Quba qəzasında Bakı XKS-nin siyasi kursu ilə həyata keçirilən bu soyqırımında bolşeviklərin nə üçün məhz daşnaklardan istifadə etməsi məsələsi, fikrimizcə, bəhs edilən problemin ən aktual məsələsidir. T.Svyatoxovski: “Şaumyan əmin idi ki, azərbaycanlılarla açıq ixtilafda Bakı daşnakları bolşeviklər üçün heç bir qorxu törətməyəcək, əksinə, xeyli dərəcədə ikincilərin mövqeyini müdafiə edəcəklər. Buna görə də o, qətiyyəti diplomatiyadan üstün tuturdu” - deyə yazanda nə qədər də haqlıdır.

Bakıda Azərbaycanın muxtariyyətini tələb edən musavatçıların sosial bazasını məhv etmək, türk-müsəlman əhalisinin soyunu tükətmək düşüncəsində olan bolşevik-daşnak alyansı bu məqsədlə mart ayının son günlərində əməli fəaliyyətə keçdi. 1918-ci il martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam etdi, lakin onun üç günü görünməmiş amansızlıqla qəddarlıq və azğınlıq edən daşnak dəstələri tərəfindən şəhərin türk-müsəlman əhalisinin qırılmasının və qarət edilməsinin xüsusilə kütləvi xarakteri ilə səciyyələnirdi.

Bakının tarixi məhəllələrini və küçələrini, şəhər kənarındakı müsəlman qəsəbələrini bürüyən azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmırdı. Həmin günlər erməni quldur dəstələri Bakının yaxınlığındakı ətraf kəndlərə də basqın edərək müsəlmanların evlərinə soxulur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirir, şəhər kənarı yollarda pusqular qururdular. 1918-ci ilin martında Bakı kəndlərinin – Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və digər kəndlərin sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar.
MART SOYQIRIMI - tarixə nəzər

1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Azərbaycan xalqının öz milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması ölkədə siyasi vəziyyəti kökündən dəyişdi.

Azərbaycan Hökuməti Gəncədə keçirdiyi 15 iyul 1918-ci il tarixli iclasında ermənilərin həyata keçirdiyi soyqırımı aktını geniş və ətraflı müzakirə edərək, “Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasının təşkili haqqında” qərar qəbul etdi. Bu azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Cümhuriyyət hökumətinin başçısı, eyni zamanda xarici işlər naziri Fətəli Xan Xoyskinin imzaladığı 31 avqust 1918-ci il tarixli qərara əsasən 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Həmin qərarda deyilirdi: “Hökumətin 15 iyul 1918-ci il tarixli Qərarının icra olunması üçün sədr - andlı iclasçı Ələkbər bəy Xasməmmədovdan və aşağıdakı üzvlərdən ibarət olan tərkibdə Fövqəladə Təhqiqat Komissiyası yaradılsın: Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev və Andrey Fomiç Novatski, həmin dairə məhkəməsinin prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə Köçürmə idarəsinin üzvü Nikolay Mixayloviç Mixaylov və Barışdırıcı hakimlər qurultayının keçmiş sədri, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Məmməd Cavad Axundzadə”.

Sonradan Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının bir sıra əməkdaşları da komissiyanın işinə cəlb edildilər. Komissiyanın işində A.Novatski, N.Mixaylov, A.Kluge, M.Təkinski, A.Aleksandroviç (Litovskiy) və digər peşəkar hüquqşünaslar və ictimai-siyasi xadimlər daha fəal iştirak etmişlər.

1918-ci ilin sentyabr ayının əvvəlindən müstəntiqlər artıq Bakı və Yelizavetpol quberniyalarının müxtəlif qəzalarında fəal şəkildə işləyirdilər. Bakı azad edildikdən və Azərbaycan Hökuməti Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissiyası da öz fəaliyyətini Gəncədən Bakıya keçirdi və dərhal Bakı şəhərində və onun ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı.

Fövqəladə Təhqiqat Komissiyasının Bakı qrupuna Bakı dairə prokurorunun müavini A.Y.Kluge, andlı iclasçı M.Təkinski, andlı iclasçı A.Aleksandroviç (Litovski), hüquqşünas A. Hacı İrzayev, Gəncə Dairə Məhkəməsi prokurorunun müavini Ç.B.Klossovski daxil idi.

Fövqəladə Təhqiqat Komissiyasının sənədləri bolşevik-daşnak birləşmələri tərəfindən bir neçə gün ərzində böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan 12 mindən çox dinc sakinin qətlə yetirildiyi mart soyqırımına bilavasitə həmin hadisələri yaşamış insanların gözü ilə baxmağa imkan verir.

Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu ilin avqust ayına qədər topladığı materiallar 36 cild və 3500 səhifə təşkil edirdi ki, bunların da 6 cildi (740 səhifə) Bakı şəhəri və onun ətraf kəndlərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq aktlarını əhatə edirdi. İstintaq materialının digər cildləri ermənilər tərəfindən Bakı quberniyasının Şamaxı, Quba, Göyçay, Cavad qəzalarında, Gəncədə, Nuxada, Qarabağda, Zəngəzurda və Azərbaycanın digər bölgələrində törədilmiş dəhşətli cinayətləri əks etdirirdi.

Sənədlərdən aydın olur ki, mart hadisələri azərbaycanlıların əksəriyyəti üçün gözlənilməz olmuşdur və müsəlman ictimaiyyətinin müxtəlif zümrələrindən olan insanlar bolşeviklərin deyil, məhz ermənilərin xəyanətindən sarsılmışdılar, çünki onlar “sonuncuları düşmən kimi görmürdülər”. Bununla bərabər, şahid ifadələri göstərir ki, azərbaycanlıların əksəriyyəti talanlardan bir neçə gün qabaq “ermənilərin şəhərin müsəlman hissəsindən erməni hissəsinə köçdüyünü” müşahidə etmiş, şəhərin “Ermənikənd” məhəllələrində “ermənilər tərəfindən qazılmış səngərləri” görmüş, ermənilərin “1905-ci ili təkrarlamaq, yəni müsəlman qırğınlarını başlamaq” niyyətləri və “ermənilərin müsəlmanlara qarşı çıxışlara hazırlaşdıqları barədə şəhərdə gəzən şayiələri” eşitmişdilər.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə müxtəlif millətlərdən olan bakılıların və xarici vətəndaşların Bakıda 1918-ci ilin mart hadisələrinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyəti olan ifadələri də daxil edilmişdir.

Bu baxımdan Bakı sakini A.N.Kvasnikin ifadəsi xüsusi maraq doğurur. Şəhərin kübar və işgüzar dairələrinə mənsub olan, “bir çox erməni evlərinə girib-çıxan”, ifadəsindən hörmətli və ünsiyyətcil bir insan təsəvvürü yaradan A.N.Kvasnik özünün son dərəcə ətraflı ifadəsində mart hadisələri ərəfəsində və günlərində Bakı cəmiyyətində hökm sürən vəziyyətin ümumi mənzərəsini yaratmağa çalışır. A.N.Kvasnik ifadəsində deyir: “Bu ilin 17-21 mart tarixlərində Bakı şəhərində baş vermiş hadisələrə təmiz vicdanla belə ad vermək lazımdır: “Müsəlmanların fiziki olaraq məhv edilməsi, bütün əmlakının mənimsənilməsi və onların bütün rifahının və siyasi üstünlüyünün ermənilərin əlinə keçməsi məqsədilə, əvvəlcə Bakı şəhərində, sonra isə ucqarlarda erməni əhalisinin müsəlman əhalisinə qarşı təşkil edilmiş qanlı sui-qəsdi””.

Tərtib edilən təhqiqat sənədlərini – müxtəlif şahid ifadələri, komissiya üzvlərinin məruzə və raportlarını həyəcansız oxumamaq mümkün deyildir. Həmin günlər “Böyük Ermənistan” xülyasına aşina ermənilər bəşər tarixində bənzərinə heç də rast gəlinməyən dəhşətli cinayət faktlarına əl atmışlar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü Aleksandr Yevgenyeviç Kluge bu komissiyanın sədrinə “Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında” məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirlər... ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.

A.Y.Kluge Fövqəladə Təhqiqat Komissiyası sədrinə ünvanladığı məruzədə ermənilərin 1918-ci ildə Bakıda törətdikləri soyqırımı bütün təfsilatı ilə göz önünə sərir: “Ermənilər, müsəlmanları qırmaqla yanaşı, onların əmlakını da məhv edir, qiymətli əşyaları isə özləri ilə aparırdılar. Sonradan, hələ təkcə bir yerdə, torpağa basdırılmış qulaqsız, burunsuz, qarnı yarılmış və uşaqlıq yolu kəsilərək çıxarılmış 57 müsəlman qadının cəsədi aşkar edilmişdir. Şahidlər deyirlər ki, ermənilər hansı səbəbdənsə öldürməyə macal tapmadıqları qadınları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın əsir aparırdılar, bu zaman yolboyu onları tüfənglərinin qundaqları ilə döyürdülər”.

“Şəhərin bu hissələrində (Məhəmmədli və Zibilli Dərə – T.V.) qətlə yetirilmiş müsəlmanların sayını müəyyən etmək çətindir, belə ki, çoxlu sayda evlər vardır ki, sakinlərinin hamısı ermənilər tərəfindən ucdantutma qətlə yetirilmişdir və indi bircə nəfər sakin qalmamışdır ki, qətlə yetirilənlərin adlarını öyrənmək mümkün olsun. Şəhərin digər müsəlman hissələrində erməni əsgərləri həmçinin pulemyotların dəstəyi altında sürətli

hücuma keçirdilər və müsəlmanları hər hansı bir məhəllədən sıxışdırıb çıxararaq, evlərə soxulur, müsəlmanları qətlə yetirir, sonra isə qarət edirdilər. Bu zaman ermənilər nə yaşı, nə də cinsi nəzərə almırdılar. Məsələn, Hacı Əmir Əliyevin evinə basqın edərək, onun özünü, 80 yaşlı qocanı, onun 60 yaşlı birinci arvadını və 70 yaşlı ikinci arvadını öldürmüş, üç azyaşlı körpəni doğramış və Əliyevin gəlinini, 25 yaşlı qadını diri-diri divara mıxlamışlar”.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, “hücum edən erməni əsgərlərinə, əsas etibarilə, erməni ziyalılarının nümayəndələri başçılıq edirdilər. Belə dəstələrdən biri Nikolayevskaya küçəsində yerləşən evə soxulmuş və 8 nəfər qadın və uşaqları qətlə yetirmişdir. Başqa bir dəstə Bala Əhməd Muxtarovun Persidskaya küçəsində yerləşən evinə girərək, müsəlman ziyalılarının doqquz nümayəndəsini küçəyə çıxarmış və Sobornaya meydanında güllələmişdir. Həmin evdə doktor Tağıyev bolşeviklərin hakimiyyətini tanıdığını sübut edən sənədi çıxararaq erməni əsgərlərinə təqdim etdikdə, əsgərlər daşnaksakan olduqlarını və bolşevikləri tanımadıqlarını söyləyərək onu güllələmişlər.

Bala Əhməd Muxtarovun evində tutulan və sonradan güllələnən şəxslərin arasında bu binanın sahibi, polkovnik Tabasaranskiy, rotmistr Sultan bəy Əmircanov, doktor Kərim bəy Sultanov, Cavad bəy Aşurbəyov və başqaları var idi; Sultanovun və Aşurbəyovun cəsədləri “Dağıstan” mehmanxanasının yanan binasının içinə atılmışdır”.

Daha sonra, “Martın 24-də (yeni stillə aprelin 6-da – T.V.) Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin keçmiş üzvü, “Nikolay Bünyadov” gəmisinin komandir köməkçisi Kazım Axundova Bakı şəhərinin “Çəmbərəkənd” adlanan dağlıq hissəsinin müdafiəsi üçün təyyarəçi Rozenblümun rəhbərliyi altında 10 silahlı matros göndərilmişdi. Axundov, martın 25-dən (yeni stillə aprelin 7-dən – T.V.) Nikolayevskaya küçəsindən cəsədlərin yığışdırılmasına başlamışdır, bu zaman süngülərlə dəlik-deşik edilmiş və qılıncla doğranılmış 3 müsəlman oğlan - gimnaziya tələbələri, 11 tələbə qız, bir rus qadın, 3 yaşından 5 yaşınadək üç müsəlman oğlan, 8 nəfər rus kişi, 19 nəfər iranlı təbəələr - müsəlmanın və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlı müsəlmanın cəsədlərini yığışdırmışdır”.

A.Y.Kluge məruzəsində göstərir ki, “sadalanan cəsədlər avtomobillərdə məscidlərə aparılmışdır. Bundan əlavə, “Vulkan” cəmiyyətinin köhnə limanına 6748 müsəlman kişi, qadın və uşaq meyitləri gətirilmişdir. Şəhərin “Məhəmmədli”, “Zibilli Dərə” rayonlarından müsəlmanların cəsədləri qəbiristanlığa daşınmışdır, bununla belə cəsədlərin yığışdırılması yalnız mart ayının 31-də (yeni stillə aprelin 13-də – T.V.) başa çata bilmişdir”.

A.Y.Klugenin məruzəsində ürək dağlayan səhnələrdən biri də texnik Vladimir Sokolovun qarşılaşdığı və fotoaparatın yaddaşına köçürtdüyü olaydır:

“Axundov öz tanışı texnik Vladimir Sokolovu “Kərpicxana” adlı yerə aparmış və Sokolov burada üç fotoşəkil çəkmişdir. Birinci şəkildə başından güllə yarası almış, bədənində beş süngü yarası olan, sağ körpücük sümüyü sındırılmış qadın meyiti çəkilmişdir; meyitin sağ döşünün üstündə ayağından süngü yarası almış, hələ sağ olan körpə uzanmışdır və anasının döşünü əmirdi.

İkinci şəkildə 7-8 verşok (4,4 sm) uzunluğunda iri Kazaçkov mismarı ilə divara mıxlanmış iki yaşında körpə təsvir olunmuşdur; mismarın papağından görünürdü ki, o divara yaxınlıqda yerə atılıb qalmış daşla vurulmuşdur.

Üçüncü şəkildə 13-14 yaşlarında qızın meyiti çəkilmişdir və qızın vəziyyəti onun bir neçə şəxs tərəfindən zorlandığını sübut edir; onun aralı qalmış ayaqlarının arasındakı döşək qanla örtülüb; onun boynunda barmaq izləri görünür”.

Məruzədə daha sonra deyilir: “Axundov Sokolovla birlikdə dördüncü evə daxil olduqda, onların qarşısında aşağıdakı səhnə açılmışdı: böyük otağın döşəməsində 22-23 yaşlarında çılpaq qadının, iki qarının, altı yaşında qızın, səkkiz yaşlı oğlanın və südəmər körpənin cəsədi var idi; körpənin əl və ayaqlarını üç it gəmirirdi. Təsvir edilən səhnə Sokolova o dərəcədə təsir etmişdir ki, o fotoşəkil çəkməyə davam etməkdən imtina etmişdir”.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, “martın 19-da (yeni stillə aprelin 1-də – T.V.) silahlı ermənilər Bondarnaya küçəsi, 148 nömrəli evə girmiş və orada 50 nəfər müsəlman qadın, uşaq və kişiləri gördükdə, onların hamısını qarət etmiş, sonra isə Birjevaya meydanı istiqamətində əsir aparmışlar. Ermənilər bu meydana gələrək, həmin dəstədən bütün kişiləri ayırmış və onları ayrıca aparmış və 12-ci lazaretin qarşısında onlara tüfənglərdən yaylım atəşi açmış, sonra isə süngülərlə sağ qalanların axırına çıxmışlar.

Müsəlmanların bu cür əsir aparılması Bakı şəhəri Azərbaycan-Türk qoşunları tərəfindən alınan günədək ermənilər tərəfindən həyata keçirilmişdir. Məsələn, 1918-ci ilin avqust ayının sonunda Bakı sakini Sadıq bəy Məmməd Rza bəy oğlu Bakıdan çıxaraq Pirşağıya ailəsinin yanına gedirmiş. Məhəmmədli kəndində 17 erməni əsgəri onu və yanında olan 20 nəfərə yaxın digər müsəlmanları əsir götürmüş və onları Zabrat kəndinə aparmışdır. Oradaca onların hamısını kəndirlə bir-birinə bağlayaraq, tüfənglərdən onlara atəş açmışlar. Onların hamısı yerə yıxıldıqdan sonra isə süngü, xəncər və qılıncla axırlarına çıxmışlar. Bir güllə, iki xəncər, 18 süngü və iki qılınc yarası almış Sadıq bəy Ramana kəndinin xəstəxanasına çatdırılmış və orada onu müalicə etmək mümkün olmuşdur”.

A.Y.Klugenin Fövqəladə Təhqiqat Komissiyasının sədrinə ünvanladığı məruzəyə əsasən məlum olur ki, “martın 20-də (yeni stillə aprelin 2-də – T.V.) üç erməni əsgərinin müşayiət etdiyi erməni zabiti Tatevos Əmirov “Kaspi” qəzetinin redaksiyasının binası ilə

“İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binası arasında olan dalana gəlmiş və “İsmailiyyə”nin binasına girmişdir; bir müddət sonra binanın pəncərələrindən tüstü və alov görünmüşdür və yalnız Bakı müsəlmanlarının fəxri deyil, həm də bütün şəhərin bəzəyi olan bu əzəmətli bina yanaraq məhv olmuşdur. Yanğını söndürəcək heç kəs yox idi, çünki müsəlmanlar pulemyotlardan və tüfənglərdən aramsız atəşə tutulan küçəyə çıxmaq imkanından məhrum idilər”.

“Daha sonra “Kaspi” qəzeti redaksiyasının binası və “Dağıstan”, “İsgəndəriyyə” və “İslamiyyə” adlı müsəlman mehmanxanaları da yandırılmışdır. Yandırılmış binalar bütün Qafqaz müsəlmanlarının həyatında böyük rol oynayırdılar: 1. “İsmailiyyə” də bütün Qafqaz müsəlman komitələri yerləşirdi və bu binada həmin komitələrə məxsus pul və sənədlər saxlanılırdı; bundan əlavə, binada bütün müsəlman yığıncaqları və qurultayları keçirilirdi: məsələn 1918-ci ilin fevral ayının 15-də açılmış Ümumqafqaz müsəlmanlarının qurultayı; 2. “Kaspi” qəzetinin redaksiyasında müsəlman dilində müxtəlif kitablar çap olunurdu, yanğın zamanı isə onun zirzəmilərində ərəb dilində yenicə çapdan çıxmış 5000 Quran kitabı var idi və onların hamısı yanmışdır; 3. “İslamiyyə”, “Dağıstan” və “İsgəndəriyyə” mehmanxanalarında Bakıya gələn bütün müsəlmanlar qalırdılar; bu mehmanxanaların dağıntıları arasında yanıb qaralmış xeyli müsəlman cəsədi tapılmışdır: məsələn, “Dağıstan” mehmanxanasının xarabalıqları arasında doktor Kərim bəy Sultanovun, Cavad bəy Aşurbəyovun, “Hacınski Çələkən” mədənlərinin idarə başçısı Abdulla bəy Bababəyovun və digərlərinin cəsədləri tapılmışdır”.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, “ermənilər müsəlmanların evlərinə soxularaq bütün qiymətli əşyaları aparır, qalan əşyaları qırıb-tökür, əksər hallarda isə yandırırdılar. Şəhərin aşağı hissəsində, Sisianovskaya küçəsindən aşağıda, Hacı Zeynalabdin Tağıyevin mənzili istisna olmaqla, qarət olunmamış müsəlman mənzili qalmamışdır. Bəzi rayonlarda, məsələn, Məmmədli rayonunda və yaxud bazarda müsəlmanların məskunlaşdığı bütün tikililər başdan-ayağa yandırılmış və qarət edilmişdir. Ümumilikdə, Bakı şəhərinin müsəlman əhalisinə köhnə qiymətlə 400.000.000 rubldan az olmayaraq, ziyan vurulmuşdur. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri də dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla “Təzəpir” məscidi zədələnmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar”.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, Bakıda türk-müsəlman soyqırımı sentyabrın 15-dək davam etmişdir: “Mart ayının 19-da (yeni stillə aprelin 1-də – T.V.) öz silahlarını bolşeviklərə təhvil verməyə razılıq vermiş müsəlmanlarla

bolşeviklər arasında sülh bağlanmasına baxmayaraq, ermənilər müsəlmanları öldürməkdə və qarət etməkdə davam edirdilər, həm də nəinki martın 22-nə (yeni stillə aprelin 4-nə – T.V.), müsəlmanlarla onların aralarında barışığın elan edildiyi günə qədər, hətta sonrakı vaxtlarda da. Müsəlmanların çoxsaylı qarət olunması, qətlə yetirilməsi və yoxa çıxması halları Bakı şəhəri Azərbaycan-Türk qoşunları tərəfindən alınanadək baş vermişdir.

Müsəlmanların qardaş qırğınına son qoymaq cəhdlərinə erməni əsgərlərinin necə münasibət göstərdiyinə aşağıdakı fakt sübut ola bilər: Martın 20-də (yeni stillə aprelin 2-də – T.V.), çərşənbə axşamı, Molla Cavad Axund, Molla Hacı Mir Mövsüm, Hacı Hüseyn Tağıyev, doktor Atabekyan və İcraiyyə Komitəsinin üzvü Denejkindən ibarət olan nümayəndə heyəti Qaladan avtomobillə şəhərin yuxarı hissəsinə göndərilmişdir. Zavedenskaya küçəsində altı erməni əsgəri nümayəndə heyətini saxlanılmış və heyətin hara getdiyini soruşmuşdur. Nümayəndə heyətinin şəhərin müsəlmanlar tərəfindən tutulmuş hissəsinə keçərək, müsəlmanlarla ermənilər arasında sülh bağlandığı üçün, onlara hərbi əməliyyatları dayandırılmaq təklifi etmək istədiyini eşidəndə erməni əsgərləri bildirmişlər ki, onlar nümayəndə heyətini buraxmayacaqlar, çünki heç bir barışığı tanımırlar. Nümayəndə heyətinin üzvləri müsəlmanların Zavedenskaya küçəsinin axırındakı səngərlərinə tərəf yönəldikdə, erməni əsgərləri onların arxasınca atəş açmağa başlamış və səngərlərə qədər qaçaraq, orada gizlənməyə macal tapmış Molla Cavad Axund istisna olmaqla, nümayəndə heyətinin üzvlərinin hamısını qətlə yetirmişlər”.

Komissiya üzvü A.Y.Kluge öz məruzəsində qeyd edir: “Bütün yuxarıda göstərilənlər istər şahid ifadələri, istərsə də işə əlavə edilmiş baxış, ekspertiza protokolları və çoxlu sayda yandırılmış evlərin və hədsiz dərəcədə eybəcər hala salınmış cəsədlərin fotoşəkilləri ilə təsdiq edilir.

Şəhərin müsəlmanlar yaşayan hissələrini talan etmiş erməni əsgərlərinin başında tüfənglərlə və mauzerlərlə silahlanmış mühəndis Artyom Ter-Akopovun, Fridun Akopovun, Jorj Melikovun, Asatur Vaçyansın, andlı iclasçı Arutçevin, Yeqiş Paxlavuninin, Levon Saatsazbəyovun, tələbə Popovyanın, Ambarsum Melikovun, Stepan Lalayevin, praporşik Dovlatovun və Xristofor Dildarovun durduğu sübut edilmişdir”.

“Mart hadisələri zamanı ermənilərin həyasızlığı o həddə çatmışdır ki, onlar hətta tanışları olan müsəlmanların da evlərinə soxulur, onların əmlaklarını qarət edir və hər yerdə, sərasər hamını qətlə yetirirdilər. Məsələn, martın 20-də (yeni stillə aprelin 2-də – T.V.) Stepan Lalayev erməni əsgərlərinin böyük dəstəsi ilə Varantsovskaya küçəsində yaşayan doktor Balabəy Sultanovun mənzil

öldürmüşdür. Sultanovun mənzilinin həyətinə enən Lalayev oradakı müsəlman bağbanı, onun arvadını və ikiyaşlı oğlunu şəxsən güllələmişdir”.

A.Y.Klugenin Fövqəladə Təhqiqat Komissiyası sədrinə ünvanladığı məruzədə Bakıda Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım cinayətlərinə rəhbərlik edən silahlı dəstələrin rəhbərləri bir-bir ifşa olunur, onların adları ortaya qoyulurdu. Daha sonra xüsusi olaraq o da qeyd olunurdu ki, 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən soyqırım cinayətləri hələ 1917-ci ildə “Daşnaksütyun” və Erməni Milli Şurası tərəfindən planlaşdırılmış və əvvəlcə Bakıda, daha sonra ucqarlarda türk-müsəlman əhalisinin fiziki olaraq məhv edilməsinə, bütün əmlakının mənimsənilməsinə və onun bütün rifahının və siyasi üstünlüyünün təbii surətdə ermənilərin əlinə keçməsinə nail olmaq məqsədi ilə törədilmişdir.

Milli hakimiyyəti əvəz etmiş yeni siyasi qüvvələr 70 ildən çox müddət ərzində Azərbaycan xalqının yaddaşından bu faciəli, eyni zamanda əlamətdar hadisələri silməyə və ya onların mahiyyətini saxtalaşdırmağa çalışdılar. Lakin tarix göstərdi ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi özü Fövqəladə Təhqiqat Komissiyasını yaratmaqla, bu hadisələr haqqında həqiqətin sonrakı nəsillərə çatdırılmasının “qayğısına qalmışdı”. Bakıda, Şamaxıda, Qubada və Azərbaycanın digər şəhər və qəzalarında 1918-ci ilin faciəli günlərini yaşamış və yaddaşında saxlamış insanların dili ilə səsləndirilən bu həqiqət Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən sənədlərə köçürüldü.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində həmçinin Bakıda mart hadisələri zamanı şəhərin müsəlman əhalisinə – iri sənayeçilərə, zavod, liman, neft mədənləri sahibkarlarından başlayaraq çoxsaylı mülki, sosial və ticarət obyektlərinin: ev, idarə, mehmanxana, məktəb, restoran, bərbərxana, emalatxana, mağaza, anbar, dükan, tövlə və s. sahiblərinə vurulan maddi ziyanın miqyası və əhəmiyyəti də çox aydın göstərilir.

Zərər dəymiş obyektlər içərisində mühüm əhəmiyyət daşıyan “Təzəpir” məscidini, “Şah məscidi”ni, “Kaspi” qəzetinin redaksiya binasını, “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını, “Dağıstan”, “İsgəndəriyyə”, “İslamiyyə” mehmanxanalarını xüsusi vurğulamaq lazımdır. Bu binaları azərbaycanlıların mədəni-ictimai və dini mərkəzlərini təcəssüm etdirən mühüm obyektlər sırasına aid etmək olar.

1918-ci ildə erməni daşnaklarının Azərbaycan torpaqlarını zəbt etmək, soydaşlarımıza qarşı kütləvi və sistemli bir surətdə soyqırımı təşkil etmək nöqteyi-nəzərindən onların xüsusi bir şəkildə fəallıqlarının artması diqqəti cəlb edir.

Daşnaksütyun partiyasının Bakıda dərc edilən “Aren” qəzeti 1918-ci il martın 1-də “böyük Ermənistan” yaratmaq uğrunda 35 yaşadək bütün vətəndaşların səfərbər edilməsi barədə çağırışlarla dolu idi. Bu mətbu orqanı çağırışdan boyun qaçıran erməniləri ölümlə

hədələyərək yazırdı: “Kimin vicdanı varsa, elə indi öz borcunu yerinə yetirsin – könüllü olaraq orduya yazılıb, cəbhəyə yola düşsünlər”.

Təbii ki, ordu dedikdə erməni milli hissələri, cəbhə dedikdə isə Azərbaycanda törədilən qanlı olaylar – qətl və qarətlər nəzərdə tutulurdu.

Bu müraciətdən bir daha aydın olur ki, əslində “Danaksütyun” elə erməni xalqı tərəfindən hərtərəfli dəstəklənən, erməni xalqının çox hissəsi, bəlkə də özü deməkdir. Erməni korpusunun komandiri Nəzərbəyov 1918-ci ilin iyununda “erməni xalqına” müraciət edərək deyirdi: “Erməni xalqı, əgər siz öz ailənizi azad etmək isətyirsinizsə, o zaman sizin hamınız, əli silah tutan hər biriniz gəlin. Öz silahınız və patronunuz, beş günlük ərzaq ehtiyyatınızla gəlin. Ordu üçün çörək, kartof və digər ərzaqlarınızı əsirgəməyin”.

Öz səadətini türk-müsəlman əhalisinin faciəsi üzərində qurmağa can atan bu müdhiş təşkilatın əlindən hətta onların özləri belə əlhəzər deyir: “Daşnaksütyun”un yeritdiyi siyasətin sayəsində erməni xalqının yarısı məhv edilmiş, yarısı da ölümün astanasındadır”.

1918-ci ilin martında Bakıda, onun ardınca isə Şamaxıda, Qubada, Lənkəranda və vətənimizin digər guşələrində bolşevik daşnak tandemi tərəfindən törədilən qətl və talanlar bir məqsədə - xalqımızın milli istiqlal hərəkatını beşikdəcə boğmaq, xalqımızın fiziki varlığına son qoymaq, geostrateji baxımdan son dərəcə əlverişli, təbii sərvətlərlə zəngin vətənimizin bir qismini və bəlkə də böyük bir hissəsini “böyük Ermənistan” arzusu ilə qovrulan erməni daşnaklarına “pay” verməklə, bütövlükdə Azərbaycanı Rusiya imperiyasının təsir dairəsindən heç bir vəchlə buraxmamaq məqsədinə xidmət edirdi.

Fövqəladə Təhqiqat Komissiyasının materialları bu gün də arxivlərimizdə mühafizə olunmaqdadır. Bu qiymətli sənədlər erməni qarayaxmalarına qarşı tutarlı cavab, danılmaz faktdır. Fövqəladə Təhqiqat Komissiyasının materialları azərbaycanlıların zorakılıqla öldürülməsinə, soyqırıma məruz qalmasına, Azərbaycanın müsəlman əhalisinə məxsus olan yüzlərlə yaşayış məntəqəsinin, minlərlə sosial, mülki, ticarət, mədəniyyət obyektlərinin, memarlıq abidələrinin məhv edilməsinə gətirib çıxaran dəhşətli terror hadisələrinin əsl miqyası və xarakteri haqqında həm Azərbaycan, həm də dünya ictimaiyyətinin məlumatlandırılması işində son dərəcədə mühüm sənədlər toplusudur.

Müstəqil Azərbaycan dövləti istər XX əsrin əvvəlləri, istərsə də sonlarında əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, o ağır sınaq günlərində müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Həm ötən əsrin əvvəlində, həm də sonlarında min illərdən bəri malik olduğu qədim dövlətçilik ənənələrini bərpa etdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar