Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pomidor bir gecədə qızarır, başqa yolumuz yoxdur, çünki... – Alimlə şok müsahibə

Tarix: 01-02-2019 20:37     Baxış: 3610 A- / A+
Pomidor bir gecədə qızarır, başqa yolumuz yoxdur, çünki... – Alimlə şok müsahibə

Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin rəhbəri, biologiya üzrə elmlər doktoru Hacı Şıxlınskinin teleqrafa müsahibəni təqdim edirik:

- Hacı müəllim, Azərbaycanda genetika sahəsi ilə bağlı tədqiqatların vəziyyəti nə yerdədir?

- Genetik Ehtiyatlar İnstitutunda yüksək səviyyədə işlər aparılır, hər bir bitkinin genomu oxunur, irsi əlamətləri daşıyan genlərin hansı əlamətlərə cavabdeh olduğu müəyyənləşdirilir. Rəhbərlik etdiyim İmmunogenetika şöbəsində isə daha çox xəstəliklər, zərərvericilər barədə tədqiqat aparılır, davamlı genləri axtarırıq. Bu və ya digər xəstəliyə cavabdeh olan genlər barədə araşdırma gedir.

Bu sahə hələ ki bizdə yaxşı öyrənilməyib, bizim tədqiqatçılar müxtəlif ölkələrdə, o cümlədən Almaniya, Fransa, ABŞ-da daha yüksək səviyyədə öyrənib o işləri Azərbaycanda yerinə yetirirlər.

Bizim şöbə institutun genetik bankında olan bitkilərə də qiymət verir. Hansı bitkinin hansı xəstəliyə nə dərəcə sirayət etdiyini öyrənirik. Azərbaycandakı bütün sortları genetik bankda saxlayırıq.

- Bu sahə ilə bağlı fəaliyyət nə vaxtdan formalaşıb?

- Azərbaycan Milli Elmlər Akademiyası təşkil olunan dövrdən –1949-cu ildən başlayaraq genetika sahəsində tədqiqat aparılır. Təbii, ayrı-ayrı dövrlərdə bunun inkişaf səviyyəsi müxtəlif olub. 1970-75-ci illərdə genetika geniş öyrənilməyə başlayıb, mutagenez genetikası daha yaxşı inkişaf edib. Yəni bu, kimyəvi və fiziki mutagenlərdən istifadə edərək bitkilərdə bu və ya digər dəyişikliklərin əmələ gəlməsinə, yeni sortların yaranmasına gətirib çıxarıb.

İndi isə genetikanın inkişafı tamam başqa istiqamətdə gedir. Bu istiqamət bitkilərin genomunun tam şəkildə oxunmasından ibarətdir. Dünyada ilk dəfə narın genomu məhz bizim institutda oxunub. Ən yaxşı sortumuz Azərbaycan güleyşəsi sortudur.

Əlbəttə, bütün bitki sortlarının hamısının genomunun oxunması çətindir. Genom oxunanda ABŞ, Türkiyə və digər ölkələr dəstək olub.

- Bunun real nəticəsi nə olub?

- Yeni və davamlı sortlar almaq üçün seleksiya üsulundan istifadə olunur. Xəstəliyi daşıyan, cavabdeh olan genləri biləndə seleksiyanın müddətini qısaldırıq. 15-20 il ərzində aparılan tədqiqat işini 3-5 il ərzində yerinə yetirməyi bacarırıq. Bunun çox böyük praktik əhəmiyyəti var.

Genom oxunanda bitkidə hansı genlərin olduğu, hansı genin hansı əlamət daşıdığı bəlli olur. Gələcəkdə genləri başqa bitkiyə köçürməklə onun xəstəliyə, zərərvericilərə davamlılığını artırmaq olar. Qohum bitkilərin genlərini bir-birinə keçirməyin ziyanı olmur. Onsuz da seleksiya zamanı mübadilə baş verir, genlərin bir xromosomdan digər xromosoma keçməsi halları olur. Heyvan genlərinin bitkiyə köçürülməsi isə fəsad verə bilər.

- Bitki, heyvan, insan genetikasının fərqləri varmı?

- Təbii, öyrənilmə metodları müxtəlifdir, orqanizmin mürəkkəbləşməsi aparılan işləri də çətinləşdirir. İnsan orqanizmini öyrənmək bitki orqanizmini öyrənməkdən çətindir.

- Geni modifikasiya olunmuş (GMO) məhsullarla bağlı müzakirələr davam edir. Bəziləri hesab edir ki, GMO məhsullar ziyanlıdır, bəziləri əksini düşünür və ziyanın sübuta yetirilmədini söyləyir...

- Məhsulların geninin modifikasiya olunmasına ölkələr müxtəlif cür münasibət bəsləyir. Bəzi ölkələrdə geni dəyişdirilmiş məhsullardan istifadə eləmək qəti qadağandır. Azərbaycanda da GMO qadağandır, lakin elmi-tədqiqat işlərində bundan istifadə etmək olar.

Geni modifikasiya olunmuş məhsulların insan orqanizminə doğrudan da mənfi təsir göstərib-göstərmədiyinə dair tədqiqatın nəticəsi yoxdur. GMO-nun bu və ya digər xəstəliyin əmələ gəlməsinə başlanğıc verib-vermədiyi mübahisələndirilir.

- Sizin alim olaraq fikriniz nədir?

- Məsələyə müxtəlif aspektdən baxmaq lazımdır. Ziyanı ola bilər, çünki bir orqanizmə başqa orqanizmdən gen köçürülür. Tutalım, hansısa böcəkdən bir geni köçürəndə böcəyin sintez elədiyi zülallar orqanizmimiz üçün yad olur. Ola bilsin, burada bu və ya digər xəstəlik yarana olar, ancaq hər halda bunun üzərində işləmək lazımdır.

Bəzi ölkələrdə isə GMO-dan geniş şəkildə istifadə olunur. Çünki başqa yol yoxdur, davamlı sortların yaradılması üçün GMO-dan istifadə olunmalıdır.

- İnsanlarda GMO məhsulların genofondumuzu dəyişəcəyinə dair narahatlıqlar da var. Bir gecədə iynə ilə pomidorun qızardıldığı kimi fikirlər səslənir...

- Narahatlıq təbiidir. GMO bu və ya digər xəstəliklərə səbəb ola bilər. Bu, fermerlərin diqqət yetirməli olduğu məsələdir, onlar isə vəsait qazanmaq üçün bundan istifadə edirlər. Ümumi şəkildə insanları narahat edən çox şey var... Amma bunlarsız da olmur.

- Niyə?

- Çünki başqa cür davamlı sortlar yarada bilmirik. Məhsuldarlığı çox olan yeni sort yaratmışıqsa və xəstəliyə tutulursa, deməli, həmin sortun əhəmiyyəti yoxdur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertlərinin verdiyi məlumata görə, hər il xəstəlik və zərərvericilər kənd təsərrüfatına 75 milyard dollar civarında ziyan vurur. Yəni yetişdirdiyimiz məhsulun 34,9 faizi itkiyə gedir. Potensial olaraq məhsulların üçdə biri alaq otlarının, zərərvericilərin təsiri nəticəsində məhv olur. O xəstəliklərdən qorunmaq üçün mütləq kimyəvi preparatlardan istifadə etməliyik. Bunlar isə ətraf mühit üçün həddən artıq ziyanlıdır. GMO da digər tərəfdən ziyan vurur. Hələlik başqa yolumuz yoxdur.

- Ərzaq təhlükəsizliyi probleminin çözümü nədədir?

- Bu problemin çözümü seleksiya nəticəsində kənd təsərrüfatında yeni davamlı sortların yaradılmasıdır. Elə sortlar yaradılmalıdır ki, nə kimyəvi mübarizə üsulundan, nə də GMO-dan istifadə olunsun. Təbii ki, bu da uzun sürən prosesdir. Taxıllar fəsiləsinə aid birillik bitkidə yeni sort 10-15 ilə alınır, lakin ağac, kol kimi çoxillik bitkilər 20-25 ilə əldə olunur. Bu da çətinlik törədir.

- Bəzi məhsulların geninin dəyişdirilməsinin qeyri-mümkün olduğu deyilir. Bu, nə dərəcədə realdır?

- Bəli, elə bitkilər var ki, başqa genləri qəbul etmir. Xarici ölkələrdə istehsal olunan soya, pomidor, qarğıdalı kimi bitkilər daha çox GMO-ya məruz qalır və dünyaya ixrac olunur.

- Keyfiyyətli məhsulun şərtlərindən biri toxumçuluq işinin düzgün qurulmasıdır. Bizim fermerlər yerli toxumlardan istifadə edir, yoxsa?..

- Fermerlərimiz heç vaxt yerli toxumlardan istifadə etmir, ancaq xaricdən idxal edirlər. Xaricdən gələn hər bir məhsul özü ilə bu və ya başqa xəstəlik, zərərverici gətirir. Təbii ki, bizim şəraitdə həmin toxum 1-2 il normal məhsul verə bilər, sonra tamamilə sıradan çıxır. Ona görə də hökmən Azərbaycanın özünün kənd təsərrüfatının toxumçuluq sahələri olmalıdır.

Bu sahələrdə yüksək keyfiyyətə malik toxumlar toplansa və bir yerdən idarə edilsə daha yaxşı olar. Mərkəzləşdirilmiş şəkildə, məsələn, buğda toxumunu bir yerə yığılıb ölkənin istənilən fermerinə verilməsi mümkündür. İnkişaf etmiş ölkələrin hamısında toxumçuluq sahələri var.

- 1970-80-ci illərdə yeni buğda sortlarının yaradılması dəbdə idi...

- İndi də alimlərimiz yeni sortlar yaradır, təkcə buğda deyil, mərcimək, üzüm, çaytikanı, innabdan və digər bitkilərdən də yeni sortlar alınıb. Təəssüflər olsun ki, tətbiq sahəsi çox zəifdir.

- Daxili bazarda bizim taxıl sortları yaxşı getmir. Buğda və ya arpa əkənlər də düşünür ki, əgər satılmırsa, niyə əkim...

- Yeni yaranan sort ekspertizadan keçir. Çox qəribədir ki, istiqamət dəyişir. Xaricdən gətirilən toxumlar əkilir, ancaq öz sortlarımızdan istifadə edilmir. Yerli sortları da, xaricdən gətiriləni də əkib müqayisə aparmaq lazımdır. Heç kəs bunu etmək istəmir.

- Yerli sortlar məhsuldarlığa görə xarici sortlarla rəqabətə davam gətirə bilərmi?

- Bəli. Xaricdən gələn toxumlar əkiləndə ilk cəmi bir neçə il yaxşı məhsul verir, bir-iki il sonra bütün müsbət xüsusiyyətlərini, o cümlədən məhsuldarlığını itirir, xəstəliyə sirayət edir. Bu da məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır.

- Sizcə,bəşəriyyətin aclıqdan əziyyətdən çəkməməsi üçün məhsuldarlığın səviyyəsini yüksəltmək mümkün olacaqmı?

- Elə ölkələr var ki, öz əhalisini buğda ilə təmin edir, artıq da qalır. Bu, necə olur? Biz də həmin təcrübədən istifadə etməliyik ki, əhalimizi öz buğdamızla tam təmin edək. Bu prosesləri həyata keçirmək üçün müəyyən çətinliklər var. O çətinlikləri aradan qaldırmaq lazımdır ki, istər alimlərimiz, istərsə də fermerlərimiz bu sahəyə daha yüksək səviyyədə cəlb olunsun.

- Çətinlikləri demirsiniz...

- Çətinliklər çoxdur, fermerə necə deyək xaricdən toxum almayın? Yəqin elə təbliğat aparmaq lazımdır ki, sahibkar gedib xaricdən almasın, elə öz toxum sortumuzdan istifadə eləsin.

- Bəlkə direktiv şəkildə qərar qəbul etmək lazımdır?..

- Bəli, hansısa qərar qəbul etmək, lap inzibati cəza tədbirləri, cərimələrlə bunun qarşısını almaq lazımdır. Ayrı yol yoxdur, son nəticədə öz sortlarımıza qayıtmalıyıq.

- Son zamanlar dünyada xərçəng xəstəliyinin miqyası böyüyüb. Xəstəliklərin artmasına kimyəvi maddələrlə qorunan məhsulların nə kimi təsiri var?

- Təbii ki, kimyəvi preparatlar insan orqanizmində xəstəliklərin yaranmasına səbəb ola bilər. Yaxud bəzi ekspertlər GMO məhsulların təsirinin olduğunu deyir. Qidamızın tərkibində olan yad maddələr orqanizmimiz üçün bu və ya digər fəsad yaradır.

- Azərbaycanda kənd təsərrüfatında hansı xəstəliklər xarakterikdir?

- Ən çox göbələk xəstəlikləri yayılıb. Abşeron şəraitində üzümdə geniş xəstəliklər yayılıb və kimyəvi mübarizə aparılmasa, məhsul götürmək mümkün deyil. Həmin sahələr 4-5 dəfə kimyəvi preparatlar vasitəsilə dərmanlanmalıdır. Eyni zamanda dərmanları bir-biri ilə növbələşdirmək lazımdır.

Eyni dərmandan bir neçə dəfə istifadə etmək olmaz, çünki patogendə, yəni xəstəliktörədicidə həmin preparata qarşı davamlı gen meydana çıxa bilər. Sonra preparatdan hansı dozada vursan, patogen ona davamlı olur və ona təsir etmir. Taxıllar fəsiləsində sarı, qonur pas, onruşe xəstəlikləri, meyvələrdə – alma, armudda dəmgil xəstəliyi yayılıb. Bunlar becərilən bitkilərə daha çox ziyan vuran göbələk xəstəlikləri hesab olunur.

Təbii, indi yeni-yeni virus xəstəlikləri meydana çıxır, bunlara qarşı mübarizə aparmaq heç mümkün də deyil. Onlara qarşı davamlı sortlar yaradılmalıdır. Kimyəvi mübarizə ilə onu aradan qaldırmaq olmur.

- Bitkilərdə irsi xüsusiyyətlər necə qorunur?

- Hər bir orqanizm yarananda təkamül prosesində onun immun sistemi də formalaşır. İstər bitki, istər heyvan, istərsə də insan olsun, belədir. Bu sistem orqanizmi bu və ya digər təhlükələrdən hökmən qoruyur.

- Sahibkarlar becərilən sahələrdəki problemlərlə bağlı sizə müraciət edirmi?

- Onlar daha çox Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqəlidirlər. Bizə müraciət olsa, kömək etməyə hazırıq. Fərdi olaraq kiməsə kömək lazım olanda edirik. Təbii, fermerlərlə görüşlər, onlara təlim keçmək lazımdır ki, kənd təsərrüfatımız inkişaf etsin.

- Xəstəlik aşkar olunanda sahədə yerindəcə incələmə aparırsınız?

- Yox, institutda olanları burada baxırıq, kimsə hansı istixanada xəstəlik aşkar edibsə, buraya gətirir, onu təyin edib hansı mübarizə üsulundan istifadə etməyin lazım olduğunu göstəririk.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar