Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyat sevdalısı - Rafiq Yusifoğlu - 70

Tarix: 15-05-2020 12:09     Baxış: 3503 A- / A+
Ədəbiyyat sevdalısı
Rafiq Yusifoğlu


Rafiq Yusifoğlu haqqında məqalə yazmaq fikrinə düşəndə sərlövhə kimi ağlıma ”ədəbiyyat sevdalısı” ifadəsi düşdü. Sonra nəşr olunan kitabları ilə tanış olanda «sevdalı» sözünün iki kitabının titul səhifəsinə çıxarıldığını gördüm. ”Bir sevdalı ürəyim var”, “Təzə sevdalara doğru”, ”Sevdalı sabahlar”, ”Sevdalı ömür yaşadım” şeirlər toplusunu nəzərdən keçirəndə bir daha hiss etdim ki, o, sözün həqiqi mənasında ədəbiyyat sevdalısıdır. Bu ”ədəbiyyat sevdalısı” 50 ildən çoxdur yorulmadan, usanmadan yaradıcılıq müxtəlif sahələrində elmi-nəzəri, ədəbi-bədii, fəaliyyətini vəhdətdə davam etdirir, tərcüməçilik fəaliyyətində olur, naşir və baş redaktor kimi peşəkar fəaliyyət göstərir.


Uzun müddət mətbuat sahəsində çalışdığına görə qələmi çox çevik və ustad səviyyəsindədir. Yaradıcılığındakı çeviklik, dinamiklik və professionallıq da mətbuatdan gəlir. Biz bunu yaradıcı adamların fəaliyyətində də izləmişik. M.C.Cəfərov, B.Nəbiyev, Q.Qasımzadə, V.Yusifli qələmində bu örnəyin mükəmməl nümunəsini görmüşük.

Həm elmi, həm də bədii yaradıcılıqla məşğul olan elə ədəbi şəxsiyyətlər var ki, bu iki yaradıcılıq sahəsinin onlarda hansının əsas olduğunu dəqiqləşdirmək çətin olur. Rafiq Yusifoğolu daha çox alimdir, yoxsa yazıçı sualına cavab tapmağa mən özüm də çətinlik çəkirəm. Bircə onu bilirəm ki, o hər iki sahədə ədəbiyyat sevdalısıdır.

Mən özüm də 1987-ci ildən 2012-ci ilə kimi müxtəlif mətbuat orqanlarında işləmişəm. Və Rafq Yusifoğlu ilə demək olar ki, hər gün qarşılaşmışam, həyatının böyük bir hissəsi gözlərimin qarşısında olub. Cavanlığında da indiki kimi səliqə-sahmanlı, yaraşıqlı və şux idi. Mətbuatda nüfuzu və hörməti də öz yerində. Tale elə gətirdi ki, doktorluq dissertasiyamın müdafiəsində də Rafiq Yusifoğlu parlaq bir çıxış etdi və haqqımda yadımda qalan fikirlər səsləndirdi. O da yadımdadır ki, dissertasiya şurasının sədri akademik Bəkir Nəbiyev onun bu səmimi çıxışina diqqətlə qulaq asırdı. Həta nitqini tamamlayanda haqqında xoş sözlər dedi. Bundan bir neçə il əvvəl bacım Xanımın müdafiəsində opponent kimi çıxış etmişdi.

Bədii yaradıcılığa hələ orta məktəbdə oxuyanda başlayan Rafiq Yusifoğlu elmi fəaliyyətdə də vaxt itirməyib. Dövrü mətbuatda fəaliyyətlə göstərmələ yanaşı, uzun müddətdir ki, Sumqayıt Dövlət Universitetinin ”Azərbaycan və xarici ölkələr ədəbiyyatı” kafedrasında professor kimi çalışır, filoloq kadrların hazırlanmasında yaxından işitrak edir. Tale elə gətirib ki, burda da eyni kafedrada işləməli olmuşuq və onu görkəmli pedaqoq alim, ziyalı, şair, tərcüməçi kimi daha yaxından tanımışam. Rafiq Yusifoğlu 1984-cü ildə ”Azərbaycanın sovet poemasının inkişaf problemləri” mövzusunda namizədlik, 2006-ci ildə ”XX əsr Azəbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bu tədqiqatlar əsasında onun araya-ərsəyə gələn iki sanballı kitabı –“Azərbaycan poeması: axtarışlar və perspektivlər” (1998) və “Azərbaycan poemasının sənətkarlıq axtarışları” (2010) monoqrafiyaları elmi ictimaiyyətin diqqətini cəlb edib, haqqında məqalələr yazılıb.

Hər iki tədqiqatında milli poeziyanın təşəkkül və inkişaf mərhələləri geniş aspektdə araşdırılıb. Tədqiqat predmet göstərir ki, o, poeziya ilə nəfəs alır, həm elmi, həm də bədii yaradıcılığı eyni istiqamətdədir. Belə deyə bilərik ki, hər iki sahədə ustad olduğunu təsdiq edib.

Elmi-pedaqoji fəaliyyəti ilə bağlı iki kitabının adını xüsusi qeyd etmək istəyirəm: ”Ədəbiyyatşünaslığın əsasları” (2001, 2006, 2009), ”Uşaq ədəbiyyatı” (2002, 2006), “Müasir ədəbi proses və ədəbi tənqid” (2004, 2014). Hər üç kitab bu sahədəki müəyyən boşluğu doldurmaq üçün yazılıb. Düzdür, sovet dövründə bir neçə ədəbiyyat nəzəriyyələri və ədəbiyyatşünaslığın əsasları dərslikləri və dərs vəsaitləri yazılmışdı. Ancaq müstəqil dövlətin humanitar siyasəti bu sahədə yeni kitabların yazılması zərurətini ortaya qoyurdu.

Rafiq Yusifoğlu ”Ədəbiyyatşünaslığın əsasları” kitabı ilə elmi-nəzəri fikrimizə yeni nəfəs gətirdi, bir sıra nəzəri kateqoriyalara münasibətdə orijinal elmi mövqe bildirdi. Ədəbi cərəyanlara, ədəbi növlərə və janrların nəzəri kateqoriyalarına çağdaş elmi-nəzəri mövqedən yanaşdı. Eyni nailiyyəti ”Uşaq ədəbiyyatı” kitabında da izləmək mümkündür. Kitabda maarifçi-realist uşaq ədəbiyyatı sovet dövrü və müstəqillik illəri Azərbaycan uşaq ədəbiyyatının mərhələləri ədəbi şəxsiyyətləri hərtərəfli təhlil olunub, uşaq ədəbiyyatının predmeti, məqsəd və vəzifələri, ayrı-ayrı dövrlərin təsnifatı elmi prinsiplərlə aparılıb. “Müasir ədəbi proses və ədəbi tənqid” (2004, 2014) kitabı isə anoloqu olmayan bir dərs vəsaitidir. Belə ki, nənki ölkəmizdə, eləcə də bütün sovetlər birliyi məkanında indiyə qədər tədris proqramına əsasən belə maraqlı strukturlu əsər yaranmayıb.

Alim, şair, ədib Rafiq Yusifoğlunun taleyinə həm də müəllim-pedaqoq kimi şərəfli bir fəaliyyət yazılıb. O hansı səviyyədə alim və şairdirsə, eyni səviyyədə müəllim-pedaqoqdur. Uzun illərdən bəridir ki, Sumqayıt Dövlət Universitetində tələbələrə ədəbiyyat nəzəriyyəsi və milli ədəbiyyat tarixindən mühazirələr oxuyur, müntəzəm olaraq orta və ali məktəblərdə onunla görüşlər keçirilir. Bu da səbəbsiz deyil. Çünki Rafiq Yusifoğlu eyni zamanda müasir dövrün bənzərsiz şairi, ədəbiyyatşünası, görkəmli uşaq yazıçısıdır. ”Görkəmli” sözü burda tam yerinə düşür. Demək olar ki, təxminən 50-illik yaradıcılıq fəaliyyətində uşaqların yaş, bilik səviyyəsinə uyğun kifayət qədər maraqlı, məzmunlu şeirlər yazıb, əsərləri dərsliklərin bəzəyinə çevrilib.

Rafiq müəllim eyni zamanda ”Uşaq ədəbiyyatı” dərsliyində maarifçi-realist Azərbaycan ədəbiyyatında, müasir Azərbaycan uşaq ədəbiyyatında özünü göstərən bədii-estetik amilləri yüksək elmi-nəzəri səviyyədə ümumiləşdirib, uşaq ədəbiyyatı nümayəndələrnin portret-oçerklərini yaradıb.

Bu gün 70 yaşın zirvəsində Rafiq Yusifoğlu çox nikbin və gümrah görünür. Onu belə ovqatda saxlayan isə kövrək hissləri və duyğularıdır. Elmi fəaliyyətdə nə qədər ciddi və nəzəri təfəkkür sahibidirsə, poetik yaradıcılığında da eyni səviyyədə duyğulu, kövrək, həssasdır. Ruhu və duyğuları pak olan Rafiq Yusifoğlunun şeirləri müxtəlif mövzuları əhatə edir. Sevgidən də, vətənpərvərlikdən də, təbiətdən də, etibardan da, vəfasızlıqdan da – bir sözlə onun ruhunu oxşayan, qəlbini narahat edən hər şeydən yazır. Söhbət nədən yazmasından yox, necə yazmasından gedəndə birmənalı olaraq deyə bilərik ki, istənilən halda oxucu ilə yaxın təmas qurmağı bacarır, insanların həm beyninə, həm də hisslərinə təsir edə bilir.

Rafiq Yusifoğlunun müxtəlif illərdə 40-dan çox şeirlər kitabı nəşr olunub. “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Aylı çığır”, “Qəm karvanı”, “Həsrət köçü”, “Təzə sevdalara doğru”, “Çiçək yağışı”, “Ayrılığın qəm hasarı”, “Həsrət sazağı”, “Sevdalı sabahlar”, “Dəniz, sən və mən”, “Eşqin qarlı yollarında”, “Könül səltənəti”, “Arzular kəhkəşanı”, “Üçüncü qərinə”, “Ömür ağacından düşən yarpaqlar”, “Sevdalı ömür yaşadım” və sair kitablarında toplanan şeirlər öz orijinallığı, mükəmməl bədii səviyyəsi ilə seçilir. Təsadüfi deyil ki, bu kitabların hamısı haqqında çox görkəmlı şairlər, yazıçılar, ədəbiyyatşünaslar mətbuatda maraqlı məqalələrlə çıxış etmiş, bu bənzərsiz şairin yaradıcılığına yüksək dəyər vermişlər.

Peşəkarlıq və məhsuldarlıq göz qabağındadır. Hər yeni kitabı oxucularla yeni görüş, yeni bir ədəbi hadisədir. Çünki əvvəlki kitablardakı şeirləri növbəti kitablarda yenidən yer almır. Ən maraqlısı isə budur ki, o, 70 yaşında da 20 yaşındakı cavanın həvəsi və potensial imkanları ilə yazır, mətbuatda və sosial mediada hər gün yeni əsərləri ilə çıxış edir. Şeirlərindəki şair obrazı daim cavan, təravətli, əsil sevgini ləyaqətə, dəyərə çevirən bir insandır, onun özü kimi mənəviyyatlı və sabitdir. Sevgini dəyərə çevirən şair yazır:

Sənin yaz ətirli sevgin, əzizim,
Məni həsrət qoyub ömrün qışına.
Bağışla günahım böyükdür mənim,
Gərək çıxmayaydım sənin qarşına…


Rafiq Yusifoğlunun ”Dəniz, sən və mən” (2009) şeirlər toplusunun bir bölümü ”Dəniz nəğmələri” adlanır. Demək olar ki, onun bütün kitablarında bu mövzuda yazdığı maraqlı şeirlərlə rastlaşırıq. Dəniz obrazının Rafiq Yusifoğlunun şeirlərində dəfələrlə təkrar olunması da təsadüfi deyildir. Onun yarım əsrdən artıq bir vaxtda hər səhər dənizə getməsi faktı da şairi tanıyanlara yaxşı məlumdur. Bu mənada ki, o dənizi qəlbinə daha yaxın bilir, dəniz onun üçün saflıq, sədaqət və dərinlik simvoludur; vaxtaşırı ona müraciət edir:

Bilsə ki, eşqimə xəyanət edim,
Olar haqq-salam kəsər bu dəniz.
Vaxtında gəlməsəm görüşə əgər.
İnciyər bu dəniz, küsər bu dəniz.


Rafiq Yusifoğlu həmişə qırmızı işığa doğru yol gedir. Bu işıq onun ürəyinin qanı ilə yazdığı şeirlərinin simvoludur. Qırmızı işıq eyni zamanda yol qaydalarında qadağan və dayanma işarəsidir. Rafiq Yusifoğlunun poeziyası isə həmişə yaşıl işiğa can atır, bu yolda heç bir qadağa, maneə gözünə görünmür. Ünvan isə dəniz rəngli göylər, səmavi bir dünyadadır…

Məhəmmedəli Mustafayev,
filologiya elmləri doktoru, professor.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar