Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fırlanır dövrəmdə ölüm mələyi, qısqan, ona qısqan, qısqana bilsən!...- Etibar Etibarlı

Tarix: 06-05-2019 23:24     Baxış: 21 152 A- / A+
Fırlanır dövrəmdə ölüm mələyi, qısqan, ona qısqan, qısqana bilsən!...- Etibar Etibarlı

Tanınmış şair, jurnalist Etibar Etibarlı dünyasını dəyişdi.

İndicə oxuduğum bu xəbər məni çox sarsıtdı. Onunla şəxsi tanışlığımız yox idi(haqqında keçmiş zamanda danışmaq çox ağırdı). Bir dəfə də olsun görüşməmişdik. Ancaq sosial şəbəkədə davranışı, gözəl şeirləri, ötkəm statusları, səmimi rəyləri, həssaslığı, insanlıq sevgisi, xəstə olmasına rəğmən həyat eşqi, optimist fikirləri ilə yüz ilin tanışı təsiri bağışlamışdı mənə. Doğmam kimi əziz olmuşdu. Göz yaşlarımı boğa bilmirəm, içimdə bir boşluq, bir acı... Etibar Etibarli köç etmiş bu fani dünyadan...
Məqamın uca olsun, uca Adam, uca Şair! Fiziki dincliyinə qovuşub, ağrılarını torpağa tapşırdın. Ruhun şad olsun!


Sevinc Qərib

NƏ VAXT YAŞADIQ Kİ?!

Sən sağdan,
mən soldan--
hərə bir yoldan
gəldik, bir dam altda od-ocaq çatdıq.
Bir igid ömrünü nə tez bitirdik?
Nə vaxt yaşadıq ki, bu yaşa çatdıq?

...Demədim qoyaram dağı dağ üstə,
Gəlməzdi dilimə
yersiz yalanlar.
(Zaman qısqanardı--saat qaçardı,
yel kimi ötərdi o şirin anlar!)

Göz-gözə vuruldu,
ürək ürəyə...
Bizim sevgimizin dili lal idi.
Nəfsimiz tox idi...Sadə komamız
sanki saray idi, cah-calal idi...

Dadından,
tamından doymamış eşqin
qayğılar selləndi--
məcra dəyişdi.
Böldü qəlbimizi övladlarımız,
hərəyə bir parça ürək pay düşdü.

Bölündü sevgimiz zərrəsindək,
paylandı, qalmadı kimsə arada:
canlıya, cansıza--
aya, ulduza,
torpağa, çiçəyə, ağaclara da..

Yüz sözdən bir sözə cavab verərdik,
Deyingən olmuşuq bir az deyəsən.
Deyirik:
qış sərtdir üzü kəsilmiş,
oxşamır o yaza bu yaz deyəsən?!...

Yoxsa qocalırıq, ay ömrüm-günüm,
Səhər gec açılır,
gün də gec batır.
Gücsüz qollarımız yasdığa dönüb--
indi aramızda nəvəmiz yatır!..

Zaman da dəyişib, zəmanəmiz də..
Qəm yemə!..
(Gözündə nəmi görmüşəm.)
Dünənki yuxumda
uzaq bir liman,
yelkəni ağappaq gəmi görmüşəm!...

SEVGİNİN PAYIZ TARİXÇƏSİ

Tutar uzaqları payız dumanı,
Qızıl leysan kimi xəzəllər yağar.
Oyanar bir qəlbin yatmış gümanı,
Yarpaq tökümünə
bir cüt göz baxar.

Baxar dərdli-dərdli hardasa o qız,
doldurar həsrətlə baxışlarını.
Xəzəli yağış tək
yağdıran payız
yağdırar o qızın göz yaşlarını.

O qız xatırlayar ən əziz sözü,
Bir ad pıçıldayar kövrək dodaqlar.
Onun gözlərində xatirə izi,
kiminsə yadigar təbəsümü var.

Necə yarpaq-yarpaq tökülür xəzəl,
Yarpaqlar kədərlə göydə rəqs edir.
Baxır təbiətə o dalğın gözəl,
onun gözlərində
payız əks edir...

Yağır ağır-ağır payız yağışı,
Şeh düşür gur saça,
al yanaqlara.
Qarışır yağışa bir az göz yaşı,
çilənir tökülən son yarpaqlara..

...Torpağa qarışar xəzəl yarpaqlar,
Payız nəğməsinə son qoyub ötər.
Gələr dünyasıyla
dünyaya bahar,
Bu yerdə neçə rəng gül-çiçəkbitər.

Dərilər çiçkəklər,
qoxulanar da,
Kimə bəxş olunar?
Kim bilir axı?
Fəqət,kimsə bilməz bir zaman burda
bir gözəl ağlayıb bir payız çağı!...

QISQANA BİLSƏN

Necə arxayındın gənclik çağımda,
Bilirdin sevmərəm heç vaxt özgəni.
İndi saçımda qar,
qəlbimdə qübar...
Kimə qısqanırsan bu yaşda məni?

Ürək kitab deyil hər yetən aça!..
Əldən ələ keçməz,
oxuna bilməz
Orda bir əbədi sevgi payın var,
O paya bir kimsə toxuna bilməz!..

Eh, gülüm, nə qoyub, nə axtarırsan?
Qınama, bu küsgün halına gülsəm.
Fırlanır dövrəmdə ölüm mələyi,
Qısqan,
ona qısqan,
qısqana bilsən!...

AYRILIQ


Neyləmədi bu eşq mənə?!
Sinəmi şan-şan elədi.
Ağ günümü--gündüzümü
qaraltdı axşam elədi.

Soyuq çilə qarı kimi
Üst -başıma qəm ələdi.
Yer də yoxdu--itim, gedim,
Dərd mənə sitəm elədi.

Çeynəndim dildə-ağızda,
Hər sözü tikan elədi.
Eşq yuxa bildi qəlbimi,
Özünə məkan elədi.

Tanrım, qurutsan yaşımı,
Bəlkə nəfəs ala bildim.
Bir yolluq al yaddaşımı,
Bəlkə rahat ölə bildim.

Etibar Etibarlı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar