Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sığınacağa üz tutan gəlinlər – erkən nikahlar, maarifsizlik dəhşətli faciələrə yol açır

Tarix: 17-05-2019 13:51     Baxış: 3402 A- / A+
Sığınacağa üz tutan gəlinlər – erkən nikahlar, maarifsizlik dəhşətli faciələrə yol açır


İki ay öncə Bakıdakı Təmiz Dünya Təşkilatının sığınacağına məişət zorakılığı ilə üzləşən bir qadın gəlib. Adının çəkilməsini istəməsə də o anonim olaraq həyatını, başına gələnləri danışıb. Deyir ki, ailəsi 16 yaşı olanda onu ömründə görmədiyi, tanımadığı birinə ərə verib. Ər evində müxtəlif təzyiqlərlə üzləşib, 14 ildən sonra buna dözməyib, 3 uşağını da götürüb evdən çıxıb:

“Məni də döyürdü, uşaqları da. Həmişə evdə söz-söhbət olurdu. Nə özü işləyirdi, nə də məni işləməyə qoyurdu. Uşaqlarım da, özüm də əziyyət çəkirdik”.

O, iki aya yaxındır ki, övladları ilə birlikdə bu məkana sığınıb. 30 yaşı var. Nə yazmağı bilir, nə də oxumağı. Bircə istəyi odur ki, bir iş tapıb, öz uşaqlarını saxlaya biləydi:

“Mən heç vaxt məktəbə getməmişəm. Çünki bizim kənddə məktəbə ancaq oğlanlar gedirdi, qızlar getmirdi. Ən çox istədiyim təhsilimin olmasıdır. Yazıb, oxuya bilməmək çox pis şeydir. Bəlkə də oxusaydım, təhsil ala bilsəydim indi başqa cür olardı”.

İndi onun arzusu uşaqlarının məktəbə gedə bilməsidir. Sevindiyi odur ki, onun 3 oğlu var, bir qız övladı kimi onun yaşadıqlarını yaşamayacaqlar. İndi bir peşəyə yiyələnib, tezliklə işə başlamaq və öz ailəsini özü dolandırmaq istəyir.

Bəs, hökumət Azərbaycanda qadın haqlarının pozulması hallarının qarşısını almaq üçün hansı işləri görür? Bu sual iki gün öncə, mayın 13-da Bakıda keçirilən konfransda da gündəmə gəlib.

Həmin konfransda İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova deyib ki, qadın və uşaqlara qarşı zorakılıqların aradan qaldırılması istiqamətində də mütəmadi olaraq işlər aparılır. Report İnfromasiya Agentliyinin xəbərinə görə, Ombudsman regionlarda sığınacaq mərkəzlərinin yaradılmasını təklif edib:

“Azərbaycanda hüquq və azadlıqların təmin olunmasında bir sıra uğurlar əldə olunub. Qadın və uşaqlara qarşı zorakılıq hallarının qarşısı alınmalıdır. Təbii ki, hər rayon və şəhərdə sığınacaq mərkəzlərinin yaradılması mümkün olmasa da, buna hazırda ehtiyac var”.

Millət vəkilləri, müxtəlif dövlət komitələri rəhbərlərinin də qatıldığı konfransda bildirilib ki, hökumət qadın haqlarını qorumaq üçün ən zəruri addımları atır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünyada Azərbaycan qədər qadınların hüquqlarının müdafiəsini təmin edən güclü qanunvericilik bazasına malik çox az ölkə var.

Bəs, bu hüquqların gerçəkləşməsinə nə mane olur. Niyə hələ də Azərbaycanda ekrən nikah, qızların oxumasına əngəllər, məişət zorakılığı və digər qadın haqları pozuntuları hələ də medianın əsas mövzularındadır.

Azərbaycanda erkən nikah, qızların təhsildən yayındırılması halları ilə bağlı rəsmi statistika yoxdur. Qanuna görə nikaha daxilolma yaşı 18 olduğundan erkən nikaha girənlərin statistikasını aparmaq mümkün deyil.

Amma Təmiz Dünya Təşkilatının rəhbəri Mehriban Zeynalova bildirir ki, ötən il 250 qadın müraciət edib:

“Bu müraciətləri təhlil edəndə məlum olur ki, erkən nikah qurbanları, təhsildən uzaqlaşdırılanlar var. Eləcə də qanunsuz nikaha daxil olanlar da var. Bu nikahdan uşaq dünyaya gətirib, övladına sənəd ala bilməyənlər, atalıq faktını müəyyən edə bilməyənlər də var. Qadınlarda elementar məlumatlar olmadığından bəzən onlar öz haqlarını reallaşdıra bilmirlər”.

Mehriban Zeynalova deyir ki, bu baxımdan cəmiyyətdə maarifləndirmə işlərinə, risk qrupuna daxil olanların dövlətin dəstəyini hiss etməyə ehtiyacları var. Mehriban Zeynalova deyir ki, onun sığınacağına müraciət edənlərlə söhbətdən bəlli olur ki, adi bir qaynar xətt olsaydı qadınlar onları narahat edən suallara vaxtında cavab tapa bilərdilər.

Onun fikrincə, bu sahədə problemləri azaltmaq üçün həm də streotiplər yığışdırılmalıdır. Çox bəsit formada, məsələn, erkən nikaha daxil olanların toyuna getməməklə ictimaiyyət bu cür hallara öz etirazını bildirə bilər.

UNICEF-in hesablamalarına görə, dünyada uşaq yaşlarından ərə verilən qızların sayı artaraq 2030-cu ildə 950 milyona çatacaq. Hazırda bu rəqəm 700 milyondur.

Azərbaycanda ən çox erkən nikah, təhsildən yayınma və digər qadın haqlarının pozulması halları ucqar kəndlərdə və rayonlarda daha geniş yayılıb. Ekspertlər bu halları azaltmaq üçün savadsızlıq və kasıbçılıq kimi problemlərin də həllini zəruri sayırlar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar