Xəbər lenti
“Ermənistana iddia irəli sürməliyik ki, o zamankı şərtlərə əməl etməyiblər” - tarixçi alim
Dilavər Əzimli: “1828-ci ildə İrəvanda yalnız erməni tacirləri yaşayırdı, əhalinin 95 faizi azərbaycanlılar idi; 1918-də isə azərbaycanlıların sayı 11 faizdən bir az artıq idi”
“Tarixi zaman və məkana görə qiymətləndimək lazımdır. O zaman biz mövcud reallıqlar baxımından bu addıma getdik”.
Manevr.az xəbər verir ki, tarixçi alim Dilavər Əzimli bu fikirləri İrəvan şəhərinin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verilməsini musavat.com-a şərh edərkən söylədi. Həmsöhbətimiz o zaman azərbaycanlıların İrəvanda azlıqda qaldıqlarını vurğuladı: “İlk olaraq sual verək ki, o zaman İrəvan bizim idimi? Bu gün əksər tarixçilərimiz yalnız şəxsi hissləri baxımından məsələyə yanaşırlar. Tarix isə bunu sevmir. Bizdə tariximizi hansı metodologiya ilə öyrənirik? Varmı, bu metodologiya? Əlbəttə yoxdur. Biz hələ də kənardan gələn tarixi metodologiya ilə tariximizə yanaşırıq. Belə vəziiyət yaranır. Bilirsiniz, tarixdə “niyə verdilər”, “nə üçün verdilər” sualı sanki yoxa çıxıb, hamı deyir ki, günahkardırlar. Həm də bunu bu sahə ilə məşğul olanların bəziləri də deyirlər. Tarixdə zaman və məkanı nəzərə almasan, düzgün nəticə ortaya qoya bilməyəcəksən”.
D.Əzimli qeyd etdi ki, tarixi reallıqlar var və onları unutmaq olmaz: “Məsələn, mən bu gün hissə qapılaraq Şuşada ermənilərin andiçmə mərasiminə qəzəb hissi ilə yanaşıram. Hələ də özümə gələ bilmirəm. Hamımızı günahlandırıram. Amma tarixi reallıqlar baxımından yanaşanda fərqli situasiya yaranır. Gücümüz yetmir... Amma gələcək bizim xeyrimizədir. Dağlıq Qarabağ məsələsində ermənilərin uduşu yoxdur. İrəvanın verilməsinə də bu reallılar baxımından yanaşmaq lazımdır. Əvvala, ermənilər dövlətçi millət deyildilər. Hətta, onlarda olan bəzi qüvvələr bizimlə bir konfederasiyada yaşamaq təklifi ilə də çıxış edirdilər. Baxın, sonradan vəziyyət dəyişdi. Buna səbəb İrəvanın tutduğu geopolitik məkan idi. Bunu unutmayın!” Tarixçi alim bir daha “İrəvan bizim idimi”, sualına qayıdaraq fikrini konkretləşdirdi: “Bizim ərazilər 1828-ci ildə işğal olunub, Rusiyanın tərkib hissəsinə qatılmışdı. Yəni müstəmləkə ərazisi idik. İrəvan artıq 1828-ci ildən bizim deyildi. Siz 1828-ci il statistikasına, bir də 1918-ci il statistikasına diqqət edin. 1828-ci ildə İrəvanda yalnız erməni tacirləri yaşayırdı, ticarət edirdilər. Əhalinin 95 faizi azərbaycanlılar idi. 1918-də isə bizimkilər səhv etmirəmsə, 11 faizdən bir az artıq idi. Görün, 100 ilə yaxın müddətdə Rusiya İrəvanda nələr etmişdi”.
D.Əzimli digər məqama da diqqət çəkdi: “Azərbaycan Cümhuriyyəti yaranan ərəfədə beynəlxalq vəziyyət necə idi? O zaman erməni dövlətinin yaranması, həm də Azərbaycan torpaqlarına yaranması artıq qətiləşdirilmişdi. Buna müqavimət göstərmək, döyüşmək mümkün idimi? Yalqız qalan, ciddi çətinliklərlə üzləşən yeni yaranan bir dövlət dilemma qarşısında qalmışdı: ya yox olmaq, ya da ki, reallıqlara boyun əyib dövləti saxlamaq. Onlar ikinci yolu seçdilər və bunun adını Azərbaycan qoydular. Azərbaycan qoydular ki, İrəvan da daxil olmaqla beynimizə bu coğrafiyanı yeridə bilsinlər. Onların hədəfləri bəlli idi. Bilirdilər ki, ermənilərin yaşamaq resursları yoxdur. Əminəm ki, o zaman düşünürdülər ki, bir müddət sonra ermənilər Azərbaycanın tərkibinə qatılmaq üçün müraciət edəcəklər. Bu dövlət yaşasaydı, elə də olacaqdı. Çünki 114 min kv.km ərazidə güclü inkişaf gedəcəkdi. Çox keçməyəcəkdi ki, müharibə eyforiyasından ayrılan ermənilər yaşamaq üçün dözülməz şəraitlə üzləşəcəkdilər. O zaman Azərbaycana qatılmaq üçün özləri xahiş edəcəkdilər. Çünki 9 min kv.km ərazidə yaşamaq üçün güclü iqtisadi resurslar yox idi. Baxın, o zamanlar, yəni Azərbaycan SSR zamanında Dağlıq Qarabağda yaşayan ermənilər özləri seçim məsələsində Azərbaycanın tərkibində qalmağa üstünlük verdilər”. D.Əzimli qeyd etdi ki, İrəvan ermənilərə konkret şərtlər daxilində verilmişdi: “Təsəvvür edin ki, Azərbaycan Xalq Cümhuriyyəti iyirmi il yaşaya bilsəydi, ermənilərdən o şərtlərə əməl etmədiyinə görə həmin əraziləri zorla geri qaytaracadı. Amma “şimal ayısı” buna imkan vermədi. Yenidən müstəqil dövlətimizi işğal etdi. Erməni mənbələrində də bu şərtlər öz əksini tapıb. Ermənilərin o zamankı müəllifləri də bu şərtləri vurğulayıblar. Türkiyə mənbələrində də göstərilir ki, qardaş Türkiyə bu məsələni Azərbaycan ərazilərinə keçirməklə “erməni məsələsi”ndən xilas oldu”.
Müsahibimiz qeyd etdi ki, dünyanın iri gücləri birmənalı şəkildə Ermənistan dövlətini yaradacaqdılar: “Amma reallıqlar baxımından bu, bizim payımıza düşdü. Düzdür, Ənvər və Nuru paşalar bunun əleyhinə idilər. Ənvər Paşa “çibanı dibindən kəsməyin” tərəfdarı idi. Amma onların gücü yetərli deyildi. Hesab edirəm ki, Sultan Əbdülhəmid devrilməsəydi, bu, baş verməyəcəkdi. Sültan Əbdülhımid nə qədər taxta oturmuşdu, dünyanın iri gücləri “erməni məsələsi”ni həll edə bilmirdilər. Əslində, Sultan Əbdülhəmid qalsaydı, Osmanlı imperiyası Birinci Cahan savaşına qatılmayacaqdı. Baxın, Birinici Cahan savaşının nəticələrindən biri də məhz bizim ərazilərimzidə Ermənistan dövlətinin yaradılması oldu. Biz bu məsələdə təəssüf ki, hərəkət etmirik. Əslində, biz parlamentdə həmin dövr sənədlərini müzakirəyə çıxarmalıyıq və Ermənistana iddia irəli sürməliyik ki, o zamankı şərtlərə əməl etməyiblər. Həmin qərarı ləğv etmək üçün böyük əsas vardır. Həm də bu günki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bir varis kimi bunu etmək həm də müqqədəs borcumuzdur!”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar