Sizin Reklam Burada
Xəbər lenti
19-11-2026
18-11-2026
BÜTÜN XƏBƏRLƏR

Yaxşılıq heç vaxt unudulmur...

Tarix: 19-11-2026 16:42     Baxış: 332 A- / A+
Bütün dostlara minnətdarlıq hissilə...

Bəzən insan həyatın elə bir sınağı ilə üzləşir ki, dünyanın bütün rəngləri bir anın içində solur, baxışlarına duman çökür, sabaha açılan ümid qapısı belə görünməz olur. Məhz belə anlarda insan sağlamlığın necə böyük nemət, duanın necə qüdrətli təsəlli, insan qayğısının və dost dəstəyinin isə necə əvəzsiz sərvət olduğunu daha dərindən anlayır...

27 oktyabr mənim üçün yaddaşımdan heç vaxt silinməyəcək tarixlərdən biri oldu. Həmin gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində göz əməliyyatı keçirdim. Gözümdəki problem ruhuma, düşüncələrimə, həyatın rənglərinə də kölgə salmışdı. Etiraf edim ki, çox qorxurdum. Düşünürdüm birdən sağ gözüm kimi açılmaz və qaranlıq həyata məhkum qalaram. Dostlarımın, yaxınlarımın, doğmalarımın üzünü görə bilmərəm. Amma bir tərəfdən də böyük bir ümidim də vardı. İnanırdım yaxşı olacaq. O üzdən baxışlarımdakı dumanın çəkiləcəyi, gözümə yenidən işıq gələcəyi günü səbirsizliklə gözləyirdim.

Bu çətin məqamda Allahın mərhəmətinə sığındım. Şükürlər olsun ki, qarşıma öz peşəsinin mahir bilicisi, elmi fəaliyyəti və tibbi təcrübəsi ilə seçilən, əlləri şəfalı bir həkim çıxdı.

Kərimov Müşfiq İsrafil oğlu – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Şəkərli diabetin göz fəsadları bölməsinin rəhbəridir. 6 oktyabr 2023-cü il tarixində Ali Attestasiya Komissiyasının qərarı ilə «Göz xəstəlikləri» ixtisası üzrə tibb elmləri doktoru elmi dərəcəsi almışdır.

Müşfiq həkimin elmi nailiyyətləri və peşəkar fəaliyyəti ilə yanaşı, onun insani keyfiyyətlərini də xüsusi qeyd etmək istəyirəm. Çünki insanı ucaldan yalnız sahib olduğu bilik və peşəkarlıq deyil, həm də insanlara münasibəti, davranışı və qəlbində daşıdığı mərhəmətdir.

Hörmətli Müşfiq həkim!

Sizə nə qədər təşəkkür etsəm, yenə də azdır. Göstərdiyiniz peşəkarlığa, diqqətə və əməyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mənim üçün Sizin dəyəriniz yalnız uğurlu əməliyyatla ölçülmür. İnsanla danışığınız, xoş rəftarınız, səbir və qayğınız, xəstəyə aşıladığınız inam da xüsusi rəğbətə layiqdir.

Siz təkcə gözümün sağlamlığı üçün çalışmadınız, həm də çətin anlarımda ürəyimə rahatlıq, ruhuma inam bəxş etdiniz. Bəzən bir xoş söz, bir təbəssüm, bir arxayınlaşdırıcı baxış insanın içindəki qorxunu ümidə çevirir. Sizin davranışınızda bu insani dəyərlərin hər birini gördüm.

Allah əllərinizə qüvvət, elminizə bərəkət, ömrünüzə sağlamlıq versin. Şəfa gözləyən neçə-neçə insanın ümid qapısı olasınız!

Əməliyyat müddətində mənə qayğı göstərən tibb bacılarına da xüsusi təşəkkürümü bildirirəm. Mehribanlığınız, diqqətiniz, səmimi münasibətiniz və qayğınız yaddaşımda xoş iz buraxdı. Xəstənin bəzən dərmandan əvvəl xoş sözə, diqqətə və mənəvi dəstəyə ehtiyacı olur. Siz bu qayğını əsirgəmədiniz.

Xəstəxananın bütün kollektivinə, həkimlərə, tibb işçilərinə və digər əməkdaşlara da minnətdarlığımı bildirirəm. Qarşılaşdığım yüksək mədəniyyət, səmimi münasibət və insani yanaşma məndə xoş təəssürat yaratdı. Hər birinizə öz işinizdə uğurlar, ailənizə xoşbəxtlik, canınıza sağlamlıq arzulayıram.

İNSANLIĞIN ƏN GÖZƏL TƏRƏFİ
ÇƏTİN GÜNDƏ ÖZÜNÜ GÖSTƏRIR
...


Mən bu həqiqəti bir daha əziz dostlarımın timsalında gördüm.

Əziz dostlarım!

Siz mənim üçün sadəcə dost deyilsiniz. Siz dar günümdə yanımda dayanan, qəlbimə ümid verən, sevincimə şərik olan doğma insanlarsınız.
Əməliyyat ərəfəsində və sonrasında göstərdiyiniz diqqət, yazdığınız təsəlli dolu sözlər, etdiyiniz zənglər, evə gəlib məni ziyarət etməniz, ünvanladığınız xoş arzular mənim üçün əvəzsiz oldu. Bilirdim ki, dostlarım mənim üçün narahatdır, mənə görə dua edir, Allahdan şəfa diləyir.

Siz mənim üçün əllərinizi göyə açıb Yaradanımıza dua etdiniz. Yenidən görməyim, doğmalarımın üzünə baxmağım, dostlarımın çöhrəsini görə bilməyim üçün Allaha yalvardınız. Hər duanız qəlbimdə bir ümid çırağı yandırdı. Bəlkə də o günlərdə mənə ən böyük mənəvi gücü verən məhz sizin dualarınız, sevginiz və qayğınız idi.

Allah dualarımızı qəbul etdi. Şükürlər olsun Uca Yaradana!

Bu gün gözümdə yenidən işıq, qəlbimdə yenidən ümid var. Həkimimin peşəkarlığı, dostlarımın duaları və Allahın mərhəməti ilə əməliyyatım uğurla keçdi. Artıq əməliyyatımdan üç həftə geridə qalıb. Hazırda özümü yaxşı hiss edirəm. Qarşıda hələ iki aylıq müalicə dövrüm var. İnşallah, bu mərhələni də uğurla başa vuracaq, həyatın bütün rənglərinə daha aydın baxacağam.
İnanıram ki, qarşıda məni daha gözəl günlər gözləyir. Yenə şeirlərimin misralarında həyatın rənglərini görəcəyəm, oxuduğum kitabların səhifələrini sevə-sevə vərəqləyəcəyəm, doğmalarımın üzündəki təbəssümü seyr edəcəyəm. Yenə dostlarla görüşəcək, səmimi söhbətlər edəcək, həyatın gözəlliklərini sizinlə bölüşəcəyəm.

Bu yaşantı mənə bir həqiqəti bir daha xatırlatdı: insanın var-dövləti, şöhrəti, qazandığı uğurları nə qədər çox olsa da, çətin gündə əlindən tutan insanların yerini heç nə verə bilməz. Dostluğun əsl dəyəri xoş günlərin sevincində deyil, çətin günlərin sədaqətində, səmimiyyətində və mənəvi dayağında üzə çıxır.

Mən bir daha anladım ki, həyat yalnız gözlə gördüklərimizdən ibarət deyil. Həyat həm də ürəklə hiss etdiklərimiz, dualarla qoruduqlarımız, sevgi ilə bağlandığımız insanlardır.
Hörmətli Müşfiq həkim, əziz tibb bacıları, xəstəxananın dəyərli kollektivi və bu çətin günlərdə mənə dəstək olan, mənə mənəvi dayaq olan bütün dostlarım! 
Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Allah etdiyiniz yaxşılıqları qarşınıza çıxarsın. Sizə sağlam ömür, xoşbəxt günlər, könül rahatlığı nəsib etsin. Heç biriniz xəstəliklə, ağrı-acıyla imtahana çəkilməyəsiniz. Hər zaman sevdiklərinizin əhatəsində, sağlam və xoşbəxt olasınız.

Bəzən bir insanın gözlərinə işıq gətirən həkim olur, o işığın sönməməsi üçün dua edən isə dostları...
Mənə hər ikisi nəsib oldu.
Allaha sonsuz şükür!

Gözümə işıq gətirən əllərə, qəlbimə ümid gətirən dualara, ömrümə dəyər qatan insanlara minnətdaram.
Nə yaxşı ki, varsınız! 
Nə yaxşı ki, varımsınız. 
Nə yaxşı ki, həyatımda sizin kimi insanlar var!

Həyat siz dostlarla gözəldir, əziz dostlarım!

Hörmətlə: 
Vüsal Ağa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar