Xəbər lenti
Etibar Pirverdiyevin adı keçən prosesin qapalı keçirilməsi tələb olundu - QALMAQAL
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Vüqar Əliyev 3 milyon 700 min manat mənimsəmədə ittiham olunur. O, ittihamı qəbul etmir.
Hakim Neymət Məmmədovun sədrlik etdiyi prosesdə “Azenco"nun nümayəndəsi prosesin növbəti dəfə qapalı keçirilməsini istəyib. Vüqar Əliyevin vəkili isə prosesin qapalı keçirilməsi üçün hər hansı bir əsas olmadığını deyib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra şirkətin mühasibi Azər Məmmədəliyev ifadə verib. O, bildirib ki, Vüqar Əliyevi 2020-ci ildə işə başladığı dövrdən tanıyıb.
Onun sözlərinə görə, Vüqar Əliyevin adına biznes-kart açılıb, həmin kart vasitəsi ilə qonaqların qarşılanması, hədiyyə alınması, digər xərclər ödənib. Şahid qeyd edib ki, kartdan 651 min manat vəsait xərclənib: "Biznes-kart məndə olmayıb. Amma şirkətə bağlı olduğu üçün kartdan istifadə etmişəm. Kartdan xərc çıxanda Vüqar müəllimə müvafiq məlumat çatırdı".
Şahidin sözlərinə görə, kassa-mədaxil orderlərini yazıb, 2021-2024-cü illər ərzində pulları Vüqar Əliyevə hissə-hissə çatdırıb.
Vüqar Əliyev isə bildirib ki, şirkətin bəzi işləri üçün nağd pula ehtiyacı yaranıb, bunu da Azər Məmmədəliyevlə aralarında fiziki köçürmə yolu ilə həyata keçiriblər: "Problem olanda özümüzdən pul qoymuşuq. Sonra öz pulumuzu götürmüşük. Buna görə nağd köçürmələr olub. Misal üçün, şirkətin 100 min manata ehtiyac yaranıb. Öz aramızda kimdə nə qədər var, 20-30 min qoymuşuq, problemi həll etmişik, sonra pulumuzu geri almışıq. Azər Məmmədəliyev mühasibdir, bunu yaxşı bilir".
Azər Məmmədəliyevin sözlərinə görə, Vüqar Əliyev onlara nə qədər nağd pul lazım olduğunu deyib, onlar da aralarında pul toplayıblar, işi həll ediblər. Şahid qeyd edib ki, borcun ödənməsi üçün qəbzlər yazılıb.
Şahidin sözlərinə görə xüsusi ilə külli miqdarda mənimsəmə faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməmişdən əvvəl şirkətdə daxili araşdırma aparılıb. İdarə heyətinin sədrinə Vüqar Əliyevin kənar xərclər aparması ilə bağlı müraciət edilməyib.
Şahid müdafiə tərəfinin suallarını cavablandırarkən Etibar Pirverdiyevin şirkətə gəlişini görmədiyini deyib. Onun sözlərinə görə, Vüqar Əliyevin sərhədsiz səlahiyyətləri olub və bu səlahiyyəti ona "Azenco" idarə heyətinin sədri Hafiz Seyidov verib.
Vüqar Əliyev şahidə "Ulduz" metrosu yaxınlığında Etibar Pirverdiyevin ofisində iclas keçirmələri ilə bağlı sual verib. Şahid həmin iclasda iştirak etdiyini təsdiqləyib. Sorğu-sual zamanı məlum olub ki, şirkət 2 il ərzində "Şahdağ" futbol klubunu maliyyələşdirib.
Növbəti şahid sahibkar Kamran Həsənov olub. O, ifadəsində bildirib ki, 2020-ci ildə şirkət təsis edib, işğaldan azad olunmuş rayonlarda tikinti işləri görülməsi üçün başqa bir şirkətlə müqavilə bağlayıb, işlərin görülməsi üçün texnika lazım olub: "Mənə dedilər ki, "Azenco"da həmin texnikalar var. Mənə Əfqan müəllimin nömrəsini verdilər. Əlaqə saxladım, dedi ki, Vüqar müəllimlə danışıb, məsələni həll edəcək.
Sonra müqavilə bağladıq, texnikaları icarəyə götürdük. Aylıq pulu həm Əfqan müəllimə, həm də Vüqar müəllimə ödəyirdim. Texnikaların təmiri bizim öhdəmizdə idi. Texnikalar baha idi, ödəmədə gecikmələr olurdu. Bir müddət sonra bizi məhkəməyə verdiklərini eşitdim. Ümumilikdə 506 min 800 manat ödəniş etmişdim. Buna baxmayaraq bu məbləği məndən tələb etdilər. Vüqar müəllim dedi ki, kömək edəcəm.
Məni çağırdılar, barışıq sazişi bağladılar. Nağd verilən pulu sənədləşdirmədilər. Bizim müqavilədə pulun bir hissəsinin nağd köçürülməsi ilə bağlı heç nə yoxdur. Əfqan müəllim dedi ki, bu qədər şirkətə, bu qədər də nağd ödəniləcək.
İlk başdan texnikalar ucuz vermişdilər. Sonradan icarə müqaviləsinə keçildi, qiymət bahalaşdı. Qorxurdum ki, texnikaları geri çəkər, layihələrim yarımçıq qalar, bataram. Ona görə də ödəmələri davam etdirdim".
Sorğu-sual zamanı məlum olub ki, Kamran Həsənovun şirkətinə qarşı "Azenco"nun mülki iddiası olub. Məhkəmə "Azenco"nun xeyrinə yarım milyon manatlıq qətnamə çıxarıb. Şahid deyib ki, imkanı olmadığı üçün ödəniş edə bilməyib.
Daha sonra Vüqar Əliyevin vəkili vəsatətlə çıxış edib.
Vəkil "Azenco" şirkətinə sorğu göndərilməsini, Etibar Pirverdiyevin hansı tarixdə "Azenco"da rəsmi olaraq fəaliyyətə başladığı, işlədiyi dövrdə vəzifələri, işə qəbulu barədə əmr, əmək müqaviləsi, hər ay aldığı əməkhaqqı barədə arayışlar tələb olunmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, “Azenco” şirkətinin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevə bağlı olduğu bildirilir.
Etibar Pirverdiyev vəzifədə olduğu dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib.
Vüqar Əliyev 2022-2023-cü illərdə şirkətin İdarə Heyətinin sədri, sonradan isə bir müddət Müşahidə Şurasının sədri işləyib. O, 1 il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Cinayət işi ilə bağlı fərqli ünvanlarda yerləşən əmlaklar üzərinə həbs qoyulub.
Vüqar Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Növbəti proses noyabrın 30-da davam edəcək. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































