Xəbər lenti
“Bir il nə tez ötüb keçdi...”
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında rektorun müşaviri, Tarix kafedrasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ləyaqətli insan Musa Quluza- dənin vəfatından bir il ötür. Unudulmaz dostumuzun əziz xatirəsinə ehtiramla...
“Bir il nə tez ötüb keçdi...” Bu, Sizin sözünüzdür, Musa müəllim. “Dünyasını dəyişmiş həyat yoldaşım Zemfira xanım üçün “Sənsizlik” silsiləsindən esselər” başlıqlı yazınızı “Söz” jurnalında oxumuşdum. Nisgilli sözləriniz, səmimi etiraflarınız insanın ürəyini göynədir... “Hardasan” başlıqlı essenizdə təbiətinizə uyğun sakit, məsum halda itirdiyiniz ömür-gün yoldaşınızı haraylayırsınız. Bu “sakitlik” eyni zamanda ülvi, saf bir məhəbbətlə sevən, sevdiyinin qəfil itkisindən sarsılan həssas insan qəlbinin harayıdır, səssiz hayqırtısıdır... Təəssüf... Çox təəssüf ki, bu gün eyni sözlər xətrinizi əziz tutan dostlarınızın dilində səslənir: “Bir il nə tez ötüb keçdi...”, “Hardasan?”, “Sizsiz çox darıxmışıq Musa müəllim! Yeriniz elə görünür ki...” Bilirəm ki, ən əziz dostlarınızdan olan Xalq şairi Nəriman Həsənzadə, professor İbrahim Quliyev üçün də çox ağır itki oldu sizin yoxluğunuz. Bir- birinizə necə doğma, bağlı idiniz... Dəfələrlə aramızda bu barədə söhbət olmuşdu... “İbrahim müəllim çox etibarlı dostdur” deyirdiniz... “O cür insanları qorumaq lazımdır”.
Nəriman Həsənzadə də ömür-gün yoldaşı Sara xanımı itirdikdən sonra ona çoxlu şeirlər həsr etmişdi. Qınamışdılar ki, həyat yoldaşına şeir yazır. Nə qədər cahil, duyğusuz olmalısan ki, bu cür nümunə olası bir addımı rişxəndlə qarşılayasan. Azərbaycanın tarix yazan şəxsiyyətləri, sərkərdələri, hökmdarları öz həyat yoldaşlarına abidələr ucaldıblar. İstər Nəriman müəllimin şeirləri, istərsə də Sizin esseləriniz ailə dəyərlərinin “can üstə” olduğu indiki zamanda gəncliyə böyük örnəkdir. Həm də bir xəbərdarlıqdır. Sağlığınızda bir-birinizin qədrini bilin, sevdiklərinizə çox zaman ayırın, deyirsiz bu etiraflarınızla... Doğmalar yanımızda olanda onları vaxtsız, qəfil itirməyi ağlımıza gətirmirik, bəlkə də gətirməkdən qorxuruq. Onlara olunası diqqəti, sevgini çox vaxt arxa plana keçiririk. Qəfil bu itki səssiz, səmirsiz sənin başının üstünü alanda yanıb- tökülürsən. Yoxluqları ilə barışa bilmirsən. Onlar üçün edəcəklərini zamanın axarına buraxdığın üçün bir ömür əzab çəkirsən... Deyirlər, torpağın üzü soyuqdur, heç kim ölənlə ölmür. Vallah boş söhbətdir. Doğmalar itkiləri ilə əzizlərinin ömründən bir parçanı da qoparıb özü ilə aparır. Və o yer daim göynəyir, sızıldayır...
Siz də bizə çox doğma idiniz. Yeriniz elə görünür ki... Təmkinli, səmimi, mehriban, qayğıkeş Musa müəllim! Bizi 90-cı illərdə Xalq şairimiz Nəriman Həsənzadə tanış etmişdi. Nəriman müəllimin “Prometey” jurnalını işləyirdim, orada sizin esseniz də gedirdi. Şəklinizi ilk dəfə onda gördüm. Doğma insan təsiri bağışladınız görən kimi. Sanki illərdir tanıyırdım sizi. Bir gün də Nəriman müəllimlə mənim “Elm və həyat” jurnalı redaksiyasındakı darısqal iş otağıma gəldiniz. Nəriman məllim: - Aliyə, bu mənim Musa qağamdı, tanış ol.
- Musa qağa, bu da bizim Aliyə. İkimiz də güldük. Dedik biz artıq “tanışıq”. Siz bizdən biri-birimizə o qədər danışmısınız ki, sanki biz illərdir tanışıq. Beləcə doğmalaşdıq. Sizin bir kitabınızı da bir yerdə işlədik. Razı qalmışdınız. Bu sözü sizin xətrinizi əziz tutan, sizin də ona böyük hörmət bəslədiyiniz, bir yerdə işlədiyiniz tarixçi-alimimiz Firdovsiyyə xanım üçün də demişəm, bu gün sizin üçün də deyirəm, Musa müəllim. Həyat qəribədir... İnsanları biri-birinə yaxınlaşdıran, doğmalaşdıran qan qohumluğu deyilmiş sən demə. Mənim üçün doğmadan-doğma insanlar var ki, onların uzaqdan-uzağa varlığı, hətta itirdiklə- rimizin xatirəsi belə bəs edir ki, yaşamaq üçün stimulun olsun. Onların həyat yolunu, məsləhətlərini, tövsiyələrini həyat yoluna məşəl edib irəliləyəsən.
Akademik Cəmil Quliyevi, uzun illər “Respublika” qəzetinin baş redaktoru olmuş Teymur Əhmədovu, yazıçı Cəmil Əlibəyovu, “Elm və həyat” jurnalından mərhum Binnət Süleymanı həmişə ehtiramla xatırlayıram... Bu gün Nəriman Həsənzadə, Firdovsiyyə Əhmədova, Ülkər Hüseynova, Sevda Əlibəyli, Şirindil Alışanov, Şəddat Cəfərov, Tərlan Əkbərov, Xatirə Həsənzadə, Şamil Qurbanov və b. qan qohumlarım deyillər, amma dar günümün dostu, məsləhət, güvənc yerimdirlər... Tək mənə yox, hamıya qarşı belədilər... Siz də belə idiniz, mənə həmişə doğma olan Musa müəllim! Sizi daim hörmətlə, ehtiramla xatırlayacağam. Əziziniz, “Hardasan” deyib harayladığınız Zemfira xanımla qovuşduğunuz yeni dünyanızda rahat uyuyun. Ruhunuz şad olsun!
Aliyə CAVANŞİR
12 mart 2024
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar