Manevr.az musavat.com-a istinadən xəbər verir ki, “VMF” saat fabrikinin sahibi Vahid Mustafayev bildirib ki, işğaldan azad olunmuş Ağdam şəhərində “VMF” markalı saatlar istehsal edəcək zavod açacaq. Bu xəbərin izi ilə Vahid bəylə əlaqə saxladıq, ondan gələcək planları və görüləcək işlər barədə daha ətraflı məlumat öyrənməyə çalışdıq.
- Vahid bəy, Ağdamda “VMF”in açılması ideyasını nə zamandan planlaşdırırsınız? Səhv etmirəmsə, bundan əvvəl bölgələrdə belə zavod olmayıb, bu bir ilkdir?
- Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən “VMF” “Azpromo”nun dəstəyi ilə son vaxtlar bir sıra beynəlxalq sərgilərdə milli istehsal olan saatlarını nümayiş etdirib mükafatlara nail olublar. Cenevrə “Watches&Wonders”, Kazan İslam ölkələri sərgisi, nüfuzlu və irimiqyaslı Honq Konqda “Watch&Clock Fair”, Moskvanın ənənəvi “Moscow Watch Expo” kimi sərgilərdə “VMF” Saat Fabrikinin iştirakı bizə və ümumiyyətlə, Azərbaycana yüksək texnologiyalar sahəsində ad qazandırmaqdan əlavə, yeni potensial müştəri axını yaratdı. Lakin artan tələbatı bizim Qobuda yerləşən fabrikimizin imkanları ilə həyata keçirməyin mümkünsüzlüyünü anladıq və “Azpromo” və Kiçik və Orta Biznesin İnkişafı (KOBİA) Dövlət agentlikləri ilə müzakirələrimizin nəticəsi olaraq İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə görüşdük. Nəticədə Ağdam Sənaye Parkında “VMF” saat fabrikini inşa etməklə bağlı yetkin fikrə gəldik. Biz artıq tələb olunan Biznes Plan və fabrikimizin arxitektor və konstruktiv planlarını İZİA-ya təqdim etmişik. İndiki mərhələdə onlardan cavab gözləyirik ki, bizə yer ayrılsın və Allahın köməyi ilə işə başlayaq. Və dediyinizlə razılaşmaya bilmərəm. Bu layihə doğrudan da nəinki bölgələrdə, ümumiyyətlə, Azərbaycanda, hətta bütün regionda ilk və tək saat fabriki olacaq.
- İşğaldan azad olunan ərazilərin sosial-iqtisadi inkişafı baxımından sahibkarların buraya cəlb olunması dövlət üçün prioritet sayılır. Bu baxımdan, sizcə, “VMF” fabrikinin Ağdam rayonu üçün nə kimi töhfələri və faydaları olacaq? Ümumiyyətlə, neçə işçinin buraya cəlb olunması düşünülür?
- Bilirsiniz ki, mən Birinci Qarabağ müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişəm və Şelli kəndində yaralanmışam, Naxçıvanik kəndində isə mənim qardaşım Çingiz həlak olub. İkinci Qarabağ müharibəsi zamanı da Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişəm və dünya mediasına vacib reportajlar çatdırmışam. Odur ki, Ağdam mənim üçün çox vacib torpaqdır - orada bizim qanımız var. İş belə gətirdi ki, bizim “VMF” saat fabrikinin direktoru Orxan Məmmədov da ağdamlıdır və 90-cı illərdə uşaq olarkən öz torpağından didərgin düşüb. İnanmıram ki, bunların hamısı bir təsadüf ola bilər.
Məhz bu səbəbdən “VMF” Holdinqinin Ağdam rayonuna töhfəsi, dəqiq mexanizmlər istehsal edən bir fabriki məhz Ağdam rayonunda yaratması və dünyanın müxtəlif ölkələrinə məhz buradan məhsullarımızı ixrac etməsi respublikamızı texnoloji ölkə kimi tanıtmaqla yanaşı, bu torpaqların Azərbaycanın olmasını bir daha iqtisadi müstəvidə təsdiqləyəcək. Biz fəxr edəcəyik ki, Ağdamın iqtisadi potensialını möhkəmləndiririk. İnşallah, bizim nailiyyətlərimizi görən Ağdam da bizimlə fəxr edəcək!
İşçi sayına gəldikdə, Ağdamın “VMF” fabrikinin inşasında 100-ə yaxın vətəndaşın işlə təmin olunması və fabrikin fəaliyyətində 50-yə yaxın dəqiq mexanizmlər, fiber-lazer, kvars və nanotexnologiyaları səviyyəsində işləmək üçün xarici ölkələrdə təlimlər keçmiş yüksək ixtisaslı kadrlar, iş yerləri yaradılması nəzərdə tutulur.
- Sirr deyilsə, bu zavodun açılması üçün nə qədər vəsait tələb olunur? Sizə bununla bağlı maddi dəstək varmı, yoxsa tam olaraq öz vəsaitiniz hesabına edəcəksiniz?
- Tələb olunan vəsait sirr deyil. “VMF” Holdinqi tam şəffaf çalışan bir təşkilatdır və ictimaiyyətə tam açıqdır. Belə ki, layihənin icrasına ilkin dövrdə ümumi sərmayə qoyuluşunun təxminən 2 milyon manat olması nəzərdə tutulur. Bu məsələdə də şəffaf işləyən müəssisələrə dövlətimizin dəstəyi var. Layihəyə sərf edəcəyimiz sərmayənin 70%-nı Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə güzəştli biznes krediti hesabına formalaşması planlaşdırılıb.
- Sahibkar olaraq geri qaytarılan torpaqlarımızda daha nə kimi işlər görməyi düşünürsünüz, bununla bağlı plan və ideyalarınız varmı?
- Çox yaxşı və vacib sualdır. Bildiyiniz kimi, vandal düşmənlərimiz Qafqazın incisi olan Ağdam kimi şəhəri darmadağın edərək daşı-daş üstə qoymayıblar. Biz Ağdamın inşası və yenidən qurulmasında iştirak etməyi özümüzə borc bilirik. Minimum - layihədə iştirak edən əməkdaşlarımız üçün yaşayış imkanları yaratmaqdır. Biz bir millət olaraq Qarabağa dəstək olmalıyıq! Çox yaxşı xatırlayıram, sovet dönəmində bütün torpaqlar kolxoz və sovxozların mülkü sayılırdı və yerli əhali orada, sadəcə, bir iş qüvvəsi kimi yaşayır və çox cüzi məbləğlərə gecə-gündüz çalışırdı. Qazandıqları dəyərlər, kənd təsərrüfatı məhsulları hansısa SSRİ-yə təhvil verilirdi. Düşünürəm, Birinci Qarabağ müharibəsində torpaq itkilərimizin bir səbəbi də bununla bağlı idi. Artıq davamlı vətənpərvər siyasət və ideoloji işin nəticəsi olaraq, millətimiz torpağın qədrini anlayaraq işğal olunmuş əraziləri azad etdi. Lakin indi bizim qarşımızda daha ciddi vəzifə durub - bu torpaqları qoruyub gələcək nəsillərə çiçəklənən bir Azərbaycan diyarı kimi təhvil etməkdir. Bunun üçün də bu torpaqların sahibi olmalıdır. Dövlətimizin işğaldan azad edilmiş zonaların inkişafı istiqamətində apardığı fəaliyyət, “VMF” kimi fabriklərin inşasına imkan yaratması torpaqlarımızı vətəndaşlara bağlayır. Zəfərli ordumuzdan başqa, biz özümüz də həmin gözləri yalın barmaqlarımızla çıxarıb tapdağımız altına atarıq. Düşünürəm, hər bir sahibkar mənim kimi düşünür.
- Bəs işğaldan azad olunan ərazilərdə yeni TV, yaxud radio açmaq kimi niyyətiniz varmı?
- Biz Azərbaycanın əsgərləriyik. Vətən haraya əmr etsə, ora getməyə, o işin qulpundan tutmağa və onu yüksək keyfiyyətlə həyata keçirməyə hazırıq! Sözsüz ki, həmin ərazilərdə məlumat mənbəyi olan TV və radiolar olmalıdır və onlar məhz yerli olmaqla paytaxtdan fərqli olaraq xüsusi ideoloji yükə sahib olmalıdır. İnsanların asudə vaxtını mədəni-maarif nöqteyi-nəzərindən faydalı və eyni zamanda əhalinin ilkin zamanlarda, çətin və ağır quruculuq dövründə onlara dəstək olmalıdır. Bundan əlavə, Qarabağda yeni texnologiyalara arxalanan kinostudiya da olsa, çox faydalı olar. Belə ki, dağıdılmış şəhər və kəndlərin bərpa dövründə vətəndaşlarımızın və zəhmətkeşlərin fədakar əməyi mütləq və sistemli şəkildə lentə alınmalı və bu barədə sənədli və bədii filmlər çəkilməlidir. Ümidvaram ki, dövlət qurumlarımız bu barədə düşünür və bu işdə bizim təvazökar əməyimizə ehtiyac olarsa - biz buradayıq, biz salamatıq, biz hazırıq! Allah Azərbaycanı qorusun!
Fürsətdən istifadə edərək müvəffəqiyyət təmənnası ilə bu müsahibəyə görə sizdən və kollektivinizdən böyük ehtiramlarımın qəbulunu rica edirəm.