Xəbər lenti
Xalq müxalifətin çağırışlarına niyə qoşulmur?
Tural Abbaslı: “Bu, əslində uzun illərdən bəri müxalifətin fəaliyyətinin nəticəsizliyinin bir simptomudur”;
Fəzail Ağamalı: “İstənilən bir çağırışın sosial sifarişi varsa, onun reallaşmasında heç bir problem olmur”
Son illər ictimaiyyətdə müxalifətin addımlarına biganəlik müşahidə olunur. Bunu sosial şəbəkələrdən, həmçinin mediada müxalifətlə bağlı olan xəbərlərin oxunma sayından da görmək mümkündür. Belə ki, insanlar müxalifət camiyəsinin ən öndə olan liderinin belə açıqlamalarına bir o qədər də maraq göstərmir, müxalifətin hər hansı bir fəaliyyəti, mitinqlə bağlı xəbərlərə çox zəif reaksiya verirlər.
Bunun səbəbləri barədə “Yeni Müsavat”a danışan KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, burada bir sıra nüanslar var: “İndiki şəraiti də nəzərə almaq lazımdır. Lakin bir də baxarıq ki, gözlənilməz halda başqa məsələlər oldu. Hər halda indi yay istirahəti başa çatmaqdadır. Tələbələr bir qədər sonra dərslərə başlayacaqlar. Bunların hamısının bu və ya digər dərəcədə məsələyə təsirləri var. Bunlar müxalifətin fəaliyyətində çox əhəmiyyət kəsb edən hallardır”.
Ağ Partiyanın lideri Tural Abbaslı isə bildirib ki, bir neçə ildir ictimaiyyətin müxalifətə diqqəti azalıb: “Hətta müğənnilərin, digər sahələrdə məşhur olan insanların, qonşu dövlətlərin belə sənətkarlarının şəxsi həyatları insanları daha çox maraqlandırır, nəinki daxildə baş verən həyati əhəmiyyət daşıyan siyasi hadisələr. Bu, əslində uzun illərdən bəri müxalifətin fəaliyyətinin nəticəsizliyinin bir simptomudur. Çünki müxalifət artıq uzun illərdir ki, nəticəsiz mübarizə aparır. Söhbət təkcə qalibiyyətdən, hakimiyyətə gəlməkdən getmir. Müxalifətin 1993-cü ildə təhvil verdiyi mövqelərdə belə dayana bilməməsi, həmin ildən etibarən yalnız geri getməsi insanları artıq bezdirib.
Bu məğlubiyyəti təmsil edən insanlar da həmçinin dəyişməyiblər. 20 ildir müxalifət adına eyni simalar, eyni adlar iddia edirlər. Mübarizə metodları, yanaşmalarında, xalqa verdikləri mesajlarda heç bir dəyişiklik olmur. Xalq təbii ki, bu proseslərə artıq inanmır. İllərdir insanlara ” bu mitinqə gəlin və hər şey dəyişəcək" deyərək onları dəvət edirik. İnsanlar gəlirlər, ancaq dəyişən heç nə olmur. Nəticədə onlar mitinqə gəlmirlər və növbəti dəfələrdə mitinqlə bağlı xəbəri də ciddiyə almırlar. Təsadüfi deyil ki, hətta bu yaxınlarda “oğru dünyası” dediyimiz aləmin təmsilçisi Rövşən Canıyevin vəfatı haqqında informasiyalar rekord həddə oxundu, nəinki, referendumla bağlı məlumatlar".
T.Abbaslı bildirib ki, bu məsələdə dolayısı ilə günahı müxalifətin özündə görür:
“Təbii ki, burada hakimiyyətin müxalifəti uzun illərdir dar bir məkanda fəaliyyət göstərməyə məhkum etməsi faktoru da var. Ancaq 21-ci əsrdə sosial şəbəkələrin, fəaliyyət göstərdiyi texnoloji inkişaf dövründə hakimiyyət bizim təbliğat və təşviqatımızı daraldır deyə şikayətlənmək bəhanə deyil. Bu gün dünyada zülm mərkəzi kimi sayılan İŞİD terror qruplaşması belə texnologiya vasitəsi ilə istədiyi təbliğatı qura bilir. Ancaq bizim müxalifət təəssüf ki, bu texniki nailiyyətlərdən istifadə edib, xalqı öz arxası ilə apara bilmir. Bunun da səbəbi qeyd etdiyim kimi dəyişməzlikdir. Dəyişiklik baş vermədikcə, insanlar yeni simalar, adlar və mesajlar görməyincə müxalifətə münasibət elə bu cür də olacaq. Bu da təbii ki, hakimiyyətə sərf edir. Odur ki, günah müxalifətdədir və problem onların dəyişmək istəməmək arzularındadır. İnanmıram ki, insanlar öz talelərinə qarşı biganə olsunlar. Ən azından devalvasiyadan sonra insanlar anladılar ki, siyasət onların həyatlarına birbaşa təsir edir”.
AVP sədri, deputat Fəzail Ağamalı isə bildirib ki, hazırda mitinqlə bağlı sosial sifariş yoxdur:
“Hər bir çağırış sosial sifarişə söykənməlidir. İstənilən bir çağırışın sosial sifarişi varsa, onun reallaşmasında heç bir problem olmur. Milli Şura və onun arxasında dayanan AXCP-nin Azərbaycanda sosial dayağı yoxdur. AXCP faktiki olaraq Bakıda bir ofis partiyasına çevrilib. Edilən çağırışlar heç bir reallığı əks etdirmir və buna görə də nəticə verməyəcək. Azərbaycan xalqının mütləq əksəriyyəti ölkə prezidentinin həyata keçirmiş olduğu siyasəti dəstəkləyir. Həm də bu siyasət Azərbaycan xalqının sosial sifarişini özündə ehtiva edir. Xalqın düşündükləri ölkə prezidentinin siyasətində aparıcı xətti təşkil edir. Xalq nə haqda fikirləşib, onun həyata keçməsini arzulayırsa, bundan öncə ölkə prezidenti fərmanlarında, həyata keçirmiş olduğu siyasətdə bunların hamısını yerinə yetirir. Belə olduğu halda təbii ki, alternativə yer olmur. Nəticədə müxalifətdə olan partiyalar bir növ tərk-silah olunur. Ölkənin təxminən 10-15 faizi ölkə prezidentinin siyasətinə qarşı ola bilər. Yəni sadəcə olaraq, bu siyasəti bəyənməyə bilərlər. Ancaq onların da əksəriyyəti bu və ya digər siyasi partiyada birləşməyiblər. Belə olan halda bu gün Milli Şuranın yaxud da AXCP-nin mitinqlərlə bağlı çağırışları nəticəsiz qalır. Hətta sosial şəbəkələrdə, ayrı-ayrı yazışmalarda da baxırsan ki, bu cür çağırışlar faktiki olaraq qəbul edilmir. Bu hər şeydən əvvəl ölkə prezidentinin keçirməkdə olduğu daxili və xarici siyasətin məntiqinə söykənir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar