Bu ilin mart ayında Azərbaycan ordusu Xocalı inzibati rayonunun Fərrux kəndi və onun ətrafındakı yüksəklikləri nəzarətə götürərkən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilər Ermənistana getmək istəsələr də, sülhməramlılar buna mane olublar.
Manevr.az xəbər verir ki, bu barədə haqqın.az saytının şərhində deyilir.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan bu sensasion faktı dünən Rusiyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə açıqlayıb.
Qeyd edək ki, Fərrux kəndi ətrafında baş verən hadisələr zamanı sosial şəbəkələrdə ermənilərin Xankəndini həmişəlik tərk etmək istəyi ilə bağlı mesajlar yayılsa da, İrəvan rəsmiləri bu faktı ictimailəşdirməməyə üstünlük veriblər.
Bu sirri ilk olaraq Vaaqn Xaçaturyan açıb və vurğulayıb ki, Rusiya tərəfi “sülhməramlı missiyanın həyata keçirilməsində səhvlərini” etiraf edib və sonda bu səhvlər Fərruxdakı insidentlə nəticələnib.
“O gərgin günlərdə mən də müzakirələrdə iştirak etdiyim üçün çox yaxşı xatırlayıram ki, bizim mövqeyimiz çox sərt idi”, – Ermənistan prezidenti Moskvada soydaşları ilə söhbətində deyib.
“Nəticədə Rusiya tərəfi öhdəliklərini yerinə yetirmədiyini etiraf etdi və hazırda səbəbləri təhlil etmək üçün daxili araşdırma aparır. Biz o zaman bu haqda ictimaiyyətə heç nə demədik. Müzakirə daxili razılaşmalar çərçivəsində davam etdi və sülhməramlılar həqiqətən səhv etdiklərini dedilər”.
Xatırladaq ki, Fərrux ətrafında vəziyyətin gərginləşməsinə səbəb bu kəndin ətrafındakı yüksəkliklərdə yerləşdirilmiş qanunsuz Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini sistemli şəkildə atəşə tutması olub. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bu yüksəkliklərə nəzarəti Xaçınçay su anbarından təhlükəsiz istifadə və Ağdam şəhərinin bərpası üçün müəyyən risklər yaratmışdı. Nəticədə Azərbaycan ordusu silah tətbiq etmədən Fərrux kəndi və Daşbaşının hakim yüksəkliyini nəzarətə götürdü.
Sonradan ermənilər bu mövqeləri geri almağa çalışsalar da, itki verərək geri çəkilməyə məcbur oldular.
Hazırda Fərrux kəndi Rusiya sülhməramlılarının nəzarətindədir. Amma Daşbaşı yüksəkliyində post quran Azərbaycan ordusunun təchizat yolları Fərruxdan keçdiyindən sülhməramlılar erməni ailələrinin bu kəndə qayıtmasına imkan verməyiblər.
Ermənistan prezidenti isə indi bəyan edir ki, o günlərdə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşayan ermənilər əslində oranı həmişəlik tərk edərək Ermənistana köçməyə hazırlaşıblar.
“Vəziyyət o qədər gərgin idi ki, hətta Qarabağdakı insanlar (Ermənistan prezidenti müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazisini nəzərdə tutur) Ermənistan hökuməti qarşısında ultimatum qoyublar: Rusiya sülhməramlıları təhlükəsizliyimizi təmin etməsələr, Ermənistana qayıdacağıq”, – Vaaqn Xaçaturyan xüsusilə qeyd edib.
“Buna cavab olaraq Rusiya tərəfi ermənilərin təhlükəsizliyini təmin etmək öhdəliyini bir daha təsdiqlədi və onların yaşayış yerlərini tərk etməsinə qarşı çıxdı. Bundan sonra nə ərazi münaqişələrimiz, nə də süni vəziyyətlərimiz olub”.
Vaaqn Xaçaturyan “status” məsələsinə də toxunaraq vurğulayıb ki, İrəvan əvvəlcə “Qarabağ ermənilərinin hüquqları ilə bağlı məsələ qaldırmalı, yalnız bundan sonra yekun statusla razılaşmalıdır”.
Prezident İlham Əliyev bir gün əvvəl Qlobal Bakı Forumunda çıxışı zamanı deyib ki, statusla bağlı hər hansı bəyanat Azərbaycana qarşı ərazi iddiası kimi qəbul ediləcək.
Ermənistan prezidenti isə rəsmi şəkildə bəyan edib ki, onun ölkəsi Azərbaycanla yekun sülhün əldə olunmasında maraqlı deyil.
Xatırladaq ki, bu il aprelin 22-də Brüsseldə keçirilən üçtərəfli danışıqlarda Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi müzakirə edilib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin danışıqların yekununda verdiyi bəyanata görə, bu hüquqlar ermənilərə Azərbaycan Konstitusiyası əsasında veriləcək.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar