Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qələbəyə üç gün qalırdı...

Tarix: 26-05-2022 20:17     Baxış: 3526 A- / A+

(Elnur Cabbarov zirvəsi)

Namərd düşmən əmin idi və inanırdı ki, Azərbaycan ordusu nə qədər güclü olsa belə, “keçilməz sədləri” keçə bilməz. Uydurduqları mifə özlərini o qədər inandırmışdılar ki, hətta basılmaz, yenilməz olduqlarına inanmışdılar. Ta düşünmədilər ki, yeraltı-yerüstü sərvəti ilə zəngin olan bu yurdun oğulları toparlanıb ayağa qalxanda qarşısında heç bir güc tab gətirməyəcək. Ta düşünmədilər ki, yurdundan didərgin düşən ailələrdə neçə-neçə-qurd ürəkli fədai yetişir. Ta düşünmədilər ki, torpaq sevdalı oğulların qəlbində düşmən üçün nifrət toxumu cücərməkdədir. Elə ona görə də dəmir yumruqlu, polad caynaqlı azman oğulların yaxasından qurtula bilmədilər. Düşmənə aman verməyən oğullardan biri də Elnur Şahmurad oğlu Cabbarov idi.
Sahmurad kişi doğulduğu isti ocaqdan didərgin düşəndən sonra Ağcabədidə - Laçının qış yataqlarında özünə bir sığınacaq qurdu. On illərlə qurub yaratdığı ev-eşiyindən bir əşya götürmədiyi halda, hər şeyi sıfırdan başladı. Torpağı bir metr dərinliyində qazıb dörd küncdə stunlar basdırmış, üzərini qamışla örtmşdü. Qamışın arasından külək keçməsin deyə suvamışdı torpaqla. Koma geniş, hündür və gözoxşayan olsa da, isinmirdi ki, isinmirdi. Çünki ailənin səmimiyyətinə, mehribanlığına, isti münasibətinə yurd acısı, torpaq göynərtisi və iztirab qarışmışdı. Ona görə də aran çölündə - ilğımdan pörşüyən, qovrulan komada “donurdu soyuqdan”. Doğma ocağın həsrəti ilə ötən günləri sayırdı Şahmurad kişi. 
Doğma yurddan ayrılığın ikinci ilində Cabbarovlar ailəsində bir oğul göz açdı dünyaya. Adını Elnur qoydular. O gün Şahmurad kişi “oğul, tez böyü, o torpaqları namərd düşməndən geri al ki, dağlara dönək. Dağlar bizsiz, bağlar sissiz, yaylaqlar izsiz qalmasın” demək istəsə də, dilinə gətirməkdən xoflandı. Yəni yurda dönüşümz bu qədər uzun çəkəcəkmi?! Yəni qamış komadan xilas olmaq üçün Elnurun böyüməsinimi gözləyəcəyikmi?! Yox! İnanmıram! O vaxta qədər torpaqlarımız azad olunacaq, dağların yeli, çayların seli bir layla olub oxşayacaq ruhumuzu”. Dilinə gətirdiyi fikirlər sanki yuxudan ayıltıdı Şahmurad kişini. Amma zaman çox acımasız oldu. Elnur böyüdü, dizibərk, qoluzorlu, qorxubilməz oğul olub döyüşlərə qatıldı – arzusu Laçına bayraq sancmaq idi.
Elnur Şahmurad oğlu Cabbarov qorxmazlığı və cəsarəti ilə düşmənin kabusuna çevrilmişdi. Çünki o, elə uşaqlıqdan hərbçi olmaq istəyirdi, işğalda inləyən torpaqların geri qaytarılması üçün varlığından keçməyə hazır olduğunu yəqin etmişdi. İdmanın bir çox növləri ilə, əsasən də güləş və boksla məşğul olan Elnur rayon və bölgə üzrə keçirilən yarışların qalibi olmuşdu həmişə. Elə uşaqlıqdan qalib kimi özünü təqdim edən Elnur Laçın-Şuşa yoluna nəzarəti ələ alandan sonra bayrağımızı da orada dalğalandırmışdı. Əmisi Əliqismət kişi o günləri xatırlamağa çalışdı...
Elnur dünyaya gəldiyi gün Şahmurad kişi bir çox arzu və istəklərini dilinə gətirmək istəsə də, bacarmamışdı. Nədənsə düşüncələrindən xoflanmışdı. Amma Elnur o xofu darmadağın edərək atasının arzularını çin etdi, özü də öz ölümü ilə...
Elnur hələ uşaqlıqdan hərbçi olacağına söz vermişdi. Nədənsə, tez böyümək üçün tələsirdi. Laçına bayraq taxmaq üçün özünə söz vermişdi. İlğımda pörşüyən boz çöllərə vida deyib ata yurduna dönməyə çalışırdı. Bəlkə də heç özü də hiss etmədən özünü döyüşə, savaşa hazırlayırdı. Bərkimək, poladlaşmaq üçün idmanla məşğul olur, tay-tuşlarını da ətrafına toplayırdı. Diribaşlığı, təpəri, cəsarəti ilə fərqlənirdi yaşıdlarından. Ağdam istiqamətində döyüşə yollananda fərəhindən atılıb düşürdü elnur. Çünki gözlədiyi gün gəlib çatmışdı.
Ağdam istiqamətində sonsuz sayda canlı qüvvə və ağır texnika cəmləyən düşmən ordumuzun həmin istiqamətdən hücum edəcəyini zənn etmişdi. Amma dəmir yumruqlu peşəkar komandanların ağıllı taktikası düşməni fərqli cinahlarda yaxaladı. Düşmən ilk zərbənin təsirindən necə sarsıldısa, ikinci zərbəyə tab gətirə bilmədi. Odur ki, döyüşün ilk saatlarında keçilməz adlandırılan sədlər bir neçə istiqamətdən yarıldı. 
Artıq Elnur kəşfiyyat məlumatları toplamaq üçün bir neçə silahdaşı ilə düşmənin dərinliyinə qədər irəliləmiş, geri çəkilməkdə olan hərbi birliklərin, artilleriya qurğularının, eləcə də top və tankların yerini dəqiqləşdirəndən sonra hədəflərin vurulması üçün qərargaha məlumat ötürmüşdü. Bəzən də düşmənin iki hərbi qüvvəsinin arasına girərək təxribat törətmiş, hər iki qüvvəni qarşı-qarşıya qoymuşdu. 
Qanlı toqquşmalar davam etdikcə ordumuz sanki nəfəs dərmədən irəliləyir, doğma yurd yerlərini murdar nəfəslərdən təmizləməyə çalışırdı. Ölümdən qorxan “çaqqallar” nəinki silahlarını, hətta ağır texnikanı da işlək vəziyyətdə atıb qaçırdılar. Qaçanların və ərazidəki texnikaların sayı artıqca, qoç oğullar daha da irəli şığıyır, Xocalının, Qaradağlının, Ağdabanın qisasını almağa çalışırdılar. O gün ayaqlar altında qalan düşmənin murdar leşlərinin sayı-hesabı yox idi. Hətta yaralılarına da sahib çıxmırdılar. Əsirlər isə bir neçə onluqdan ibarət idi.
 Hər tərəfə qatı duman çökmşdü. Güllə səsləri ara vermirdi. Buna baxmayaraq, düşmənin içərisinə sızmaq üçün əsl fürsət idi. Elnur tapşırıq alan kimi hazırlaşıb bir neçə nəfərlə yola düşdü. Sürətli irəliləyiş onları təyin olunan nöqtəyə vaxtından əvvəl çatdırdı. Lazımi məlumatları əldə edib geri dönmək istərkən duman qeyb oldu. Elnur dörd tərəfə göz gəzdirdi. “Mühasirədəyik!” kəlməsi eşidilməsə də, dodaqlarının tərpənişindən nə dediyi hiss olunurdu. Daha gecikmək olmazdı. Dərhal hərəkətə keçən Elnur zəif hesab etdyi cinaha ZTR-dən atəş açaraq darmadağın etdi. Düşmən hələ də nələrin baş verdiyini anlamamış bölgəni tərk etməyi bacardılar. Atılan mərmilər texnikanı bir neçə yerdən zədələsə də, təcrübəli maşinist ZTR-i əsas hədəflərdən yayındıra bildi. Əks təqdirdə baş verəcək hadisələri düşünməyin özü bir dəhşətdir.
Artıq ordumuz xeyli əraziləri düşməndən təmizləmişdi. Hadrut (Ağoğlan) qəsəbəsinin azad edilməsi üçün plan masa üzərində idi. Betonlaşdırılmış səngərlər, fərqli istiqamətə şaxələnən iki, bəzən üçmərtəbəli tunellər, topdağıtmaz istehkamlar, kameralarla nəzarət olunan, həm də minalanmış ərazilər və ard-arda düzülmüş eşalonlar ordumuzun irəliləməsinə mane olsa da, ölümsüz oğullar geri dönmədi. Mövqe strateji olduğu üçün qısa zamanda silahlılardan təmizlənməli idi. Çünki o yol bizi Şuşaya aparacaqdı. 
Beləcə, amansız döyüş baş verdi. Şuşa eşqi ilə çırpınan ürək sahibləri kabus kimi düşmənin başına çökdülər. Ordumuz dayanmadan irəliləyir, düşmənə meydan oxuyurdu. Leş-leşə qalaqlanmışdı yenə. Düşmən nə qədər itki versə də, dirəniş göstərir, Şuşanın giriş qapısı olan Hadrutu (Ağoğlanı) əldən vermək istəmirdi. Güllə dolu kimi səpələnirdi hər tərəfə. Amma elə bil güllə də təşviş içində idi, kiməsə yaxın gələ bilmirdi. 
Döyüş qismən səngimiş Şuşa yolu açılmışdı. Yenə də ağır texnikalar, top və qrad qurğuları, müxtəlif döyüş texnikaları qənimət olaraq ələ keçmişdi. Qəsəbə tamamilə ordumuzun nəzarətində idi. Dəmir yumruq düşməni əməllicə sarsıtmışdı. Ölənlərin, yaralıların sayı bilinmədiyi kimi, əsir düşən erməni hərbçilərin də sayı bəlli deyildi. 
Hadrutun (Ağoğlanın) azadlığından sonra Füzuli istiqamətində cəmləşən düşmən qüvvələri mühasirəyə düşdü. Amma yenə də geri çəkilmək, təslim olmaq istəmədilər. Keçilməz sandıqları Ohanyan xəttinə güvəndikləri üçün vuruşacaqları bəlli idi. Çifayda... Dirəniş ölümə yol açdı. Bombaların dağıda bilmədiyi səngər və tunelləri Azərbaycan əsgəri dəmir sinəsi ilə yardı. O gün sayı-hesabı bəlli olmayan cəsədlər, ah-uf içində sızıldayan yaralılar lazımsız bir əşya kimi ayağa ilişirdi. Düşmən öz itkisinə sahib çıxmırdı. Füzuli öz övladlarına qovuşmuşdu o gün.
Şəhər, qəsəbə, kənd və ucsuz-bucaqsız ərazilər azad edildikcə, dalğalanan bayraqların da sayı artırdı. Bayraq da bir ox olub sancılırdı düşmənin gözünə. Cəbrayıl, Xudafərin körpüsü, Zəngilan tamamilə murdar nəfəslərdən təmizlənmişdi. Artıq Elnurun səsi Qubadlıdan gəlirdi. 
Qubadlı Gorus və Qafanla sərhəd olduğu üçün düşmən istənilən anda, istənilən yerdə peyda ola bilərdi. Həm də ərazi yüksək dağ və meşələrdən ibarət olduğu üçün 28 ildən bəri qurub-yaratdıqları istehkamların yerini müəyyən etmək mümkün deyildi. Odur ki, Elnur dəqiq və səhih məlumat əldə etmək üçün silahdaşları ilə kəşfiyyata çıxdı. Gah Gorusdan, Laçından gəldi səsi, gah da Qafandan... O, peşəkar kəşfiyyatçı, mahir nişançı idi. Düşmənin hədəf nöqtələrini təyin etdikdən sonra əvvəlki mövqeyinə qayıdaraq bircə-bircə məhv edirdi. Onun adı gələndə vahiməyə düşən yaraqlılar hətta öz mövqelərini də dəyişirdilər. 
Artıq Qubadlı ordumuz tərəfindən təmizlənməkdə idi. Komandanlığın əmri ilə Elnur Daşaltı istiqamətində hərəkətə keçdi. Çünki Şuşaya gedən yol Daşaltıdan keçirdi. Daşaltı hələ 1991-ci ildə qan çanağına dönmüşdü. Məkrli, xain, qara bir əl o zaman əjdaha oğulların pusquya salınaraq məhv edilməsində yardımçı olmuşdu. Hətta cəsədlərin götürülməsi üçün razılaşma olsa da, düşmən əməl etməmiş bir neçə əsgərimizi tələyə salaraq məhv etmişdi. Sonralar Daşaltı uğrunda bir neçə dəfə toqquşma baş versə də, nəticəsiz olmuşdu. Elnur Daşaltıya çatanda o qanlı hadisləri yenidən xatırladı. Qisas hissi ikiqat artdı. Zalıma mərhəmət etmək olmaz, zalıma işgəncə yaraşar, - deyib namərd düşmənin başına od ələmək üçün hədəf seçdi. 
Daşaltıda qan axırdı. Havada qan qoxusu vardı. Şaxta qanı dondursa da, düşmənin murdar qoxusu havanı sarmışdı. Ağır texnikaların köməyi ilə şıdırığı döyüş gedirdi. Düşmən ağır itkiyə məruz qalsa da, itkilərimiz az deyildi. Düşmən yenə də yaralıları döyüş meydanında qoyub geri çəkilirdi. Azərbaycan oğulları isə nəinki yaralıları, hətta şəhidləri çiyninə alaraq sıldırım qayalarla Şuşaya dırmaşırdılar. Çünki Daşaltı tam ələ keçdikdən sonra Şuşa ovuc içinə düşürdü. Amma sıldırım, sərt, kəsici və hündür qayaları aşmaq üçün dözüm, təpər, cəsarət gərəkirdi. Beləcə, keçilməzliklərə sinə gərən qurd ağızlı, şir biləkli oğullar Qalaya dırmaşdılar. Elnurun dəstəsi isə Gorus-Xankəndi yolunu bağlamaq üçün Laçın dəhlizinə çıxmalı idi. 
Elnur Daşaltıda – Laçın dəhlizinin bir addımlığında idi. Şuşa-Laçın yoluna nəzarəti ələ almaq üçün Elnurun da daxil olduğu dəstə təyin olunan istiqamətdə mövqe seçsələr də, artilleriya susmaq bilmirdi. Gorus-Laçın-Şuşa-Xankəndi yolu ilə irəliləməyə cəhd eləyən silah yüklü maşınların, ağır texnikanın qarşısını kəsmək üçün fürsəti fövtə vermək olmazdı. O yolun bağlanması düşmənin bel sütununu qırmağa bərabər idi. Ona görə də bağlanmış yolun açılması üçün düşmən bütün imkanlardan istifadə etməyə çalışırdı. Düşmənin dirənişinə baxmayaraq, Elnurun da daxil olduğu dəstə xeyli sayda canlı qüvvə və ağır texnikanı məhv etdikdən sonra düşmən çıxılmaz vəziyyətə düşmüş, bəzi bölüklər silah-sursatı ataraq geri çəkilmişdi, daha doğrusu, postu tərk edib qaçmışdı.
Daşaltı 29 ildən sonra nəfəs alırdı. Hava nə qədər soyuq olsa da, əlləri dondura bilmirdi, çünki riqqətə gələn ürəklərin hərarəti şaxtanı əritməkdə idi. Elnur özünü o qədər xoşbəxt sayırdı ki... Hələ uşaq ikən torpaqların azad olunmasında var-gücünü əsirgəməyəcəyinə söz vermişdi. Və söz vermişdi ki, ata yurdu Laçında üçrəngli bayrağımızı dalğalandıracaq. Artıq arzularının çin olmasına bir addım qalırdı. 
Dəstə ildırımsürətli irəliləyişlə Laçın dəhlizi adlandırılan yolu tutdu. Artıq  hər kəsin gözündə qələbə parlaqlığı vardı. Artıq  Laçın dəhlizində ay-ulduzlu bayrağımız dalğalanırdı. Amma düşmən susmurdu heç. Elə bu an yaxındakı mövqedən səs gəldi. Kimsə yaralanmışdı, kömək istəyirdi. Elnur dərhal ayağa qalxıb həmin tərəfə qaçdı. Getmə, getmə, təhlükəlidir, - deyə silahdaşları onu dayandırmağa çalışsalar da, bacarmadılar. Özünü yaralının yanına çatdırdı, “qorxma, möhkəm ol, səni çıxaracağam” – dedi. Qanlar içində çabalayan yaralını çiyninə alıb çıxmaq istəyirdi ki, minaatanın hədəfinə tuş gəldi. O gün Qələbəyə üç gün qalırdı.
Silahdaşları Elvini döyüş meydanından çıxaranda xeyli qan itirmişdi. İlk tibbi yardım göstərmək mümkün olmadığı üçün getdikcə halsızlaşırdı. Amma yenə də döyüş meydanını tərk etmək fikrində deyildi. Silahdaşları onu təhlükəsiz yerə çəkməyə çalışsalar da, “mən sizi tək buraxıb gedə bilmərəm, torpaqla yaramı sarısanız tez sağalar” israr etdi. Amma çox gec idi.
Silahdaşları Elnuru hospitala çatdırmaq üçün gah piyada, gah da maşınla xeyli məsafə qət etdilər. Hadrut hospitalında əməliyyat olunan Elnuru ölmüş bilib şəhidlərlə birlikdə Füzulidəki Diaqnostika Mərkəzinə yolladılar. Həkimlər cəsədlər üzərində araşdırma aparanda məlum oldu ki, Elnurun nəbzi vurur. Dərhal Bakı şəhər Hərbi hospitalına yola salınsa da, ayın 12-də həyatla vidalaşdı. 
Elnur milli ordunun tərkibində (MAXE) xidmət eləsə də, döyüşlərin başladığı gündən kəşfiyyat dəstəsi ilə birlikdə Xüsusi Təyinatlıların tərkibində hərb tariximizin şanlı səhifələrini öz qanı ilə yazdı.
 Elnur qorxmazlığı və cəsarəti ilə ölümsüzlüyə ucaldı və şərəfli bir tarixə imza atdı. Amansız savaşlarda göstərdiyi rəşadətə görə “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları və ilə təltif olundu.
Yaşasın Azərbaycan və müzəffər Azərbaycan ordusu!

Ötətxan ELTAC

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar