Xəbər lenti
Ruhanin İrəvan səfəri: Bakıdan ciddi etirazlar səslənir
“İran hökuməti əzəldən Rusiya və Ermənistanla bir strateji oxda birləşib"
Dekabrın 21-də İran prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək. İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili deyib ki, H.Ruhani region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədi ilə qonşu ölkəyə gedəcək.
P.İsmaili deyib ki, bir günlük səfər zamanı H.Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcə də səfər çərçivəsində iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq. İki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.
P.İsmaili bildirib ki, H.Ruhani Ermənistandan sonra Qazaxıstana, daha sonra isə Qırğızıstana səfər edəcək. H.Ruhaninin iki müsəlman ölkəyə yolunu işğalçı Ermənistandan salması isə heç şübhəsiz birmənalı qaşılanmır. Azərbaycan ərazilərini 25 ildən artıqdır işğalda saxlayan, təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan bölgəni təhdid edən davranışlar sərgiləməklə təkcə Azərbaycanı deyil, region ölkələrinin hər birinin, o cümlədən İranın təhlükəsizliyini təhdid edir.
Elə bu ilin aprel döyüşləri zamanı Ermənistan ordusunun atdığı mərmilərdən bir neçəsi İran ərazisinə düşmüşdü. Unudulmamalıdır ki, 1992-ci ilin mayında Şuşa şəhəri məhz İranın vasitəçiliyi ilə Tehranda keçirilən danışıqlar zamanı işğal edildi və bununla Ermənistan müsəlman qonşumuzun da imicinə sarsıdıcı zərbə vurdu. Ancaq çox təəssüf ki, İran dövləti müsəlman qonşusunun ərazilərini işğalda saxlayan Ermənistana qarşı qardaş Türkiyə kimi sanksiya tətbiq etmək əvəzinə, işğalçıya Ter-Petrosyanın sözü ilə desək, “nəfəslik” rolunu oynamaqla onu xilas etdi.
Rusiyadan dəstək almasının, üstəlik, İranla əməkdaşlığının nəticəsində Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu da işğal etməyə, nəticədə Azərbaycan-İran sərhədlərinin bir hissəsinə nəzarəti ələ keçirməyə nail oldular. Hazırda isə İran-Ermənistan münasibətlərində yeni mərhələ başlanır. Tehranla İrəvan əlavə qaz anlaşması əldə etməyə çox yaxındır.
İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərinə sərt təpkilər verilsə də, rəsmi Bakı Ruhaninin gözlənilən İrəvan səfərinə təmkinli yanaşır. Yeri gəlmişkən, bu arada İran şirkətlərinin Şuşa məscidini bərpa edəcəyinə dair də xəbərlər yayılıb. Hətta dekabrın 7-də tərəflər arasında sənədin imzalandığı haqda erməni KİV-ləri xəbər yayıb. Lakin Tehran xəbəri təsdiqləmir.
“İran şirkətinin Şuşada məscid təmir etməsinə dair yayılan xəbərləri təsdiqləmirik”
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. (APA) “Bizdə iranlı mühəndislərin Qarabağda olmasına dair məlumat yoxdur, biz bunu təsdiq etmirik”, - deyə o bildirib. B. Qasimi deyib ki, Qafqaz bölgəsində etnik və regional gərginliklər olduğu üçün bəzi KİV mənbəyi məlum olmayan, yalan, əsassız məlumatlar yayır, İran haqqında da bəzən belə məlumatlar yayılır. “İranın Azərbaycan Respublikası, Qarabağ böhranı, eləcə də Ermənistana dair siyasəti dəyişməyib. Bizim mövqeyimiz sabitdir və bu mövqeni davam etdirəcəyik”, - deyə o qeyd edib.
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə də münasibət bildirən B.Qasimi deyib ki, Azərbaycan müstəqil ölkədir və bu, Azərbaycanın daxili məsələsidir: “Ancaq düşünürəm ki, Azərbaycan bu səfəri qəbul etməməli idi. Biz İsrailin dağıdıcı hərəkətlərini və fitnəkar davranışını müşahidə edirik. Onlar İslam ölkələri arasında münasibətlərdə problemlər yaratmaq niyyətindədirlər”.
“İran hökuməti əzəldən Rusiya və Ermənistanla bir strateji oxda birləşib. SSRİ dağılandan sonra Qərbə və türkçülüyə qarşı belə bir ox əmələ gəlib: Rusiya-Ermənistan-İran-Suriya. Və İranın bu strateji seçimi dini və qohum-qonşu aspektlərini üstələyir. Əfsus ki, vəziyyət belədir”. Bu fikirləri isə politoloq Hikmət Hacızadə söylədi.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə məsələyə sərt mövqe bildirdi: “Bu dövlətin adını müəyyənləşdiriblər ki, guya İran İslam Cümhuriyyətidir. Amma mən və mənimlə eyni fikirdə olanlar belə qəbul edirik ki, əslində bu, İran antiislam cümhuriyyətidir. Azərbaycan türklərinə qarşı ayrıseçkilik siyasəti apardığına, Allahın verdiyi dili onlara qadağan etdiyinə, öz konstitusiyasında yazılanlara da riayət etmədiyinə və İslamda qadağan olunan məzhəbçilik məsələlərini şişirtdiyinə, İslam dünyasında ayrıseçkiliyə yol verdiyinə, özünü də həddən artıq antiinsani və antiislam apardığına görə bu, gözləniləndir. Təbii ki, bugünkü İran erməni və rusla dost olmalıdır, bu, farsın şovinist siyasətinin nəticəsidir”.
M.Mirəlioğlunun fikrincə, Netanyahunun Azərbaycana səfəri Tehran üçün bir bəhanədir: “İran dünən də bu siyasəti yürüdüb, bu gün də yürüdür, sabah da yürüdəcək. Ona görə də burada başqa nəsə gözləmək qəribə olardı. Əgər bunun müctəhidləri də, dini rəhbərləri də eyni cür davranırsa, bizim torpaqların işğalına biganə qalırlarsa, ermənini özlərinə dost, hətta qardaş sayırlarsa, növbəti addımları da gözləmək lazımdır. Amma bəyanatlar səslənir ki, Bakı və Tehranın münasibətləri strateji qonşuluğa əsaslanır, bunlar boş şeylərdir, əməldə heç vaxt görünməyib. Bunlar bizə qarşı olduqlarını ən yumşaq şəkildə bayrağımızı baş-ayaq asmaqla göstəriblər”.
Yəhudi əsilli deputat Yevda Abramov isə deyir ki, İsraillə Azərbaycanın yaxınlaşması olanda bir sıra ölkələr qıcıqlanır, bu, təbiidir: “Bu ölkələrdən biri də İrandır. Şahın devrilməsindən sonra İsraillə İran arasında bəzi məsələlərdə anlaşılmazlıq əmələ gəlib, bunun da günahı Tehrandadır. Əslində İsrail bütün qonşularla dinc və əminamanlıq şəraitində yaşamağa meyl edən dövlətdir. Təəssüflər olsun ki, İran hakimiyyəti yetkililəri son bəyanatlarında İsrailə qarşı düşmənçilik münasibəti göstərirlər”. Y.Abramov Tehrandan İsrail-Azərbaycan əlaqələrinə verilən reaksiyaları da yersiz saydı: “İran dövləti əbədi olaraq bilməlidir ki, Azərbaycan dövləti öz xarici siyasətini özü müəyyənləşdirir. İran uzun illərdir ki, ərazimizin 20 faizini işğal edən bir ölkə ilə hərtərəfli dostluq edir, ona hərbi, siyasi dəstək verir. Ancaq biz buna bir söz demirik. İran Ermənistanı bu qədər müdafiə etməsəydi, Qarabağ məsələsi bəlkə də həll olunmuşduq. Amma müsəlman, qonşu bir dövlət bizə düşmən olan işğalçı ölkə ilə dostluq edir, öpüşüb-görüşürlər, İran rəhbərliyi Ermənistandakı yalançı soyqırım abidəsi önünə əklil qoyur. Amma biz yenə də buna təmkinli yanaşırıq”.
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Ruhaninin İrəvan səfəri İsrailin baş nazirinin Bakıya səfərinə cavabdır: “Bunu təbii qarşılamaq lazımdır. Dövlətlərin bir-biri ilə əlaqəsi normaldır. Beynəlxalq hüquqa görə iki ölkə arasındakı əlaqələr üçüncü dövlətə qarşı yönəlməməlidir. Bu baxımdan məsələyə düzgün qiymət verilməlidir”. S.Cəlaloğlu Bakının məsələyə təmkinli yanaşmasını anlaşılan sayır: “Əgər Azərbaycan əleyhinə, ölkəmizin maraqlarına zidd hər hansı bir müqavilə imzalancaqsa, təbii ki, etiraz etməliyik”.
İrandan İsrail baş nazirinin 19 illik fasilədən sonra Bakıya həyata keçirilən səfərinə sərt reaksiyalar verilmişdi. Ancaq Ermənistana İran prezidentləri səviyyəsində az qala hər il həyata keçirilən qarşılıqlı səfərlərə Bakı təmkinli davranış sərgiləyir, ekspertlər isə dözümlü münasibət bildirirlər. Görünən budur ki, Azərbaycan müsəlman qonşusu ilə münasibətləri qoruyub-saxlamaqda daha çox maraqlıdır. Elə bu arada İrandakı azərbaycanlı bir qrup fəalın həbs olunması da təəssüf doğurur. Bir ovuc İran ermənisinin bütün haqlara sahib olduğu halda, 35 milyonluq Azərbaycan türklərinin təbii haqlarının tanınmamasından söhbət gedir...
E.PAŞASOY, musavat.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar