Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

İsrail və İran: maraqlar və riyakar manipulyasiya

Tarix: 14-12-2016 16:27     Baxış: 4544 A- / A+
İsrail və İran: maraqlar və riyakar manipulyasiya


İsrailin dövlət olaraq yaşı azdır. II Dünya müharibəsindən sonra yaranmış bu dövlətin təşəkkülündə ABŞ və Rusiyanın oynadığı rol haqda danışılanda nədənsə digər dövlətlərin, xüsusən ozamankı İranın oynadığı rol unudulur. İsrailin ərəb dövlətlərini müharibələrdə udmasında İranın İsrailə maliyyə, siyasi dəstəyinin iştirakı şəksizdir. Həm də bu sadəcə Pəhləvilər dövrünün İranı ilə bağlı hal deyil. İslam inqilabının ilk illəri də daxil olmaqla, İranın neft ticarətində İsrail üçün xüsusi güzəştlər olub.

İsrailin ilk repatriantları içərisində iranlı yəhudilərin xüsusi ağırlığı var idi, həmin repatriantlar içərisindən müxtəlif siyasi, hərbi xadimlər, o cümlədən prezident də çıxmışdır. Bu, İsrailin təşəkkül dövründə ona lazım olan ən mühüm dəstək idi, yeni dövlət orda yaşayacaq vətəndaşlar olmadan mövcud ola bilməz. Odur ki, İranın ozamankı mövqeyi müsəlman dünyasında birbaşa xəyanət kimi dəyərləndirilmişdi.

İsrailin və İranın təbliğat vasitələri müasir İranın rolunu dini əfsanələrə görə yəhudiləri Babil əsarətindən xilas etmiş Kirin (başqa adla: Kuruş) oynadığı rolla müqayisə etmişdi. Nə az, nə çox.

İran İslam Respublikasının liderinin kəskin anti-İsrail ritorikası fonunda İran-İsrail əlaqələri gizli formada olsa da, davam edib. İranın hərbi aviasiyasında hələ də vaxtilə ABŞ-dan alınmış qırıcı təyyarələr (“F”-in müxtəlif modifikasiyaları) üstünlük təşkil edir. Bu qırıcıların uçuşu ona görə davam edir ki, vaxtında ehtiyat hissələri ilə təmin olunurlar. İranı ABŞ-ın bu xüsusi təyinatlı məhsulları ilə İsrail şirkətləri təmin edirdi. İsrail şirkətlərinin fəaliyyəti məxfi idi, amma hər üç dövlətin rəhbərinin bu məsələdən xəbəri var idi. Yalnız ABŞ Prezidenti Barak Obamanın İrana münasibətindəki narahatlığı İsrail şirkətlərinin bu əməliyyatda iştirakını dayandırdı. Bu zaman İran bu işi erməni lobbisi vasitəsi ilə qurdu. ABŞ hökuməti isə İrana hərbi təyinatlı məhsul satdığına görə, ikisi ABŞ vətəndaşı olmaqla, 4 ermənini həbs etdi.

Şah və İslam İranının İsraillə belə münasibətləri fonunda İsraillə əlaqəyə görə Azərbaycana irad bildirməsi ağlın dərk etdiyi məsələ deyil.

Azərbaycan-İsrail əməkdaşlığı: tarixi zərurət

Bəs İsrail-Azərbaycan əlaqələrinin kökündə nə dayanır? İndiki məzmunda Azərbaycan-İsrail münasibətlərinin formalaşmasında 1992-ci ildə Şuşanın işğalı əsas amil oldu. Azərbaycan İranın vasitəçilik missiyasını qəbul etdiyi, İranı regional siyasətə buraxdığı üçün Rusiya Ermənistanın əli ilə bizi cəzalandırdı, Şuşa işğal edildi. Qəribədir ki, İran Rusiyadan və Ermənistandan üz döndərmək əvəzinə 1992-ci ildən sonra İran Ermənistana maliyyə və siyasi dəstəyini daha da artırdı.

O dövrdə dövlətlərin çoxuna, o cümlədən İrana da hərbi yardımla bağlı müraciət edilsə də, kömək edilmədi. Kömək İsraildəki keçmiş bakılı yəhudilərdən və ABŞ-dakı yəhudi lobbisindən gəldi.

Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır.

Azərbaycan İsraildən 4 milyard 850 milyon dollar məbləğində silah alıb. Halbuki İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb.

İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Belə ki, dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərirlər.

Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə 70 min Azərbaycan əsilli yəhudi yaşayır.

İki ölkənin əsas hədəfi təkcə silah və neft ticarəti ilə kifayətlənməyərək, iqtisadi əlaqələrin şaxələndirilməsidir.

Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər. Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır.

Qeyd etməliyik ki, Azərbaycan-İsrail arasında qarşılıqlı-faydalı münasibətlər eyni zamanda dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.

Bu necə şiəlikdir?

İran Şuşanın işğalından sonra düzgün siyasət aparsaydı, bəlkə də İsrail lobbisinə ehtiyac qalmazdı: İran Dağlıq Qarabağ münaqişəsi regionunun yeganə qonşusudur. Münaqişəyə təsir etmək üçün ən böyük rıçaq məhz onun əlindədir. İran istəsə, bir neçə saat ərzində münaqişəni həll edə bilər. Amma etmir. Azərbaycanın əleyhinə illər boyu hər gün 24 saat yalan istehsal etmək əvəzinə 3 kəlmə ilə bunun səbəbini izah edə bilərdi.

İranın Ermənistana maliyyə dəstəyi 20 il ərzində 2 milyard dolları ötüb. Siyasi dəstək bir yana, İran Ermənistana hərbi yardım edib. Bu dəqiqdir. Ola bilər, indi də edir, çünki İranla Ermənistan arasında hərbi mövzuda rəsmi danışıqlar aparılır. 2009-cu ilin iyulunda Tehran-İrəvan sərnişin təyyarəsinin qəzası vacib sirrin üstünü açdı. Qəza içində general da olan 10 İran hərbçisinin ömrünə son qoydu. Almaniyada təhsil almış yüksək səviyyəli İran hərbçiləri Ermənistanda, o cümlədən işğal olunmuş ərazilərdə (Kəlbəcərdə) Hava Hücumundan Müdafiə sistemi qururlarmış. Ailə üzvlərinin məlumatına görə, bu, həmin hərbçilərin Ermənistana 3-cü ezamiyyəti imiş.

Ermənilərin fikrincə, aprel döyüşlərində Azərbaycanın qalib gəlməsinin səbəbi İsrail silahlarıdır. Bu İsrail, bu da İran.

Ermənistan çoxlu sayda anti-İran əməllərin sahibidir. Amma Tehran özünü görməzliyə vurub. İranın vasitəçilik təşəbbüsü yenidən ortalıqdadır. Azərbaycanın yanaşması müsbətdir. Ermənistan qəbul etmədi. İran isə Ermənistanla münasibətini daha da artırmaqla buna reaksiya verdi.

İslam dinimizdə qəsbkarlarla davranmağın yolları barədə çoxlu dini hökmlər və nümunələr var. Erməni işğalına yardım etməklə İran təkcə anti-Azərbaycan deyil, həm anti-islam mövqeyi nümayiş etdirir.

Çox ciddi bir nüans da var. İran zəif və xüsusi çəkisi olmayan bir dövlətdir. İran güclü dövlət olsaydı, qonşuluğunda şiə torpağı işğal olunmazdı, işğal bu qədər davam etməzdi. İran əgər zəif dövlətdirsə, onun mövqeyi nəzərə alınmamalıdır.

Azərbaycanın prinsipiallığı fonunda bizi ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar:

İranın bütün sabiq prezident və vitse-prezidentləri Ermənistana səfər etmiş və Ermənistanın prezident, baş nazir və digər ali rəsmi şəxslərini öz ölkələrində yüksək səviyyədə qarşılamışlar. Bunu İranın milli maraqları çərçivəsində olduqları ilə əsaslandırmağa çalışmışlar;
İranla Ermənistan arasında viza rejimi qaldırılmış, hazırda İran Prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə hazırlıqlar aparılır;
Bu zaman nəinki müsəlman həmrəyliyi, Azərbaycan ərazisində 1 milyondan çox müsəlman–şiənin doğma yurd-yuvasından didərgin salınması nəzərə alınmır, İran ali dinli liderinin Ermənistana hər cür əlaqələri yasaq edən fitvası da unudulur;
Yaxın Şərqdəki hadisələr zamanı müsəlman həmrəyliyi zərurətini qabardan İran nədənsə öz qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalmır.
Unutmayaq ki, İranın Səudiyyə Ərəbistanı, Misir, Pakistan və digər müsəlman dövlətlərlə də problemi var. İsraildən sonra bu dövlətlərlə əlaqələrimizin kəsilməsini gündəliyə gətirəcək. İran Rusiyaya rəqib kimi yanaşır, günün birində Rusiya ilə bağlı da tələb irəli sürə bilər.

Azərbaycan və İslam həmrəyliyi

Azərbaycan İsraillə münasibətlərin inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil. Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi, ortaq mədəniyyəti, dili bölüşən İordaniya ilə İsrailin münasibətləri həmişə yüksək səviyyədə olmuş, bu ölkə əhalisinin çoxluğunun keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməmişdir.

İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyətinə inteqrasiya edib, orduda, parlamentdə təmsil olunurlar.

İsraildə belə düşünürlər ki, müsəlman dünyasının özlərinə qarşı mövqeyini dəyişə biliblər. Müsəlman dünyasında indi İsrail düşmən kimi qəbul edilmir. Hətta İranın siyasətinin aqressiv anlaşılması İsraillə ərəb dövlətlərini xeyli yaxınlaşdırıb.

Türkiyə, Misir kimi islam dünyasının aparıcı söz sahibi sayılan dövlətlərin uzun illər İsraillə sıx əlaqələri olub, bu gün də həmin ölkələrin İsraillə əlaqələri kifayət qədər sıxdır.

İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də Azərbaycan deyil, İsrail baş nazir Azərbaycandan sonra Qazaxıstana da səfər etdi.

Qazaxıstanın həm İsrail, həm də İranla əlaqələri xeyli inkişaf edib. Hər iki dövlətin Qazaxıstandakı iqtisadi iştirakları 10 milyard dolları ötüb. İran özünün nüvə proqramında Qazaxıstana ayrılmış rolu qəbul etdi. Qazaxıstanın enerji sahəsində, xüsusilə nüvə proqramlarında İsrailin və yəhudilərin iştirakı var. İranın həm quru və həm də Xəzər dənizi ilə strateji kommunikasiyalar qurduğu Qazaxıstan İsrailin müasir silahlarının və hərbi texnologiyalarının iri istehlakçısıdır.

Türkmənistan–İsrail əlaqələri həmişə qarşılıqlı dinamikaya malik olub. İranın qonşusu olan Türkmənistan İsraillə tam formatlı diplomatik əlaqələr qura bilməsə də, hərbi-texniki əməkdaşlıq qura bilib.

Azərbaycan dövləti İsrail ilə münasibətlərində Fələstin faktını da nəzərə alır. Ölkəmiz Fələstin administrasiyası ilə hələ 1992-ci ilin 15 aprelində diplomatik əlaqələr qurmuş, bu əlaqələrdə dostluq, qardaşlıq, xalqların BMT çərçivəsində hüquqlarını müdafiə prinsiplərinə həmişə sadiq olmuşdur.

1995-ci ilin 22 oktyabrda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfatla görüşmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev də bu əlaqələrin inkişafına xüsusi həssaslıq göstərmişdir, bu gün Bakıdakı Fələstin səfirliyi məhz Azərbaycanın vəsaiti ilə fəaliyyət göstərir.

Azərbaycanın dəvətilə 2011-ci ilin iyunun 28-də Fələstin Prezidenti Mahmud Abbası Bakıya səfər etmişdir.

İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı, eləcə də digər beynəlxalq təşkilatlarda aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstini dəstəkləmişdir. Azərbaycan təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, YUNESKO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən 20-dən artıq qətnamənin lehinə səs vermişdir.

Azərbaycan Fələstin məsələsini BMT TŞ-nın qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil etmişdi.

Azərbaycan rəsmi səviyyədə Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil Fələstin dövlətinin yaradılmasında tam dəstəyini bəyan etmişdir.

Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə 2012-ci il ərzində humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərilmiş, 2013-cü il iyunun 11-də Bakıda İƏT xarici işlər nazirlərinin Qüds şəhərinə dəstək məqsədilə donor konfransı və Fələstin dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı keçirilmişdir. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə Azərbaycan tərəfindən maliyyə yardımı ayrılmışdır.

Son 5 ildə Fələstinlə Azərbaycan arasında 4 saziş və Anlaşma memorandumu imzalanmışdır.

Azərbaycan prezidenti dəfələrlə dəvət edilməsinə baxmayaraq, İsrailə səfər etməmiş, bu günə qədər İsraildə Azərbaycan səfirliyi açılmamışdır. Azərbaycan müsəlman həmrəyliyinin gücləndirilməsinə, eyni zamanda Qərblə müsəlman dünyası arasında gərginliyin aradan qaldırılmasına böyük töhfə vermiş, Azərbaycan Prezidenti bütün ali tribunalardan islamafobiyaya qarşı barışmaz mövqeyini ifadə etmişdir.

Azərbaycan dövlətinin belə ardıcıl mövqeyi müsəlman dünyasında təqdirlə qarşılanmış, Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib.

İslam Əməkdaşlığı Təşkilatı İstanbulda keçirilən 13-cü zirvə görüşündə Azərbaycanı müdafiə edən qətnaməsində də ölkəmizin islamofobiya qarşı mübarizəyə, müsəlman həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfə xüsusi olaraq vurğulanmışdır.

Azərbaycan-İsrail əlaqələri barədə müsəlman dövlətləri, islam dünyasında fəaliyyət göstərən beynəlxalq, regional və subregional təşkilatlar məlumatlıdırlar. Onlar İsrail-Azərbaycan münasibətlərini müsəlman dünyası üçün təhlükəli hesab etmirlər. Bu səbəbdən bütün konfrans və tədbirlərində Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayırır və Azərbaycanın haqq işini aktiv formada qətiyyətlə dəstəkləyirlər.

Bütün bunlardan sonra hər hansı bir dövlətin və ya həmin dövlətdəki müəyyən çevrələrin Azərbaycanın İsraillə əlaqələrini təftiş etməsi mənasızdır.

Mübariz Əhmədoğlu, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar