Xəbər lenti
Sülhəddin Əkbər: “Bu komanda ilə islahat mümkün deyil”
“Rusiya Azərbaycanda çox güclüdür, “beşinci kolon”u da çox güclüdür”
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər musavat.com-a ölkənin ictimai-siyasi durumu ilə bağlı müsahibə verib. Partiya sədri siyasi həyatdakı durğunluğun səbəblərindən, iqtisadiyyatdakı problemlərin ciddiliyindən, o cümlədən keçirilməsi vacib olan islahatlardan danışıb. Manevr.az həmin müahibəni təqdim edir:
- Sülhəddin bəy, ölkənin siyasi həyatında sakitlik, durğunluq var. Səbəblər nədir?
- Durğunluğun səbəbi odur ki, cəmiyyət hələ gözləmə mərhələsindədir. Ölkə yaxın dövrdə bir sıra ictimai-siyasi mərhələlərdən keçəcək. Mən bunu hələ 2015-ci ildə demişdim və prosesi üç mərhələyə bölmüşdüm. Birinci mərhələ gözləntilər mərhələsidir. Azərbaycan cəmiyyətinin hakimiyyətdən gözləntiləri var və gözləyirlər ki, hakimiyyət yaranmış bu vəziyyətdən çıxaracaq. Onda hələ birinci devalvasiya olmuşdu. Cəmiyyət gözləyirdi ki, hakimiyyət doğrudan da ölkədə geniş islahatlar aparacaq və yaranmış vəziyyətdən həm cəmiyyəti, həm də dövləti çıxaracaq. Amma keçən bu müddət ərzində gözləntilərin doğrulmadığı üzə çıxdı. Həmin qiymətləndirməmdə qalıram.
Gözləntilər mərhələsi üçüncü devalvasiyada bitəcək. Hakimiyyət çalışır ki, üçüncü devalvasiya olmasın. Xalq artıq anlayacaq ki, bu hakimiyyətin Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq potensialı yoxdur, tükənib. Çünki Azərbaycanın mövcud iqtidarı Azərbaycan iqtisadiyyatını xammal üzərində qurmuşdu, enerji daşıyıcıları ixracından ölkəyə gələn dollar axını hesabına qurmuşdu. Düşünürdülər ki, uzun illər bu axın davam edəcək. Onlar da heç bir problemsiz iqtisadi-sosial məsələləri həll edəcəklər. Xalq da siyasi baxımdan hakimiyyətin davranışına dözümlü yanaşacaq. Azərbaycan cəmiyyətində imzalanmamış bir ictimai razılaşma var idi: hakimiyyət cəmiyyətin minimum tələbatını ödəyir, perspektiv vəd edir, insanlar da artıq siyasi sahədə yaranmış bu avtoritar rejimlə barışırlar.
- Gözləntilər bitəndən sonra nə olacaq?
- İkinci mərhələ - alternativ axtarışı mərhələsi başlayacaq və bu, çox uzanacaq. Çünki hakimiyyət bunu əvvəlcədən gördüyünə görə və Rusiyanın xüsusi xidmət orqanları da öncədən gördüyünə görə, tədbir görüblər. Qarışıqlıq dövründə ölkədə hərəkətə keçə biləcək qüvvələrin sıradan çıxarılmasını həyata keçiriblər. Birinci Azərbaycanda siyasi müxalifət, sonra müstəqil media, müstəqil həmkarlar təşkilatı sıradan çıxarıldı. Növbə ziyalılara çatdı, ziyalılar satın alındı, bu yaranmış vəziyyətlə barışmayanlar ölkəni tərk etməyə məcbur oldu, bir qismi vəziyyətlə barışdı.
Qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti sıradan çıxarıldı. Nəhayət, iş adamları və dini icmalar sıradan çıxarıldı. Yəni Azərbaycanda ictimai-siyasi dəyişikliklərin bütün infrastrukturu öncədən sıradan çıxarılıb. Azərbaycanda dinc demokratik inkişafın bütün infrastrukturu sıradan çıxarılıb, ya da təsirsiz hala gətirilib. Alternativsizlik şəraiti yaradıblar. Xaricə də göstərirlər ki, baxın, ölkədə dinc demokratik hərəkata öncüllük edəcək bir demokratik güc yoxdur. Alternativ olsa-olsa, xarici dəstəkli radikal ekstremist dini qüvvələr ola bilər. Onlara da baxanda üstünlük dünyəvi dövlətə veriləcək. Avtoritar olsa da, dünyəvi inkişaf yolunu seçən rejimə üstünlük veriləcək. Hakimiyyətin ictimai-siyasi baxış sistemi bundan ibarətdir.
Həm ölkə ictimaiyyəti, həm beynəlxalq ictimaiyyət seçim qarşısında qalacaq. İki pisdən birini seçməlidir. Anternativ axtarışı buna görə uzanacaq, ta ki cəmiyyət real alternativ görənə qədər belə olacaq. Bəzən demokratik cameə xalqı passivlikdə, meydanlara çıxmamaqda qınayır. Azərbaycan cəmiyyəti çox ağıllı, təhsilli, praqmatik cəmiyyətdir. Nə vaxt dəyişiklik üçün azacıq ehtimal görüb, hər zaman öndə olan qüvvələri, o cümlədən başqa demokratik qüvvələri hər zaman müdafiə edib. Yaxın siyasi təcrübəmizdə bunu görmüşük.
“Ölkədə demokratik inkişafın bütün infrastrukturu sıradan çıxarılıb, ya da təsirsiz hala gətirilib”
- Müxalifətin susqunluğunun, aktiv olmamasının səbəbləri təkcə iqtidarlamı bağlıdır?
- Başlıca səbəbi hakimiyyətdir. Hakimiyyətin verdiyi imkanlar, istər inzibati resurlar olsun, insan maliyyə, güc, real güc resursları, qeyri-qanuni qüvvələri olsun, bunlar çoxdur. Cəmiyyətə müxalifətdən daha çox vermə imkanı var. Hakimiyyətin vəzifə, vermək imkanları var, pul vermək, iş qurmaları üçün şərait yaratmaq imkanları var. Bunların heç biri müxalifətdə yoxdur. Belə avtoritar cəmiyyətlərdə müxalifət ancaq mənəvi güc olaraq alternativ yarada bilər. Bu keçən 23 ildən artıq müddət ərzində Azərbaycan müxalifətini təmsil edən siyasi qüvvələr, demək olar, eynidir.
O qüvvələr nə təkbaşına, nə də birləşərək bu günə qədər real nəticə oraya qoya bilməyib. Birinci səbəb hakimiyyətin repressiv siyasəti, ikinci səbəbi müxalifətin ortaya real nəticə qoymamasıdır. Səbəbi nə olursa olsun, real nəticə qoya bilməməsidir. Müxalifət bu səbəbdən getdikcə zəifləyib, sıraları seyrəlməyə başlayıb, bölünmələr, alternativ partiyalar, satınalınmalar, siyasi partiyaların yönətim qurumunun rəhbərliyinin ələ keçirilməsi, daxili intriqalar, bir tərəfdən maliyyə mənbələrinin kəsilməsi, informasiya resurslarının sıradan çıxarılması baş verib. Müxalifət 2003-cü ildən sonra bu günə gəlib çıxdı. Artıq cəmiyyət bu siyasi qüvvələrin proseslərə təsir imkanlarının olduğunu düşünmür və onlara maraq göstərmir.
- Ölkə iqtisadiyyatının ciddi problemləri var və artmaqdadır. Hökumətin problemlərə yanaşması necədir? Atılan addımlar problemləri həll edəcəkmi?
- Xeyr. Mənim fikrimcə, Azərbaycan hakimiyyətində sistem böhranı yaşanır. Sistem böhranı ötən ildən, 21 fevral 2015-ci il devalvasiyasından sonra ortaya çıxdı. Beynəlxalq Bankda baş verənlər, sonra Rabitə Nazirliyindəki həbslər, prosesin inkişaf edərək Milli Təhlükəsizlik Nazirliyinə keçməsi göstərdi ki, Azərbaycanda təkcə maliyyə-iqtisadi böhran yox, həm də idarəçilik böhranı yaşanır. Bir ölkənin milli təhlükəsizliyinə daxil olan əsas qurumu bu qədər cinayətin içərisindədirsə, bu qədər şüurlu şəkildə təşkil olunmuş cinayət fəaliyyəti ilə məşğuldursa, bu cəmiyyətin təhlükəsizliyindən söhbət gedə bilməz.
Ərazisinin bir hissəsi işğal olunan, müharibə şəraitində olan bir dövlətdən söhbət gedir. Ölkəyə uzun illər neftdən böyük gəlirlər daxil oldu, bundan rasional istifadə olunmadı. Bu proses inkişaf etdi və dünya bazarında neftin qiymətinin kəskin düşməsi ilə vəziyyət dəyişdi. Neftin ucuzlaşması geopolitik siyasi amillə bağlıdır, Rusiya faktoru ilə bağlı məsələdir. Rusiyaya qarşı vaxtilə SSRİ-ni dağıtmağa yönəlmiş strategiyadır. Bir müddət əvvəl Azərbaycanın dövlət başçısı dedi ki, biz böhranı 2030-cu illərdə gözləyirdik. Amma 2015-ci ildə baş verdi.
Deməli, bir neçə ay irəlini görə bilməyiblər. Artıq Ukrayna krizisi başlayanda, Azərbaycan hakimiyyəti anlamalı idi ki, neft dövrü bitdi. Dərhal təxirəsalınmaz çox ciddi addımlar atılmalı idi. Çünki iqtisadi, sosial sferada islahat aparılmasa, iqtisadi baxımdan ölkə güclənməsə, digər sahələrin inkişafı da mümkün olmayacaq. Nə ölkənin müdafiə qabiliyyəti, nə sənayeləşməsi mümkün olacaq.
Nə də sosial problemlərin həlli qeyri-mümkün olur. Dollar hesabı ilə ümumdaxili məhsul iki dəfə azalıb. Ekspertlərin hesablamalarına görə, gələn ilin fevral ayından sonra artıq bu resurslar da tükənəcək, inzibati yollarla manatın kursunu saxlamaq mümkün olmayacaq. Dollar 3-4 manata qalxacaq, bunu hətta hakimiyyət ekspertləri də deyirlər. Digər tərəfdən, inflyasiyanı saxlamaq mümkün olmayacaq.
Bu gün Azərbaycanda paradoksal vəziyyətdir. Dəyişiklik edəcək qüvvələr hamısı sıradan çıxarılıb. Yeni qüvvə də meydana çıxmayıb. Dinc demokratik dəyişikliklərin hərəkətverici qüvvəsi milli burjuaziyadır, orta sinifdir. Bu gün Azərbaycanda nə milli burjuaziya var, nə orta sinif. Ona görə Azərbaycanda ağırlaşmalar olan ictimai-siyasi proses gedir.
- Ölkədə qeyri-neft sektorunun inkişafı barədə danışılır. Mümkün olacaqmı? Kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdiriləcəyi gözləntisi var cəhdlər var.
- Dünya təcrübəsi göstərir ki, əgər bir siyasi komanda dövləti, cəmiyyəti, yaxud iqtisadiyyatı böhran halına salırsa, onun özünü dəyişmədən yaratdığı bu vəziyyətdən çıxmaq qeyri-mümkündür. Təsəvvür edin, ölkədə böhran yaranıb, böhran yaradan komanda ortadadır. Amma həmin komanda çalışır, komanda belə dəyişməyib. Ölkədə yeni fikirli, iqtisadiyyata yeni baxışı olan yeni komanda təşkil olunmalıdır. Yeni komanda yeni proqramla, antiböhran proqramı ilə gəlməli idi. Artıq ölkəni maliyyə iqtisadi böhrandan çıxaracaq bir proqram olmalı idi. Parlament dəstəyi aldıqdan sonra da işə başlamalı idi. Proqram da elmi əsaslı, dünya təcrübəsini nəzərə alan proqram olmalı idi. O zaman müəyyən bir inandırıcılıq ola bilərdi. O zaman ölkədə artıq çox ciddi, dərin, demokratik istahatlar başlamalı idi. Hər bir dəyişiklik islahat deyil. Geriyə getmək də dəyişiklikdir, amma ona proqres yox, reqress deyirlər. Bu komanda qaldıqda, cəmiyyəti ancaq geri götürə bilər. Reqress dərinləşə bilər. Dəyişiklik olacaq, amma irəliyə olmayacaq. Yeni komanda lazımdır, struktur dəyişiklikləri olmalıdır. Ölkə iqtisadiyyatının strukturu dəyişilməlidir. Qeyri-neft sektoru və xidmət sahələri inkişaf etdirilməlidir. Real sektor inkişaf etdirilməlidir. Müasir dövrdə inkişaf demokratiyadan keçir. Müasir dövlət demokratikləşmiş, sənayeləşmiş dövlətdir.
“Dövlət başçısı qarşısında Rusiyanı, İranı görəcək, əgər...”
- Referendumdan sonra ölkədə islahatların olacağı vədi var idi. Bildirilirdi ki, referendumdan dərhal sonra islahatlara start verəcək. Niyə islahatlar görünmür?
- Mənim islahatla bağlı gözləntim yoxdur. Bu gözləntilər fevral devalvasiyasından bir neçə ay sonra bitdi. İslahat adına müəyyən addımlar atıldı, qısa zamandan sonra geri oxundu. Yəni dövlət başçısı belə, öz istədiklərini edə bilmir. Bu komanda dəyişilməyincə, islahatçı bir komanda gəlməyincə Azərbaycanda hər hansı inkişaf istiqamətində dəyişikliyin olacağını gözləmirəm. Komandanın dəyişilməsi də çox çətindir. Çünki Rusiya Azərbaycanda çox güclüdür, “beşinci kolon” çox güclüdür. Dövlət siyasətinə birbaşa təsir edirlər. Azərbaycanda islahatların aparılmasına, hətta dövlət başçısı da istəsə belə, imkan verməyəcəklər. O gücdədirlər. Bir yol var ancaq. Dövlət başçısı siyasi iradə nümayiş etdirib Azərbaycanda yerdə qalan demokratik qüvvələrlə açıq dialoqa getməlidir. Hətta gələcək komandada heç bir müxalifət üzvü olmaya da bilər. Demokratik qüvvələrdən edəcəyi dəyişiklikləri dəstəkləmək haqqında vəd ala bilər. Azərbaycan cəmiyyəti ilə dövlət başçısı anlaşmalıdır. Bu razılaşmadan sonra dəyişikliyə cəhd edə bilər. Çünki qarşısında Rusiyanı, İranı görəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar