Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Şeir yazmaq - sevmək, inanmaq və təbiətin bir hissəsi olaraq yaşamaq gerçəyidir

Tarix: 29-05-2017 12:53     Baxış: 2938 A- / A+
Şeir yazmaq - sevmək, inanmaq və təbiətin bir hissəsi olaraq yaşamaq gerçəyidir

Bu günlərdə Sumqayıt şəhərinin möhtəşəm “Poeziya Evi”ndə növbəti bir tədbirin qonağı, eyni zamanda, iştirakçısı oldum. Düzünü deyim ki, son zamanlar kitab təqdimatı və müəlliflərlə görüş olaraq təşkil edilən "imza günləri" qələm adamlarını bir araya gətirən yeganə ünsiyyət vasitəsi olaraq təqdirəlayiq bir haldır.
O cümlədən çox sayda oxucu və ədəbiyyatsevərin iştirakı da diqqət çəkirdi. Söz yox ki, oturanlar arasında uğurlu gələcəyi olan gənclərimiz və artıq qismən də olsa, özünü təsdiqləmiş orta yaşlı imza sahibləri də az deyildi. Hansı ki, kimi yazı üslubu, kimi düşüncə tərzi ilə fərqli ədəbi nəticələr ortaya qoymaqdadırlar.

Sumqayıt şəhərində düzənlənən bu dəfəki tədbirin səbəbkarı dəyərli dost, peşəkar jurnalist, şair Namiq Dəlidağlı və onun yeni nəşr olunmuş "Otel otağından reportaj" kitabı idi. Təqdimatı 1990-cı ldən Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru, şair İbrahim İlyaslı özünəməxsus xoş ovqat yaradan tərzi ilə idarə etdi.
Müəllifin arzusuna uyğun hamıya söz demək, özünü qədərinə uyğun ifadə etmək imkanı yaradıldı. Bu da tədbirin həm yerli, həm də Bakıdan söz işığına gələn qonaq iştirakçılarını xoş ovqata kökləmiş oldu.

Namiq Dəlidağlını ilk olaraq el-el, oba-oba gəzərək sözə, söhbətə tapınan bir el aşığına bənzədirəm. Klassik ənənələrə söykənərək ağrı-acılardan doyunca dadır və üzülüncə də:

"Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu
dolanırdı başımda"

-deyə danışıq dilinə yaxın, bər-bəzəksiz, söhbətləşirmiş kimi düşüncələrini bölüşür. Özünəməxsus zərifliklə içində haray qoparan hıçqırıqları nota köçürürmüş kimi yazır. Bu şairin özüdür:

"Gülü güllələndi, çiçəyi öldü,
yarpağı qurudu, ləçəyi öldü.
Dağların ən gözəl-göyçəyi öldü,
Nə ağır yas düşdü dağlara, qardaş."

Bu təbiiliyin fonunda onun həm sevgi, həm də yurddaş etirafları yer alır. Artıq kimsədə günah görmür, günahkar olaraq özünü tapır, səbəbləri özündə axtarır:

"...Məndən adamlıq umma,
adamlıqdan çıxmışam.
Özümü öldürmüşəm,
günahıma batmışam."


Namiq Dəlidağlı imzasını daha çox başqalarından fərqli düşüncə tərzi ilə tanıdım. Yazı üslubu, təbii ki, xətasız deyil. Lakin düşüncə və yaşam tərzi bir-birinə çox yaxın, çox doğmadır. O cümlədən "Vağzal gəraylısı" nın cızdığı tablo üzücü olduğu qədər, həm də düşündürücüdür.

"Uzun ayrılıqlar vağzallardan başlayır...
Qatarların, təyyarələrin, ...
çiyinlərində daşınır şəhərlərə..."


Müəllifin vətən sevgisi, yurddaşlıq duyğuları daha çox ağrılı məqamları ilə yadda qalır. Özü də heç vaxt unutmayacağı və unuda bilməyəcəyi bir taleni yaşamağa məhkum kimidir:

"Qaçqın", "köçkün" -bu ad bizə bir yamaq,
yaman dərddi, belə adla yaşamaq!"
-deyə yenə çözümsüz görünən dərdləri xatırladır və bu tale ilə barışanları qınayır. Başqa bir şeirində:

"Düşmən gülləsindən qaya çapılıb,
Həsrətdən dağların qaşı çatılıb.
Sınıq pəncərəli, sınıq qapılı
Allah, evimizin daşı üşüyür..."
-deyə elliklə yaşanılan faciələrin unutqanlıq nədənindən bəhs edir. Eyni zamanda dərdi-səri eyni olan yurd sevdalıları ilə bir araya gələrək dil açır. Kəlbəcər yanğısını Laçın ağrısına, Zəngəzur həsrətinə, Dərbənd və Təbriz niskilinə qataraq göynəyini qələmə alır:

"...On beş il xan Laçına gedə bilmədi,
Ağa Laçınlı: şirə çəkməyə, bal toplamağa
Bakıda mayasını yedi və ..."
-deyə burda sözün bitdiyi yer olduğunu xatırladır. Bənzətmə və təşbehləri yerli-yerində işlətmə məharəti ilə diqqət çəkir Dəlidağlı. O cümlədən Məmməd Aslanın xatirəsinə yazılan şeirdəki bənzətmə təbii olduğu qədər də gerçəkdir:

"...Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək,
ürəkdən çəkəcək, gözdən çəkəcək."


"Şəhər ağaclarına ağı" şeirində ətraf mühitin, təbiətin baxımsızlığı söz konusu olaraq canlı ifadələrlə yazıya köçürülür:

"...Ağaclar necə də yetimdi burda,
üstündən-başından köhnəlik yağır,
üzündən-gözündən köləlik yağır.
Baltalı adamlar cumur üstünə,
xatalı adamlar cumur üstünə."


Kitabın adından da göründüyü kimi qaçqın, köçkün düşmüş yurddaşların yaralı istəklərinin, çözümsüz dərdlərinin xatirəyə dönüşü "Otel otağından reportaj" kimi təqdim olunur. Pənah gətirdiyi sığınacağı otel, özünü "qərib" sayan müəllifin bu kitabı ağrı-acılarla ovunmuş istehza, qınaq dolu söz qonaqlığıdır:
"...Uzun yolların əyninə biçilir
xəyallarım hər gün...
və ayrılıq rəngində yuxular
görürəm hər gecə... "


O cümlədən "İstək 18+" başlıqlı şeiri də fərqli düşüncənin məhsuludur. Şeirdə vaxtında seçim imkanlarını düzgün dəyərləndirə bilməyən adamların yarımçıq qalmış istəklərinin faciəvi gerçəyindən bəhs olunur:
"Həyatında çılpaq qadın
görməmişdi İsmayıl kişi.
Özündən on-on beş yaş böyük arvadının
dörd arşınlıq tumanla
yanında yatdığını deyirdi..."


"Sənə yazılan şeir"ində də "18+" işarəsi ilə təsvir olunan səhnə:
"Bədəninin qoxusunu,
çəkdim başıma,
gecəni sərxoş elədim."
-deyə xoş ovqat yaradaraq xatirələri vərəqləyir.

"...Ancaq atamın məzarından
xatirələrimi götürməyə
üzüm qalmayıb.
Bilirəm ki, atam
xatirələri nifrətə çevirib
tüpürəcək üzümə..."
-deyə əslində ürəyindən keçənləri, demək istədiklərini yazır.

Sonra da ağrılı yaşamın gerçəyini dilə gətirərək:
"...Burda sonuncu ölünü
Tanrı götürəcək yerdən."
-deyə sayqısızlığa, unutqanlığa üsyan edir.
Namiq bəyin dilində sadəlik, səmimiyyət əsas amildir. El arasında "əzizlənən" qarğışlardan poeziyada belə ustalıqla iştifadə edilməsi diqqətdən yayınmır:

"Namiq adlı oğlun ölsün, ay ana,
Səni Kəlbəcərə aparanmıram."
və ya

"Yıxılsin sənin evin,
indi necədi kefin?
Səni sevmədim: sevin,
qarıtdım, gözün aydın."
və ya başqa şeirində:

"İndi görən hardasan,
ay yolları "bağlanmış".
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış."


Dilimizin zənginliyi baxımından yanaşanda "Qabqarmaq" -qablaşdırmaq, qaba yığmaq və ya iç-içə yığmaq kimi anlaşılır. Bu ifadənin "Payız adam" şeirində tapıntı kimi görünməsi xoşağələndir:
"Bu fəsil əynində köhnəldi sənin.
Ürəyinə qabqardığın
heydən düşmüş arzularınla
can üstə olan xatirələrinə yol gedirsən.
Hələlik..."


Təbii ki, müəllifin peşəkar jurnalist yanaşması ilə, publisist taktikası şeirlərin ruhunu sarmışdır. Bununla belə, onun həqiqi dost, yurddaş və ziyalı baxışları şəxsiyyətinin sevilməsi üçün zəmin hazırlamış olur. Şeir yazmaq- sevmək, inanmaq və təbiətin bir hissəsi olaraq yaşamaq gerçəyidir. Namiq bəyə bu gerçəkliklə uzunmüddətli dostluq arzulayıram.

Akəm XAQAN, şair, tənqidçi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar