Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Payızda getmişdin, bahar da gəldi, yerinə durnalar döndü, hardasan?"--Sabir SARVAN -ŞEİRLƏR

Tarix: 21-04-2017 22:23     Baxış: 3883 A- / A+
"Payızda getmişdin, bahar da gəldi, yerinə durnalar döndü, hardasan?"--Sabir SARVAN


Zamanın atı dayansın, nə tez gəlib keçdi vaxt – vədə dediyimiz. Elə bil dünən idi...Fələk qarı, sevinmə...sevinmə ki, gözəl insan, sadiq döst, istedadlı şair, qələminə və vicdanına heç vaxt xəyanət etməyən, sözünün ağası, sözün qulu olan gerçək ədəbiyyat adamını aramızdan vaxtsız apardığına. 40 gün deyil, 40 il, 400 il keçsə belə onun yatdığı torpaqdan hər gün bir Sabir Sarvan boy verəcək, qalxacaq:”Sözdən oyana MƏN varam”- deyəcək. Nə qədər ki, Türk dili, Turan dünyası yaşayacaq,nə qədər ki, dünyada söz qalacaq, Sabir Sarvan ömrü o qədər uzanacaq. Dostları və onu sevənlər üçün həmişə var olacaq. Ona ehtiyacımız olanda göylərə baxacağıq, onun yalansız, riyasız sözlərinə üz tutacağıq, gözlərimiz ağlasa da, onun işıqlı xatirələri üzümüzdə təbəssüm yaradacaq.

Sabah dəyərli dost, istedadlı şair Sabir Sarvanın vaxtsız dünyasını dəyişməsindən 40 gün keçir. Manevr.az unudulmaz şairimizin xatirəsini əziz tutaraq, bir neçə şeirini oxuculara təqdim edir:



***

Əyər bir mərd oda düşsə,
Ondan əvvəl bişərəm mən.


Sücaət

Dolu döysə bir çəməni,
Mənim çiçəyim ordadı.
Külüng çalım, daşı yarım,
Mənim çörəyim ordadı.

Qaradı bəxtimin üzü,
Pozulmaz alnımdan yazı.
Tökülsün göylərin gözü,
Mənim fələyim ordadı.

İgid öndən tərkə düşsə,
Bir qarışqa bərkə düşsə,
Haqqa harda kölgə düşsə,
Mənim ürəyim ordadı.

FƏXRİYYƏ

Zamanı gələndə, göylərdən gələr
Ruhuma ruzudu mənim yazdığım.
Bir azca saralıb - solan qürubdu,
Bir az dan üzüdü mənim yazdığım.

Nur kimi təzədi -vədələr bilməz
Tənqiddən - təftişdən hədələr bilməz.
Yüz eynək dəyişsin, gədələr bilməz
Paşa, xan sözüdü mənim yazdığım.

Nə olsun, dolaşmır dildə - ağızda,
Gözləyib cücəni sayaq payızda.
Mürəkəb ha deyil bəyaz kağızda,
Qarda qan izidi mənim yazdığım.


BU QİSMƏT SƏNİNDİ

Çıxdım axırına boş ümidlərin,
Çıxdı axırıma gümanlar mənim.
Dərdi gözlərimdə diri görəcək,
Əyilib nəşimi yuyanlar mənim.

Könlümə çox dedim, alışıb yanma,
Bu qismət sənindi, qisməti danma.
Özümdən yarıyan olmadı, amma,
Yarıdı gözümdən ümmanlar mənim.

Ömrüm qəm dolusu bir piyalədi,
Baxan elə bilir, güldə jalədi.
Elə hönkürtüdü, elə nalədi,
Saxlayar səsimi zamanlar mənim.


QAYITMIR

Hüseyn Əfəndinin xatirəsinə

Durub ha çağırım gündə yüz kərə,
Qara torpaqlarda yatan qayıtmır.
Bə sənin yenrinə mənmi utanım? -
Utan, azğın fələk, utan, qayıtmır.

Bu «yarpaq tökümü» başlandı nədən,
Gəlir ayrılıqlar, dostlardı gedən.
Qara sevdalarmı bizi qəhr edən? -
Bəllidi, bu yolu tutan qayıtmır.

Nə yaman gətirdi il bəlaları,
Uçurub aşırdı sel qalaları.
Səni istəyəndə gül balaların
Kim qıyıb deyəcək: - atan qayıtmır.

Hanı qəlbi şüşə, baxışları şən,
Mənimlə çörək yox, ürək bölüşən.
Qor kimi dünyanın gözünə düşən,
Nur kimi gözümdən itən qayıtmır.

Bilməzsən ürəyim nə haray çəkdi,
Dinib - dilləndikcə dilim vay çəkdi,
Təni torpaq aldı, ruhu göy çəkdi,
Belə mərtəbəyə yetən qayıtmır.


NƏSİL SÖHBƏTİ II

Qardaşlar!
Bizi sevməyən günlər gəldi,
Ağızda diş seyrələn kimi
sıramız seyrəldi.
Gur yanan
lampalar idi,
Öləzidi,
söndü gözümüz,
Bürüşmüş almalara döndü
üzümüz.

Alışdıq
dostları itirməyə,
Tabutları götürməyə
alışdıq.
Yarımız torpaq üstəyik,
Yarımız torpağa
qarışdıq.
Qarşıda
Heç nə gözə dəymir,
Gözləmir bizi
nə bir ümid közərtisi,
nə bir möcüzə.
Aynalarda gəzirik gəncliyimizi,
Aynalar
özgələri göstərir bizə.
Artıq
yarısökük barıda qalan
kərpiclər kimi
Gedəcəyimizi yaxından
duyuruq.
Gecələr daha amansızdı,

Gecələr yatanda əlimiz çatan yerə
dava – dərman qoyuruq.
Gözəl günlərimiz
xəzəldi indi.

Bağban fələk od vurub yandırır;
tüstüsü zil qara.
O tüstünün kölgəsində
yazdım bu şeiri.

Bir nüsxəsi sizə çatacaq,
O biri –
torpaq olmuş dostlara...

DƏRDİŞ

İlk dəfə bu sözü dilindən eşitdiyim Məmməd İlqara

Gün günə calandı, yaş sana gəldi
Gözümün dumanı silindi, dərdiş.
Ələnib - üyünüb düşdüm qəlibə
Əvvəlim - axırım bilindi, dərdiş.

Dolan gözlərimin kirpiyi səsli,
Qalan sözlərimin ovxarı paslı.
Bəlkə buna görə, duruşu yaslı,
Bənövşə sevgili gülümdü, dərdiş?!

Saraldım, yaşıla büküncə ömrü,
Quzeydən güneyə çəkincə ömrü.
Bir də istəmərəm ikinci ömrü,
Bir ömrü yaşamaq zülümdü, dərdiş.

Gül balam üzüncə gülü büdaqdan,
Qəfil bir qədərə tuş oldu haqdan,
Elə o sınaqdan, elə o baxtdan
Bir dizim, bir də ki, əlimdi, dərdiş.

Endiyim çeşmələr bulannıq gəlir,
Dərdin dalısınca viranlıq gəlir,
Hara üz tuturam, qaranlıq gəlir,
Ta mənə təsəlli ölümdü, dərdiş…


MƏNSİZ DƏ

Kəpənək günlərim uçub getdilər,
Açan çiçəklərə nahaqdan uydum.
Yağan yağışlardan, əriyən qardan,
Nəsə gözləyirdim, nəsə umurdum.

Hər şey yalan imiş,
Hər şey adiymiş,
Adilik kəsildi qənim ömrümə.
İşıq gələn kimi bir cüt kor gözə
Nəsə gəlməliydi mənim ömrümə.

Aldanış içində, yalan içində
Başımdan çıxmayan o sevda nəydi?!
Mənsiz də beləydi bu göylər, bu yer,
Nəsə məndən sonra dəyişməliydi.


YAŞIM ƏLLİNİ ÖTDÜ

Dustaqsan,
yolun olmaz,
Budaqsan,
gülün olmaz,

Ocaqsan,
dözəmmirəm,
Bir belə zülüm olmaz,
Yanma, ürək, yanma.

Löyün – löyün əsirsən,
Nə ərköyün əsirsən?!
Sən çıraq keçirməyə
Belə yeyin əsirsən,

Danma, külək, danma.
Günlər qumdu, vaxt sumu,
Yuyub aparır qumu.
Yaşım əllini ötdü
Yazdığın yazı bumu?

Dinmə, fələk,
dinmə.

***

Qardaşım oğluna

Ocağı qaralıb, yığvalı dönüb,
Qarışmır fələyin işinə əmin.
Sorur burulğanlar, döyür dalğalar,
Düşüb taleyinin qışına əmin.

Kimin qarğışına büründü adı,
Gözündə - könlündə qaldı muradı.
Yerdə qarışqanı tapdalamadı,
Dəymədi göylərin quşuna əmin.

Arayan günəşsə qar altda gül var,
Canlı neçədisə, o sayda qul var,
Yalandı dünyada nə qədər yol var,
Vurdu bircə - bircə dişinə əmin.

Ruhuma su səpən tək güman idi,
Bu yanlış gümanlar nə yaman idi.
Ömrü burum – burum toz - duman idi,
Çökür yaddaşına, huşuna əmin.

Çırpına - çırpına könül dad eylər,
Ya sındır şüşətək, ya abad eylə.
Körpəcə cığır sal, hərdən yad eylə,
Dönəndə bir qəbir daşına əmin.

Nə gəzdi, nə tapdı, nəyi qazandı,
Bir quru nəfəsdi, bir quru candı.
Bihudə dolandı, bihudə yandı,
Boşuna yaşadı, boşuna, əmin.


DÜNƏNƏ AYNA TUT

Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan?

İmadəddin Nəsimi.

Canımdan aralı deyildin axı,
Niyə uzaq düşdün, indi hardasan?
Əl dəysə çağlayar, dil dəysə sızlar,
Ürəyim bir sarı simdi, hardasan?

Həsrətin qırmızı yəhərdə gəldi,
Qoparır sinəmdən ah harda gəldi.
Payızda getmişdin, bahar da gəldi,
Yerinə durnalar döndü, hardasan?

Başının üstündə ülkər mən idim,
Məhəbbət adlanan ölkən mən idim,
Həmdəmin, əzizin, kölgən mən idim,
Bəs indi yanında kimdi, hardasan?

Dünənə ayna tut, bax orda mənə,
Gör nələr elədin axırda mənə,
Gözündən dünyalar baxardı mənə,
Gözümdə dünyalar söndü, hardasan?


ÖLƏN MİN DƏFƏ DİRİLİB

Mövlana Cəlaləddin Rumiyə

Gözündən itdim dünyanın,
Gözdən o yana
MƏN varam.
Ən birinci, ən sonuncu
İzdən o yana
MƏN varam.

Baxma qübbəsi qurulub,
Ölən min dəfə dirilib.
Üz gizlənməkçün verilib,
Üzdən o yana
MƏN varam.

Ruhumun binəsı yoxdu,
Duracaq xanəsi yoxdu,
Sözdən oyanası yoxdu,
Sözdən o yana
MƏN varam.

Sabir SARVAN

Xəbəri paylaş







Tarix: 24 aprel 2017 23:10
Təşəkkür edirəm. Gözəl sözlərdir. Sabirin 61-ci doğum günündə-05 mart 2017-ci ildə Ağsuda qardaşı Cavidin toyu idi. Bir gün qabaq rayona yola düşməzdən öncə Sabirə zəng etdim,cavab gəlmədi. Elə bildim, kənddədir,başı qarışıqdır. Axı,toun ağsaqqalı idi. Heç demə, xəstəxanada imiş. Sabirgilin dədə-baba evinə toy axşamına gələndə dayıdostum- Sabirin anası Sabirdən sorağım olub-olmadığını soruşdu. 5 martda-toy günü Sabir Sarvanın çox sevdiyim bir şerini dedim:
Qocalıq gözümə zülmət çökdürür,
Yükü karvan-karvan daşınmazmola?
Ah, necə fürsətlər çıxdı əlimdən
Təzədən bu ömür yaşanmazmola?

Gedirdim üzümü tutub gümana
Yolun yarısında düşdüm dumana.
Daşdan daşa çırpar məni zamana
Gözləri böyüyər, baş enməzmola?

Keçib ocaqları, köç edib binəm.
Sahildə qayadır dərd döyən sinəm.
Dərmanı tapılmaz xəstələrdənəm,
Dərd verən dərmanın düşünməzmola?
Sabir "dərmanı" yox,"çarəsi tapılmaz xəstələrdənəm" yazmışdı, mən unutduğumdan "dərmanı tapılmaz xəsətələrdənəm" dedim. Sonuncu cümə axşamında-20 aprel 2017-ci ildə Sabirin qardaşlarından Şahid məni qırağa çəkib soruşdu ki, sən bilirdin Sabir xəstədir, ona görə o şeri demişdin? Dedim, haradan bilirdim? Bilsəydim, onun yanından əl çəkərdimmi?
Tapılmadı bir simsarı, hayanı
Ürəyini gözlərindən duyanı.
Bəh-bəh ilə bəy deyilən dünyanı
Bəyənmədi Sabir Sarvan desinlər.
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar