Xəbər lenti
"Bahalı qazanc" -Akəm XAQAN (hekayə)
Manevr.az Akəm Xaqanın BAHALI QAZANC hekayəsini təqdim edir:
Rəhman yenə də bəxtini yoxlamaq üçün aylıq əmək haqqının bir hissəsini lotereya biletlərinə verib, gəlmişdi. Ümid edirdi ki, gec-tez nəsə qazanıb, kasıbkarlığın daşını atacaq. Xanımı onun nigarançılığını görüncə ürəyi ağrıdı. İşin nə yerdə olduğunu anladı:
-Yenə biletə pul vermisən?
-Hə. -deyə kişi günahkar adamlar kimi qızardı.
-Hamı varlı olmaz, ay kişi. Şükür elə, bir loxma çörəyimiz var. Ona verdiyini bir yaxşı bazarlıq eləsəydin, heç olmasa uşaqların üzü gülərdi.
-Nə bilim, vallah. Özümü tuta bilmədim. Uşaqların yeməyinə nə gəlib?
-Ay qadan alım, Tanrıya şükür olsun, canımız sağdır. Başımızı gizləyəcək evimiz-eşiyimiz də var. Da nə istəyirsən? Bu mənə yetər.
-Mən də hamı kimi yaşamaq istəyirəm. Qarnımıza zorla çatdırıram. Sən kiminsə arvadına həsədlə baxanda, üzülürəm.
-Bu hardan çıxdı? Hamı dəli olub. Halal, haram bilməz. Nəyimə lazım kiminsə gözü, nəfəsi, ahı tutmuş var-dövlət. Milyonun olsun, amma can sağlığına möhtac olasan. Ağzın da bir dad anlamasın. Yerə batsın elə qazancı, yaşamı-deyə onun bu xoşağəlməz məşğuliyyətini qınadı.
-Ürəyimə damıb e , arvad. Bu dəfə qazanacam-deyə inadından dönmədi.
-Gecələri yuxusunu belə özünə haram edirsən... Ehh. Sən də- deyə qadın narazı halda mətbəxə keçdi. Rəhman isə uduşlar çıxan qazetin gəlişini səbirsizliklə gözlədi. Vaxt tamam olunca əvvəl köşkə, sonra da uduşlar cədvəli olan qəzeti alıb, evə tələsdi. Yol boyu da bütün olanlara baxmayaraq bəxtinə gün doğacağına, yoxsulluğun daşını atacağına olan inamını bir an belə azaltmadı. Evə çatan kimi güzgünün arxasına gizlətdiyi biletləri tapdı. Tanrıya dua edə-edə qəzetin qatını açıb, uduşlar cədvəli olan səhifəni çevirib, stolun ustünə sərdi. Sonra da növbə ilə biletləri yoxlamağa başladı. Bu işə o qədər maraqla girişdi ki, artıq nə danışdığının və neynədiyinin fərqində deyildi. Hətta qapıya yaxın divanda mürgüləyən körpə belə onun hənirtisinə oyanmış, atasının qəribə davranışlarına tamaşa edərək gülümsəyirdi. Rəhman isə bütün bunlardan xəbərsiz idi. Ürəyinin dərinliyində onu üzə biləcək qorxunun dirçəlməsinə aman vermirdi. Lakin biletlərin sayı azaldıqca səs-küyü, həyəcanı artırdı. Dəli kimi öz-özü ilə danışırmış kimi hər dəfə bileti əlinə aldıqca: “-Ay Allah, özün kömək ol.”, “Ay Allah, mənə yazığın gəlsin. Məni naümid qoyma.”, “Bax, burnuma benzin iyi gəlir...” və nəhayət “Ürəyimə damanı bilirəm.”-deyə gah gülür, gah yalvarır, gah da həyəcanla nəsə bir möcüzə baş verəcəyinə özünü inandırmış adam kim sayıqlayırdı. Hərdən hansısa rəqəmin onun həyatında daha çox rol olduğuna istinad edərək gülür, hərdən də dodağını büzüb, axtarırdığını tapmayan uşaqlar kimi qaralırdı.
Nəhayət, sonuncu bileti əlinə götürüb, ayağa qalxdı. Sonra da gözlərini açıb yazıq-yazıq həyət-bacaya boylandı. Bir anlığa gözlərini yumaraq heç nə görmək və düşünmək istəmədi. Sonra da yol ayrıcına yaxın, düz yolun qırağında özü kimi fağır və yaraşıqlı görünməyən ata yurdunu gözləri önündə canlandırdı. Dərindən nəfəs alaraq dincəlirmiş kimi fikirlərini topladı. Tribunaya çıxıb, məruzədən əvvəl özünü dartan natiqlər kimi başını irəli uzadaraq yerini rahatladı və qapalı gözlərini açdı. Qumar oynayan adamlar kimi sonuncu bileti nömrəli üzünü iki qatlayıb, sıxaraq gözləri önünə qaldırdı. İlk nömrəyə baxdı. Tək idi: “-Mənə düşür, demək! Nəsə var...” –deyə razılıqla gülümsədi. İkinci... Üçüncü... Dördüncü rəqəmlər belə cədvələ uyğun gəldi. Uşaq kimi sevindi. Bu zaman mat-məhəttəl ona baxıb, gülümsəyən körpənin fərqinə vardı:
-Hə, balası, xilas olduq-deyə sevinc dolu gözləri ilə onu oxşadı. Sonra da maraq və həyəcanla bir anlıq gözlərini qapayıb:" -Allahım, məni pərişan eləmə, nə olur?"- deyə yalvardı. Söz ağzından qurtarınca dəhşətli bir gurultu qopdu. Ev-eşik sirkələndi. Qəzet qarışıq uşağı qapıb qapıya tərəf qaçdı. Lakin lap yaxında, qonşu otaqda gələn maşın tırıltısi onu dondurdu. Arzusunda olduğu səsi o qədər aydın eşitdi ki, gözləri doldu. Hətta matorun səsindən maşının markasını yəqinləşdirmək istədi. Lakin mətbəxdən özünü evə çatdıran gəlin gurultudan donub qalmış ərini, rəngi avazımış körpəni görüncə rahatlandı və tələsik uşağı götürüb bağrına basdı. Sonra da:
-Bu nə idi? – deyə maraqla ərinə baxdı. Maşının gurultusu kəsincə qonşu otaqdan gələn hənirti onu ayıltdı. Tələsik yola yaxın olan, yataq otağına keçdi. Evin yan divarını uçurub içəri girmiş yük avtomobili, kabinədə sıxışıb qalmış sürüçünü və nəhayət, uçulub tökülməkdə olan tavanı görüncə dəhşətə gəldi. Gözlənilməz olay və arzuladığı maşının bu formada gəlişi onu heyrətləndi:
-Vay, evim yıxıldı. Aman Allah, sənə də söz demək olmur...” –deyə iki əli ilə başını tutdu. Qəzet üzünə yapışınca onu qorxutdu. Bəlanı özündən uzaqlaşdırırmış kimi bilet qarışıqqazeti də əzib yerə atdı. Maşın arzuladığı üçün özünü qınadı. Gözləri toran gətirdi. Dizləri boşalıdı və yerə çökdü. Birdən nə isə xatırladı. Paralanmış döşəmədən lotoreya biletini axtarıb, tapdı. Qatını açıb, döşəməyə qalmış qəzetə sarı əyildi. Gözləri nə isə axtardı, tapdı və yenidən don vurmuş adam kimi döyükdü. Gözlərinə inanmadı. Bir daha yaxın əyildi. Bu dəfə gözləri yaşarmış halda dikəldi və əllərini göyə açaraq:
-Ay Allah, mən belə bahalı sürpriz... istəmədim - və daha nələrsə demək istədi. Dili dolaşdı. Qəhər boğdu və bütün gücü ilə hönkürdu.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar