Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Heç kəs xoşbəxt olmadı bu şəhərdə" - Gülnarə İsrafil

Tarix: 21-09-2020 16:10     Baxış: 2358 A- / A+
"Heç kəs xoşbəxt olmadı bu şəhərdə" - Gülnarə İsrafil

Manevr.az Gülnarə İsrafilin şeirlərini təqdim edir:


Sazaq anımdır

Gözüməmi düşüb gözünün izi?
Elə bil, üzümdən yad ötüb külək.
Ağrılar süzülüb dodaqlarından,
Gözümün yaşını sərt öpüb külək.

Nə vaxtsa, ayrılıq ümidi gəlib,
Nə vaxtsa, fırtına itirib məni.
Nə vaxtsa, ömrümə bahar ələnib,
Çəməndə, bağçada bitirib məni.

İndi isti anım, sazaq anımdır,
Sakitcə meh əsir, üşüdür hərdən.
Demə, könül evim yasaqlanıbdır,
Göylərə qaldırır, düşürür hərdən.


Əfəndim

Məni soruşsan yaralı canam,
İrəvanam.
Paramparça Azərbaycanam!
Bir tərəfim Təbriz,
bir tərəfim Borçalı,
hərəsindən bir tikəyəm,
yekəyəm, əfəndim.
Dərbənddi anamın bayatıları.
Urmiyada iki canıq deyir,
Kərbəlada əlimi öpən, yaşlı qadın.
Ərdəbil ətri gəlir
məzarından babamın.
Şanlı-şanlı uyuyuram...
Xallı gözümdə işıldayan
parıltımdı
İğdırım, Qarsım.
Dərbədər halımın kəpənək qanadında
Hal-halam.
Evimizin üstündə əridilmiş Xalxalam,
Xalxalam,
Xal-xalam, əfəndim.
Kibrit boyda alışqanam...
Qarabağın ağrıyan vücuduyam,
Şəhidəm, şahidəm, əfəndim.
Vətən yağır gözlərim...
Bir ovuc boyda qalmışam,
bir ovuc torpağam, əfəndim.



Dünya doğulmur

Dağ başın ağappaq
buluda büküb.
Bulud qara rəngdən,
tutub çətrini.
Yerin rəngi qalxıb,
səmaya çöküb.
Yarıb zülmət gecə
göyün səthini.
Gecələr ay tutqun,
ulduz parlamır.
Örtükmü çəkilib,
yerin üzünə?
Dünya yuxudamı
coşub çağlamır?
Günəş kölgə salır
üfüq xəttinə.
Dünya başdan-başa
qara geyimdə.
Ağ geyim dünyanın
əyninə olmur.
Qaralıb günəşin, 
ayın rəngi də.
Qara rənglər üçün
dünya doğulmur.


Sabah adam

Sabahın qoynuna qısılan –
Sabah adam.
Əhkamlanan öz içində
Mübah adam.
Qırğı adam, qırıq adam,
Qoruq adamam.
Məhşərə çəkilmişəm,
Şər-şəkər əkilmişəm,
Şərə boy atmışam
Şərdən üzüb ruhumu,
Şəkərdə bitirmişəm.
Qarğı adam, çalğı budanan,
Qəhər, şəkər,
Bir təhər adamam,
Bir təhər diriliyəm,
Bir təhər ölümlüyəm.


Səs çıxarma, yat, bala

Anasını, atasını
itirən uşaq!
Üzünü soyuq daşa qoyub...
İsti qucaq əvəzinə,
iki məzar arasında 
yatan uşaq,
əllərini başı altda qoşa qoyub.
Anasının, atasının nəfəsini,
duymaq üçün,
gecə-gündüz yatır orda.
Göz yaşını, ahına qatır orda.
Bu uşağın taleyini düşünəcək,
bir kimsə yox.
Mərmi yağır göy üzündən,
yağış kimi.
Səs çıxarır zülmlərə
əl çalınan alqış kimi.
Şak, şak,şak...
Bu cənnətmi, cəhənnəmmi,
qiyamətmi..?
Yoxsa bütün insanların
göz yumduğu cinayətmi...
Sadə bir ad qoyublar,
vətəndaş müharibəsi.
Yaxşı addır,
yatımlıdır qulağa.
Yat iki məzar arasında,
səs çıxarma, yat, bala.


Qaranlığın şehliyi

Gün düşməyəcək
qaranlığın şehliyinə,
mehvərindən qopacaq qaranlıq.
Kütləşmiş alətlərin
toz ulaşmasıdır gənclik.
Sübhə kəbinli taleyi
yaşanmışların ögey yazısı.
Alın dəftərinin sətirləri
durna köçüdür.
Ümidlərin solan yarpaqları
dünya qovşağına
qovuşmayan ifadələrin
əl sığalı.
Lək-lək boy atan ağrıların
sünbül saçaqlarıdır,
yaşam.
Qocalığın dən düşmüş gün işığı
dilin kəmiyini qarğışlayır.


Ya hu

İllərin ipi düyünlü,
özüm boyda. 
İp
gün-gün bağlanıb,
saat-saat qısalır.
Hər şeyin qılıncı varmış
saniyələri xətlərə doğradığı kimi.
Nəfəs daralıb,
köks qabarıq təpənin üzünə.
Ya hu
Burda ölümsüzlük hardadı?
Çox olan Səndə,
Yox olan məndə...
Barmaqlarım sümükləyib
gözlərim ağarır.
Bətnimdə uşaq ağlayır
bir ildən bir.


Adsız

Çətinliklər gəlib keçər
deyə-deyə, həyat bitdi.
Yad ünvanda
iz qoyurdum, adım itdi.
Adqoydunu
özum qoysam, nə vardı ki,
üzərimə düşən işi anam etdi,
atam etdi –
adsız qaldım.
Evimizin açarları kilidlədi
hisslərimi.

Dördbucaqlıda aparacaqlar

Dördbucaqlıya sığmır
düşüncəmin parametrləri.
Heç uşaq vaxtı da dördü sevməmişəm,
amma aldığım qiymət dörd olub, nədənsə...
Yoxsa həbs olmuşam dördbucaqlıya,
niyə çox şey dördbucaqlıdı?
Ölkəm, şəhərim, kəndim, evim,
bunların sayı da dörddü
aldığım qiymətlər kimi…
Dördün başı da bucaqdı.
Mənsə, düzxətt üzərində addımlayıram
sonuma tərəf.
Bucağa sığan deyiləm!
Xəttin sonu yoxdur,
mənimsə, bir sonum var, bir əvvəlim,
Bir əvvəlim var, bir sonum.
Sonumun namazını qılıram hər gün.
Sonumdan əvvəlimə keçmək üçün,
dördbucaqlıda aparacaqlar məni...


İki

İki addım,
iki nəfəs,
iki əl,
iki ciyər,
iki böyrək,
iki ləl,
iki burun, iki qulaq, iki göz.
İki-iki düzülübdür iki üz.
Əzalarım ikidir,
cəzalarım ikidir,
cismin ruhum ikidir.
İkilərdə sehrlər,
iki-ikidir sirlər.
İki damla ikidir...
İki,
iki,
ikidir.
Qərb-şərq ikidir,
yer-göy ikidir,
gecə-gündüz ikidir.
İki “hə-yox”,
iki nə çox...
İki sonsuz, iki son.
iki öndür, iki son.


Eh...qoca şəhər

Heç kəs xoşbəxt olmadı bu şəhərdə;
hamı bir səadət axtarışında
saçlarını ağartdı.
Və tapmadıqda küçələri günahlandırdı,
cığırları qınadı,
yolun sonunda tikilən evləri...
insanların gözünə
qəsəbələr də zinakar sifətində göründü,
insanlar da.
Yolun başında itirmişdilər günəşin şüalarını,
zülmət şəhəri idi insanların daxili,
pozulmuşdu əxlaqları..!
Daralmış yollar ölüləri daşıyırdı üstündə
o tərəf-bu tərəfə...
Eh, qoca şəhər, ölsəydin 
insanlar da xoşbəxt olardılar!


Payızına bükülən yaşıl

Təkliyini təkliyimlə nikahlayıb,
öpəcəyəm saçlarını.
Payızına bükəcəyəm
yaşılını...
Deyəcəklər, bahar gəlib.
Cənnət ətrim!
Dərd sərnici baxışlarım
güyüm-güyüm,
yamyaşıldır yerin, göyün.
Bahara da dönüşü var payızların
qışı adla!
Cəhənnəmin soyuq qışı
dondurmamış dilimizi.
Cəhənnəmdə təkcə od yox...
Alışarıq bircə odluq.
Dərdimiz nə?
Dirimiz bu, ölümüz nə?
Dirilməyə ümidimiz yaman çoxdur,
dirimizdən əsər yoxdur.
Təkliyini təkliyimlə nikahlayıb
öpəcəyəm saçlarını.
Payızına bükəcəyəm
yaşılını.
Deyəcəklər, bahar gəlib

Cənnət ətrim!

Hun atam
Daş adam,
əlində diriliş suyu,
kimliyində bəy dədəm,
kötüyündə yox hərəm.
Boy vermiş
köç- köç
Ön Asiyadan Sibirədək.
Van gölü
Xəzərə dəng
Urmiya, Kərkükə
dönək.
Anadolu,
Lidya-Troya,
Kurqan qazan tarix yazan
Prototürk,
Etrüsk,
Aratta,
Subar,
Qut,
Turuk.
Gələnəklər,
göy qurşağı.
Qut tengiri,
Göy tengiri;
Şaman ayin
köç yeri.
Daşları Tamğalı,
Qobustan qayaları.
Huydum-
hun dam,
yay düzəldən,
Ox atan,
Günəş tanrı,
Günəş adam,
Hun atam!

Tovuz Şahinim

Ümid bir boy qədər torpaqda bitirmiş
Vətən suvaran bir adda
Övladda
Beşikdə
Laylada
Ağıda
Boyuna qurban olduğum
Rütbən
Və- tən, yarıbayarı
Ona bir boy qədər sevgi verdin!
Sevginə qurban olduğum.
Qürurun
Qeyrətin
Səbətin
Şərbətin mübarək!
Öldürmədin Vətəni
Dirildib dirçəltdin
Böyüdün torpaqda ağrı-ağrı, sevgi-sevgi.
Axıtdığım yaş yağışındı
Göyərəsən, çiçəklənəsən
Tovuz Şahinim!
"Heç kəs xoşbəxt olmadı bu şəhərdə" - Gülnarə İsrafil

Gülnarə İsrafil

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar