Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Qövsi-qüzeh”dən başlanan yol və ya möcüzə axtarışında -FOTOLAR

Tarix: 25-08-2025 09:44     Baxış: 260 A- / A+
İnsan həmişə dünyanı dərk etməyə, möcüzələrdən baş çıxarmağa çalışıb. Hərə öz məqsədinə çatmaq üçün düşüncələrə dalıb, vasitələr axtarıb. Alimlər dünyanın elmi dərkinə, yaradıcı insanlar isə bədii dərkinə daha çox üstünlük veriblər.
Mənim dünyanı dərk eləməyə cəhdim isə ucqar bir dağ kəndində başlayıb. Burada günəşin çıxmasına, batmasına, ayın bədrlənməsinə, para, hilal olmasına, sonradan yenidən bütövləşməsinə, ulduzların sayrışmasına, göyün üzünü buludların örtməsinə, şimşək çaxmasına, yağış, dolu, qar yağmasına, küləyin əsməsinə, yaz gələndə ağacların tumurcuqlanmasına, yarpaqlamasına, çiçəklərin, güllərin qönçələnməsinə, açılmasına, payızda yarpaqların saralıb xəzələ çevrilməsinə, güllərin, çiçəklərin solmasına, qışda dağların, yamacların ağ libasa bürünməsinə illər uzunu baxa-baxa düşüncələrə dalmışam, bütün bunların səbəbini öyrənməyə çalışmışam. Oxuduğum dərs kitablarında bu sualların cavabı olsa da, elə bilmişəm ki, nəsə çatışmır. Kənd yerində bədii kitabların o qədər əlçatan olmadığı məqamda radio köməyimizə çatıb, ədəbi verilişləri dinləmişik. Bax həmin zamanda dinlədiyim “Qövsi-qüzeh” adlı bir şeir məni çox duyğulandırıb.
Yağışdan sonra yaranan sirli-sehrli göyqurşağı, onun rəngləri məni həmişə çox düşündürüb. O vaxt elə hesab eləyirdim ki, bu sirli-sehrli bir körpüdü. Bu körpünün üstündən keçməyi bacarmasan, dünyanı da, ədəbiyyatı da, sənəti də lazımi səviyyədə dərk eləyə bilməzsən... Bax elə həmin vaxt dinlədiyim “Qövsi-qüzeh” şeiri xəyalıma bir az da qol-qanad verib. Şeirin müəllifi Fikrət Sadığın kimliyi haqqında məlumat toplamağa çalışmışam. O vaxt nəinki adi adamlar, heç ədəbiyyat müəllimlərimiz də bu haqda mənə ətraflı məlumat verə bilməmişdilər. Qubadlıda bazarın yanında, məktəbimizin yaxınlığında bir kitab mağazası var idi. Kitab almağa pulumuz olmasa da, hərdən ora gedib kitablara baxırdıq. Bax elə o vaxt üstündə Fikrət Sadıq yazılan “Ömrün bir günü” adlı balaca, bapbalaca bir kitaba rast gəldim. Qiyməti 6 qəpik idi. Həmin kitabı aldım. İçində radioda dinləyib bəyəndiyim “Qövsi-qüzeh” şeirini görüb çox sevindim.
 
Hər buludda dağ seli var,
Hər buludda şəlalə var.
Bir topası birdən-birə
Düşsə yerə ağır olar,
Çiçəklərin çatmaz gücü.
Ona görə bilə-bilə
Gilə-gilə yağdı yağış
Nərgiz üçün, lalə üçün...
Yarpaqların üstündə şeh,
Ləçəklərin üstündə şeh,
İnci-inci kürələri,
İncə-incə kürələri
Atıb-tutub oynatdı meh,
Birdən doğdu qövsi-qüzeh.
Bilmədim ki, 
göydən doğdu qövsi-qüzeh,
yerdən doğdu qövsi-qüzeh?
Buludların qulağından
Bir aypara sırğa kimi asıldı o.
Çəmənlikdən dağa kimi yol saldı o
naxış-naxış zərrələrdən,
Donub qaldım yerimdə mən...

 
Bu misralarla başlayan şeir eyni ahənglə davam eləyir, şair möcüzəli təbiət mənzərəsini sözün bədii gücünə istinadən vəsf eləyirdi...
Sonradan radioda Fikrət Sadığın “Balıqçı və su pərisi” poemasını da eyni maraqla, zövq ala-ala dinləmişdim... “Bacı-qardaş nağılı”, “Arzu bulağı”, “Vətənin əl boyda daşı”, “Ana əli” nağıl-poemalarını da maraqla oxumuşdum. Folklordan götürülən süjetlər Fikrət Sadıq qələmi ilə daha cazibədar bir görkəmdə oxucuya təqdim olunurdu. Bədii mənalandırmadan bacarıqla istifadə edən Fikrət Sadıq öz duyğu və düşüncələrini də ənənəvi süjetlərə hopduraraq maraqlı əsərlər yarada bilirdi.
Fikrət Sadıqla şəxsi tanışlığım onun “Gənclik” nəşriyyatında şöbə müdiri işlədiyi vaxtlara təsadüf edirdi. Uşaqlar üçün yazdığım şeirlərin əlyazmasına Mirmehdi Seyidzadə müsbət rəy yazsa da, kitabım plana düşmürdü ki, düşmürdü. Tez-tez Fikrət müəllimin yanına gedir, təzə yazılarımı aparırdım. Oxuyub qeydlər eləyir, məsləhətlər verirdi.

Fikrət müəllim nəşriyyatdan ayrılıb başqa işə keçəndə də onunla əlaqələrimi üzmürdüm. Ən isti münasibətimiz isə onun “Ocaq yeri” kitabımın əlyazmasına özümdən xəbərsiz yazdığı rəydən sonra başladı.
“Yazıçı” nəşriyyatına böyüklər üçün kitabımın əlyazmasını təqdim eləmişdim. Bir dəfə nəşriyyata gedəndə şöbə müdiri Mustafa İsgəndərzadə dedi ki, səni təbrik eləyirəm. Şeirlərini rəyə göndərmişdik. Fikrət Sadıq gözəl bir rəy yazıb. Çox sevindim. Fikrət Sadığın səliqəli xətlə yazdığı əlyazmasını həyəcanla oxumağa başladım. Rəy belə idi:
 “Rafiq Yusifоğlunun şeirlərində hər şeydən əvvəl səmimiyyət gördüm. Əllaməlikdən, mоdern görünməkdən uzaq əsl səmimiyyət, şair etirafı! Aydınlıq və  məna bu səmimiyyətin iki qanadıdır.
 Rafiqin mövzuları rəngarəngdir. Burada kənd, uşaqlıq çağı, zəhmət, təbiətlə bağlı, vətən, ana məhəbbəti, məhəbbətə aid şeirlər tоplanmışdır. Bu, оnun müşahidəsinin hərtərəfli оlmasını göstərir. Rafiqdə hər bir çiçək, hər bir daş, hər söz şeirə çevrilir, məna kəsb edir.
 Rafiq Yusifоğlunun şeir dili çоx sadədir, bayatıdan su içib. Оbrazlı təfəkkür səpilib misralara.
 Şeirlərdə ideоmalar, xalq ifadələrinə tez-tez rast gəlirik. Şeirlərin bir qismi hikmətli sayıla bilər. “Оxqay”, “Kül”, “Yetimin tоyunda” və s.
 Şairin ən yaxşı şeirlərini sadalamağı lazım bilirəm: “Ata məhəbbəti”, “Çilingağac”, “Dağlı qızın tоyunda”, “Kötük”, “İki əəsgər”, “Qatar yоla çıxır”, “Balıqqulağı”, “Sənin iki yaşın”, “Qara paltarda”, “Qabоy çalınanda”, “Bibimin sözlərindən”, “Tоy çörəyi salınanda”, “Tоy çörəyi hazır оldu”, “Taytutan”, “Növbəsiz buraxın”, “Bəzən düşünürəm”, “Bir qaya hellətdim”, “Qanlıca yaylağında”, “Ayrılıq”, “Göy at”, “Оxuya-оxuya durnalar köçür”, “Ömrün qış çağında”, “Kitabxanada”, “Sənətin yоlu”, “Dоqquz aylıq nağıl”, “Palıd ağası”, “Lövhə”…
 Yuxarıda sadalanan şeirlərdə Rafiq Yusifоğlu güzgüdə görünür elə bil. Bu şeirlər bir daha sübut edir ki, о, gələcəkdə də sənətin enişli, yоxuşlu yоllarında belə addımlayacaq.
 Gənc şairin kitabı çap оlunmağa layiqdir.
 
       Fikrət SADIQ, 1981-ci il.”
Sonra bu rəy əsasında xeyli gec, 1989-cu ildə mənim “Ocaq yeri” kitabım nəşr olundu. 
Sumqayıtdakı 23 nömrəli orta məktəbdə müəllim işləyəndə Fikrət Sadıqla şagirdlərin görüşünü təşkil elədim. Görüşün senarisini yazarkən şairin bütün əsərlərini oxudum, yazdığım tezislərə uyğun şeirlər seçib şagirdlərə payladım ki, əzbərləsinlər. Elə gözəl bir görüş alındı ki, şagirdlər də, müəllimlər də, Fikrət müəllimin özü də çox razı qaldılar. Görüşdən sonra süfrə arxasında daha maraqlı söhbətlərimiz oldu, bir-birimizə daha yaxından bağlandıq, dostlaşdıq.
Fikrət Sadıq Ədəbiyyatın Təbliği Bürosunun sədri işləyəndə tez-tez məni ayrı-ayrı rayonlara ezamiyyətə göndərərdi. Otağında ədəbiyyat, şeir, sənət haqqında o qədər söhbətlərimiz olmuşdu ki…
Məndə Fikrət Sadığın avtoqrafla bağışladığı bir neçə kitab yadigar qalıb. O, kiçik avtoqraflarda belə sevdiyi yaradıcı adama dəyər verməyi bacarırdı. “Yerdən göyə ümid” kitabındakı avtoqraf belə idi: “Xətrini həmişə əziz tutduğum gözəl şair, müəllim Rafiq bəyə ən uğurlu yaradıcılıq istəklərimlə birlikdə. Fikrət Sadıq. 11.III.83” .
2001-ci ildə nəşr olunan “Gözlədiyim ömür” kitabının avtoqrafında yazırdı: “Gözəl şair, gözəl insan, gözəl alim Rafiq bəyə - uşaq ədəbiyyatımızın qoruyucusuna… Həm şairliyi, həm alimliyi mənim ürəyimcədir. Hörmət və sayğılarımla, Fikrət Sadıq.”
Müəllif “Sehrli əlifba” kitabını mənə bu avtoqrafla bağışlamışdı: “Şairim, dostum, əzizim Rafiq bəyə hörmət və sayğılarımla. Fikrət Sadıq. Fevral, 2000-ci il”. Şeirlərində olduğu kimi yazdığı avtoqrafda da səmimiyyət var idi Fikrət Sadığın.
Fikrət Sadıq hər adamı bəyənməzdi. Bəyəndiyi şairi isə yeri düşdükcə tərifləyərdi. Mənim 50 illik yubileyimdə dediyi xoş sözləri indi də unutmamışam. O, mənim yaradıcılığımı çoxguşəli qaşı olan bir üzüyə bənzədirdi…
“Uşaq ədəbiyyatı” dərsliyimdə Fikrət Sadıq haqqında portret məqalə yazsam da, “Azərbaycan poeması: axtarışlar, perspektivlər” monoqrafiyamda onun bənzərsiz poemalarını tədqiqata cəlb eləsəm də, haqqında ayrıca məqalə yazmamışdım. Ona görə indi də yeri görünən Fikrət Sadıq haqqında bir az xatirə, bir az təhlil səciyyəli bu məqaləni yazmaq qərarına gəldim.
Fikrət Sadıq, hər şeydən əvvəl, gözəl şair idi. Onun həm şeirləri, həm də tərcümələri orijinal deyim tərzi ilə diqqəti cəlb edirdi. Həyat hadisəsinə fərdi yanaşma, yeni tərzdə mənalandırma ustalığı onun şeirlərinin üslub bənzərsizliyini təmin edən ən aparıcı cəhətlərdən idi. Folklorumuzu, klassik ədəbiyyatımızı, dünya ədəbiyyatını yaxşı bilməsi Fikrət Sadığın yaradıcılıq nümunələrinə əhəmiyyətli dərəcədə öz təsirini göstərə bilmişdi.
Fikrət müəllimin hansı əsərini oxuyuruqsa oxuyaq, onun sənətkarlığına, orijinal poetik üslubuna, deyim tərzinə, söz oynatmaq bacarığına heyran qalırıq.
 
Qonur gözlərimə 
qonur gözlərinin 
həsrəti, oğlum!
Göygölü dumanlı gördüm sənsiz, 
lalələri solğun…

 
Bu cür şeirlər yalnız Fikrət Sadıq üslubuna uyğun gəlir. Onun şeirlərində xeyli təzə qafiyə var:
 
Nağıl ömrü qəribə olur,
Nağılın da doğması olur, 
qəribi olur.

 
“O başdan – o başda”; “yandırdı – yan durdu”; “əsir gəmi - əsirgəmir”; “sim sari – simsarı” tipli qafiyələr çoxdu onun şeirlərində.
Fikrət Sadığın təbiət şeirləri öz original deyimləri, bədii mənalandırmaları ilə diqqəti cəlb edir. “Baharlı şeirlər”də olduğu kimi: “Sağ əlini ağaclara çəkdi bahar, Heyrətindən min göz açdı hər bir budaq”; “Qurşaq atdım nənəmgilin bacasından, Bayram payım – Bahar oldu”…
Şair təsvir elədiyi bütün təbiət cisimlərini, o cümlədən də ağacları: çinarı, vələsi, palıdı, ağcaqayını bədii obraz səviyyəsinə qaldırmağa çalışırdı:
 
Sanki gözəl bir qızdır – ağcaqayın ağac deyil,
İllah da ki, yağışlı gündə
Meh sığallaya islanmış saçaqlarını.
Ağcaqayın dəli edib, vallah,
Meşənin bütün ağaclarını. 
(“Payız düşüncələri”)
 

Fikrət Sadığın bütün ömrü, həyatı möcüzə axtarışında keçdi. Tapdıqlarını poetik həqiqətə çevirib gələcək nəsillərə yadigar qoymağı bacardı.
Lakonizm, az sözlə dərin məna ifadə etmək Fikrət Sadıq poeziyası, onun ədəbi üslubü üçün vacib cəhətdir:
 
Yalnız əkinçini bənzətmək olar günəşə,
Özünə bir ovuc buğda saxlayar,
Başqasını doyurar həmişə. 
(“Əkinçi”)
 
Yumor, kinayə, hazırcavablıq, az sözlə dərin məna ifadə etmək onun fərdi yaradıcılıq üslubunun əsas əlamətləri kimi səciyyələndirilə bilər.
 
Balanın ərköyünü
Yıxar ata evini. 
Atanın ərköyünü
Yıxar bala evini. 
(“Ərköyünlük”)
 
Üç cür olur zurnaçılar:
Biri elə zurna çalır,
Biri belə zurna çalır,
Biri də elə-belə zurna çalır. 
(“Zurnaçılar”)
 
Çağalıq çağından 
belində çanaq gəzdirir 
çanaqlı bağa.
Ev dərdi çəkmir, 
arayış toplamır, -
Haqqı var 
üç yüz il yaşamağa. 
(“Haqqı var”)
 
Vətən təbiətinin səciyyəvi cizgilərlə bədii əksi Fikrət Sadığın şeirlərinin əsas məziyyətlərindəndir. Bu baxımdan onun “Lahıc yolları”, “Namazgah körpüsü”, “Girdman qayalarında payız”, “Gəncə çinarları” və s. bu tipli şeirləri maraq doğurur. Fikrət Sadıq şeirlərinin gücü onun torpağa, folklora, xalq düşüncə tərzinə bağlılığındadır. O, öz şeirlərində vətən torpağını məhəbbətlə, özünəməxsus poetik lövhələrlə canlandırmağı bacarır. Vətəni əbədi yanan ocağa, ömrü nurla dolduran günəşin saçağına, bir budağı Qarabağ, bir budağı Naxçıvan olan nəhəng bir ağaca, özünü isə bu ağacın kiçik yarpağına bənzədir. Gəncə çinarlarının, Göygölün təsviri o qədər canlıdır ki, şeirləri oxuyanda elə bil həmin mənzərələri biz də əyani şəkildə görürük. Onun şeirlərində adicə ağac, daş, tumurcuq, yarpaq poetik məna kəsb edir, oxucunu düşündürür. 
Fikrət Sadıq elə şairlərdəndir ki, onun şeirlərini elə-belə oxuyub keçmək olmur, misraların alt qatında gizlənən məna ahənrüba kimi düşüncələrimizi özünə sari çəkir. Bəzən saatlarla onun bir kiçik şeirinin təsiri altında olur, düşünürük… Fikrət müəllimin şeirlərini duymaq hər oxucuya nəsib olmur. Bir damla şehin yanından saymazyana ötən, onda bərq vuran günəşi görə bilməyənlər onun şeirlərindəki mənanı, lirik qəhrəmanın əhvali-ruhiyəsini də görə bilməzlər.
 
Bir damcı şehdən şeir olarmı?
Bir gilə göz yaşıdırsa, onda necə?
Günəşin bir telindən şeir olarmı?
Bir yarpağı yaşadırsa, onda necə?
Sahildəki qumdan şeir olarmı?
Ovulmuş qaya daşıdırsa, onda necə?
Çeçələ barmaqdan şeir olarmı?
Beş barmağın qardaşıdırsa, onda necə?

 
Fikrət Sadıq məhz zərrədə ümman görüb-göstərmək arzusuyla yazıb yaradıb həmişə. Bu cəhət onun əksər şeirləri üçün səciyyəvidir. Fikrət Sadığın poeziyası çiçək kimi zərif, göz yaşı kimi duru olsa da, bu zərif poeziya daşı dəlmək gücündədir…
Fikrət Sadıq şeirlərinin əhatə dairəsi, coğrafi ərazisi də genişdir. Bu şeirlərin bir cığırı Macarıstana uzanır, bir cığırı Özbəkistana. Bir cığırı Altaya, bir cığırı Qara dəniz sahillərinə, bir cığırı isə pribaltika ölkələrinə. Bu cığırların başlanğıcı da, sonu da Azərbaycandır, onun folklorudur. Şair hansı mövzuda yazırsa yazsın, onun bədii dəyərləndirmə meyarı, mənalandırma fantaziyası Azərbaycan torpağından, onun folklorundan, xalqın düşüncə tərzindən qaynaqlanır.
Fikrət Sadığın ona əziz olan insanların itkisi ilə bağlı yazdığı şeirlər də çox emosional, həzin, kövrək, düşündürücüdür. Şeirləri oxuyanda hiss olunur ki, bu kədər fərdi kədər deyil. Şairin böyüklüyü ondadır ki, öz şəxsi kədərini ictimai kədər səviyyəsinə qaldıra bilir. Onun sevinci də bəşəridi, kədəri də…
İthaf şeirlərinin ünvanı da say-seçmə adamlardır: Məhəmməd Hadi, Mirzə Cəlil, Sabir, Qara Qarayev, Xəstə Qasım… Özü də bu şeirlər ənənəvi ithaf şeirlərindən çox düşüncə ortaqlığından yaranan poetik söhbətlərə bənzəyir.
Şairin şeirlərində ənənəyə bağlılıq güclüdür. Ənənə təkcə onun şeirlərinin bədii formasında yox, daha çox ruhunda hiss olunur. Fikrət müəllimin yaxşı gəraylıları da var, qoşmaları da, qəzəlləri də. Ancaq şair ənənəvi formada o qədər də əsər yazmağa meyl etmir ki, bu da birbaşa onun poeziya haqqında qənaətləri ilə bağlıdır. Fikrət Sadığın “Şeirin dörd halı” adlı dördcə misralıq şeiri onun ədəbi-nəzəri görüşləri haqqında müəyyən təsəvvür yarada bilir:
 
Köhnə fikir təzə libas geysə – cəhalət!  
Köhnə fikir köhnə libas geysə – ətalət!
Təzə fikir köhnə libas geysə – əsarət!
Təzə fikir təzə libas geysə – cəsarət! 
 

Yeri gəlmişkən onu da qeyd edək ki, Fikrət Sadığın ədəbi-nəzəri görüşləri, şeir, sənət haqqında mülahizələri maraqlıdır. Özü də bu fikir və mülahizələr onun yazdığı məqalələrdən çox şeirlərindədir. Şeir haqqında şeiri az deyil Fikrət Sadığın. 1978-ci ildə qələmə alınan “Söz hörgüsü” adlı bir şeirdə bəzi nəzəri məsələlərə poetik münasibət ön plana keçir.  Şair misranı düz xəncərə, işıq şüasına, şeirin ilkin daşına-kərpicinə bənzədəndən sonra belə qənaətə gəlir ki, şairi tanımaq üçün onun bircə misrası da kifayət eləyir. Sonra beyt, rübai, qafiyə, bölgü, məcaz, bənzətmə, mübaliğə, alleqoriya haqqında lakonik cizgilərlə söhbət açılır. Beyti söz evinə, qafiyəni ahəng tərəzisinin pərsənginə, bölgünü söz dayanacağına, məcazı möcüzəyə, hörgüdə şeiri işığa qərq edən qapı-pəncərə yerinə, bənzətməni şeirin dadına-duzuna, mübaliğəni söz evinin bacasına bənzədən şair şeirin özü haqqında bu sözləri deyir:
 
Bəri başdan bil!
Ürəyində ya qurd ola gərək, ya şeir,
İkisi bir yerdə yola getməz,
Qurd şeiri yeyər…

 
Fikrət Sadığın “Soyuq şeir”, “Hirsli şeir” adlı yazılarında şeir obrazlaşdırılır, onun poetik ovqatın məhsulu olması nəzərə çarpdırılır. Hələ bu harasıdır. Şairin “Ədəbiyyat nəzəriyyəsi” başlığı altında verilən silsilə şeirləri də var: “Qəsidənin tərifi”, “Rübainin tərifi”, “Qəzəlin tərifi”. 2006-cı ildə yazılan bu şeirlərdə də müəllif şeir dili ilə həmin adı çəkilən janrların mahiyyətini açmağa, onları bədii obraz səviyyəsinə qaldırmağa çalışır. “Qəsidə” şeiri “Xəbər verin çapara, xəbər verin qasidə, yaysınlar bu xəbəri, hələ sağdır qəsidə” misralarlı ilə başlayıb, “Qəsidə yazmaq üçün şair olasan gərək, Əruzun ləpiriylə sözün düşə üst-üstə” misralarıyla bitir.
Digər şeirlər isə “Şair şair olmasa yaza bilməz rübayi”, “Qəzəl yazmaq çətindir, özəl yazmaq çətindir, babat yazmağa nə var, gözəl yazmaq çətindir” misraları ilə tamamlanır. Buradan belə nəticə hasil olur ki, ədəbi uğuru şərtləndirən janr deyil, şairin istedadıdır. 
Fikrət Sadığın şeirlərində nəğmə ruhu, nəğmə ritmi, nəğmə ahəngi var. Təsadüfi deyil ki, onun bu tipli şeirlərinin bəzilərinə mahnı bəstələnmişdir:
 
Bu çayın çınqılı xırda,
Çınqıllar danışır burda.
Bu qədər ki, həsrətliyəm,
Çınqıl ollam axırda.

 
“Sırğamın qaşı zümrüd”, “Şamaxı” və s. şeirlər də bu qəbildəndir. Lirika Fikrət Sadıq şeirlərinin döyünən qəlbidir elə bil. Bayatıya, laylaya, nəğməyə çevrilən həsrətdi, intizardı, ümiddi…
Fikrət Sadıq harda var idisə, orada zarafat yumor var idi. Məclislər yaraşığı idi. Çox nadir hallarda ciddi şeir oxuyardı süfrə arxasında. Bir dəfə isə tərsinə oldu. Şabranda icra başçısı onun şərəfinə xudmani bir qonaqlıq verirdi. Əslində qonaqlıq bir yerdə əyləşmək, söhbət üçün bir bəhanə idi. Baməzə söhbətlərdən, zarafatlardan sonra Fikrət müəllimdən xahiş elədilər ki, təzə bir şeir oxusun. Xüsusi, özünəməxsus bir tərzdə bu şeiri oxudu və “son şeirimdi”, - dedi…
 
Döyüşdə ölmədim deyəm,
Bayrağı örtün üstümə.
Üstündə son misram donmuş
Varağı örtün üstümə.
 
Dön bax illərə, aylara,
Nəyim varsa para-para.
Qara günüm çoxdu, qara
Torpağı örtün üstümə.
 
Ümidim yaralı bir quş,
Qolum-qanadım qırılmış.
Üşüyürəm, xəzəl olmuş
Yarpağı örtün üstümə.
 
Göylər niyə zalım olsun,
Tale mənə zamin olsun.
Bir dərə məzarım olsun
Bir dağı örtün üstümə.

 
Gəraylı formasında olan bu şeir hamının xoşuna gəldi. Kimsə zarafatla dedi ki, bütün yollar əvvəl-axır məbədə döndüyü kimi Fikrət Sadıq da ömrünün ixtiyar çağında gəraylıya üz tutub…
Əsasən sərbəst şeirlər yazsa da, Fikrət müəllimin əksər sərbəst şeirləri heca bazalı sərbəst şeirlər idi. Folklor ruhu, folklor ab-havası onun şeirlərini oxuyanda, dinləyəndə vəzni unutdururdu adama… Şairin nəinki sərbəst, hətta ənənəvi formada yazdığığı şeirləri də öz bənzərsizliyi, ifadə tərzinin yeniliyi ilə diqqəti cəlb edir.
Fikrət Sadıq müsahibələrinin birində deyirdi: “Bizdən qabaqkılar ancaq dövlətdən, nə bilim, partiya quruculuğundan yazırdı. Biz gəldik, özümüzü yazdıq. Bu azdı?”  Bəli, özündən yazmaq, öz duyğularını əks etdirmək xoşbəxtliyi nəsib olmuşdu Fikrət müəllimə və onun yaşıdlarına. Əslində bunun özü də bir tale işi idi. 
Fikrət Sadığın poeziyasına onun xarakterinin ayrılmaz tərkib hissələri olan səmimiyyət, vətənpərvərlik, həssaslıq, kövrəklik, təvazökarlıq, incə yumor duyumunun hopması şairin ədəbi üslubuna yenilik gətirən cəhətlərdən idi. Bu baxımdan onun poeziyası qəlbinin aynasına çevrilmişdi müəyyən mənada.
Fikrət Sadığın poeziyası yerdən göyə ümiddi, misralara hopan arzudu, həsrətdi, yanğıdı. Onun şeirləri möcüzəli bir toxuma bənzəyir, münbit yerə düşməsə bitməz. Laqeyd ona ötəri nəzər salıb keçər. Həssas ürəklərdə isə o toxum qol-qanad açıb ağaca, çiçəyə, gülə, arzuya, həsrətə, ümidə, dosta, sirdaşa dönə bilər. Fikrət Sadığın poeziyasını bir bulağa da bənzətmək olar. Qiymətini təşnə olanlar bilər. Onun poeziyasını ağaca da bənzətmək olar, qədir-qiymətini kölgəsində dincələnlər bilər. Səmimi, təmiz məhəbbətlə sevib-sevilməyin nə demək olduğunu bilməyənlər, V.Hüqonun təbirincə desək: “sevib iztirab çəkməyənlər” “Sevgi yağışı”nın billur damcıları altında qızına, rahatlıq tapa, özlərini xoşbəxt sana bilməzlər…
Fikrət Sadığın hər şeiri onun öz portretinin bir cizgisidi elə bil. Bu cizgilər toplanaraq şairin ümumu, bütöv, tam portretini canlandırır gözlərimizin önündə. Ömrünün son dövründə yazdığı şeirlərin bir qismində giley-güzar motivləri olsa belə, Fikrət Sadıq yaradıcılığı boyu nikbin şair olub, həyatın qaranlıq tərəflərini belə poeziya, yumor nuru ilə işıqlandırmağı bacarıb… Bir vaxt özü işıqçı olan, işığı ev-ev, küçə-küçə paylayan Fikrət Sadıq peşəsini dəyişsə belə, öz missiyasını yeni şəraitdə davam etdirib. Onun işıqla yoğrulan poeziyası ürəklərin ən hicra, qaranlıq guşəsini işıqlandırmaq, insanları həyata səsləmək gücündədir. 
Fikrət Sadığın yaradıcılıq nümunələri tədqiqata zəngin material verir. Ona görə ümid eləyirik ki, gələcəyin ədəbiyyatşünasları bu bənzərsiz şairin əsərlərini tədqiqata cəlb edəcək, maraqlı elmi qənatlərə gələ biləcəklər.
 
Şair doğulub anadan deyirlər ki, filankəs,
Hamı bir cür doğulur, ancaq bir əmması var.
Əsl şair dünyada doğulanda bilinməz,
Öləndə bilinər bu – şair öləndə ölməz! 

 
Ömrü boyu möcüzə axtarışında olan, görüb-duyduqlarını misralara hopdurub bizə yadigar qoyan, cismən aramızda olmasa da, mənən yaşayan şairimizin ruhu şad olsun.
 
Rafiq Yusifoğlu,
şair, Azərbaycan Respublikasının Əməkdar
mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
 
18-22 avqust 2025.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar