Xəbər lenti
Kremllə Bakının arası açılır - böyük skandal
Lavrov iki ölkənin arasına nifaq saldı; Moskva yenə valı dəyişib; Rusiyanın erməni kökənli baş diplomatının fitnəkar açıqlamalarındakı aparıcı məram; işğalçı Ermənistana hərbi və iqtisadi dəstəyini də artıran Kreml öz forpostunu Azərbaycandan daha güclü hifz eləmək kursu götürüb...
Rusiyanın xarici işlər naziri, erməni kökənli Sergey Lavrovun Qarabağ mövzusunda son açıqlamaları şok effekti yaratsa da, əslində təəccüblü deyil. Unutmaq olmaz ki, Ermənistan Azərbaycandan fərqli olaraq, bölgədə Rusiyanın yeganə hərbi-siyasi müttəfiqi, forpostudur. Yəni Moskva özünü Azərbaycana münasibətdə nə qədər strateji tərəfdaş kimi qələmə verməyə çalışsa da, zaman-zaman “əsl buynuzunu” göstərmək, işğalçı ölkənin sahibinin kim olduğunu xatırlatmaq zorundadır.
Azərbaycanın israrla Putinin Avrasiya layihələrinə qoşulmaqdan imtina eləməsi də söz yox ki, rəsmi Kremli qıcıqlandıran və onun Lavrov-Kələntərov timsalında Azərbaycan əleyhinə açıqlamalar verməsinə stimul yaradan faktordur. Diqqət edin, bir yandan Rusiya ölkəmizin ərazi bütövlüyünü tanıdığını, “DQR” adında qurumu tanımadığını bəyan edir, digər yandan da XİN rəhbərinin dilindən “Qarabağda hərbi əməliyyatlar Azərbaycanın daxili məsələsi deyil” deyir. Paradoks?
Əlbəttə ki. Çünki Azərbay canın ərazi bütövlüyünü tanıyırsınızsa, o zaman nədən Azərbaycan öz sərhədləri daxilində antiterror əməliyyatı aparmaq üçün Rusiyadan izn almalıdır? Bu, şübhəsiz ki, suveren Azərbaycana qarşı rəsmi Moskvanın təhdididir - həm də işğalçı Ermənistanı sakitləşdirməyə yönəlik təhdiddir.
Kremlin İrəvana reveransları bununla bitmir. Moskva ona hərbi dəstəyini də artırmaqdadır. Bu da növbəti fakt: Lavrovun açıqlaması ilə eyni gündə bəlli olub ki, Rusiya özünün Gümrüdəki 102 saylı hərbi bazada “Nebo-M” ən müasir radio-lokasiya sistemi (RLS) yerləşdirib. Bu haqda Rusiya Müdafiə Nazirliyinin “Hərbi icmal” jurnalında nəşr olunan məqalədə deyilir. Müəllifin iddiasına görə, yeni RLS “Azərbaycanın İsraildən ”Green Pine" RLS-i almasına layiqli cavab olacaq, həmçinin Türkiyə, İraq, Suriya və Gürcüstanın böyük bir ərazisini nəzarətdə saxlamağa imkan verəcək".
Məqalədə bildirildiyinə görə, Rusiyanın sərəncamında 10 komplektdən çox “Nebo-M” RLS-i var. Onlar şərq və qərb hərbi dairələri ilə yanaşı, Ermənistanda yerləşdirilib. Müəllifə görə, “Nebo-M” radiotexniki kəşfiyyatın yeganə mobil vasitəsidir ki, aşağı və orta uçuşlu raket hücumu haqda xəbərdarlıq funksiyasına və bu zaman uçuş haqda vaxtında məlumatlandırmaq imkanına malikdir. Bundan əlavə, bildirilir ki, “Nebo-M” 200-250 km məsafədə, sektor rejimində və 160 km ətrafında, reaktiv yaylım atəşi sistemlərinin korrektə olunan mərmilərini aşkarlamaq xüsusiyyətinə malikdir.
***
Bu arada həmçinin bəlli olub ki, Rusiya Ermənistan iqtisadiyyatına minimum 300 milyon dollar investisiya yatırmaq niyyətindədir. Axar.az xəbər verib ki, bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Lakin qəzet investisiyaların məhz iqtisadiyyatın hansı sahələrinə yönəldiləcəyini açıqlamayıb.
“Bizim mənbələrin məlumatına görə, bu barədə siyasi qərar Rusiya rəhbərliyi tərəfindən qəbul edilib. Onlar bununla Karen Karapetyan hökumətinə dəstək vermək istəyirlər. Bu dəstək K.Karapetyanın Ermənistanın hakim dairələrində mövqelərinin gücləndirilməsinə və ictimaiyyət qarşısında nüfuzunun artırılmasına yönəlib. Qeyd edək ki, 300 milyon dollar bizim iqtisadiyyat üçün elə də böyük məbləğ deyil. Lakin əgər 2016-cı ildə ölkəyə xarici investisiyaların ümumi axınının bu rəqəmin heç yarısı qədər olmadığını nəzərə alsaq, o zaman Moskvanın dəstəyinin öz hədəfinə çatacağını təsdiq edə bilərik”, - deyə məqalədə vurğulanır.
Beləcə, Rusiya Güney Qafqazdakı yeganə hərbi forpostu və satellitinə həm mənəvi ruh verir, onu Azərbaycanın hücumlarından sığortalamağa çalışır, arxayın edir, həm təhlükəsizliyini gücləndirmək üçün işğalçı ölkəyə vaxtaşırı müasir hərbi sistemlər ötürür, həm də imkan daxilində iqtisadiyyatının tam çökməməsi üçün maliyyə dəstəyi ayırır - özünün iqtisadi durumu çətin olsa da.
Kəsəsi, bahalı məşğuliyyət olsa da, öz maraqları naminə təcavüzkarı hər vəchlə bəsləyir, çünki özü də təcavüzkar ölkədir, həm Azərbaycan torpaqlarının ortaq işğalçısıdır, həm də Gürcüstan, Ukrayna, Moldova ərazilərinin bir hissəsini zorla qəsb etmiş imperiya dövlətidir.
Göründüyü kimi, Ermənistana üç istiqamətli dəstək bilavasitə Azərbaycanın köklü maraqları əleyhinə yönəlib. Ən önəmlisi, Kremlin öz marionetini hərbi, iqtisadi və mənəvi cəhətcə ayaqda saxlamaq, onun Azərbaycan qarşısında kritik səviyyədə zəifləməsini önləmək siyasəti müstəsna olaraq Qarabağın işğalını uzatmağa yönəlib. Moskva bununla, söz yox ki, ilk öncə konfliktin hər hansı formada həllini - istər dinc yol olsun, istərsə də hərb - öz inhisarında saxlamaq niyyəti güdür.
***
Yaranmış vəziyyətdə Azərbaycan üçün yeganə düzgün çıxış yolu - Azərbaycanın heç nəyə baxmadan iqtisadi və hərbi cəhətdən durmadan güclənməsi, bölgənin ən nümunəvi, azad və demokratik dövlətə çevrilməsidir. Təbii ki, qardaş Türkiyə ilə birgə sinxron siyasət yürüdülməsi, ölkəmizin hərbi parkının Rusiyadan asılılığının tədricən azaldılması da Qarabağ strategiyamızın əsas ünsürlərindən olmalıdır.
Həmçinin qardaş ölkə ilə hərbi əməkdaşlığı Rusiyanın Ermənistanla analoji əlaqələri səviyyəsinə qaldırmaq Azərbaycanın prioritetlərindən olmalıdır. Yeri gəlmişkən, bir sıra analitiklərə görə, Türkiyə öz problemlərini həll etdikdən sonra Azərbaycanın həm Rusiyaya, həm də Ermənistana daha effektiv təsir imkanları yaranacaq.
Lavrovun son fitnəkar açıqlamaları isə bizi bir daha əmin eləməlidir ki, Rusiya heç vaxt Azərbaycana Türkiyə qədər yaxın, tərəfdaş olmayıb və olmayacaq. İllüziyalardan, “Rusiya ilə tərəfdaşlıq” nağıllarından qurtulmaq zamanı çatıb. Moskva ilə aranın “açılması” hesabına da olsa, Bakı daha prinsipial mövqe sərgiləməyi bacarmalıdır. Yoxsa Rusiya rəsmiləri daha abırsızcasına üstümüzə gələcəklər.
Hər necə olmasa üçüncü onillikdir Kremlin Qarabağ siyasətinin mahiyyətində nə durduğu aydındır. Əfsus ki, xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya baş diplomatının məlum açıqlamalarına reaksiyası dişsiz oldu. Amma əksi lazım idi. Ən azı ona görə ki, artıq Rusiya Azərbaycana ən böyük pisliyini edib. Bundan artığını edə bilməz. O gücdə deyil. İslanmışın yağışdan nə qorxusu ola bilər ki? Yaxud belə qorxu varsa da, bu, yüz faiz Azərbaycanla bağlı deyil.(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar