Xəbər lenti
Rəşad Məciddən təhsil nazirinə müraciət etdi: "Xalqıma vəsiyyətim"...
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Xalq yazıçısı Anarın "Qanun" Nəşrlər evində kitab halında işıq üzü görən "Yaşamaq haqqı" tarixi-kulturoloji traktatının ölkənin ali məktəblərində tədris olunması və dərsliklər siyahısına salınması təklifi ilə təhsil naziri Emin Əmrullayevə müraciət edib.
Manevr.az xəbər verir ki, Rəşad Məcid müraciətində "Yaşamaq haqqı" traktatının çoxəsrlik tariximizə fundamental, obyektiv, doğru bir yanaşma olması baxımından böyük əhəmiyyət daşıdığını bildirib: "Əsər əvvəl rusca çap olunmuşdu. Daha sonra Türkiyənin İLESAM təşkilatının təşəbbüsü ilə türkcə işıq üzü gördü. Bir neçə ay öncə isə əsər daha təkmil variantda "Qanun" Nəşrlər evində Azərbaycan dilində çapdan çıxdı. Son illər traktatın bəzi hissələri "525-ci qəzet"də də dərc olunub, qəzetin səhifələrində əsərin təbliği ilə bağlı materiallar işıq üzü görüb. Ölkəmiz üçün ziddiyyətli, qanlı-qadalı dövrlərə şahidlik etmiş yazıçının zəngin həyat təcrübəsi, nəsildən, gendən gələn xarakterik xüsusiyyətləri, möhkəm yaddaşı, tariximizə, mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza dair dərin, hərtərəfli bilgisi, uzun illər ərzində Azərbaycanda baş vermiş ictimai-siyasi proseslərlə bağlı tanıdığı şəxsiyyətlərin xatirələri və özünün müşahidələri sayəsində ərsəyə gəlmiş bu traktat olduqca qiymətli bir əsərdir.
Orxon-Yenisey abidələrindən üzü bəri xalqımızın tarixi, millətin və dövlətin formalaşma mərhələləri, bütün bu dolanbaclarda baş verənlər, bugünkü müstəqil Azərbaycanın keçdiyi keşməkeşli yol "Yaşamaq haqqı"nda sadə və aydın şəkildə qələmə alınıb. Ümumiyyətlə, Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına aid heç bir xüsusi hadisə, dəyər bu əsərdən kənarda qalmayıb”.
Rəşad Məcid bildirib ki, müəllif adı keçən kitabı "Xalqıma vəsiyyətim" adlandırıb. Onun sözlərinə görə, əsər haqqında fikirlərini bildirən görkəmli elm və söz adamları traktatı "Vətən tarixi barədə mühazirələr", "Azərbaycan dastanı", "gələcəyə mesajlar" kimi xarakterizə ediblər: “Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli əsərin "Oğuznamə"lərlə müqayisəsini apararaq, "Yaşamaq haqqı"ndakı düşüncələri ilə Anarın XXI əsrin yeni tipli Oğuznaməsini yaratdığını bildirib.
Rəşad Məcid "Yaşamaq haqqı"nı bu gün hər bir azərbaycanlının oxuyub mütaliə etməsi, hər evdə olması vacib, zəruri kitab adlandırıb: "Əsərin bir özəlliyi də odur ki, Anar Azərbaycan tarixinin ən müxtəlif dövrlərini rəvan bir dildə, öz yazıçı yanaşması ilə təqdim və təhlil edib. Həmçinin, ən qəliz dövrlərdə baş verən hadisələrə təmkinlə münasibət bildirərək gələcək üçün bir yol xəritəsi cızıb, dostumuzu, düşmənimizi tanıyıb, keçmişdə olanlardan ibrət götürüb gələcəyimizi necə qurmağımızın yollarını göstərib. Bu baxımdan, hesab edirəm ki, "Yaşamaq haqqı"nı hər bir Azərbaycan gəncinin, o cümlədən, seçdiyi ixtisasdan asılı olmayaraq bütün tələbələrin oxuması və öyrənməsi vacibdir. Təkcə bu kitaba bələd olmaqla Azərbaycanın çoxəsrlik keçmişi haqda, xalq, millət kimi haradan gəlib haraya getdiyimiz barədə zəngin bilgi əldə etmək, baş verən hadisələrə açıq, aydın gözlə baxa bilmək mümkündür. Gənc nəslin milli kökümüzə daha dərindən bağlanması və qloballaşan dünyada onların öz milli tarixini, mədəniyyətini qoruyub təbliğ etməsində bu əsər əsl təməl mənbə ola bilər. Ona görə də, düşünürəm ki, "Yaşamaq haqqı"nın Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəblərdə ayrıca - seçmə fənn kimi tədrisi, dərsliklər siyahısına salınması və oxumaq üçün tələbələrə tövsiyə edilməsi olduqca vacib və zəruridir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar