Xəbər lenti
Cavid Qurbanov: "Kəlbəcərlilər mənə müraciət edəndə sevinirəm ki, yerlilərimin inamını sarsıtmamışam" - MÜSAHİBƏ
Cavid QURBANOV: "Prezident İlham Əliyevin nəqliyyat və dəmir yolları ilə bağlı planları günümüzdən gələcəyə aparan iqtisadi uğurların şah damarıdır...”
- Nəqliyyat sahəsinin peşəkarları etiraf edirlər ki, ölkə başçısı tərəfindən etimad göstərilərək Siz "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunandan sonra dəmir yolları şəbəkəsində sürətli yeniləşmə baş verdi. Bildiyimiz kimi, dəmir yolları istənilən ölkənin iqtisadiyyatında "şah damarı” rolunu oynayır. Bu nəqliyyat sisteminin genişləndirilməsi iqtisadiyyatın sürətli inkişafına təkan verir. Bu baxımdan məhsuldar fəaliyyətiniz özünüzü qane edirmi?
- Bəri başdan deyim ki, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətin memarı möhtərəm İlham Əliyev cənablarıdır. Prezident İlham Əliyevin nəqliyyat və dəmir yolları ilə bağlı planları günümüzdən gələcəyə aparan iqtisadi uğurların şah damarıdır. Son illər bu sahədə aparılan genişmaştablı layihələrə başçılıq edərkən maraqlı nəticələr əldə etdik. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində və onun strukturlarına daxil olan idarələrdə, qurumlarda çalışanlar bir ailənin üzvləridir. Bu ailənin isə adı Azərbaycandır. Vətənimizin nəqliyyat və iqtisadi uğurları naminə əlimizdən gələnləri əsirgəmirik...
- Ölkə başçısı bir çox sahələrə rəhbər vəzifəyə gətirdiyi mütəxəssislər özlərinin peşəkarlığıyla, cəmiyyətdə qazandıqları nüfuz və uğurları ilə seçilirlər. Belə nüfuzlu şəxslərdən biri kimi Siz də nəqliyyat ictimaiyyəti tərəfindən qəbul olunan nəqliyyat peşəkarı sayılırsınız. Uzun müddət keçmiş Nəqliyyat Nazirliyində yüksək vəzifədə işləmisiniz, eyni zamanda, Milli Məclisin deputatı olarkən, Azərbaycanın nəqliyyat sisteminin yenilənməsi, yeni texnolagiyaların gətirilməsi ilə bağlı çoxistiqamətli strateji planların layihələri məhz Sizin tərəfinizdən verilib. Sizcə, bundan sonra Azərbaycanın nəqliyyat şəbəkələrinin, xüsusən də dəmir yollarının inkişafı hansı xətt üzrə inkişaf edəcək?
- Daxili dəmir yol şəbəkəsində apardığımız geniş yenidənqurma və tikinti işləri ilə yanaşı, cənub istiqamətindək layihməmiz - İran və Azərbaycanın dəmir yolu xətlərinin birləşdirilməsi istiqamətində böyük addımlar atılmaqdadır. Azərbaycanla qonşu İranın dəmir yolu xətlərini birləşdirən Astara-Astara layihəsinin gələn il istismara veriləcəyi gözlənilir. Bununla, Astara Gilan vilayətində həmin xətlə hərəkət edəcək qatarın fit səsinin eşidildiyi ilk şəhər olacaq. Qeyd edək ki, hazırda 2 ölkə arasında illik ticarət dövriyyəsinin həcmi 500 milyon ABŞ dolları təşkil edir. İran-Azərbaycan dəmir yolu şəbəkəsinin birləşməsi ilə bu, 2 milyard dollaradək artacaq.
Müştərək iqtisadi komissiyanın ilcasında qərara alınıb ki, iki ölkənin dəmir yolu xəttlərini birləşdirən Astara köprüsünün inşa layihəsi birgə vəsait hesabına həyata keçirilsin. Tikinti işlərinin aparılmasını isə Azərbaycan tərəfi öz üzərinə götürüb.
Böyük əhəmiyyətə malik olan bu dəmir yolu xətti Qəzvin-Rəşt-Ənzəli-Astara marşrutu ilə Azərbaycanın dəmir yolu xəttinə qoşulacaq. Bununla da o, beynəlxalq əhəmiyyətli dəmir yoluna çevriləcək. Çünki İran dəmir yolu xəttinin sözügedən marşrut ilə Azərbaycana birləşməsilə, Hindistandan Avropanın Helsinki limanınadək olan 5200 kilometrlik dəmir yolu xətti yaranacaq. Bu, təbii ki, beynəlxalq dəmir yolu xətti sayılacaq. Bu birləşmə ilə yüklərin daşınma müddəti 45 gündən 20 günədək azalacaq, məsafə isə təxminən 3 min kilometr qısalacaq.
Beləliklə, dəmir yollarının birləşdirilməsi və 5 milyon tonluq tutuma malik terminalın inşası növbəti il qeyd edəcəyimiz xoş hadisələrdəndir. Ümid edirik ki, liman və yol nəqliyyatı infrastrukturlarının sintezini yarada biləcəyik və bununla, Fars körfəzindən Azərbaycan və Rusiyaya malların daşınması sadələşəcək. Bu, əlverişli imkan sayılır.
Astara Rəşt-Qəzvin dəmir yolu xətti vasitəsilə İranın dəmir yolları şəbəkəsinə qoşulmazdan əvvəl Azərbaycanın dəmir yolu xətlərinə birləşdiriləcək. Bununla yanaşı, Rəşt-Qəzvin dəmir yolu layisənin icrası da sürətlə davam etdirilir. Onun yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulub.
Azərbaycanın dəmir yolu xətləri Avropa və Orta Asiyayadək uzanır. Odur ki, Qəzvin-Rəşt-Ənzəli-Astara dəmir yolu xəttinin Azərbaycan dəmir yollarına birləşdirilməsi İranda dəmir yolu sahəsində ticarətin inkişafı baxımından olduqca əhəmiyyətlidir. "Şimal-Cənub” dəmir yolu dəhlizinin yaranmasından sonra yükdaşıma xərcləri xeyli azalacaq və bu, hər iki ölkənin maraqlarına cavab verir. İran da öz növbəsində bu layihənin mümkün qədər tez reallaşmasına çalışır.
Layihənin yalnız birinci mərhələsinin başa çatması İranla Azərbaycan arasında yük daşımalarının 10 dəfəyədək artımını təmin edəcək. Bundan başqa, iki ölkənin dəmir yollarının birləşdirilməsilə mal mübadiləsinin həcminin ildə 5 milyon tonadək artacağı gözlənilir.
- Siz MDB ölkələri və Avropa dəmir yolçuları arasında kifayət qədər sözünüzü demiş, mövqeyinizi ortaya qorumuş məmur sayılırsınız. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmda Cəmiyyəti ona daxil olan dəmir yolu strukturu, əslində, həm də Azərbaycanın Şərqdən Qərbə, Şimaldan Cənuba, bir sözlə, qədim İpək Yolu boyunca nəqliyyat sistemi yaratmaqla, dünyada mövqeyimizi güclənməsində Sizin son illərdəki gərgin fəaliyyətinizin xüsusi rolu var. Sizcə, biz daha nələr etməliyik ki, bu uğurlu mövqelərimiz bir az da möhkəmlənsin?!
- Bu suala geniş cavab verməmişdən əvvəl indiyə qədər görülən qlobal nəqliyyat layihəsi aqqında məlumatları çatdırmaq istərdim. Cənubi Qafqaz regionundakı ölkələr qədim İpək Yolu dövründə olduğu kimi, yenidən körpü rolunu oynamaq istəyir. Cənubi Qafqaz Şərqi Asiya və Avropanın inkişaf edən bazarlarını birləşdirə bilər. Yeni Bakı-Tbilisi-Qars dəmir yolu isə bərpa olunan ticarət dəhlizinin mərkəzi sinir sistemi oldu. Yüklər Rusiyadan və onun embarqosundan yan keçməklə bu dəmir yolu vasitəsilə Avrasiyanın bir hissəsindən o biri hissəsinə 15 gün ərzində asanlıqla daşınır. 826 kilometr uzunluğundakı BTQ dəmir yolu Azərbaycanın Xəzər dənizi sahilindən Gürcüstanın paytaxtı Tbilisiyə qədər uzanır. Buradan isə cənuba doğru istiqamətlənəcək, Türkiyənin şərq hissəsindən keçərək bu ölkənin böyük dəmir yolu sisteminə birləşir, oradan Avropa hüdudlarına daxil olur. Bu dəmir yolu Çinlə Avropanı birləşdirən və ticari-nəqliyyat dəhlizi funksiyasını yerinə yetirən yeni İpək Yolu Şəbəkəsinin cənub istiqamətinin vacib hissəsinə çevrilib.
2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi-dövlət rəhbərləri Tbilisidə görüşərək dəmir yolunun tikintisinə dair razılaşma imzaladılar. İndi bu layihə təkcə bu üç ölkəni deyil, Şərqlə Qərbi də birləşdirir. Cənubi Qafqaz regionu müxtəlif aktiv bazarların mərkəzində yerləşir: regiondan şərqdə Mərkəzi Asiya və Çin, qərbdə Türkiyə və Avropa, şimalda Rusiya, cənubda isə İranla Yaxın Şərq yerləşir. BTQ fiziki olaraq Avrasiyanın mərkəzi hissəsini birləşdirir. Dünya əhalisinin 70, enerji resusrlarının 75, ümumi daxili məhsulun 70 faizini məhz şərqdən Çin, qərbdən Avropaya qədər uzanan Avrasiyanın payına düşür.
BTQ dəmir yolu vasitəsilə qurudan keçməklə Çinlə Avropa arasındakı səfərin müddəti 15 gündür. Bu, dəniz daşımasından iki dəfə tez, hava daşımasından isə iki dəfə ucuz başa gəlir. Qatarlar Çinin müxtəlif şəhərlərindən yola düşə, Qazaxıstanın "Khorgos Gateway” limanından keçərək bərələrə yüklənib Xəzər dənizi vasitəsilə Yeni Bakı Limanına çatdırıla bilər. Buradan isə yüklər çox asanlıqla qatarlara yüklənib BTQ vasitəsilə Avropaya göndərilə bilir. Məhsulların əks istiqamətdə də daşınması mümkündür. Hazırda dəmir yolu ilə Transavrasiya yük daşınması yüksəlişdədir. İstehsalçılar, ekspeditorlar və alıcılar dəmir yolunun üstünlüklərini yaxşı bilir. Bundan başqa, bu sahədə xidmət səviyyəsi daha da yüksəlir, şəbəkə yeni yollar və logistik mərkəzlər vasitəsilə bir qədər də genişlənir. Odur ki, biznesmenlər bu şəbəkəni dəstəkləyir.
Dəmir yolu vasitəsilə bir qayda olaraq bahalı yüklər daşınır. Buraya elektrik malları, avtomobillər, B2B maşınları, kənd təsərrüfatı məhsulları, ət, şərab və dəbli mallar daxildir. Bu məhsullar ünvana mümkün qədər tez çatdırılmalıdır.
Yeni meydana gələn Transqafqaz nəqliyyat dəhlizi genişlənir. BTQ dəmir yolu isə onun şah damarından keçir. Transqafqaz nəqliyyat dəhlizində yeni istehsal mərkəzləri yaranır, çünki regionun yeni logistik imkanları hesabına istehsal qabiliyyəti artır. 20 kvadrat kilometr əraziyə malik Yeni Bakı Limanı azad ticari zona ilə əhatələnib. Bu zona ölkənin neft-kimya məhsulları ilə təmin edilməsində də istifadə olunacaq. Eyni zamanda, buraya plastik və digər istehsalat məhsulları da daxildir. Öz növbəsində, Gürcüstanda da ölkə boyu yayılmış azad ticarət zonaları var, Türkiyədə isə yeni logistik mərkəzin – Qarsın yaxınlığında bir neçə sənaye mərkəzləri yaradılıb.
BTQ dəmir yolu yerli istehsalatı da stimullaşdırır. Bundan başqa, dəmir yolunun keçdiyi ölkələr tranzit haqqına görə əlavə gəlir qazanır. İlkin vaxtlarda ABŞ, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilkin olaraq BTQ layihəsini dəstəkləməkdən imtina etmişdi. Azərbaycan ilə Türkiyənin yolun öz ərazilərindən keçməli olan hissəsini maliyyələşdirmək imkanı olsa da, Gürcüstan 178 kilometrlik hissəyə maliyyə ayıra bilmirdi. Onda Azərbaycan Dövlət Neft Fondu bu məsələyə qarışdı və Gürcüstana biri 112 milyon, digərisə 323 milyon dollar olmaqla, iki dəfə kredit ayırdı. Bu, Azərbaycanın neft pullarından istifadə edərək regional nəqliyyat infrastrukturu layihələrinə investisiya qoyduğuna bir nümunədir.
BTQ layihəsi tam reallaşdıqdan sonra isə dəmir yolu vasitəsilə ildə 1 milyon sərnişin və 5 milyon ton yük daşınacaq. Əgər tələbat 15 milyon ton yükə çatarsa, bu zaman yeni yol çəkiləcək. Atıq bu yolun çəkilməsi planlaşdırılır.
Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və "Cənub Qaz Dəhlizi” ilə regional əməkdaşlığın əsasını qoymuş Azərbaycan, Türkiyə və Gürcüstan BTQ dəmir yolu vasitəsilə siyasi və müxtəlif sahələri əhatə edən iqtisadi əlaqələrini gücləndirəcək. Buraya energetika, nəqliyyat, müdafiə və təhsil sahələri daxildir. BTQ dəmir yolu layihəsi hər 3 ölkəni dəyərlər, adət-ənənə və mədəniyyət baxımından yaxınlaşdıracaq. Bu, böyük Qara dənizdən Xəzər dənizinə qədər dəyişiklilərin baş verməsi ilə nəticələnə bilər. Demək, layihə gəlir əldə etmək üçün reallaşdırılsa da, burada iqtisadi maraqlarla yanaşı, siyasi məqamlar da var.
- Siz üç çağırış Milli Məclisin Kəlbəcərdən seçilən deputatı kimi məcburi köçkünlərin pənah gətirdikləri ictimai siyasi dövlət xadimlərindənsiniz. Uzun müddət təcavüzkar Ermənistanınin işğalı altında olan bu rayonun deputatı kimi bölgənin pərən-pərən olmuş könlüyaralı əhalisinə, dövlət tərəfindən tikilərək bağışlanmış qaçqın və köçkün şəhərciklərində doğulmuş yeni nəsil kəlbəcərlilərə dayaq olmusunuz. Hazırda dövlətin məsul bir vəzifəsində çalışırsınız, kəlbəcərlilər bir ağsaqqal, ictimai-siyasi xadim yerlisi, eloğulsu kimi Sizə yenə də müraciət edirlərmi?
- Qarabağ, Kəlbəcər, işğal olunmuş tarixi torpaqlarımız, söz yox, bizim xalqımızın yaralı yeridir. Fəxr edirəm ki, Kəlbəcər əhalisi uzun müddət doğma torpaqlarının azad olunması gününü gözləməklə yanaşı, respublikamızın ictimai-siyasi, iqtisadi-sosial, elmi-mədəni həyatında fəal iştirak edir, dövlətçiliyimizin inkişafına öz töhfələrini verirlər. Deputat kimi fəaliyyətimin əsas istiqamtələrindən biri də yerlilərimin bu inamlı həyat tərzlərində onların yanında addımlamağım idi. Onların kədərini də, sevincini də özümümnkü saydığıma görədir ki, əhali mənə hər dəfə etimad göstərirdi. Həmişə də çalışmışam nəslimizin nüfuzuna xələl gətirəcək xırda bir çatışmazlığa yol vermədən, seçicilərimin problemlərini həll etməkdə onlara yardımçı olum. İndi də kəlbəcərlilərin mənə müraciət etdiklərini görəndə sevinirəm ki, xalq tərəfindən unudulmamışam, yerlilərimin inamını sarsıtmamışam.
- Azərbaycan milli aşıq sənətinin görkəmli nümayəndələrindən biri hesab olunan Dədə Şəmşirin nəvəsisiniz və oxuculara sirr olsa da, tədqiqatçılar yaxşı bilirlər ki, Siz özünüz, ata-babalarınız kimi, həm də bədii yaradıcılıqla məşğul olursunuz. Sizin yaradıcılığınızda - poeziyanızda Kəlbəcər - Qərbi Azərbaycan mövzularının bu qədər işlənməsinin əsas səbəbini bilmək olarmı? Vətənə, doğma diyara sevgi, yoxsa, qaçqın və məcburi köçkünlərlə, Qərbi Azərbaycandan, Qarabağdan olan qəlbisınıq, qəlbiqırıq insanlara beləcə mənəvi dayaq durmaq üçün yazıb-yaradırsınız?!
- Azərbaycan ədəbiyyatında, Aşıq sənətində, poeziyasında Dədə Şəmşirin mövqeyi və yeri həm tədqiqatçılara, həm tarixçilərə, həm də sənətsevər oxuculara yaxşı məlumdur. Uşaqlıqdan evimizdə təşkil olunan şeir-sənət məclislərinin şahidi olmuşam. Atam Qənbər Şəmşiroğlu da incə ruha sahib şair-publisist kimi tanınır. Ana südü və qanla gələn bu poetik ruh məndən də yan qaçmayıb. Azərbaycan, Qarabağ və Kəlbəcərə həsr olunmuş şeirlərim məhz doğma diyarıma, vətənimə, insanlarıma olan ilahi sevgidən qaynaqlanır.
- Azərbaycanın radikal müxalifəti, eyni zamanda, onları maliyyələşdirən xarici qüvvələr cənab Prezidentin iqtisadi-siyasi fəaliyyətini, daxili və xarici siyasətini dəstəkləyən ictimai-siyasi xadimlərini, dövlət məmurlarını, nazirlik və digər rəsmi qurumların rəhbərlərini tənqid, əksər vaxtlar isə təhqir edirlər. Düzdür, cəmiyyətimizin əksər hissəsi belə halları qətiyyətlə pisləyir və qəbul etmir. Amma bir çox gənclər, xüsusən də yeniyetmələr belə mənəviyyatsız ünsürlərin təsirinə düşə bilərlər. Bu haqda nə deyə bilərsiniz?
- Atalarımızın yaxşı bir sözü var: "İt hürər, karvan keçər!” Bilirsiz, biz fəaliyyətimizlə, zəhmətimizlə və gördüyümüz işlərlə, eləcə də nəqliyyat əsgəri olaraq möhtərəm Prezidentimizin tapşırıqlarını həyata keçirməklə özümüzü cəmiyyətdə təqdm edirik. Xarici qüvvəllər tərəfindən öyrədilərək ölkəmizin tanınmış simaları haqqında aşağılayıcı, təhqirlərlə dolu hədyanlar yağdıranların cavabını isə elə oturduqları ölkələrin hüquq-mühafizə orqanları, məhkəmələr və tarix ağır formada verəcəyinə inamım böyükdür. Onların hədyanlarına cavab verməyə nə vaxtımız var, nə də həvəsimiz.
- Pandemiya dövründə dəmir yolu nəqliyyatının inkişafında müəyyən obyektiv və subyektiv problemlər yaranıb, bunu hər kəs yaxşı anlayır. Biz görürük ki, dəmir yolları sahəsi yerində saymır, müəyyən yeniliklər edir: burada yalnız sərnişin daşınmaları yox, müxtəlif təynatlı beynəlxalq, yerli və qlobal yükdaşımaları inkişaf edir. Bu, əslində, pandemiya dövründə Azərbaycanın həm ixrac, həm idxal imkanlarının genişləndirilməsi, xarici əlaqələrinin daha da inkişafına səbəb olur. Bu mənada daha hansı yeni planlar var ki, görülən işləri daha da surətləndirə biləsiniz?
- Sualınızın özündə elə cavabımız var! Qlobal maştabda koronavirus pandemiyası çağında bütün sahələrdə olduğu kimi, nəqliyyat şəbəkələri, dəmir yollarında da müəyyən çətinliklər, həllini gözləyən problemlər meydana çıxıb. Ortaya çıxan obyektiv və subyektv səbələrə rəğmən, biz başladığımız layihələri sona çatdırmaq əzmindəyik. Yaxın gələcəkdə respublikamızda daha yeni və fərqli, innovativ layihələrin şahidi olacaqsız.
-Hörmətli Cavid müəllim, KİV-lərin qarşısına daim Sizi zəngin faktlarla çıxdığınızı görmüşük, harada rəhbər vəzifəsində çalışmağınızdan asılı olmayaraq, mətbuat nümayəndələrini həyata keçirdiyiniz layihələrin əhəmiyyəti, dövlətin qarşıya qoyduğu bütün tapşırıqları sözsüz yerinə yetirilməsinin vacibliyini qeyd etmisiniz. Bu gün də Sizin KİV-lərlə sıx əlaqəli olduğunuzun şahidiyik. Xalqa, ictimaiyyətə, o cümlədən KİV-lərə açıq olduğunuz, dəyərli məlumatları çatdırdığınız üçün biz də Sizə təşəkkürümüzü bildiririk və əminik ki, bundan sonra da qarşıda həllini gözləyən məsələlərlə bağlı sevindirici, ürəkaçan faktlarla fikirlərinizi bizimlə bölüşəcəksiniz. Bu məsuliyyətli işlərdə sizə uğurlar diləyirik.
Müsahibəni apardı:Cəmilə ÇİÇƏK
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar