Xəbər lenti
Elbariz Məmmədli: haqqı öz adıyla çağıran şair
Dəyanət Osmanlı
Poeziyada çağdaşlıq fərdi duyğuların daha çox fərdilikdən çıxıb bütöv həyat stixiyasının predmeti olaraq təzahür etməsidir. İndi elə bir zamandır ki, kimisə hər hansı bədii mətnlə təəccübləndirmək çox çətin məsələdir. Uzağı nəyisə orijinal deyim şəklində təqdim etmək olar və bu da ədəbi-tənqidi dəyərləndirmədə həmişə əsas şərt kimi çıxış edib.
Elbariz Məmmədli o şairlərdəndir ki, gözlə görünən, ürəklə hiss olunan hər şeyə, hətta siyasətə belə, bədii prizmadan baxa bilir. Və özü həyat hadisələrində təəccüblü heç nə görmədiyi kimi, şeirləri ilə kimisə heyrətləndirmək fikrində də deyil. Onun yaradıçılıq manerası elədir ki, sadəcə, müşahidələrlə kifayətlənmir, o müşahidələri özünün yaşantılarına çevirərək qələmə alır. O, daha çox doğruya can atır, tapanda uşaq kimi sevinir, tapmayanda məyus olur, amma yenə də müdrik bir inamla irəli gedir. Sanki onu irəlidə çağıran, tələsməyə vadar edən qüvvə var. Hətta şair məqsədə doğru yolundakı maneələri də xüsusi istedadla, həm də incə tərzdə düzlüyə dəvət edir.
Doğruya yürüdük, doğruya,
Ruhumuz asıldı çağrıya,
İçimiz tutuldu ağrıya,
Davanı kələklər apardı.
Yaxud:
Evimiz düzlük yuvası,
Qibləm anamın duası,
Atamın mərdlik davası,
Tutdu doğru yöndə məni.
Mən onun özünü də, sözünü də ən yaxşı tanıyanlardanam. Bilirəm, düzlük, düz yaşamaq, üzə düz baxmaq, düz nəticə çıxarmaq onun həyatda təbii missiyası olduğu kimi, şeirlərinin də döyünən nəbzidir. Elbariz haqqın adını tanıyan, haqq axtara-axtara bədəl ödəyən, dost-düşmənini bu yolla tanıyıb qazanan şairdir.
Neçə dost gəldi, getdi, yolumuz haçalandı,
Hərə bir yanda düşdü nəfsinin girovuna.
Bəşər bir möcüzəymiş, ruhundan gen düşəndə,
Tamah üçün gedərmiş, insan insan ovuna.
Elbariz Məmmədli
Elbarizin bədii mətni uydurma, saxta, qeyri-müəyyən detallardan uzaqdır. O, keçmişə, özünəqədərki nəslə, ədəbi-mədəni irsə böyük ehtiram bəsləyən, eyni zamanda, gələcəyə etbar edən görkəmli ziyalı, şairdir. Həyat dərslərini qürurlu keçmişindən elə mənimsəyib ki, əyər-əksiklərə belə nə radikallıq, nə də ifrat ironiya sərgiləmir, acıyır, sözünü deyir, anlamayanınsa uzaqbaşı yanından heyfslənərək keçir. Başqasının dərdini ürəyinə salır, qayğısını çəkməyə çalışır. Çünki o başqasını da sıradan özününkü sanır, qayğısını, arzusunu ictimai səviyyəyə qaldırır.
Dünyanın o qədər qayğısı var ki,
Bilmirsən , çəkəsən hansı dərdini.
Daha günahları qanla yuyurlar,
Çoxdan unudubdu qan, su dərdini.
Yaxud da:
Dünyada bu qədər saxtalıq olmaz,
Adam düşünəndə, dəliyə dönür.
Haqqı öz adıyla çağırmırıq ki,
Hər şey başımızda bəlaya dönür.
Elbariz Məmmədlinin poeziyası formallığı, quramalığı qətiyyən qəbul etmir. Şeirin texniki imkanlarının səviyyəsi-filan da onun üçün ciddi əhəmiyyət daşımır. Mətn və mövzular özlüyündə şeir qəlibini təyin edir, hecalar sözləri qırıb dilə dolaşdırmır, qafiyələr isə standart da ola bilər. Əsas mahiyyətdə məzmun, düşüncə durur.
Bu baxımdan, o bir böyük milli düşünsə şairidir. Elbarizin şair düşüncəsində kök salmış milli təəssübkeşlik, mənəvi-maddi irsə məhəbbət o qədər aydın və parlaqdır ki, burada nə qaranlıq bir fikirə, nə absurd mülahizələrə, nə də abstrakt fəlsəfəyə yer yoxdur. Onun vətən sevdasında konkretlik, sözü yasalamaq yox, yerində və mərdanə üzə demək var.
Vaxt-zaman üyütdü neçə mərdini,
Gör, kimlər dəyişdi heçə, mərdini
Vətən sevdasını, Vətən dərdini,
Könlündə ney kimi çalan, yaşasın.
Elbariz hər bir şeirində, təbiətdən, insan sevgisindən, vətəndən yazanda da eyni dərəcədə ictimai-milli motivlər ön amil, əsas özəllik rolunda nəzərə çarpır. Sanki onun yaradıcılığı tək bir böyük şeir, müxtəlif situasiyalardan ibarət bir epopeyadır. Bir-birininin davamı, tamamıdır. Və şübhəsiz, bu şeirdəki qəhrəmanlar – milli, vətənçi, həqiqətçi mücahidlər bir şair obrazında, poetik müstəvidə birləşir, ortadakı məzmun isə millətin gələnəksəl, real yaşam faktlarıdır.
Tarix çox görübdü “mən” deyənləri,
Bəşərin canından qan əmənləri,
Ötükəndən bəri, Orxondan bəri,
Tanrıya agahdı, - Qal- adı türkün.
Bütün ədəbi yaradıcılıq texnologiyaları artıq köhnəlib, yenisini yaratmaq, oxucuya (və cəmiyyət üzvünə) qəbul etdirmək mümkün deyil. Heç buna cəhd edən də yoxdur. İnsan düşüncəsini bir əsr, lap elə 10-15 il öncə məşğul edən maraqlar sürətlə dəyişib. Tutaq ki, yaxın-uzaq öncənin insanı nə qədər çox sentimental, romantik duyğularla yaşayırdısa, bu gün bir o qədər reallıqla hesablaşmağa, reallıqdan yazmağa, real və sürətli düşünməyə, məntiqli yaşamağa çalışır. Əsl yenilik həyatın, ümumuiyyətlə, təfəkkürün modernləşməsindədir. Və qlobal inkişaf da, elmi-texniki tərəqqi də, yeniliyi zəruri edən bədii-estetik tələblər də həyat modernizminə uyğun olaraq formalaşır, səviyyəsini dəyişir. Yenə də dəyişməyən şairin vətəndaşlıq missiyası, milli məfkurəsi, kimliyinin, milli ruhunun toxunulmaz əbədi coğrafiyasıdır. Bu coğrafiyaya bir yad qəsbkar əli uzananda şairin sözü haqsızlığa qarşı ümummilli fəryada çevrilir. Şair sözü təkcə fəryad etmir, həm də dərdlərin, haqsızlığın səbəblərini araşdırır və bu zaman biganəliyə, təpərsizliyə görə özünü də suçlu çıxarır.
Daha soruşmurlar kimsən, nəçisən,
Boğub basdırırlar haqqın səsini.
Min ildi kəsməkdən yorulmayıblar,
Bizim Azərbaycan xəritəsini.
Yaxud:
Baxıram, yer üzündə Vətən boyda dərd qalıb,
Bilmirəm, nə deyəcək, bizdən sonra gələnlər.
Biganəlik hamını elə ovsunlayıb ki,
Başqa səmtə yürüyür, arzusu göy dələnlər.
Elbariz Məmmədli haqlı olaraq (və böyük ağrı ilə) vətənin itkilərini milli faciə olaraq qəbul və təqdim edir. Vətən yolunda çalışmağı, mübarizə aparmağı, ölməyi və sevməyi Tanrıdan ən şərəfli ömür payı kimi dəyərləndirir. Onun şeirində torpaq uğrunda tökülən şəhid qanının yerindəcə göyərib bitən gül qıpqırmızı rəngi, əmrə müntəzir duruşuyla ölümə meydan oxuyur.
Torpaqda gül açdı qanından,
Ölümü çıxardı donundan,
Şəhidlər keçmədi canından,
Apardı mələklər, apardı.
Yaxud, şair təkcə Tanrının müdaxiləsinə ümid bağlayıb, ədalətli hesab anını gözləməyi, mübarizə ruhunun susqunluğunu tərciyə etmir. Olayları analiz etməyə, yatan qafaları oyatmağa və uğurlu nəticə görməyə çabalar göstərir.
Bu dünyada nəyimiz var,
Vətən talan, ümid talan.
Tanrı fərsizə əl tutmur,
Yalandı hamısı, yalan.
Özümüzü unudalı,
Hər gün bir yolu azırıq.
Düşmən çəpəri böyüdür,
Biz burda şeir yazırıq.
Bu cür misalları Elbarizin əksər şeirlərində istənilən qədər görüb, fərqli yönlərdən araşdırmaq olar. Və əminliklə deyə bilərəm ki, onları oxuyarkən duyğulanmamaq mümkün deyil. Orda hər kəs özünə doğma bir fkir, ifadə, kəlmə tapa bilər. Elbarizin şeirindəki səmimiyyət onun təbiətindən gəlir. Görünüşü, danışığı, ətrafa, kökə, əsil-nəcabətə və gələcəyə münasibəti şeiri ilə eyni boy-buxunda, eyni referansda, eyni tondadır.
Onunla qədim-qayım dostluğumuz var, tanışlığımızın zamanını unutmuşam, daha doğrusu, deyəsən, biz elə birbaşa dost-qardaş olmuşuq. Bəzən də mənə elə gəlir ki, bir eldə-obada, hətta bir ocaqda böyümüşük.
Bu gün o, 60 yaşını ötürdü, amma ardınca baxmadı, sadəcə gözlərini (və addımlarını) qarşıdakı yola yönəldib, bəlkə də anılardan gövrəldi. Gələcəyə uğur olsun, əziz dost və:
Sən həyatı boşuna yaşamadın qardaşım,
Altmışını ötürdün, yüzünlə salamlaşım...
Dəyanət Osmanlı
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar