Xəbər lenti
Borçalıdan başlayan yol - İsmayıl İmanzadə yazır
Bizim tərəflərdə xeyirxah əməl sahibi olan bir şəxsdən söz düşəndə : "O, sağlığında özünə rəhmət qazandırmış insandır!” – deyərdilər. Sağlığında minlərlə insana yaxşılıqları keçən, böyüklə-böyük, uşaqla-uşaq "dilində” danışmağı bacaran və son nəfəsinə kim vətənə, el-obaya, dost-tanışlarına sədaqətli olan rəhmətlik Məhəbbət müəllim – Qarabağlı Məhəbbət İsmayıl oğlu da ürəklərdə yaşayıb, zaman-zaman xatırlanmaq haqqını elə ilk gənclik illərindən qazanmışdı.
Mənim fikrimcə Məhəbbət müəllimi insanlara sevdirən sadəliyi, səmimiyyəti, ayrı-ayrı məsul vəzifələrdə işləyərkən üzə çıxan təşkilatçılıq qabiliyyəti və ən əsası isə insaflı-mürvətli Allar adamı olması idi. Kasıblığın-səfalətin hər üzünə erkən yaşlarından bələd idi. Atası İsmayılın İkinci Cahan Savaşından "qara kağızı” gələndən sonra, anasının keçirdiyi iztirabları hərdən dilinə gətirəndə çöhrəsi bulud kimi qaralırdı...
Qədim oğuz elimiz Borçalıdan pərvazlanan, o vaxtkı Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki ADPU) tarix-filologiya fakültəsini bitirib təyinatla Mingəçevirə gəlmişdi. Əvvəlcə ixtisası üzrə orta məktəb müəllimi, sonra isə məktəb direktoru, şəhər təhsil şöbəsinin müdiri vəzifələrində işləmişdi. Sanrakı illərdə biliyi-savadı və təşkilatçılıq qabiliyyəti sayəsində fərqlənən bu müdrik insan 1985-ci ildə əvvəlcə şəhər XDS-nin birinci müavini, 1990-cı ildən 1995-ci ilin sonlarına kimi də şəhər sovetinin sədri vəzifələrində işləmişdi...
Məhəbbət müəllimlə tanışlığım 1993-cü ilin noyabr ayının 10-da məcburi köçkün kimi Mingəçevirə gəlişimdən üç-dörd ay sonra başlamışdı. Yerli "Səda” adlı şəhər qəzetində şöbə redaktoru kimi işə düzəlməyim şəhərin ədəbi aləmi və ziyalıları ilə bağli bilgilərimi gündən-günə artırmaqda idi. O vaxtlar Məhəbbət Qarabağlının adı çoxlarının dilindən düşmürdü. Öyrənmişdim ki, həmin vaxtlarda artıq səlahiyyətsiz bir quruma çevrilməkdə olan şəhər sovetinə rəhbərlik edir. Şəhər miqyaslı tədbirlərdə də az-az gözə çarpırdı. Bir-birimizi üzdən tanısaq da elə bir yaxınlığımız yox idi, sadəcə olaraq rastlaşanda salamlaşıb keçirdik. Ancaq çoxlarının ondan ehtiram hissiylə tez-tez söhbət açdıqlarının şahidi idim. Deyirdilər ki, məsul vəzifələrdə işləsə də "qara camaatla” səmimi ünsiyyəti olub, söz sərrafıdır, sənət aləminə, istedadlı qələm sahiblərinə böyük sevgisi var...
Aradan bir müddət keçəndən sonra şəhər sovetinin fəaliyyəti yerli-dibli dayandırıldı və bundan sonra eşitdim ki o, təklif olunan bir neçə məsul vəzifədən imtina edərək Bakıya köçüb gedib...
Adi günlərdən birində, 1999-cu il iyun ayının 28-də çoxları kimi mən də Məhəbbət Qarabağlının Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsindən xəbər tutdum. Həmin vaxtlarda şəhər rəhbəri kimi müxtəlif təbəqələrdən olan insanlarla söhbətləşib problemlərdan halı olandan sonra məcburi köçkün rayonlarının səlahiyyətli nümayəndələri ilə də görüş keçirdi. Mən özüm də o vaxtlar Cəbrayıl rayon İH-nin Mingəçevirdə ictimai əsaslarla fəaliyyət göstərən səlahiyyıtli nümayəndəsi qismində (elə indinin özündə də) görüşə qatılmışdım. Çıxış edərkən məcburi köçkünlərin üzləşdikləri bir sıra məsələləri dilə gətirəndən sonra, Azərbaycan Yazıçılar Birliyinin şəhərdə filialının açılması zərurətindən də söz açdım. Üzümə təbəssümlə baxaraq dedi:
-Bizim şəhərdə AYB üzvləri varmı?
-Yox, hələ ki bircə mənəm?
-İndiyə kimi neçə kitabın nəşr olunub?
-On bir. Kitablarımın dördü 1980-1990-cı illər aralığında tematik plana əsasən "Gənclik” və "Yazıçı” nəşriyyarlarında çap olunub.
- Filialın açılması ilə bağlı AYB rəhbərliyinin razılığı varmı?
-Bəli, həm Anar müəllimin, həm də Fikrət Qocanın xeyir-dualarını iki il qabaq almışam.
-Bəs indiyə kimi niyə bu məsələ həll olunmayıb?
-Mən vəzifədən gedən adamın dalısınca daş atanlardan deyiləm, ancaq sizdən qabaqkı şəhər rəhbərinə bu barədə məlumat verəndə (yazımın bu məqamında həmin şəxsin adını çəkib, onu şərəfləndirmək istəmirəm) o, : "Qardaş, bu məsələni gəl, qatlayıb qırağa qoyaq, yoxsa gəlib-gedənlərin ucbatından başımızı itirərik-deyərək yaxasını qırağa çəkmişdi...
-Yox, İsmayıl, filialın açılmasını ləngitmək olmaz, gəl, belə eləyək, sən axşam İH-nin adından bir məktub hazırlayıb gətir, sonrası mənim boynuma...
Məhəbbət Qarabağlı
Ertəsi gün tezdən məktubu şəhər İH-nin bir işçisinə verib geri qayıtdım. Bir həftədən sonra eşitdim ki, Məhəbbət müəllim şəhərdə mövcud olan problemlərin həlli ilə bağlı pespublikamızın ayrı-ayrı məsul şəxsləri ilə görüşəndən sonra Azərbaycan Yazıçılar Birliyinə gedərək, Anar müəllimlə də bu barədə söhbətləşib.
Yeri gəlmişkən deyim ki, hörmətli Anar müəllim sonralar çıxışlarının birində bu hadisəylə bağlı demişdi ki: "Mən indiyə qədər bir çox nazir, komitə sədri, şəhər və rayon rəhbərləri ilə görüşmüş, bəziləri ilə süfrə başında duz-çörək kəsmişəm. Məhəbbət müəllim yeganə şəxsdir ki, o AYB-yə gəlib mənimlə iş yerimdə görüşərək, Mingəçevirdə açacağımız filiala dəstək verməyə hazır olduğunu bildirib...”
İki-üç gündən sonra Məhəbbət müəllim o vaxtlar İH-də şöbə müdiri işləyən İlham İsmayılovu (hazırda şəhər rəhbəridir) filial üçün ayrılan otağın təmir edilməsi işlərinə rəhbərlik etməyi tapşırdı. 1999-cu il oktyabr ayının 23-də AYB rəhbərliyində təmsil olunan Anarın, Fikrət Qocanın, şəhər rəhbəri Məhəbbət Qarabağlının və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə AYB Mingəçevir bölməsinin geniş şəkildə təqdimat mərasimi keçirildi. Həmin tədbirdə Anar müəllim mənim istəyimlə ədəbiyyatşünas Rüstəm Kamala (Rüstəm müəllim o vaxtlar şəhərdəki özəl ali təhsil ocağında dekan idi) və Bəsti Bərdəliyə AYB-nin üzvlük vəsiqələrini təqdim edərək, yerli yazarlara uğurlar arzuladı...
AYB-nin Mingəçevir bölməsinin fəaliyyətə başlaması şəhərin, o cümlədən yerli və məcburi köçkün yazarların həyatında əlamətdar hadisə kimi iz saldı. Görkəmli alim dostum Rüstəm Kamalın mənim ötən ilin sonlarına yaxın "Mütərcim” nəşriyatında işıq üzü görən "Seçilmiş Əsərləri”min I cildində yer alan "Ön söz”ündə qeyd elədiyi kimi: "Yerli yazarlarla bərabər, üzü Yevlaxdan, Ağdaşdan, Şəkidən belə, Mingəçevirdə məskunlaşmış qaçqın-köçkünlər içindən ilhamı-təbi olanları da axtarıb tapdıq və tədricən bu "ruslaşmış” sovet şəhərini... şeir məkanına çevirməyə başladıq”...
Məhəbbət Qarabağlı Mingəçevirə rəhbərlik etdiyi illər ərzində elə bir yubiley, poeziya gecəsi və kitab təqdimatı mərasimi olmurdu ki, bizim tədbirlərdə iştirak etməsin. Özü də o vaxtlar şəhər rəhbərinin birinci müavini vəzifəsində işləyən, sözün əsil mənasında yüksək intellekt, ədəb-ərkan və söz-sənət aləminə, istedadlı qələm sahiblərinə böyük sevgisi ilə hamımızın ehtiramını qazanan Ramiz Göyüşovla birlikdə...
Yaxşı yadımdadır, 2000-ci il aprel ayının 29-da ölkə Prezidenti görkəmli sənətkar Rəsul Rzanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayandan sonra Məhəbbət müəllim məni yanına çağırıb bir sıra təkliflər irəli sürərək: "Rəsul Rza böyük sənət adamıdır, gərək onun yubileyini adımıza layiq tərzdə təşkil edək!” - dedi. Xeyli hazırlıq işlərindən sonra, oktyabr ayının 9-da əvvəlcə sənətkarın adını daşıyan küçədəki baralefin açılışı, axşamüstü isə dövlət dram teatrında yubiley gecəsi keçirildi. Yubiley gecəsinin aparıcısı olduğuma görə demirəm, sözlü-nəğməli tədbir çox yüksək səviyyədə hazırlandığından, sonrakı günlərdə hamı ondan ağız dolusu danışır, Məhəbbət müəllimlə mənim ünvanıma xoş sözlər deyirdilər. Həmin yubiley gecəsində bir neçə qonaqla birlikdə iştirak və çıxış edən yübiliyarın övladı Anar müəllim həm oradakı çıxışında, həm də ertəsi gün yola düşməzdən qabaq hamımıza,- təbiidir ki, ilk növbədə Məhəbbət müəllimə - təşəkkürünü bildirdi. Anarın 2002-ci ildə "Nurlan” nəşriyatında nəşr olunan "Mübarizə bu gün də var” adlı kitabının 496-cı səhifəsində bu məmnunluq hissi aşağıdakı sətirlərdə də öz əksini tapıb: "... Mingəçevirin icra başçısı Məhəbbət Qarabağlı bu şəhərdə də bir yubiley təşkilat komitəsi yaratmış, şairin adını daşıyan küçədə onun baraliyefini vurdurmuş və bu gözəl şəhərdə Rəsul Rzanın adına layiq gecənin keçirilməsi üçün böyük səy göstərmişdir. Məhəbbət müəllimə dərin minnətdarlığımı bildirmək istəyərdim...”
Məhəbbət Qarabağlı hər şeydən qabaq bir insan kimi sadə-səmimi və qayğıkeş idi. Şəhərə rəhbərlik etdiyi illərdə heç kim onun mühafizəçinin müşaiyyəti ilə hansısa tədbirə getdiyinin şahidi olmamışdı. Qapısı hamının üzünə açıq idi. Bəzən elə küçədə də kim istəydi, elə ordaca maşını saxladıb, onunla görüşür, həmin şəxsi narahat edən müşkül bir məsələni əlüstü həll etməyə çalışırdı. İş yerində də həmişə qapısı hamının üzünə açıq idi...
Onun ürəyi yumşaqlığından istifadə edənlər də az deyildi. Xüsusiylə, yaltaqlığa öyrənicli adamlar ilk sıralarda gəlirdi. Bir dəfə mənə dedi ki: "İsmayıl, elə bilirsən mən bu dəyyusları
yaxşı tanımıram! Yox, tanıyiram, sadəcə olaraq xətirlərinə dəymək istəmirəm. Atalar demişkən, milçək şirəyə qonar da...”
Mənimlə bağlı bir deyimi də yaxşı yanımdadır: "Bu qədər duz-çörək kəsmişik, özün bilirsən ki, xətrini çox istəyirəm, niyə bircə yol özünlə, ailənlə bağlı məndən bir istəyin olmayıb”. Minnətdarlığımı bildirib dedim ki: "Məhəbbət müəllim, səmimiyyətinizə inanıram, ancaq belə məsələlər mənim "dəftərimdə” yer almayıb. Üzümə baxaraq təbəssümlə: "Heç elə bil zəmanə adamı deyilsən!” - dedi.
Ancaq bununla bərabər onun qayğısını, ehtiramını və yurd niskilimə ortaq olduğunu həmişə hiss edirdim. "2000-ci ilin mart ayında ömür-gün yoldaşı Dilbər xanım və atasının adını daşıyan nəvəsi ilə birlikdə qızımın toyuna gəlib xeir-dualarını verdi. 2003-cü ilin fevral ayında isə Biləsuvarda dünyasını dəyişən anamın Mingəçevirdə keçirdiyim "adna”sınnda iştirak etməklə ailə üzvlərimin dərdinə şərik olduğunu nümayiş etdirdi.
Anar müəllimlə Fikrət Qocanın hər dəfə yolu Mingəçevirə yolları düşəndə hər ikisi ilə birlikdə yerli yazarlarla görüşməyi özünə borc bilirdi. 2001-2002-ci ilər aralığında AYB Mingəçevir bölməsinin xəttiylə nəşr etdirdiyimiz "İnam” qəzetinə mənəvi dəstək verdi, mənim məktubla müraciətimə əsasən köçkün şair Elşən Əzimin məskunlaşdığı keçmiş troleybus idarəsində ona əlavə bir otaq verilməsinə yardımçı oldu. Şair həmkarlarım Zahid Kədər və Museyib Eloğlunun ilk şeir kitablarını öz şəxsi vəsaiti hesabına nəşr etdirdi...
Məhəbbət Qarabağlı 2005-ci ildə şəhər rəhbərliyindən azad edilərək, Bakı şəhər Baş Təhsil İdarəsinin rəisi vəzifəsinə təyin ediləndən sonra, ayrı-ayrı vaxtlarda Mingəçevirə başçı qismində gələnlərin (Mübariz Ağayev və hələ ki, hazırkı şəhər rəhbəri İlham İsmayılov istisna olmaqla) heç biri nəyin ki, yerli yazarlarla görüşdülər, əksinə bəzi məsələlərdə qarşımızda sünü maniələr yaratmağa da meyilli oldular. Belə məqamlardan birində publika önündə: "Ay Məhəbbət Qarabağlı, ay Ramiz Göyüşov, indi sizi necə tapıb gətirək ki, bu nadanlara söz aləminə dəstək verməyin savab iş olduğunu anlada biləsiniz” - deyib təəssüf hissimi gizlədə bilmədim...
Məni tanıyanlar və ədəbi yaradıcılığıma az-çox bələd olanlar bilirlər ki, yüksək səlahiyyət sahiblərinə şeir ithaf edənlərdən deyiləm, olsa-olsa beş-on nəfər şəhid və istedadlı hesab etdiyim qələm dostlarım barədə şeir yazmışam. Məhəbbət Qarabağlı yeganə yüksək səlahiyyət sahibidir ki, ona bir vaxtlar yazdığım şeirimə görə heç vaxt peşimançılıq hissi keçirməmişəm...
Məhəbbət müəllim sonuncu dəfə Bakıya köçüb gedəndən sonra adətən əlamətdar günlərdə zəngləşib hal-əhval tutmazdan qabaq bu şeirin ilk misrasını ya o, ya da mən dilə gətirəndən sonra dərdləşərdik. Çoxlarının-elə mənim özümün də - Tanrının sevimli bəndəsi hesab etdiyimiz Məhəbbət Qarabağlının illər öncəsi Borçalıdan başlayan ömür yolu 24 dekabr 2017-ci ilin soyuq bir qış günündə Bakıda sona çatdı.
İllər öncəsi ölkəmizdə ilk dəfə Mingəçevirdə qoyulan "Ana dili” abidəsi və şəhərin "Şəhidlər Xiyabanı”nda ucaldılan "Azərbaycanlıların Soyqırım” abidə kompleksi” Məhəbbət müəllimin şəxsi təşəbbüsü və zəhməti sayəsində ən qiymətli sənət əsərləri kimi dəyər qazanmışdır. O, ən azından məhz bu möhtəşəm abidələrə görə də həmişə minnətdarlıq hissiylə xatırlanacaqdır...
Sonda istəkli mərhum dostuma Ulu Tanrıdan qəni-qəni rəhmət diləməklə, sağlığında onun könül dünyasından bəhs etdiyim şeirimi Məhəbbət Qarabağlının ruhuna ehtiram hissi bəsləyənlərə təqdim edirəm.
ÜRƏYİMDƏSƏN
(Sözə-sənətə dəyər verən unudulmaz
sirdaşım Məhəbbət Qarabağlıya)
Qardaşım Məhəbbət, ürəyimdəsən,
Ən şirin arzumda-diləyimdəsən.
Bilirəm dağ kimi kürəyimdəsən,
Yoxdur sədaqətdə əvəzin sənin.
Vətəndən - Vətənə köçüb gəlmisən,
Nisgilin içindən keçib gəlmisən.
Dirilik suyumu içib gəlmisən,
Nə avazın itər, nə səsin sənin?
Tanrı duaları gəzir dilində,
Mənasız keçməyib bircə ilin də.
Bir mahir bağbansan, Kür sahilində,
Gül-çiçək bitirib həvəsin sənin.
Adınla öyünür Araz da, Kür də,
İsmayıl dost tapmaz sənintək bir də.
Hamı yaxşı bilir, Mingəçevirdə,
İsidir elləri nəfəsin sənin.
15.04.2000
Mingəçevir şəhəri
İsmayıl Mərcanlı İMANZADƏ
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar