Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kosmosa uça bilmir, deyir, inzivaya çəkilirəm

Tarix: 24-12-2019 16:23     Baxış: 2113 A- / A+
 Kosmosa uça bilmir, deyir, inzivaya çəkilirəm

Aqşin Yenisey yazır...

Bir neçə yazımızda tarixin sənədləşdirilməyə başladığı gündən bu yana heç vaxt ağılın mühakiməsinə məruz qalmayan, buna baxmayaraq, özünü, guya, ağlı ucbatından qan ağlayan cəmiyyətlər kimi aparan bizə bənzər cəmiyyətlərdə Şərq müdrikliyinin mütləq Qərb modernizmi, xüsusilə modernizmin peşəkarlıq prinsipi ilə əvəzlənməsindən yazmağım, “ağzı isti yerdə olan”, kosmosa uçmaqdansa oturduğu yerdə bardaş qurub inzivaya çəkilməyi üstün tutan bir xeyli oxucumuzun xoşuna gəlmədi.

İddiam budur ki, müdriklik öz mövzuları və subyektiv mülahizələri, fərdi çıxış yolları ilə çox dar bir çevrəni əhatə edir. Məsələn, iki milyonluq Bakı şəhərində nə qədər adam tapılar ki, eşqin ilahi təcrübə olub-olmadığı ilə maraqlansın? Ancaq bu şəhərdə minlərlə adam var ki, öz xəstəsinə “sağlam”, yəni peşəkər həkim tapa bilmir.

Ənənəvi müdrik azlıqdansa, bizə artıq peşəkar çoxluq lazımdır. Müdrik azlıq ispanların gəlişinə qədər meksikalıları ümidlərlə yaşadan, sonra isə öz inananlarını ümidsizcəsinə əlləri-qolları bağlı halda ispan generallarına təhvil verən Astek tanrıları kimi bizə nə verə biləcəkdisə, verdi. Etiraf etməsələr də, Şərq müdrikliyi bitdi. Yeni tanrılar var meydanda.

Bunu qəbul etməyən, inadkarcasına müqəddəs kitablarında yazıldığı kimi, günəşin yerin ətrafından fırlandığına inanan oxucularımız isə hər bu tipli yazıdan sonra mənə el arasında klişeləşmiş suallar ünvanlayırlar. Qərara gəldim, bu əziz günlərdə o sulların bəzilərinə “oxuduqlarım, eşitdiklərim və gördüklərim” əsasında cavab verim. Məndən tez-tez cavabı tələb olunan o klişe suallardan biri budur: Sən (siz yox, sən) bu avropalıların nəyini bizə tərifləyirsən, onlara hamamda mahnı oxumağı, ayaqyolunda ulduz saymağı biz öyrətmədikmi?

Cavab verirəm. 711-ci ildə islam sərkərdəsi Tarik bin Ziyad Cəbbəltarix boğazını keçib Afrikadan Avropaya ayaq basanda Avropa özünün “Qaranlıq çağı”nın “ən işıqlı” dövrünü yaşayırdı. İngilis tarixçisi Vilyam Vudruff “Modern Dünya Tarixi” kitabında yazır ki, böyüyüb İbn Rüşd olacaq o balaca uşağın küçələrində qarğı atını səyritdiyi Kordoba şəhəri tezliklə müsəlmanların sayəsində beş yüz məscidi, üç yüz hamamı, yetmiş kitabxanası və s. mədəni ocaqları olan bir mədəniyyət mərkəzinə çevrildi. Bunu Avropa tarixçiləri özləri də etiraf edirlər.

Amma bu, o demək deyil ki, hamamı Avropaya biz aparmışıq. Çünki kitab və jurnallardan, tarixi filmlərdən götürdüyüm bir neçə misal bizə hamamın tarixinin, tarixin özündən də qədim olduğunu göstərəcək. Məsələn, bu gün iy verib iylənən Hind sivilizasiyasının mərkəzlərindən biri olan Moxenco-Daro şəhərində aparılan arxeoloji qazıntılar burada 2500 il əvvəl isti-soyuq suyu, çimmək üçün ayrıca hücrələri olan və əhali üçün tikilmiş ümumi hamamların olduğunu aşkarladı. Oxşar hamamlar Mesopotamiyada, Suriyada, Anadolu da qazıntı aparan arxeoloqları heyrətləndirdi.

Qədim yunanlara gəlincə, antik fəlsəfə oxuyanların hamısı bilir ki, Pifaqor şagirdlərinə hər gün çimib dərsə gəlməyi əmr edirdi. Çimməyən şagird səhəri gün süpürgəpulu gətirməklə cəzalandırıldı. Süpürgə yunan məktəblərində təmizlik simvolu sayılırdı.

Özün təmizliyə riayət etmirsənsə, başqalarının təmizlyinin qeydinə qal. Süpürgəpulu ənənəsi dünya təhsil sisteminə Pifaqordan qalıb. Bax, oturduğumuz yerdə nələr öyrənirik! Yəni demək istəyirəm ki, çimmək antik Yunanstanda bir təlim-tədris məsələsi idi.

Gələk qədim Romaya. Romada artıq hamamlar o qədər şöhrət qazanmışdı ki, buradakı hamamlarda xristianlıqdan əvvəl gecə-gündüz eyş-işrət, sazlı-sözlü çal-çağır məclisləri təşkil olunurdu. Romada ümumi hamamlarla yanaşı, ümumi ayaqyolular da vardı, üstəgəl, kanalizasiya xətləri, hamısı da mühədis planları əsasında tikilmişdi. Təmizlik işlərində də bəzilərimizin düşündüyü kimi, daşdan, qumdan deyil, ancaq sudan istifadə olunurdu.

Qədim Romanın da bir pis cəhəti var idi ki, o pis cəhəti bu gün də bəzi şəhərlərdə rast gəlmək olur. Belə ki, qədim Romada varlı ailələr ümumi ayaqyolulara getmirdilər, tualetləri ailəvi və evin içində olurdu. Ancaq o tualetlərin kanalizasiyası olmurdu.

Ona görə də varlı evlərin qulluqçuları ağalarının tullantılarını torbalarda o vaxtkı üç-dörd mərtəbəli evlərin balkonundan həyətə, səkilərə, millətin təpəsinə atırdılar. Bax, balkondan uşaq pampersi, peraşki torpası, canım sənə desin, qursaq əskisi tullamaq bəzi mədəni xalqlara varlı romalılardan keçib.

Romalılar hamamlara doluşub səhərdən-axşama kimi şeir məclisləri keçirir, fəlsəfi müzakirələr təşkil edir, musiqi dinləyirdilər. Romalıların hamamda maariflənmə ənənələri, “banyo” mədəniyyəti daha sonra Skandinaviya xalqlarına, onlardan da ruslara keçdi. Səhv etmirəmsə, hamamda bazar açmağı ruslara Pyotr qadağan etdi.

İşin, daha doğrusu, hamam vannasının içinə şeir, musiqi girincə kişilərlə eyni hamamda çimən qadınların da sayı artdı. Xristinalıqdan əvvəl varlı kişilərin arvadlarından əlavə, yaraşıqlı oğlan sevgililəri də olurdu və homoseksuallıq qəbahət sayılmırdı.

Eynən indiki kimi. Nəhayət, bu cür kişi-qadın, homoseksual münasibətlərin yaşandığı Roma hamamlarında əxlaqsızlıq o həddə çatdı ki, Vezuvi kimi yatmış vulkan belə buna dözmədi, püskürüb hamamları ilə məşhur olan Pompey şəhərini xaraba qoydu.

Bu ərəfələrdə Romada altdan-altdan xristianlıq yayılmaqda idi. Özünə sosial baza toplayan kimi xristianlığın ilk işi xalqa hamamlara getməyi qadağan etmək oldu. Hamamları xalqa indiki “Əxlaqsızlıq yuvaları” kimi təqdim edən kilsə hətta evlərdə də xəstəlik-filan səbəb deyilsə, çimməyi, suya əl vurmağı qadağan etdi.

Müsəlmanlar İber yarımadasına çıxanda Avropa dörd əsr idi ki, çimmirdi. Çünki kilsə isti suyu onlara günah mənbəyi, Pompey xarabalıqlarını isə bu günahın cəzası kimi göstərmişdi. Hətta bəzi mənbələrdə vəbanın Asiyadan fərqli olaraq, Avropada daha insan qırğınlarına səbəb olmasına da xalqın keşişlərə inanıb suya qənim kəsilmələri göstərilir.

Tarixçilərə ispan kralı IV Alfonsonun döyüşdə oğlunun öldüyünü eşidəndə əsəbi-əsəbi: “mən ona deməkdən bezmişdim ki, az çim, ay oğul, o tayqulpdan, o sabundan hələ bir qurumsaq xeyir görməyib!” – deyərək oğlunun tez-tez çimdiyi üçün tanrının qəzəbinə tuş gəldiyini xalqa bəyan etdiyi məlumdur.

Bizansda isə vəziyyət belə deyildi. Ortodoksların ağlına hamam dedikdə çimməkdən başqa bir şey gəlmirdi deyə bu da katolik Avropadan fərqli olaraq onlarda hamamı günah məskəni olmaqdan xilas etdi. Bizansların hamam mədəniyyətini isə sonra Osmanlılar mənimsədilər və adını “Türk hamamı” qoydular. “Türk hamamı”nın isə Bizans hamamından fərqi bu idi ki, türk hamamlarında islam qaydasına görə durğun su əvəzinə, axar su istifadə olunurdu.

Ümid edirəm ki, burada onlarla mənbəyə əsasən yazdıqlarımdan sonra oxucularımız özləri obyektiv cavabı tapacaqlar və qulaqdan-qulağa ötürülən məlumatlarla silahlanmağa son verəcəklər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar