Xəbər lenti
"Bilirsən, şair, arvadı özümə almışam... " - XATİRƏ
Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.
Manevr.az axar.az-a istinadən professor Minəxanım Nuriyeva-Təkləlinin xalq şairi Hüseyn Ariflə bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:
Vay halına Kantın, Hegelin...
Bir vaxtlar yazıçı Asif Ata ciddi tənqidlərə məruz qalırdı. Günlərin bir günündə Asif Ata onu tənqid edənlərin ünvanına deyinir. Get-gedə coşub səsini ucaldır, sinəsinə döyə-döyə özünü öyür: “Kant da buradadır, Hegel də...”
Hüseyn Arif Asif Atanın əli ilə şişman qarnına vurduğunu görüb deyir:
- Vay halına Kantın, Hegelin. Üstündən bir stəkan arağı tökdün, o bədbəxtlərin də sərxoş edib evini yıxdın.
Bunu qoruyun...
Hüseyn Arif “Ədəbiyyat qəzeti”nin redaksiyasına gəlir. Qəzetin Poeziya şöbəsinin müdiri Hüseyn Arifin həmyerlisi, şair Davud Nəsib qəzetdə yenicə işə başlayan Nizami Cəfərovu göstərib, “qağa, bu gənc bizdə şöbə müdiridir, özü də qazaxlıdır”, - deyir. Hüseyn Arif könülsüz-könülsüz:
- Şeir yazırsanmı? - deyə soruşur.
İnkar cavabını eşidib, Nizami müəllimin tənqidçi olduğunu bildikdə laqeydliklə “tənqid bekar şeydir, şeir yazmırsansa, “Ədəbiyyat qəzeti”ndə nə işin var?”, - deyir. Söhbət uzanır, gedib çıxır Hüseyn Arifin çoxdan gözlənilən xalq şairi adının üstünə. Nizami müəllim söhbətə qarışır:
- Qağa, Anar müəllim bu il sizə xalq şairi adı verdirə bilməsə, Yazıçılar İttifaqı nüfuzdan düşəcək...
Hüseyn Arif bərk kövrəlir, məhəbbət dolu bir nəzərlə Nizami müəllimə baxır, Davud Nəsibə dönərək deyir:
- Bunu qoruyun, böyük tənqidçidir.
Bilirsən, arvadı özümə almışam...
Şair Hüseyn Arif yenicə yaratmağa girişdiyi “Aşıq Pəri” məclisinə üzvlər – saz çalıb oxuyan qız-gəlinləri cəlb etmək üçün bölgələri gəzirdi. Bir gün Zaqatalada bir gözəl saz çalan gəlinin olması xəbərini alır. Gəlinin həm cavan, həm də çox gözəl olmasına görə ərinin onu Bakıya buraxacağına ümidi olmasa belə, yoldaşını dilə tutur, sazın-sözün xalqa xidmətindən bəhs edir. Ər təslim olmaq bilmir, şair də geri çəkilmir: qədim mədəni örnəklərimizin qorunub saxlanılmasından, unudulmaqda olan saz sənətimizin yaşadılmasının vacibliyindən uzun-uzadı bəhs edir. O deyir, bu deyir... Səbri tükənmiş ər kəsə şəkildə deyir: “Ay şair, ay Hüseyn Arif, bilirsən nə var, arvadı özümə almışam...”
Bülbülün qocalığı olmur...
Şair Hüseyn Arifi hər zaman gənc şairlərlə bir yerdə görərdin. Ondan bunun səbəbini soruşduqda belə deyərdi: “Yaşıdlarımla oturub-dursam, yaxın olduqca paxıllığımı çəkəcəklər, altdan-üstdən danışıb qanımı qaraldacaqlar. Özümdən yaşlılar da o saat adama xəstəliklərindən danışacaq, ya da başlayacaqlar ağıl dərsi verməyə, öyüd-nəsihət dağarcıqlarının ağzını açıb başımı ağrıdacaqlar. Gəncliyi isə sevirəm, eşqdən-məhəbbətdən danışsınlar, könlüm açılsın”. Gülə-gülə ona “ustad, axı bir gün özün də qocalacaqsan”, - deyə irad tutduqda şair təslim olmayaraq “mən bülbüləm, bülbülün ki qocalığı olmur”, - deyib.
Səbir elə...
Şair Hüseyn Arifin həyat və yaradıcılığı ilə bağlı Filarmoniyada böyük tədbir gedir. Tədbiri tanınmış filoloq, professor Qəzənfər Kazımov aparır. Məclisin sonunda şair durub hər kəsdən razılığını bildirir, o cümlədən, tədbirin hazırlanmasında və aparılmasında böyük zəhməti olan Qəzənfər müəllimə də təşəkkür edir. Lakin onu hər dediyində digər məşhur alim Qəzənfər Paşayevlə qarışıq salır. Qəzənfər müəllim isə yerindən asta-asta ona pıçıldayır: “Kazımov de, Paşayev yox, mən Qəzənfər Kazımovam, Paşayev yox”. Şair cavab verir:
- Yaxşı, yaxşı, dinmə, sakit dur. Dünən də qarışıq salıb ona Qəzənfər Kazımov demişəm, onun yerinə 2 saat səni tərifləmişəm. Səbir elə.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar