Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yurdumun səngər oğlu...

Tarix: 10-08-2025 11:12     Baxış: 336 A- / A+
yaxud sönməyən Babəkər yanğısı
(Əvəz Şirinovun qəhrəmanlıq dastanı)

Ağcabədi, İmişli, Bərdə istiqamətində, əsasən Kür boyu ərazilərdə məskunlaşan, özünəməxsus tarixi və yeri olan Qaradolaq eli qədim türk tayfalarından biridir. XVIII əsrin ortalarında adı çəkilən rayonlara gəlməzdən əvvəl Naxçıvan və Qərbi Azərbaycan ərazisində məskunlaşmışlar. 
1938-ci ildə Kür daşqını zamanı Qaradolaq camaatı indiki məskunlaşdığı əraziyə köçürülərək Yeni Qaradolaq kəndinin təməlini qoydular. 
Qaradolaq eli sayılıb-seçilən dünyagörmüş pirani ağsaqqalları, dizi təpərli, ağzı kəsərli, sözü qiymətli, adlı-sanlı, səxavətli oğulları ilə tanınıb hər zaman. Onlardan biri haqqında örnək bir məqamı xatırlatmaq yerinə düşər. 
Deyilənə görə Qaradolaq elinin tanınmış qəzəlxanı, səsi ilə könülləri ovsunlayan xanəndə Seyid İbrahim həbsdən azad olunandan bir neçə gün sonra bacanağı Əşrəf zərdablı Bədəl bəyi, xanəndəni və dostu Kamalı evinə qonaq çağırır. Ləzzətli süfrə başında muğam bilicilərinin maraqlı söhbəti uzandıqca, xanəndənin gəlişindən xəbər tutan kənd camatı da axışıb gəlir. Əlavə açılan süfrəni doldurmaq üçün yeməyə ehtiyac duyan Əşrəf ehmalca otağı tərk edib 6-7 aylıq buzovu kəsir, doğrayıb tökür qazana və yenə də səssizcə gəlib oturur yerində. 
İkinci Cahan savaşı yenicə başa çatdığı zamanlar idi. Hər kəs müharibənin ağrısını çəkirdi. Pul-para ev-ev yığılıb cəbhəyə göndərildiyi üçün qıtlıq yaranmışdı. Dolanışıq qayğıları hər evdə hiss olunurdu. Əşrəfin də vur-tut bircə buzovlu inəyi vardı. Südü, qatığı, pendiri, yağı ilə birtəhər dolanırdı. Bozartmanın ətri otağa yayılanda şeşəbuynuzun mələrtisi qulaqları cingildətdi. Ara vermədən mələyir, haray qoparır, fəryad edirdi. Kimsə fərqinə varmadan bozartmanı dişinə çəkdi. Amma Bədəl bəyin diqqətindən yayınmadı bu məqam. 
-Əşrəf kişi, bozartma süfrəyə gələnə qədər inəyin mələrtisi gəlmirdi, amma indi kəsilmir heç, nə məsələdir?
Əşrəf bəhanə gətirə bilməyib, başını aşağı dikdi. Nəsə demək istəsə də, dili topuq vurdu. 
-Anladım, Əşrəf kişi, anladım. Amma gərək balanı anadan ayırmazdın.
Deyilənə görə Bədəl bəy olduqca imkanlı - sürüsünün, naxırının, ilxısının sayı-hesabı bilinməyən bəylərdən imiş. Açıq süfrəsi, geniş ürəyi və xeyirxahlığı ilə tanınırmış. Odur ki, evə dönən kimi yanıbalalı bir inək göndərir Əşrəf kişiyə.
İstəkli oxucular, Qaradolaq elinin dəyərli el ağsaqqallarından biri də Hacı Məmmədhüseyin olub. Varı-dövləti başından aşan Hacının Azərbaycanın I katibi M.Bağırovla sıx dostluğunun da maraqlı tarixcəsi var. Hətta bu dostluq onu dəmir barmaqlıqlar arasından xilas edərək azadlığa qovuşdurub, vəzifə sahibi edib. 
Qaradolaq kəndinin tanınmış ziyalıları, elm sahibləri Vətənimizin fərqli guşələrində müxtəlif sahələrdə fəliyyət göstərirlər. Onlardan tibb elmləri doktoru, professor Səfail Həmidov, hüquq elmləri üzrə fəlsəfə doktoru Rəşid Hüseynov, pedaqogika üzrə fəlsəfə doktoru Vaqif Hüseynov, aqrar elmələri üzrə fəlsəfə doktoru İsmayıl Nəsirov, Maliyyə Nazirliyinin yüksək rütbəli əməkdaşı Vaqif Qarayev, Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışan Saleh Cəfərov və neçə-neçə müxtəlif sənət-peşə sahibinin adı elm və mədəniyyət tarixinə yazılıb.
Birinci Vətən müharibəsi (Qarabağ savaşı) Yeni Qaradolaqlılar üçün də bir sınaq meydanı oldu. Kəndin neçə-neçə sayseçmə, dizibərk oğulları döyüş meydanında canlı sipərə çevrildi. Bəzən əliyalın da olsa, geri çəkilmədi, yaralı silahdaşının silahına sarılıb qisas hissi ilə irəli atıldı. Bəzən düşmənin səngərinə girərək qənimət götürdüyü silahlarla ətrafı qan gölünə çevirdi. Cəbhənin müxtəlif istiqamətində vuruşan oğullardan yaralanıb əlil arabasına məhkum olanlarla yanaşı, sinəsində qəlpə gəzdirənlər də oldu, şəhidlik məqamına ucalanlar da.
Qaradolaq üç igidini qurban verdi o illər ərzində.
Aqil Məmməd oğlu Həsənov, Pənah Musa oğlu Həziyev və Əvəz Qədim oğlu Şirinov. 44 günlük Qələbə ətirli savaşda isə Hafiz Varoğlu oğlu Həziyev şəhidlik zirvəsinə ucaldı.
*
Əvəz Qədim oğlu Şirinov 1978-ci ilin sonunda – qarlı-şaxtalı, küləkli-sazaqlı bir gündə - yanvarın 31-də dünyaya göz açdı. Sübhə qədər səsi kəsilmədi. O gecə təbiət də coşmuşdu elə bil. Qulaqbatıran vıyıltı qarşısına çıxanı pəncərələrə çırpır, vahimə yaradırdı. Arabir sönüb-yanan işıqlar zülmətin bağrını yarsa da, hərarəti artıra bilmirdi. Körpənin səsi vıyıltını eşidilməz etmişdi. 
-Fərqli bir uşaq olacağı şübhəsizdir, təki xeyirlilərdən olsun, vətəninə, elinə, obasına yararlı olsun - demişdi tibb bacısı.
Yeni Qaradolaq kəndi bir igid qazanmışdı o gecə. Elin simvoluna çevrilən qara dolağı da bağlamışdılar körpənin qoluna. Cəsarətin, qorxmazlığın rəmzi olan qara rəng körpənin damarlarından axan qanı coşdurub yenilməz edəcəyi kimi rəvayətlərin həqiqət olduğuna inananlar az deyil bu eldə.

*
...O gün dəhşətli qəzada Qədim kişi həyatla vidalaşdı. 
Halal zəhməti ilə on nəfərlik böyük bir ailəni dolandırırdı. Kolxozda qabaqcıl mexanizatorlardan idi. Dəfələrlə Fəxri Fərmanlar və medallarla təltif olunmuş, pul mükafatına layiq görülmüşdü. 
Ailə başçısının vaxtsız ölümündən sarsılan və qazanc yerindən məhrum olan külfət ayaq üstə durmaq üçün əziyyətlərə qatlaşmalı oldu. Uşaqlar körpə olduğu üçün Səyyarə ana qollarını çirəmələyib işə girişdi. 
Əvəzin dünyaya gəlməsinə beş ay vardı hələ. Ağrıya-acıya qatlaşan ana yeni doğulan körpəni bu yoxsulluq içərisində necə saxlayacağını düşünür, dodaqaltı nəsə pıçıldayırdı. Bəlkə də dualar edir, haqqa ismarlayırdı bətnindəki körpəni. Bəlkə də imdad diləyir, dolanışıq üçün yeni bir qapının açılmasını istəyirdi ulu Tanrıdan. Bəlkə də qayğılardan rahatsızlanıb güzəranını şeirə-bayatıya çevirirdi, amma kimsə duya bilmirdi o pıçıltıdan qopanları... 
Körpənin adını həm də ona görə Əvəz qoydular ki, üzünü görmədiyi atasını əvəz edə bilsin, atası kimi zəhmətkeş, qayğıkeş, ailəcanlı olsun. Evin sonbeşiyi olsa da, qardaş-bacılarına sahib çıxaraq arxa-dayaq olsun. Səyyarə anaya ər yoxluğunu və yoxsulluğun acısını unutdurmağı bacarsın.
Əvəz sürətlə böyüyürdü. Dilli-dilavər, təpərli, ürəkli, həm də zirək bir yeniyetmə olmuşdu. Müəllimləri onu şirin-şəkər deyə çağırırdılar. Bütün müəllim və şagird kollektivinin hörmətini qazanmışdı Əvəz.  
Yaxşı futbolçu kimi tanıyırdılar onu. Boş vaxtlarda uşaqları başına yığıb meydançalarda vaxt öldürərdilər. Zatən idmanın başqa növü ilə məşğul olmaq üçün şərait yox idi kənddə. 
...Xalq mahnılarına, muğama çox həvəsli idi. Qulaq asdıqca vəcdə gəlirdi elə bil. Arabir əlini qulağına dayayıb bir ağız oxuyar, ruhunu rahatladardı. Ən çox sevdiyi, ifa etdiyi mahnı isə “Ay çiçək” idi. Zümzümə etməkdən doymazdı. Amma o qədər utancaq idi ki, istəməzdi ki, səsini kimsə eşitsin. Bəlkə də o şaqraq zil səs ictimaiyyətə təqdim edilsəydi, dövrünün ən parlaq xanəndəsi kimi yaddaşlarda qalardı. Amma o, hüquqşünas olmaq arzusunda idi. Orta təhsilini başa vurduqdan sonra paytaxta gedəcək, tələbə adını alıb istəyinə qovuşacaqdı. Amma zamanın nə sayacağından xəbərsiz idi.
...1995-ci il 6 iyun...  O gün Şirinovlar ailəsində qonaqlıq idi. Bir gün sonra Əvəz hərbi xidmətə yola düşəcəkdi. Dostlar, sinif yoldaşları, məhəllə uşaqları, ağsaqqallar yolasalma mərasimində Əvəzin şəninə ürək sözlərini yağdırdıqdan sonra uğurlu yol arzuladılar. 
Əvəz nəsə demək istəyirdi bacısına. Sualedici nəzərlər Elyananın marağına səbəb olsa da, vaxt tapıb ayrılıqda söhbət edə bilmirdi. 
-Görəsən nə deyəcək, bəlkə sevdiyi qızı tapşıracaq, bəlkə... bəlkə... qarışıq suallar dolaşdı Elyananın başında. 
 Əvəz dostları arasında “Cəngi” havasına süzürdü hələ də.
İnşallah, sağ-salamat qayıdıb gələr, bundan da gözəl bir məclis qurarıq, - Elyana dodaqaltı pıçıldadı.
Cəbhə xəttində qismən sakitlik yaransa da, arabir baş verən lokal döyüşlər qansız ötüşmürdü. Respublikalar arasında bağlanmış “Atəşkəs müqaviləsi”nin hökmü kəsərsiz olduğu üçün sakitlik tez-tez pozulurdu. Qanlı toqquşmalar arxada qalsa da, havada barıt, qan qoxusu duyulurdu hələ də. Elə Elyananı da narahat edən bu idi.
-Bacı, vaxt elə bir az dərdləşək.
-Beş dəqiqəyə gəlirəm, Elyana sevincək dilləndi.
Nədənsə o beş dəqiqə saatlar çəkdi. Baş tutmayan söhbət vaxtın, zamanın həyəcanını artırdı. Ertəsi gün yol başladı. Əvəz ağrılardan qovrulan, ayrılıqdan həyəcanlanan anasının boynuna sarıldı. Ananın taqətsiz qolları bir-birinə elə kilidləndi ki, sanki oğlu ilə əbədi ayrılacağını duymaqda idi.
-Qardaş, demək istədiyin o sözü barı bu gün pıçılda qulağıma, - Elyana qəddini ona tərəf əydi.     
-Narahat olma, qayıdanda deyərəm. Ta salamat qalın, görüşənədək.
Əvəz qarşıdakı döngəni keçənə qədər əllər havada yelləndi. 
Elə ürəklə addımlayırdı ki, hər addımı düşməni qorxuda biləcək qədər cəsarətli idi.
Əvəz Qazax, Tovuz, Gədəbəy istiqamətində sərhədlə üzbəüz xidmət keçdi. Düşmənə olan nifrəti ilə silahdaşlarından fərqləndi, şəhidlərimizin qanını almaq üçün hər tərəfi qan gölünə çevirmək üçün planlar qurdu. Amma əmrə tabe olmaqdan başqa çarəsi yox idi. 
Neçə-neçə döyüşlərdə fərqlənən Əvəz qorxubilməz bir igid kimi tanınırdı. Artıq düşmən də onun adını əzbərləmişdi. 
Keşik çəkdiyi sonuncu post Babəkər idi...
    ...Mehriban, səmimi, gülərüz, istiqanlı oğul idi Əvəz. Dəqiqliyi, dürüstlüyü və ədaləti ilə fərqlənirdi tay-tuşlarından. Kişi kimi sözü üzə deyər, çəkinməzdi. Dostununun, tanışının müşkülünü həll ermək üçün günlərlə plan cızar, çözüm axtarardı. İşlər qaydasına düşəndən sonra rahatlanar, dinclik tapardı.
1998-ci il 18 sentyabr... O gün şiddətli döyüşdə düşmən itki verərək geri çəkilmişdi. Səngərdən qalxan qara tüstü üz tutmuşdu göylərə tərəf. Bəlkə də ağır texnika hədəfə gəlmişdi. Digər tərəfdə isə bir neçə leş görünürdü. Bunlar yalnız durbinlə görünənlər idi. Səngərlərdə neçə-neçə ölü və yaralının olduğu məlumat isə hər kəsi ürəkləndirirdi. Bir yandan da canlanma nəzərə çarpırdı. Canlı qüvvənin, ağır texnikanın yerdəyişməsi baş verəcək hadislərin xəbərçisi idi.
Babəkər postunda hər kəs öz mövqeyini tutmuşdu. İstənilən təhlükənin qarşısını almaq üçün məntəzir olan əsgərlər düşməni qarışbaqarış izləyirdi. Əvəz avtomatını yenicə yağlayıb qartarmışdı. Kimsə 5 addımlıqda zümzümə eləyir, az öncəki qələbənin dadını nəzmə çəkirdi. Səsin ahəngi Əvəzi də cəlb eləmişdi. Ona görə də arabir “Qarabağ şikəstəsi”ni ciyərlərinə çəkir, su kimi içirdi. Baxmayaraq ki, o səsin şirinliyinə tək-tək adamlar şahidlik edib bu günəcən. Hətta deyilənə görə Şahmar Ələkbərzadənin səsinə bənzəyirmiş onun səsi.
Elə bu an güllə açıldı. Kəlməsi dodaqda quruyan şikəstənin bəndləri cilik-cilik olub yerə töküldü. Könülləri ovsunlayan səs isə ağızdan qopub ənginliklərə doğru qanad açdı. Köksünə sancılan snayper gülləsi müqəddəs torpağı cəsur bir igidin qanı ilə suvardı. Nəsə pıçıldayırdı Əvəz. Bəlkə də “onsuz da az öncə öz qisasımı almışam, narahat olmayın”, bəlkə də “müqəddəs torpaq uğrunda ölmək şərəfdir, layiq görüldüyüm üçün xoşbəxtəm”, bəlkə də bacısına demək istədiyi və heç zaman deyə bilmədiyi o cümlə idi ki, dilindən axırdı. Kimsə anlaya bilmədi, təəssüf ki...  
Elyana ilə Əvəzli günləri vərəqləyəndə qəlbinin sızıltısını duymamaq mümkün deyil. Onu ən çox göynədən isə qardaşının istəyini yerinə yetirə bilməməsidir. Axı gitara alacaqdı ona, imkansızlığın üzü qara olsun.   
*
Əvəzin qonşusu və sinif yoldaşı Sənan Sərdarovun söylədikləri.
Sinfimizdə ən savadlı şagirdlərdən biri idi. Rəsm çəkməyi çox sevirdi. Karandaşla, yaxud fırça ilə elə əsərlər yaradırdı ki, hər kəs heyran qalırdı. Çoxumuz fikirləşirdik ki, ən nüfuzlu rəssamlardan biri olacaq. Amma onun üçün bir hobbi idi. Hətta rəsm dərsində əksər uşaqların şəkillərini o çəkirdi. Kiminsə qəlbinə toxunmaz, acılamazdı. Ona görə də hər birimizin sevimlisi idi.
Tarix fənnini daha çox oxuyurdu. “Hər kəs ən azı öz keçmişi haqqında az da olsa məlumata malik olmalıdır” - deyirdi. Qarı düşmənin müxtəlif dönəmlərdə vətənimizə basqınlarını xatırladaraq, onlara qarşı barışmaz olmağa səsləyirdi hər birimizi. Hətta yaşı çatmasa da döyüşə can atır, qisas hissi ilə alışıb-yanırdı.
“Vətənimin bütövlüyü uğrunda canımı qurban verməyə hazıram” kəlməsi dilindən qopanda elə qürurlu görünürdü ki. Sanki bütöv bir ordunu təkbaşına məhv etmək gücündə idi. 
Deyib-gülən, şən, mehriban, sədaqətli oğul idi Əvəz. Dost yolunda canından keçməyə hazır idi hər zaman. Bir sözlə, Əvəz əvəzsiz oğul idi, valideynə hörmət eləyən, böyük-kiçiyin yerini bilən, sözünə sahib çıxan bir oğul. 
*
Əvəzin qohumu və sinif yoldaşı Nail Sərdarovla xatirəyə dönmüş o günləri səhifələməyə çalışdıq.  
-Ömürümün ən gözəl günləri, yaddaşımdakı xoş xatirələr Əvəzlə bağlıdır.  Tez-tez vurğuladığı bir kəlmə vardı. “O qədər mehriban olun ki, hətta ailə qurduqdan sonra da bir-birimizlə əlaqələrimiz kəsilməsin”. 
Bir gün Sumqayıtda görüşməli olduq. Səhv etmirəmsə məzuniyyətə gəlmişdi. 7-8 ay idi ki, cəbhə xəttində düşmənlə üzbəüz idi. Xidmətin çətinliyindən söz açsaq da, bir o qədər şərəfli olduğunu dilə gətirdi. “Sağa baxırsan düşmən, sola baxırsan düşmən və hər biri də hiyləgər tülkü kimi marıtlayır, fürsət, məqam axtarır ki, zəif bir cinahdan hücum eləsin. O an silahı götürüb mövqeyini seçirsən, qürur hissi bürüyür adamı. Doğma torpağın keşikçisi olduğun üçün fəxr edir, qürurlanırsan. Axı düşmən neyləyə bilər avtomatın, pulemyotun qarşısında. Bax o zaman qarı düşmən cılızlaşıb müqəvvaya dönür gözündə, nə qədər güclü olsa belə...”
Əvəz danışdıqca köksü qabarırdı elə bil. Çünki o, hər kəlməsi ilə vətənpərvərlik toxumu səpirdi ətrafa...
*
Bir az da uşaqlıq illərinə dönək. 
Səkkizinci sinifdə oxuyurduq. Malları otarmaq üçün bir gecə Asifin biçənəyini hədəf seçdik. Heyvanları nəzarətsiz buraxıb özümüz üçün keyf məclisi qurduq. Sənan və Əvəzlə birgə o ki var yeyib-içdikdən sonra necə yuxuya getdiyimizdən xəbərimiz olmadı. Asifin səsinə yuxudan ayılanda artıq hər tərəf işıqlaşmışdı. Əlindəki çəlimsiz ağacla bizi hədələyir, vurmaq üçün məqam axtarırdı. Elə bu an Seymur əmi özünü yetirdi. Ərkyana hərəmizə yalançı bir şillə vurub dəyənəyin zərbəsindən xilas elədi. Ta Asifin sözü olmadı dillənməyə. Yalnız indi anladıq ki, Asif inəkləri aparıb yığıb tövləyə, qapısını da qıfıllayıb. Bir neçə saatdan sonra - günorta radələrində qıfılı açmaq mümkün oldu. Onsuz da səhərə qədər yeyib xumarlanan inəklərin ota, suya ehtiyacı yox idi...
*
-Yenə də bir gün Sənanla Əvəzi götürüb getmişdim üzüm bağına. 
Nail söhbətinə davam elədi.
 Fərhad kişinin zəhməti sayəsində ərsəyə gələn üzümlər ağız sulandırırdı. Hərəmiz iki vedrə yığıb bağdan çıxmaq istəyirdik ki, zəhmi bağır yaran Fərhad kişi qarşımızda peyda oldu. Heç hənanın yeri idimi, - Əvəz dilləndi. Bir tərəfdə üzüm dolu altı vedrə, digər tərəfdə isə Sənan, Əvəz və mən. Onu da deyim ki, Fərhad kişinin qarşısından qaçmaq hər oğula müyəssər olmazdı. Ona görə də suçluluğumuza söykənib heykəl kimi baxırdıq. Bağbanın mindiyi kəhər at da adam kimi dil bilirdi elə bil. Əvəzin vedrəsinə yaxınlaşıb yeməyə başladı. 
-Ay Allahın heyvanı, axı o qədər əziyyət çəkmişəm yığmaq üçün, boğazından necə keçir?! Onu yığanda nə qədər həyəcan keçirmişəm, - deyə atın qarasına gileyləndi.
-Ayə, bir sus görək, hələ Fərhadın çomağından necə qurtulacağıq. Sonra bir şey fikirləşərik, - Sənan pıçıldadı. 
Nədənsə Fərhad kişinin ürəyi tez yumşaldı. Bu dəfə bağışlayıram, amma bir də sizi tutsam, arxasını özünüz düşünün...
Yükümüzü götürüb aradan çıxsaq da, atın həzmi-rabedən keçirdiyi yarımçıq vedrələri boşaldıb yenidən doldurduq. Fərhad kişinin ölənlərinin ruhuna rəhmət oxuya-oxuya...
Haqq üçün deyək ki, ədalətli, hörmətli, qeyrətli kişi idi.
*
Hazırda təqaüddə olan ibtidai sinif müəllimi Almaz Zeynalova qəhər və qürur dolu ötən günlərə dönməkdə çətinlik çəksə də, Əvəz kimi şagirdi ilə qürur duyduğunu dilə gətirdi. 
Hələ ilk dəfə birinci sinfə qədəm basanda onun fərqliliyini duymuşdum. Hazırcavab, diribaş, boyca tay-tuşlarından hündür, şux qamətli, yaraşıqlı bir uşaq idi. Tanışlıq zamanı S.Vurğunun “Azərbaycan” şeirini elə həyəcan və fəxarətlə söylədi ki, heç kəs heyrətini gizlədə bilmədi. Səsi də əzəmətli idi.
Səmimi və mehriban, cəsarətli və ürəkli, bir qədər də ərkəsöyün idi Əvəz.
Bir gün “sinif dəftəri” yığırdıq. Dörd nəfər dəftərsiz gəlmişdi. Əvəz iki dəqiqəlik icazə istəyib sürətlə qapıdan çıxdı.  Getməyi ilə dönməyi bir oldu. Gələndə əlində bir neçə dəftər vardı.
-Xeyir ola, neynirsən ki, əlindəkiləri, - barmağımla işarə etdim.
-Dörd nəfərin dəftəri yoxdur, onlar üçün aldım.
Ədəbinə, əxlaqına, fərasətinə əhsən dedim ürəyimdə.
-Lap yaxşı, onda payla, dərsimizi başlayaq...
...O, demək olar ki, bütün fənləri, əsasən də riyaziyyatı yaxşı oxuyurdu. Musiqi dərsinə də xüsusi marağı vardı. “Sıravi Əhməd” mahnısını elə ürəklə oxuyurdu ki... Hətta özünü Əhmədə bənzədir, gələcəkdə cəsur bir döyüşçü kimi düşmənə aman verməyəcəyini dönə-dönə vurğulayırdı. Sanki ürəyinə dammışdı. Dammışdı ki... Bəlkə də elə onə görə də həmişə öndə durar, bayrağa, himnə olan sevgisi ilə seçilərdi tay-tuşlarından... Bir sözlə, Əvəz əvəzsiz oğul idi. Heyif ki, vaxtsız itirdik. Amma nə yaxşı ki, hərb tariximizə adını yazan oğullardandır. 
*
Övlad yanğısı, taleyin acımasız göynərtisi, ömrün vəfasızlığı bir yana, rəşadətin, cəsarətin, vətənsevərliyin, torpaq sevgisinin, dövlətin, dövlətçiliyin əbədiliyi ruha qida, ömrə nəşə kimi vücudu sarar. Elə o göynərtidən və qürur dolu anlardan vəcdə gələn təb sözə - misraya çevrilib barmaqlardan sızar ağ vərəqlərə. O vərəqlər ki, min illərin o üzünə daşıyar bir xalqın qan yaddaşını – dastana çevrilmiş qəhrəmanlıq tarixini...  
Uca boy, şux qaməti
Ulu Haqqın zinəti
Sözü kəsərli, qəti
Elin hünərvər oğlu.

Axır aldı qana-qan
O yenilməz bir aslan
Hər bir döyüşü dastan 
Məğrur, cəngavər oğlu.

O Koroğlu, o Həzi
Elin qorxubilməzi
Əvəzlərin Əvəzi
Yurdumun əsgər oğlu.

Düşmənə uddurdu qan
Leş düzüldü yanbayan
Şəhidliyə atdı can
Yurdumun səngər oğlu.


Ötərxan ELTAC
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar