Xəbər lenti
Nadir Israfilov: “Şirinli – acılı Novruzlu illərim… ”
Nadir Israfilov
“İstər şirin, istərsə acı olsun, xatirə insana əzab verir...”
Uşaqlıq illərimizin ən şirin və yaddaşımda qalan xatirələrindən biri səbirsizliklə gözlədiyimiz Novruz bayramı idi. Sanki, “Dəli kür” filmindəki Novruz səhnələri qayğısız uşaqlıq illərimizin ekran təcəssümü idi. Sevinərdik, əylənərdik, şənlənərdik, qayğı nədir, dərd-sər nədir bilməzdik. Öz uşaqlıq həyatımızı yaşayardıq, özümüzü xoşbəxt sayardıq. Böyüdük, ərsəyə yetdik, müəyyən səlahiyyət sahibi olduq, həyatın yazılmamış qanunlarına şahidlik etmək zərurəti qarşısında qaldıq.
Qanlı-qadalı 90-cı illərin Novruz bayramı ərəfəsi idi. Fövqaladə vəziyyət elan olunmasına, komendatura rejiminin tətbiq edilməsinə baxmayaraq, xalq öz milli-mənəvi dəyərlərinə biganə deyildi, gizli və açıq formada bayram əhval- ruhiyyəsi hiss olunurdu. Təhsil müəssisələrinin kollektivləri bu işdə xüsusi fəallıq göstərirdilər.
Nəsimi rayonu Təhsil şöbəsinin müdiri idim. Xəbər gəldi ki, təcili olaraq o zamanlar “Qorkom” adlanan Bakı şəhər partiya komitəsinin büro iclasına gəlməliyəm. Hətta, hansı məsələnin müzakirə olunacağı barədə belə məlumat vermədilər. Deyilən vaxtda Qorkomda oldum. Büro iclasına xeyli məktəb direktorları, universitet rektorları və digər rəhbər işçiləri toplamışdılar. Zalda əyləşənlər içərisində rəhbərlik etdiyim təhsil müəssisələrinin işçilərindən bir neçə nəfəri də gözümə dəydi.
İlk olaraq, paytaxtda vəziyyətin gərginliyi səbəb gətirilərək hər hansı bir müzakirəyə ehtiyac olmadığı barədə qabaqcadan xəbardarlıq etdilər. Qısa məlumat xarakterli arayışın oxunuşundan sonra, büronun arayışdan dəfələrlə uzun qərarı oxundu. Cəzalandırılanlar içərisində mən də var idim. O zamanlar üçün dəbdə olan “За политической близорукости” (siyasi səbatsızlıq göstərdiyinə, uzaqgörənliyini itirdiyinə görə) və s. kimi ağır ittihamlara əsasən mən tutduğum vəzifədən azad olunurdum. Hamı ağzına su alıb durmuşdu.
Sən demə, müəllimlər və uşaqlar da daxil olmaqla, bir neçə təhsil müəssisəsinin kollektivı şəhidlərimizin ruhunu yad etmək üçün, milli geyimdə və bayram sovqatları ilə “Şəhidlər xiyabanı” istiqamətində hərəkət edərkən sovet hərbiçiləri tərəfindən “yaxalanmış” və dərhal bu barədə şəhər rəhbərliyinə məlumat verilibmiş. Bu isə fövqaladə vəziyyətlə bağlı komendant rejimin “normativlərinə” zidd imiş...
Yeganə müdafiəmə qalxan Raykomun I katibi mərhum Afiyəddin Cəlilov oldu. Büro üzvləri onun hörməti və nüfuzu qarşısında duruş gətirə bilmədilər. Mənim bir müddət əvvəlki partiya töhmətimi yada salanların can-fəşanlığı da elə bir səmərə vermədi. Nəhayət, uzun çək-çevirdən sonra, “tutduğu vəzifədən azad olunma” cəzası, “partiya uçot vərəqəsinə yazılmaqla şiddətli töhmət”lə əvəz olundu. Əvvəlki töhməti isə mənə elə həmin büroda bir sıra ermənilərin Respublikamızı tərk etmələrinə mane olmadığıma, yəni öz xahişləri ilə işdən azad olunmaları barədə ərizələrini imzaladığıma görə vermişdilər.
Bu gün Novruz bayramı ölkəmiz və xalqımız üçün yalnız bayram deyil, eyni zamanda, vüqarımızın rəmzi, milli soykökümüzün parlaq nişanəsi, keçmişimizin obrazlı ifadəsi, gələcəyimizin mayakıdır. Novruz bizim varlıq düsturumuzdur, əbədiyaşarlıq salnaməmizdir, azadlıqsevərliyimizdir, mübarizliyimizdir. Artıq bütöv Azərbaycana ilk bahar gəlir! Elimizin, obamızın, ölkəmizin bayramı mübarək olsun! Arzu və ümid edək ki, bu, mənim və mənim kimi həyat yolu keçənlərin Novruz bayramı ilə bağlı son acı xatirəsi olsun...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar