Sizin Reklam Burada
Xəbər lenti
02-03-2025
01-03-2025
BÜTÜN XƏBƏRLƏR

"Sizə görmək üçün məkan, düşünmək üçün zaman, anlamaq üçün..." -tənqid, təhlil

Tarix: 19-05-2017 19:56     Baxış: 3937 A- / A+
"Sizə görmək üçün məkan, düşünmək üçün zaman, anlamaq üçün..."
Bu yaxınlarda "Xəzan" ədəbi-bədii jurnalı tərəfindən maraqlı bir təklif aldım. Hansı ki, məni idarə heyyətinə salınmağıma razılıq verməyimlə yanaşı jurnalın əvvəlki nəşirləri ilə bağlı düşüncələrimi bölüşməyimi istəmişdi. Odur ki, ədəbi düşüncə adamlarını toplu halda görmək, izləmək və təhlil etmək imkanını dəyərləndirərək bu işə razılıq verdim. Təbii ki, baş redaktorun bu jestini də yüksək dəyərləndirirəm.

Jurnalın əlimdə olan 4-cü sayından başladım tanışlığa. Hansı ki, vərəqlədikcə cəmiyyətin kasıb düşmüş təbəqəsinin ağrı-acılarını ifadə etməyə cəhd edən, son ümid yeri olaraq qələmə sarılan adamlarla baş-başa qaldığımın fərqinə vardım. Oxuduqca da onların oxucuya çatdırmaq, ötürmək istədiyi mesajlar diqqətimi çəkdi. Təbii ki, böyük əksəriyyəti yazıçı olmaqdan daha çox, ağrılarına məlhəm olacaq bir əlac-nur axtarışında olan sadə, zəhmət adamları idi. Məhz o səbəbdən bu yazıları oxuyub, tənqid və ya təhlil edərkən, həqiqi mənada qələm adamlarından umduğum, gözlənilməsi vacib olan tələblər qoymaqdan uzaq oldum. Beləcə, həmişəki kimi öz prinsiplərimə sadiq qalaraq, "-Söz sahibinin kimliyidir!"-deyə müəllifin yazı üslubu, düşüncə və yaşam tərzini söz konusu etdim.

İlk olaraq da redaktor guşəsi, "Küllük axtaran adam" başlığından başladım. Bu kiçik yazıda Əli bəy Azəri təbiətin nizamını pozmağa çalışan məmur qisminə, o cümlədən ədəbiyyat sahəsində yüksək kürsülərə yerləşmiş və boynuna düşən missiyanı yerinə yetirmək qüdrətində olmayan yaşlı nəslə etirazını özünəməxsus bir şəkildə ifadə etmişdi. Tutduğu mövqedə özündən başqa birini görmək istəməyən bu "adamcıqlar"ın fəaliyyətini, varis seçimi ilə bağlı bir rəvayətə istinad edərək təbiətin nizamını durdurmaq istəyən, püxtələşməkdə olan gənc nəslə qarşı gedənlərin əmılləruni "küllük axtarışı" adlandırır. Beləcə, müəllifin öz imkanları daxilində gəncliyə olan diqqəti və qələm əhlinə vermək istədiyi dəyər bəlli olur.

"Ölüm gözəllikdir. Bu gözəllik qocalarda daha aydın gözə çarpır"-deyən Firuzə Məmmədlinin özünə də sirr olan ölümün gözəlliklərdən bəhs edən fikirləri və bir-birini inkar edən, təzadlı düşüncələrlə dolu şeirləri sıralanır. Oxucu mövzunu düşünməkdən daha çox müəllifin nə demək istədiyində ilişib, qalır:

"Meyid qamətində şəhidlər artdı,
Ağlar söyüdlərlə bəzəndik yetər.
Söyüçlər, təhqirlər, təhdidlər artdı.
Yetər bir bu qədər "təzəlik" yetər."


Ardınca da filologiya elmləri doktoru Vaqif Yusiflinin "Ağla, qərənfil, ağla!"-xatirə yazısına yer verilmişdir ki, mərhum şairimiz Məmməd Aslana həsr olunub. Amma nədənsə müəllifin düşüncələrində bir yorğunluq, küskünlük hiss olunur. Hətta şairin kimliyini belə xatırlatmağa cəhd etməmiş. Hansı ki, İnternetdə axtarış verib, şübhələrimə aydınlıq gətirməli oldum. Nəticədə illər öncə Kəlbəcər niskili ilə dünyadan köçmüş, söz-söhbəti tükənməz bir xəzinə olan, həqiqi mənada şəxsiyət olan Məmməd Aslanın nurlu çöhrəsi yaddaşımı vərəqlədi:

Cavanlıq şəklini xoşlar qocalar;
Qışı yaz eşqiylə qışlar qocalar.
Dinlə, ya dinləmə; fərqinə varmaz:
Köhnə hekayətlər başlar qocalar...


Sonra da təzə bir imza ilə tanışlıq ovqatımı dəyişdi.

"Nə ölüm gerçəkdi, nə də yaşamaq,

Qalmışam yer ilə göy arasında."- deyən Lətifə Nuranın şeir yazmaq istəyi məni üzdü. Əslində özgə bir övqata köklənərək yaşadıqlarını yazmaq, duyğularını ifadə etmək üçün zorlanır. Beləcə ən azından yazmaqdan öncə yaxşı oxucu olmaq ehtiyacı ilə barışmaq istəmir. Hansı ki, illər öncə Akəm Xaqanın yaradılışa heyrətini ifadə edərək qələmə aldığı misraların sehrinə düşmədiyini demək çətindi:

Şehli bir cığır var, sirli bir düyün...
Hikməti alınla üz arasında.
Sehrinə düşmüşəm yer ilə göyün,
Qalmışam dağ ilə, düz arasında...


Adətən oxuduğun ilk bənddən müəllifin baxış bucağı bəlli etmək mümkündür. Belə olduğu halda onun haqqında daha geniş məlumat almağa ehtiyac qalmır. Hansı ki, bənzətmə və təşbehlərdən istifadə edərkən özünü nə qədər ifadə etdə bildiyini görürsən;

"Quru budaqlarım, yaşım əyilməz,

Belə yaranmışam anadan, fələk."-deyə fəryad qoparan Adil Ağazadənin yazı üslubunu seyr edərək keçməklə kifayətlənirəm.

"Hər kəsin yadından çıxsam da olar,

Sən məni unutsan ölərəm, Allah."-deyən Nuranə Nihanın xanım iddiası, qeyri-adi sevgi bəyanatı maraq çəkir. Baxmayaraq ki, onun nə deyəcəyi əvvəlcədən oxucuya bəllidir.

Meyxoş Abdullanın "İki günlük otel qəbzi" hekayəsi hisslərin bədii ifadəsindən uzaq olsa da, müəllifin daha çox dialoqlar vasitəsi ilə çatdırmaq istədiyi mənzərə var. Nəticədə nə isə maraqlı bir söhbətə qulaq yoldaşı olduğunun fərqinə varmış olursan.

Növbəti tanışlıq Camal Zeynaloğlu ilə oldu. Onun da yarımçıq qalmış povest mövzusu "Uçurumun kənarında" adlı hekayə kimi təqdim olunur. Hansı ki, ailə-məişət, yurddaşlıq və şəxsiyyət problemlərinin cözülməsi yönündə ortaya atılmış maraqlı temadır. İşlənmək üçün yaxşıca materialdır. Müəllifin bu barədə düşünməsini vacib hesab edirəm.

Əli Şirin Şükürlü şeirləri ilə növbəti tanışlıq ovqatımı dəyişdi. Daha çox məzmuna güvənən filosofla birgə rəngarəng fikirlərləri bir-birinə bənd edən şairin yaratdığı nərdivan gördüm. Hansı ki, birindən qalxmaq, o birindən düşmək olur. Bəzən elə sadəcə, şirin söhbətinə qulaq yoldaşı olursan ki, danışa-danışa qarışqadan fil düzəldir, özü kimi səni də inandırır:

"əməlli-başlı mübarizə gedir
qələbə marşı çalan qara milçəklə
valerian içib
azca dincəlmək istəyən adam arasında."


Həsən Hüseynin Borsunlu Məzahir (Daşqın) haqqında çızdığı ədəbi portreti, Fariz Çobanoğlunun Damət Salmanoğlu yaradıcılığından bəhs edən təhlil də eyni qəlib yazılardandır. Xüsusilə də Fariz Çobanoğlunun sərgilədiyi qənaət, yanaşma tərzi, ağrılı da olsa diqqət çəkir: "Şairin borcu insana nəyin həsrətində, nəyin ayrılığında, intizarında olduğunu xatırlatmaqdır həm də"-deyə, həqiqi mənada bir oxucu düşüncəsini, istəyini və nəhayət, qiyamını sərgiləmiş olur. Bu cür yanaşma əslində mənim bəlli etmək istədiyim məqamın canlı bir nümunəsidir ki, güvənini itirmiş oxucunun yazara meydan oxumasıdır.

Gənclər arasında məhsuldar yazan qələm sahiblərindən biri də Aygün Sadiq imzasıdır ki, burada yenidən qarşılaşırıq:

"Həsrət dolu buludların bətnindəki qəfil sancı,
Məni sənə gətirəcək yağışlarla , damcı-damcı,
Bir aşiqin eşqdən savay yox qibləsi, yox inancı,


Anlamadın? -deyə yaratmaq istədiyi poetik səhnə, təsəvvüründəki "Bircə qadın"ın portretini çızmaq çəhdidir. Təbii ki, püxtələşməkdə olan müəllifin uğurlu bir gələcəyə doğru irəlilədiyinə inanmaq istəyirəm.

Elçin Hüseyinbəyli ilə müsahibə xüsusi bir maraq oyadır. "Yazıçı həmişə müharibənin əleyhinə olmalıdır." -düşüncəsi ilə razılaşmamaq mümkün deyil. Həqiqətən sənət adamlarının formalaşmasında zora qarşı olma faktı önəmli yer tutur. Lakin müsahibə aparan Vahid Məhərrəmovun şablon və bir-birini təkrarlayan suallara yer verməsi, alacağı cavabdan çox danışması məni təccübləndirdi.

Şəfaqət Cavanşirzadə qələm təcrübəsinin məhsulu olan "Gecikmiş namus" hekayəsi günümüzün ağrılı problemlərinə, yanlış düşüncə tərzinə diqqət çəkərək hər iki cinsin anlaşılmazlıq faciəsini gündəmə gətirməsi ilə maraq kəsb edir. Əslində cəmiyyətdə gedən proseslərin yaşatdığı və ailələrin dağılma səbəbinin görməzdən gəlinən bir səhəsinə işıq tutmuş olur. Qarşılanması və dəyərləndirilməsi vacib olan ehtiyaclar söz konusudur. Hekayənin bədii tərtibatında yol verilən xətalar da yox deyil. Təbii ki,əvvəldə oxucu cəlb etmək üçün qoyulmuş "anons" və sonluqdakı bıçaqlanma səhnəsi təsviri yığışdırılmalıdır. İnanıram ki, Şəfaqət xanım faciədən çıxışın örnək ola biləcək daha doğru yolunu bulacaq.

Qarabağ qazisi Bəxtiyar Əliyevin bir əsgərin xatirəsi olaraq "İkinci atəş" oçerki və "Cəsur döyüşçı, döyüşlərdən tanıdığım Tapdıq İbrahimova itaf edirəm."-deyə bəhs etdiyi MƏKTUB" hekayəsi də müəllifin gözlədiyi və qarşılıqsız qalmış bir ehtiyacın çözülməsi amacı ilə yazılmış qələm nümunəsi olaraq başa düşülməlidir.

Eyvaz Zeynalovun "Parkda" hekayəsi mövzu etibarılə maraqlı olduğu qədər də aktualdır. Hətta uğurlu alınan məqamlar da yox deyil. Eyni zamanda müəllifin mətndə ifrata vardığı motivasiyanın (minimum istehlak səbəti və s.) süniliyi, baba və nəvə kontekstindən yanaşdıqda dialoqların qeyri-təbii seçimi hekayənin daha həssaslıqla və yenidən işlənilməsinə ehtiyac olduğunu sübut edir.

Əliabbas Bağırovun "Ağdama bənzəməyən Eyvaz" sərlövhəli yazısında işlətdiyi bənzətmə necə də yerinə düşür: "Əlli yaşa bütün ehtiyat azuqəsi qışın tən ortasında qurtarmış kəndli kimi gəlib çıxan çoxlu sayda yazıçı və sənət adamı gördüm. Elə-belə götürəndə onlardan biri də Eyvaz Zeynalov olmalıydı. Hələ bəlkə də..." -deyə bəhs etmək istədiyi müəllifin bu günə gəlincə keçdiyi məşəqqətli həyat yolundan bəhs edərək həm millətin, həm də dilimizin faciəsinə diqqət çəkir: "qısa zaman kəsiyində heç dilimiz də bekar dayanıb-durmayıb. Lüğət tərkibi çoxlu işlək söz qazanıb; qaçqın, köçkün, didərgin, tərki-el, cəlayi-vətən, qaçqın düşərgəsi, çadır şəhərciyi..."

Yaqub Məğrurun şeirlərini oxuduqca o qədər iztirablara rəğmən dözümünü, adına yaraşan məğrur çözümünü görməmək olmur:

"Nəfsini cilovla, gözü ac insan,
Çalış qənaətlə cavanlıq eylə.
Var-dövlət aşsa daim başından,
Saxla, ac qalanda yavanlıq eylə."


Nemət Bəxtiyarın "Məhsul istehsalının asan yolu", "Quzu"və "Bal"ı el arasında yayılmış lətifələrin yumoristik hekayə qismində təqdim olunur. Hansı ki mövzu qıtlığından əziyyət çəkən müəllifin folklor nümunələri ilə bu qədər yorucu yazıya alması mənə təbəssümdən daha çox üzüntü gətirdi: "-Bunlar ki, buğaların fotoşəkilləridir. Əhsən, rəis Həsənovun oğlu Həsənov! Sən gənc mütəxəssis kimi süd istehsalının artırılmasının əsil yollarını tapmısan..."

Aslan Quliyevin "Kor döyüşçü" hekayəsini oxuyunca uşaqlığım yadıma düşdü. Nənəmin nağıl danışmasını xatırladım. Burda isə müəllifin nağıl etmək istədiyi hadisə elə bil danışa-danışa uydurulduğu üçün zorlanırdı. Sanki, Aslan Quliyevin bu günümüzdə vətənpərvərlik, yurddaşlıq təbliq edən əsərlərə olan ehtiyacı sovet dönəmində şişirdilmiş plan doldururmuş kimi qələmə almışdır. İkicə kəlmə ilə müharibənin başlandığını, arvadın haray-qışqırığına əhəmiyyət vermədən savaşa hazırlaşan bir kənd adamını öz hekayəsinin qəhrəmanı olaraq görür:

"Döyüçü arxa(?) çantasını çiyninə atdı, qoşalülə tüfəngini götürdü: -Mən döyüşçüyəm, dedi, müharibə başlayıbsa, döyüşməliyəm. Düşmənlər gəlib buralara çıxarlarsa, təkcə inəklərin, keçilərin yox, bu torpaqda yaşıyan hər kəsin sonu çatacaq. Sən onları tanımırsan, onlar bir kimsəyə aman vermirlər." -deyə nağılına başlar. İlk olaraq kənd sakininə ən azından adı ilə müraciət edə bilərdi. Lakin "döyüşçü" adlandırmış oldu. Sonra da "Nağıl dili yüyrək olar"- deyib səngərdə, tonqal başında oturan döyüşçülərlə söhbət edən"döyüşçüdən" bəhs edir. Hansısa zaman kəsiyində qanlı döyüş olduğunu, silah-sursat əldə etdiklərini qeyd edərək bəhs etdiyi qəhrəmanın yanında mərmi partlaması ilə kor olduğunu bir-iki kəlmə ilə qeyd edir və onu "kor döyüşçü" adlandırır. Özünü inandırdığı nağıla bizi də inandırmaq istəyir və burada gedən qanlı savaşlar yada düşmür... Nəhayət "kor tutduğun buraxmaz" atalar sözünə güvənən müəllif hamı kəndi qoyub qaçdıqdan sonra "kor döyüşçü" iki maşın erməniyə qarşı vuruşmalı olur və s. Ən maraqlı odur ki, qarşı tərəfi də əzizləyərək "yad döyüşçü" adlandırır və "kor döyüşçünü" pusuya salıb, öldürdükdən sonra onu qəhrəman kimi dəfn etdiklərindən bəhs edir. Hekayənin adından xoşlanan müəllif nəticəyə doğru düşüncələri kor düyün salaraq bitirmiş olur. Nə isə...

Nurəddin Ədiloğlunun "Rəhbərə məktub" xatirə-hekayəsi dilinin səlisliyi və canlı görüntüsü ilə ovqatımı dəyişdi. Hansı ki, müəllifin həqiqi mənada inamla köhnə və yeni zaman arasında ilişib, qalmış faciəmizin ağrı-acısından bəhs edirdi.

Əli bəy Azərinin "Yağlı bəhanə" və "Köhnə il hara gedir" hekayələri ilə tanışlıq müəllifin daha çox üşaq dünyasına yaxın olan yaradıcılıq üslubu, fantazıyası ilə diqqətimi çəkdi. Hansı ki, xəyalında olan uşaqlığına qayıtmaq, o günlərin inamlı və imanlı duyğularını bu günümüzə çəkib gətirmək, yenidən yaşamaq ehtiyacından doğur. Əslinə baxanda bu günümüzün nağılları kimi nağıla inananlar belə tükənmiş.

Eləcə jurnalın həm də təzə çıxan nəşirlərə, qələm adamlarına və onların yaradıcılığı ilə bağlı məlumat xarakterli təhlillərə yer ayırması ilə diqqət çəkir.
"Sizə görmək üçün məkan, düşünmək üçün zaman, anlamaq üçün..."

"XƏZAN" jurnalının profilini bər-bəzək sevməyən bir hərbçi baxışı, qələmə sarılmış oxucunun və qələbəyə can atan əsgərin döyüş əzmi ilə ölüm qorxusundan mayalanmış azadlıq zümzümısinə yer ayıran mətbu orqanı olaraq qiymətləndirirəm. Təbii ki, sözün qüdrətinə sığınaraq dərdini, düşüncəsini bölüşmək istəyən adamlara yardılan imkan təqdirə layiqdir.

Bəzən şeir, sənət sevdalı "qəriblər" haqqında dost, tanış və ya oxucu marağından süzülən portret cızgili yazılar da yer alır. "Sən yazma!"-demək haqqı kimsəyə verilməmişdir. "Hər yazırın öz oxucusu var" qənaəti ilə qismən razılaşmış olursan. Təbii ki, axtardığını tapmayın oxucu, kimliyindən asılı olmayaraq özünü ifadə etməyə vasitə, məqam axtarır. Bəzən şairlərin kövrəkliyinə, bəzən də filosofların sərtliyinə sığınaraq həyatını nizamlamağa çalışır. Xüsusilə də öz hisslərini ifadə etmək üçün əlinə qələm götürməsi daha çox əsl sənət adamlarının görünmədiyi, ruhi ehtiyacları oxşamaqdan yadırğadığı məqamlarda baş verir.

Belə düşünürəm ki, dünyada gedən proseslərin nizamsızlığı siyasi yöntəmdən "bal əmən" ədəbi düşüncə adamlarından da yan keçmədi. Beləcə dolab silkələndikcə qabdakı südün qaymağı bataqlıqda batırırmış kimi görünməz oldu. Məhz o səbəbdən özünü unutmuş, güvəni sarsılmış ədəbi düşüncə qaymaqlarının iflası eyniylə bardaqda, sirkələnincə qatığa qarışıb "turşumuş" qaymağın faciəsini yaşamış oldu. Təbii olaraq bu günümüzdə müşahidə olunan fədakar adamların cabası ilə durulma prosesini gözləmək tövsiyyə olunur. Söz yox ki, hamıya bəlli çəkişmələr növbəti faciənin qəhrəmanları uydurulub, meydan alana qədər uzanacağı söz konusu. Odur ki, sizə görmək üçün məkan, düşünmək üçün zaman, anlamaq üçün mövzu verdim.

Akəm Xaqan,
şair, tənqidçı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar