Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Üşüyür...əyninə geyməyə Vətəni yoxdu..." -Sevinc Qərib

Tarix: 18-05-2017 10:56     Baxış: 2482 A- / A+
"Üşüyür...əyninə geyməyə Vətəni yoxdu..."
Ay Laşın, can Laçın... Yəqin bizim bu oxşamamız, əzizləməmiz sənin heç gərəyin deyil. Səni 25 ildi düşmən ümidində qoyub, "qaytarsaydılar..." kimi sərsəm düşüncəylə yaşayırıq.
Can, sənə qurban, Laçın. Biz sənə dnəcəyik. Çünki səni sevən insanların vicdanı hələ pas atmayıb.


Manevr.az əslən Laçından olan, istedadlı şairə Sevinc Qəribin yurd ağrılı, yurd nisgilli şeirlərini oxuculara təqdim edir:


Hər gün böyüyən dərdim

Eh..,vaxt o vaxta çatmadı,
illər bir igid yaşında.
Vəd verən vədin tutmadı,
yaşı ötdü yaddaşın da.

Qulaq yoruldu yalandan,
həsrət şişdi içimizdə.
Bir xəbər al sağ qalandan
kimlər getdi köçümüzdən...

Ümid köz tutmadı,söndü
səbrin inadı çatladı.
Bu dərd zamandan yeyindi
yenə bir ili haqladı.

Hər gün böyüdü boy atdı,
pöhrə verdi, tər cücərdi.
Sevinci vaxtsız qocaltdı
el həsrəti,torpaq dərdi.


***

Hardasa çox uzaqlarda
bir qərib
Vətənsizlikdən üşüyür.
Əynində isti paltarı,
evinin istisinə isti çatmaz,
yenə üşüyür...
Üşüyür qışın qar dodaqlarının
buza dönmüş öpüşü kimi,
üşüyür son közü sönmüş
ocağın üşüyən ümidləri kimi.
Üşüyür...
əyninə geyməyə Vətəni yoxdu...

Dərdim...

Sən şoran torpaqda ümidlər göyərt
münbit torpağında yağı oynasın.
Sən vaqonda yaşa, qamışdan ev qur,
sənin xanimanın yağıya qalsın.

Sən dərdlərə bələn, qəmlərə bükül,
düşmən at oynatsın sənin obanda.
Ürəyindən göynə, içindən sökül,
yağı büsat qursun isti yuvanda.

Sən dağlara boylan köksünü ötür,
ürəyin dağ boyda qubar bağlasın.
Varını, yoxunu, balanı itir
için nalə çəksin, ruhun ağlasın...

Xatirə yolu çək xəyallarına
ovundur özünü ölü ümidlə.
Düşmən atəş açsın yuxularına
sən vüsal qapını ahla kilidlə.

Sahibsiz,yiyəsiz bir yetim kimi
ümid bağlayırsan gəlib gedənə.
Bu ağrı, bu əzab ölənə kimi
dünya öz işində, səndən kimə nə.

Yiyəsiz dünyanın yiyəsi Allah,
mərhəmət əlini çək üstümüzə!
yazıqdı bu millət,yazıqdı Vallah
niyəsə dünyanın qəsdi var bizə.




Biri bu həsrəti bitirsə barı...Laçınım

Sönmüş ocağımın közərən odu,
sinəmi yandıran hicranın adı,
dilimin əzbəri, ağzımın dadı
anamın anası Laçınım mənim.

Ceyranlı düzənim, qartallı dağım,
laləli çəmənim,bəhərli bağım,
sən ən gözəl dəmim,ən gözəl çağım
sonalar sonası Laçınım mənim.

Şerimin,nəğməmin sonsuz ünvanı,
çarəsiz dərdimin bircə dərmanı,
yatmış taleyimin ən son gümanı
ərənlər yuvası Laçınım mənim.

***

İz-iz,
cığır-cığır,
yol-yol
apar məni buralardan
apar dağlara sarı...
sürünüm ətəyində
torpağına bulaşım,
bürünüm dumanına
zirvəsində dolaşım...


***

Eheyy..,
dağ kimi, dağ,
nə durmusan yerində..,
dağıl, parçalan,
daş daş ol,
tökül düşmən başına...
Yerində durduqca
qürurun sınır,
tərpən, silkələn,
dağıt başının qarını,
qar qar ol,
yağ düşmən başına...
Götür ətəyindən
boz təpələri,
böyründən, başından
sərt qayaları
tolazla sal sal
düşmən başına...
Eheyy..,
dağ kimi, dağ
çəkmə sinənə bu dağı,
oyan, oyan..,
dağını ələ ələ
düşmən başına...

***

Hardasa bir ovuc torpaq
sızım sızım sızıldayır.
Yağı döyür, təpikləyir,
ürəyini cırmaqlayır...
Hardasa da bir yol qalıb
İzlərinə ləkə düşüb.
Gedənləri yola salıb,
gələnləri çənə düşüb...

Şəhidləşmişəm

Güllənin altından keçib gəlmişəm,
ölümlə üz-üzə pəncələşmişəm.
Kim deyir ki, qorxub qaçıb gəlmişəm...
Ruhum güllələnib şəhidləşmişəm.

Mərmilər partlayıb başımın üstə,
yanımda can verib ən yaxın dostum.
Yaralı bir əsgər dizlərim üstə
son sözü gözündə əbədi susdu.

Məndən yan ötüşən odlu həmlələr
evimin üstünə hücuma keçdi.
Məni öldürməyən qəddar güllələr
ruhuma qəsd edib ömrümü biçdi.

Demə, gözlərində niyə qəm gəzir,
mən bahar ömrümü qışa vermişəm.
Könlüm tənələrdən usanır, bezir,
sanki mən dünyaya köçkün gəlmişəm...

Dağlar

Uca zirvənizi qar tutub indi
göyü qucaqlayan bulud kimisiz.
Könlüm sizsiz kimsəsizdi, yetimdi
gözlərimin qurumayan nəmisiz.

Vüqarımı sizdən aldım a dağlar,
qürurumun qəddi yaman bükülüb.
Ruhum sizi yuxularda soraqlar
aramıza həsrət səddi çəkilib.

Dönə bilsəm dönüşlərdən dönərdim,
dağıdardım bu həsrətin evini.
Aşardım zirvəni ətəyinə enərdim,
döndərərdim ayrılığın dəfini.

Çarəsizəm yollar bağlanıb yaman,
yasa batmış xatirələr ağlayır.
Qovuşmağa var içimdə bir güman,
köç etməkdən məni ümid saxlayır.

***

Ötən 25 ildə bitib tükənməyən torpaq həsrətimin,
acımın ən ağrılı anlarını bu günlərdə yaşayıram. Göz yaşlarımı saxlaya bilməyəcək qədər ağrıyır canım:


İndi yavaş yavaş qarlar əriyir,
tökülür zirvəndən ətəklərinə.
Qəzəbli küləklər susur, kiriyir
şeh qonur hər səhər çiçəklərinə.

Olmur arzularım, yuxularım çin,
gələm ətəyinin daşını öpəm.
Hərdən xatirəmi oyatmaq üçün
beynimin küncünə daş atıram mən.

Burda gün dolaşır yolu, küçəni,
mənim ruhum donur,könlüm üşüyür.
Tanrım bilir ürəyimdən keçəni,
ürəyim dağ boyda həsrət daşıyır.

Bəlkə də heç çiçək açmayır orda,
bəlkə də xiffətdən əriyib dağlar.
Bir zaman zirvəyə hökm edən qar da,
Buludun gözüylə üstünə ağlar...

Yox

Qapıları taybatay,
otaqları viranə
bu evin yiyəsi yox...

Bulaqları kor gözlü,
həyətində ot bitmir
quş qonan ağacı yox...

Yolları cadar-cadar
izləri çoxdan itib
gəlib gedəni də yox...

İtlər belə yavımır,
burda ölüm xofu var
həyat əlaməti yox...

Sakinləri dərbədər,
ruhlar da yaxın düşmür
bu evin kimsəsi yox,
bu evin yiyəsi yox...

Sevinc QƏRİB

"Üşüyür...əyninə geyməyə Vətəni yoxdu..."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar