Xəbər lenti
“Kəlbəcər ağrılı dünyamdı mənim” -Yusif HÜSEYN--65

Yusif Hüseynin 65 illik yubileyi də keçirilmədi, dostlar. Canı sağ olsun, yubileylərini təntənəli keçirənlər (buna maddi imkanı çatanlar) bu yazını oxumaya bilər.
Yusif Hüseyn dəyərli ziyalımızdır -yubileyi rəsmi qeyd edilməyə layiq şairdir, nə olsun ki, xalqdan xəbərsiz Xalq şairi tituluna layiq görməyiblər. O, bütün titullardan yüksəkdədir-poeziyasının sevilməsiylə...
Mən bu yazını şairin növbəti “Kəlbəcər ağrılı dünyamdı mənim” kitabını oxuduqdan sonra qələmə almışam. Hər səhifəsindən bulaq suyu süzüllən kitabı haqqında təəssüratımı oxucularla bölüşməyi özümə borc bildim, qardaş. Sənin qələmindən çıxan fikirlərdən DƏRS almalı kəslər az deyil. Canın sağ olsun ki, kəlbəcərli ziyalıların, əsasən də söz adamlarının yubileyləri keçirilmir, qəm eləmə, qalsın Kəlbəcərə!!!
Söz adamlarının qəlbini çağlayan-qaynayan bulağa - çeşməyə bənzədənlər səhv etməyiblər. Bulaq yerin təkindən necə süzülüb çıxırsa, Söz də, əsl və kamil ifadə də beləcə doğulur - müəllifin ürəyinin cövhərindən, qəlbinin nurundan, duyğularının süzgəcindən süzülüb, qaynayıb-daşır.
Hər bir yaradıcı kəsin söz dünyasında xüsusi, onu riqqətə gətirən, düşündürən, incidən, əzən və sonda rahatlıq verən bir mövzu olur ki, onu oxucularına daha tez tanıdır və oxudur.
Son illər ədəbi aləmdə hiss olunan pərakəndəlikdən girəvəbazlar “məharətlə” istifadə edir, söz yığınından ibarət mədhiyyələr yazır, hətta, qalın-qalın kitablar da buraxırlar. Bu, ilk baxışdan o qədər də qəbahət sayılmır. Çünki illərlə xalqımızın istedadlıları senzuraların paslı qıfılı altında saxlanıb və sıxılıblar. Amma o da var ki, həmin “bolluğun” içərisində baş Sözün yanında boş sözlər də az olmayıb. Əlbəttə, belə “külliyyat”lar Azərbaycan ədəbi aləminə daxil ola bilməz, çünki həmin “əsər”lərin “müəllif”ləri xalqımızın Söz salnaməsini yaratmaq və qorumaq məsuliyyətində və qabiliyyətində deyillər. Sözün yaradıcısı İlahi olduğundan, onu qorumaq da ruhən, qəlbən göylər səltənətinə bağlı olanların payına və qismətinə düşüb. Bu, əlbəttə, şərəfli missiyadır...
Belə söz keşikçilərimiz zaman-zaman barmaqla sayılacaq qədər olsalar da, yaddaşlara yazılıblar, klassikləşiblər. Onlara qısaca belə ad vermək olar: ədəbi söz mülkünün sahibləri.
Sözü ilə tanış olduğumuz insanların özləri barədə bir çox hallarda heç nə bilmirik və onları dünyanın bəxtəvəri, dərd-səri olmayan, xoşbəxtləri sanırıq. Doğrudanmı onlar Sözün keşiyini təkcə qələmləri ilə deyil, həm də zəngin qəlbləri və qəribəliklərilə çəkirlər? Söz adamı olmadan bunları söyləmək çətindir. Onların adi həyatdan kənarda bir dünyaları olur ki, qapılarını ancaq fitrətdən gələn ilahi təb aça bilir. Bu mənada hər kəs Söz adamı barədə söz deməyə cəsarət etmir, lap elə bu sətirlərin müəllifi kimi.
Söz ipək kələfi olduğu kimi, həm də zəhərlə sulanmış xəncərə də çevirilə bilir. Belə olmasaydı, dahilərin fikir dünyasında söz su kimi lətafətə çevrilməzdi. Sözü qədərincə işlətmədikdə, qədir-qiymətini bilmədikdə özü ilə bərabər müəllifini də hörmətsiz edir. Amma, nə yaxşı ki, ilahi Sözün keşiyini çəkən, onun nazından və qəzəbindən mənən zənginləşən Söz adamları zaman-zaman xalqımızın mədəni tarixində barmaqla sayılmayıb. Ümumiyyətlə, Söz millətimizin və xalqımızın başı üzərində dalğalanıb, müdrikləşib, ilahiləşib…
Bu bir qədər pafoslu ifadələrin ünvanı da Söz adamıdır, həm də elə Söz adamı ki, təkcə xarakterinə görə deyil, şəxsiyyətinə və qələminə görə də sayılıb-seçilən, ruhu ilə baş-başa qalanda dalğalanan dənizə, əsən mehə və birdən də təpələri vahiməyə gətirən şimşəyə, coşqun dağ çayına bənzəyən. Bilmirəm, haqqım çatır ya yox, ancaq qəlbimin səsinə qulaq asıb, çoxdan bəri haqqında qısaca da olsa, söz açmağa bəhanə axtardığım tanınmış şair dostum, əslində, qardaş qədər doğma və yaxın bildiyim Yusif Hüseynin bədii yaradıcılğına ayna tutanlara minnətdarlığımı bildirim. Ona görə ki, illərdir mən bu tədbirin, dəyərli qələm dostumuuzun yaradıcılıq hesabatları bildiyim kitablarının birinin təqdimatını görmədim, iştirak edə bilmədim. Amma, şairin xatirindən çıxmayıbsa, mənim ilk və son dəfə iki şəhid kitabımla bağlı Bakıda uşaq evlərində keçirilən görüşdə iştirak edib. Haqqımda nə fikir söylənibsə, məhz şair Yusif Hüseynin dilindən çıxıb. Buna görə şair qardaşımız hesab etməsin ki, mən də özümə borc bilib onun yaradıcılığı barədə fikir söyləmək məcburiyyətində qalmışam, qətiyyən! Şairi məndən yaxın tanıyanlar və onu sevə-sevə oxuyanlar barmaqla sayılacaq qədər deyil, buna şübhə ola bilməz. Lakin bizim tanışlığımız və dostluğumuz yalnız ounun poeziyasının vurğunu olmağımdan çox-çox öncələr başlayıb – uşaqlıq və gənclik illərimizdən. Kəlbəcərdə (hətta, kəndlərdə belə) Yetər xalanı tanımayan kimsə yox idi. Mərkəzi Xəstəxanada işlədiyindən, hamı tanıyırdı – dərd əhliydi.
Sonralar öyrəndim ki, şairimiz Bəhmən Vətənoğlunun doğmaca xalasıoğluymuş. Qanında-canında lirika, duyğularında poeziya daşıyan Yusif Hüseynin qəlbiylə qələmi bir pərdəyə köhlənibmiş – şeiriyyətə...
Hələ Kəlbəcərdəikən “klassik ənənəni pozan” (əlbəttə, yaxşı mənada, yenilikləri ilə) şair özünəməxsus yaradıcılıq yolunda olduğunu qısa vaxt ərzində tanıtdı və oxundu...
Bütün bunlar şairin ömür yolunun dolaylarında boz dumana bürünmüş gənclik illərinin səhifələrindən boylanan dünənki xatirələrindəndir. O mürgülü illərdən az keçməyib. Baharın gülşən çağları gəlməmiş Kəlbəcərindən əli üzülən şairin, özü demişkən, bir müddət “həyatı dörd təkər üstündə“ oldu, ailə-uşaqları saxlamaq üçün buna ehtiyac duydu, amma şeir-sənət korluğu çəkmədi. Cib dəftərçəsi yollarda doldu, sinəsinin atəşini, gözlərinin odunu söndürmək üçün qələm karına gəldi, dostlardan, doğmalardan öncə.
Kəlbəcər həsrəti, nisgili Yusif Hüseyni o dağların Kərəminə döndərdi, Lələsi isə, deyəsən, qələmi oldu. Nə düşündüsə, qələmiylə paylaşdı...
Hələ Kəlbəcərin o ağır illərində “Daşa dönüm burdan ayrı qalınca...” misralı şeiri ilə o, doğulduğu yurda bağlılığını ifadə edirdi.
Şair qardaşımın yaradıcılığının, demək olar ki, bütün səhifələrini (kitablarını demirəm haa) vərəqləmiş, oxumuş, az bəhrələnməmişəm. Amma, açığı, bu günlərdək, haqqında fikrimi bildirməyə çətinlik çəkmişəm. Həm də yalnız Onun yox. İndiyədək bir çox qələm sahiblərinin, hətta xalq yazıçısı və şairlərinin belə haqqında nəsə yaza bildiyim halda, bəzi qələm adamları olub ki, cəsarət edib onların yaradıcılığından söz aça bilməmişəm. Çünki, onları Sözün özü saymışam. Söz bəyəndirə biləcəyimdən çəkinmişəm. Sücaət, Bəhmən Vətənoğlu, Əli Qurban Dastançı, Məmməd Aslan, Adil Cəmil, Cabir Umudoğlu, aşıq Ədalət Dəlidağlı... da belələrindən olublar.
Yusif Hüseyn deyir ki, “Kəlbəcər ağrılı dünyamdı mənim”. Bunu adi sözlə demək asandır. Oğulsansa onu poetik obrazda ifadə et! Hər kəsin ağrılı dünyası ola bilər doğulduğu yurd, oba. Lakin şairlərin doğulduğu yurdun bir özgə libası olur. Şairlər bu yurdu tamam özgə bir qiyafədə görürlər: baharında gül-çiçəyinə bələnir, yayında yaylağaında çobanına dönür, payızında “Yurd yeri” üstündə üzügeri bir köç karvanı başlayır arana doğru, qışında isə buz heykəlinə dönür... Bax, şairlər belə doğulur, belə yaşayır, beləcə qocalırlar...
Yusif Hüseynin Kəlbəcər sevgisi də beləcə boylanır bu kitabdan. Kəlbəcərin sözlə naxışını az çəkməyib klassiklərimiz. Yusif Hüseyn isə hər çiçəyindən bir dəstə bağlayıb o yerləri görməyənlərə ərmağan etməyi qarşısına məqsəd qoyub sanki.
Kitabın ön söz yerində şair təbiətli, publisistikasına çoxdan bələd olduğumuz Vəliyəddin Misiroğlu bunu daha obrazlı şəkildə ifadə edir: “Yusif Hüseynin şeirlərində mən bütöv bir Kəlbəcər obrazını, sonra isə böyük Azərbaycan dünyasını gördüm. Yusifin şeirlərinin hər misrasında vətənpərvər bir oğulun ürəyinin döyüntüləri eşidilir. Onun şeirlərindəki hər bir bənd bu fikirləri tamamlayır:
Yusif, səslən, səsin çatsın Təbrizə,
Qoca dünya heyrət etsin qoy bizə.
Zəngəzurdan, Qarabağdan-Dənizə,
Bütöv bir can, Azərbaycan borcluyuq”.
Yusifin qəlbindən qələminə süzülmüş bütün misralar bənd-bərədə gül-çiçək açır. Amma bu cənnəti biri var sözlə ifadə edəsən, təsəvvüründə canlandırmağa çalışasan, biri də var ki, onu gözlərinlə görəsən, könlünə köçürəsən. Kitabı digərlərindən fərqləndirən də məhz (Azər Elmanoğlunun çəkdiyi və hər biri sənət əsəri sayılacaq qədər dəyərli şəkillərin kitaba xüsusi gözəllik verməsini ayrıca qeyt etməmək günah olardı. Sağ olsun eloğlumuz, bununla o da Kəlbəcər təbiətinin vurğunu olduğunu demək istəmiş) səhifənin birində əsrarəngiz Kəlbəcər təbiəti, digərində şairin təxəyyülünün və duyğulu düşüncələrinin öz poetik ifadəsini tapmasıdır. Budur, sac üstündə kətə bişirilir. Şair isə yazır:
İlahi, nə qədər əzizdir mənə,
Bu həyətin ətri, ağacın ətri.
Məni Kəlbəcərə apardı yenə,
Bu ocağın ətri, bu sacın ətri.
Yollar ömrümüzün dolaylarında gah atlı görünür, gah da piyada. Kəlbəcərə gedən yolların 23 ildir ki, bağlı qalması Yusif Hüseyni ağrıtmaya bilməz. Ona görə də anasının bayatı-ağılarına sığınıb özü də arzu-istəyini şeirin bu növü ilə ifadə edir:
Əzizinəm, yol haça,
Yol dolama, yol haça.
Yollar Vətənə bağlı,
Oğul gərək yol aça.
Yaxud;
Kimi axtarırlar, görəsən, kimi,
Hardasa ünvansız itənlərimi?!
Qoca nənələrin kələfi kimi,
Açılar, yumular, dolaşar yollar.
“Ömür ağacı var, dar ağacı var”. Şairin şeirlərindən birinin sərlövhəsidir, həm də diqqətçəkəndir, orijinallığı ilə seçilir. Yusif Hüseynin yaradıcılığına bələd olan oxucular unutmayıblarsa, onun kitablarından birinin də adı belədir: “Ömür ağacı var, dar ağacı var”. Şair ağacları insanlarla müqayisə edir, necə də gözəl və yerinə düşür müqayisə: ağac-insan, bəhrəli-bəhrəsiz:
İnsan ömrü ki var, ağaca bənzər,
Bəzək ağacı var, bar ağacı var.
Hərə bir məzhəbə qulluq eyləyər:-
Ömür ağacı var, dar ağacı var...
Şair oxucuları ilə bu dəfəki görüşə sanki vaxtilə anasının əllərinin sığalı ilə düyünə düşən ilmələrdən toxuduğu xalını gətirib: əlbəttə, ilmələri sözdən, əriş-arğacı isə ömür yolundan ibarət Yetər xalaya həsr etdiyi “Anama” şeirindəki obraz, əslində, kəlbəcərli anaları göz önünə gətirir:
Bu dünyanın ilmələri əlində,
Bayatısı, nağılları dilində.
Hey yaşayır gözlərimin selində,
Qış günü də gül nəfəsli körükmüş,
Mənim anam analardan böyükmüş.
Hələ 8 yaşında ikən atası Hüseyn haqq dünyasına qovuşanda ailənin qarğaşası anası ilə onun uşaq çiyinlərinə düşəndə bir kötük dərdi də onu alır ağuşuna. Şair o ağır illəri belə xatırlayır: “...Evimizin qayğıları anam Yetərlə mənim çiyinlərimə düşdü. Qış günlərində anam deyərdi: “Oğul, bu kötüyü yarıb sobaya qoymasan, soyuqdan yata bilməyəcəyik”.
Belə ki, hər axşam bir kötük dərdim vardı. Onlardan o zaman canımı birtəhər qurtardım. İndi isə böyük Qarabağ dərdi gırdın kimi sinəmdədir, ərimir ki, ərimir. Bəlkə Qələbə bu gırdın dərdlərimə son qoya:
Yardıq neçə-neçə dərd kötükləri,
Daş-qaya olsa da, yurd kötükləri.
Neçə dərd əritdim kötük adında,
Yandırdım dədəsin yurdun odunda”.
...İllərdi qəlbimdə bir gırdın dərd var,
Gündüz çabalayar, gecə ağlayar.
Bu, Vətən nisgili, yurd ağrısıdı,
Yurdsuz insanların dərd-ağrısıdı.
Bunlar dərd kötüyüdü, dərd gırdınıdı,
Əridə bilmirəm, dərd düyün-düyün.
Qələbə olacaq əritdiyim gün,
Qələbə günüdür əritdiyim gün!”
Doğulduğu yurdu ana qədər əzizləyən şair onların arasındakı bağlılığı belə ifadə edir:
Kəlbəcər - daşımdı, qayamdı mənim,
Kəlbəcər - kökümdü, mayamdı mənim.
Kəlbəcər - ömrümün dərd yapıncısı,
Kəlbəcər - gözümdə ziyamdı mənim...
Qayıdıram fikrimin əvvəlinə, elə kitabın da ilk səhifələrində Vəliyəddin müəllimin dəyərli kəlamlarına. Demək olar ki, o, şairin yalnız bu kitabını deyil, yaradıcılığını təqdim edir. Bu da onun göstəricisidir ki, şair oxunur, təhlil edilir.
Vəliyəddin Misiroğlu yazır: “Yusif Hüseyn böyük Türk dünyasının könüllər şairi Məmməd Aslanı həmişə özünün fəxri müəllimi, həm də danılmaz ustadı bilib. Uzun illər aralarında ata-bala səviyyəsində gözəl bir dostluq yaranıb. Şair Məmməd Aslanın Yusif Hüseyn haqqında yazdıqlarından: “Yusif Hüseyn, həqiqətən, bal arısı kimi bir şairdi. Nə yazıq ki, elə bal arısı kimi də əksər vaxtlarda bal çəkdiyinin fərqində olmayanlardandır. Ona elə gəlir ki, şair ayrı adamdır, o da bir ayrı məxluq – eləcə əsrlər boyu qəlbinin bəndi-bərəsini dolduran möhnətini, ağrı-acısını hərdən kövrəldikcə vərəqlərə köçürür. Amma, birdəfəlik bir can ağrısını sıxıb, rahatlıq tapa bilsəydi, onu bürüyən bu sıxıntı halları canından barı çəkilib getsəydi... Yusif balaca bir gəraylı imkanında, həyat çillələrini, onun amansız qanunlarını çox asanlıqla misra sığalına gətirə bilir:
Yusif, bu da bir dövrdü,
Nə cadudu, nə sehrdi?!
Səhər-axşam çək-çevirdi,
Əllə başın arasında”.
Yeri gəlmişkən, Yusif Hüseynin kitablarının birinin ön söz müəllifi ölməz Məmməd Araz olub. Bu, o zamanlar idi ki, Məmməd Araz ömrünün, sən demə, son günlərini yaşayırmış. “Araz” nəşriyyatında çapdan buraxılacaq kitabının əlyazmaları (əslində, kompyuter variantı) təqdim olunanda şair pıçıltıyla, “onu hələ “Azərbaycan təbiəti” jurnalında dərc etdiyimiz şeirlərindən tanıyıram, qələmi, öz sözü var”,- söyləmişdi. Təbii ki, bundan sonra ruhu, canı Azərbaycan təbiətinə bağlı olan Məmməd Aslanımız da Yusif Hüseynin yaradıcılığını yüksək dəyərləndirmiş, kitablarından birinə ön söz yazaraq, onu “qarəməngül”ə bənzətmişdir.
...Vallah, bilmədim ki, şairin ömür yolunu necə qaçaraq gəldim, nəfəs dərmədən. İndiyə kimi Yusif Hüseynin görünən və oxunan tərəfinə sığınan oxucularına, qələm dostlarına şairin daha bir ali insani keyfiyyətini də çatdırmaq istərdim. Şairlə bizi bir ana dünyaya gətirməsə də, udduğumuz hava, gəzdiyimiz yerlər, kənd-kəsək eyni olub. O, anasını məndən erkən itirəndən mənim anama mehr-məhəbbət saldı. Tanrı onu da biz qardaşlara çox gördü. 2005-ci ilə kimi Yusif mənəvi anası Güllər Məmmədqızına həmişə baş çəkib, onu öz şeirləri ilə ovundurub, dərdlərini qoşalaşdırıblar, poetik dilləş Güllər anasını da itirəndən yetimləşən şair bunu da poeziyaya gətirib...
Nəhayət, Yusif Hüseynin ağrılı dünyasının qapı-pəncərəsini açanda adamı bir meh vurur - Kəlbəcərin dünənindən əsən. Açın sinənizi, doldurun qəm yuvalı könlünüzə, yurd nisgilli gözlərinizə...
Məhəmməd NƏRİMANOĞLU,
AJB-nin üzvü, yazıçı-publisist
BUGÜNKÜ ƏLAVƏ:
Bu yazını qələmə alanda şair qardaşımız bir yaş hələ indikindən kiçik idi. Ömrün zirvəsinə doğru daha bir il addımladı, həm də şəstlə, qürurla, əyilmədi, yaşa və boş başlara baş əymədi, kimsənin xatirinə belə dəymədi, hələ elə misraları, fikirləri, düşüncələri var ki, düymə-düymədi, açılanda, çiçəkləyəndə görəcəksiz ki, şair Yusif Huseyn elə-belə - sadədən-sadə görünnsə də, qeyri-adi varlıqdır. Tanrı qorusun, qardaş, yaradıcılığınıza tutduğum aynaya bir də baxmaq istədim, vallah, baxdım ki, bir il öncə yazdığım məqalə fırlana-fırlana bu ilə də bizi görüşdürür, bu da bir qismətdi, verənə şükür. Qismətimiz heç vaxt yaşğlı aş olmadı, amma, qara daş da olmadı, bozüzlü dünyanın bozüzlülərindən uzaq olmağımıza şükürlər edək, nə qədər xoş anlar, saatlar, günlər, həftələr, aylar, illər varsa sizin olsun!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar