Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Gözlərinin dərdi yadından çıxıb, koru itirdiyi çəlik yandırır" -Yaqub Cabbarov (Şeirlər)

Tarix: 20-04-2017 19:30     Baxış: 21 768 A- / A+
"Gözlərinin dərdi yadından çıxıb, koru itirdiyi  çəlik yandırır"
Yaşasaydı 78 olacaqdı baharların sayı. Bəlkə də, yox. Çünki doğulduğu cənnət Kəlbəcər 24 ildir yağı əlində çırpınır. Bu müsibəti görməmək xoşbəxtliyi qazananlardandı Yaqub İmran oğlu Cabbarov.

"1939-cu ildə Kəlbəcər rayonunun Məmmədsəfi kəndində anadan olub. Gənclik illərindən lirik şeirlər yazıb. BDU-nu Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirib. Kəlbəcərdə bir müddət müəllim işləyib. 1991-ci ildə Kəlbəcərdə vəfat edib".

Bütün adi insanlara xas olan sadə bir ömür tarixçəsi var onun. Ancaq tale onunla çox səxavətli davranıb: gözəl təbi olub, doğulduğu torpağın qoynunda uyuyur, ruhən də olsa, dünyaya Kəlbəcər səmasından baxır. Bu baxışlar əsil şairlərə xas olan ilahi baxışlardı. Elə bunu hiss edən yaxınları 2009-cu ildə işıq üzü görmüş ilk olan son kitabına "Həqiqət axtaran iki gözüm var" adı verib. "Payız qapını kəsməmiş" Yaqub Cabbarovun şeir gülşəninə gəzintiyə çıxaq.

(Qeyd edək ki, Y. Cabbarovun şeirlərini Manevr.az-a oxucumuz Eyvaz Əyyub təqdim edib. Təşəkkürümüzü bildiririk)

YANDIRIR

İnsan tək qalanda yaşaya bilməz,
Günəşi göylərdə təklik yandırır.
Yaman amansızdı ilk eşqin odu,
Yandıranda birdəfəlik yandırır.

Kimlər ki, Allaha hündürdən baxıb,
Taleyin köhləni özünü yıxıb.
Gözlərinin dərdi yadından çıxıb,
Koru itirdiyi çəlik yandırır.

Yaqub, gözü qəlbin səssiz gülləsi,
Sevib ayrılanı vida kəlməsi.
Kəkliyi yarımçıq qalan nəğməsi,
Ovçunu yaralı kəklik yandırır.


BU DƏRDİ

(Şəhidlərinin xatirəsinə)

Cinayətlər qul olacaq cəzaya
Nə yer, nə göy götürəcək bu dərdi.
Küçələrdə qan quyusu qazdıran
Elə bilir itirəcək bu dərdi....

Nəsimitək soyulsa da şəhidlər!
Göz yaşıynan yuyulsa da şəhidlər
Mərmər altda qoyulsa da şəhidlər!
Yağış yağıb bitirəcək bu dərdi....

Qoca dünya haqsız qanı görk elər,
Sahillərə xəbər yayar körpülər,
Anasından doğulanda körpələr,
Özü ilə gətirəcək bu dərdi....

Yaqub ölər: torpağında qan qalar,
"Qardaş" deyib qəsd elədi qanlılar.
Dünya boyu öz dilində canlılar,
Bir-birinə yetirəcək bu dərdi....


MÜHARİBƏ

O qız əlcək toxuyurdu
dilində həsrətli bayatı,
Qəlbində ayrılıq dərdi
İlmələr cağların
çiynində gedirdi.
Özü kimi ağ ipi
titrəyirdi xəfifcə
Hər ilməni çalanda.
Nişanlısı sevinəcək,
öyünəcək, geyinəcək
Əlcəkləri alanda.
Qız şəhərdən yola saldı
onu öz əlləriylə:
Oğlan alıb sığalladı
protez əlləriylə....


ANA

Yadındamı, anacan
"Şərtləşmişdim" səninlə
Saçların ağarmasın!
Başında ağ tük görəndə
Tez qoparıb atardım:
Bundan sonra köksündə
Rahatlığımı tapardım.
İllər keçmiş o vaxtdan-
Ömrün mənası illər,
Arxada qoyduğumuz
Yolun aynası illər.
İndi titrək əlini
Başıma aparırsan,
Ağarmış saçlarımda
Qara tük axtarırsan.....


GÖZLƏRİN SƏNİN

Ölməz, qocalmaz bir heykələ dönüb,
Ay, çıraq olunca gözlərəm səni.
Dumana, yağışa, qara bürünüb,
Çay, çaylaq olunca gözlərəm səni.

Ümidə bağlıdı hər şeyin başı,
Özünü möhnətə tanıtma naşı,
Gözümdə qovrulan həsrətin yaşı,
Gur bulaq olunca gözlərəm səni.

Tapışdıq o bayram naxışlı gündə,
Ayrıldıq ömrü qan-qarğışlı gündə,
Qəbrin lal sükutu yağışlı gündə,
Səs-soraq olunca gözlərəm səni.

Üstündən el keçən yolun nə dərdi,
Ayrılıb görüşən nə bəxtəvərdi:
Səbrim bu dünyanın səbri qədərdi,
Daş, torpaq olunca gözlərəm səni.

Bir də görüşəydik bənövşə fəsli,
Yaqub Yanıq Kərəm, sənsə Xan Əsli,
Kirpiyi küsülü, qulağı səsli,
Göz, dustaq olunca gözlərəm səni.


YALANDI

Günəş közə dönər gözəlliyindən,
Camalın önündə ay da yalandı.
Rəqabət aparsa yanaqlarınla,
Gecikmiş lalələr yayda yalandı.

Qızıl külə dönər, bağlansa bazar,
Dərdsizlər, dərdlinin dərdini yazar,
Nakam ölənlərə qazarlar məzar,
Belə qanun, belə qayda yalandı.

Qəbrim üstə barsız ağac basdırın,
Budağından bircə işıq asdırın,
Sazı köklən:- quran səsin susdurun,
Ondan mənə yoxdu fayda yalandı.

Yaqub bir kötükdü, səni duymasa,
Torpaq yanar buludlardan doymasa,
Vüsala çatmağa tale qoymasa,
Nişan da yalandı, toy da yalandı.


YANDI

Ağladı halıma sevib çatmayan,
Gözlərimin yaşı külümdə yandı.
Əsli yandı, Kərəm yandı kül oldu,
Mən elə yandım ki. külüm də yandı.

Soldurdu qönçəmi qışın nəfəsi,
Vaxtsız yetim qaldı bülbülün səsi,
Əksimi gözündə görmək həvəsi,
Könlümdə yarandı, könlümdə yandı.

Göydən səpələnir qar yavaş-yavaş,
Kədərin paltarı əynimdə nimdaş,
Qəbrinin üstünə apardığım daş,
Gözümdən od aldı, əlimdə yandı.

Çölümdə bahardı, içimdə qardı,
Ümid ağacımı tufan qopardı,
Onu Yaqub sevdi, məzar apardı,
Sevirəm kəlməsi dilimdə yandı.


ALMAYACAQSAN

Özünə qiymət, ver sözünə sərhəd,
Hörməti pul verib almayacaqsan.
Ağac ol meyvəni, kölgəni göstər,
Bir də bu dünyaya gəlməyəcəksən.

Elindən uzaq düşər yolundan azan,
Süfrəni geniş aç, yaxşılıq qazan,
Özünə bir yol qoy getsin cənazən,
Nə vaxt öldüyünü bilməyəcəksən.

Kirpiyi pəlməli, yanağı selli,
Əcəl evlər gəzir, köhləni yelli.
Məzarçı gözləyir əlləri belli,
Sən elə bilirsən ölməyəcəksən?

Milyon alim resept yazdı gərdişə,
Kar etmədi ölüm adlı vərdişə,
Yaşamaq gözəldir, ömür bənövşə,
Dünyadan köçəndə gülməyəcəksən.

Yaqub deyər nəfəs verib daşa sən,
Çaylar kimi çağlayasan, daşasan,
Xəbis olub özün üçün yaşasan,
Dərdini heç kimlə bölməyəcəksən.


Yaqub Cabbarov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar