Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Arif ƏRŞAD: "Bax, belə..." -(Hekayə)

Tarix: 17-04-2017 22:27     Baxış: 2939 A- / A+
Arif ƏRŞAD: "Bax,  belə..."


Axşamdan bağda qalmışdılar deyə, xoruz banını eşidən kimi yuxudan oyanan Səfər, tələsmədən əynini geyinib eyvana çıxdı. Hava işıqlı idi. Qolundakı saata baxdı, saat səkkizi göstərirdi: –Bu nə vaxtın banlamağıdır, ə? Sən də mənim kimi qocalmısan deyəsən, bir şey əlindən gəlmir, elə boş-boş banlamağın var, - deyib, beş-on toyuğun içində olan tək xoruzu tərs-tərs süzdü. Başını buladı, təmiz havanı sinəsinə çəkib, gərnəşdi. İdman eliyirmiş kimi əl-qolunu oynatdı. Sonra bağa boylandı. “Bu gün, sabah yaz gəlir, amma hələ də bağı bellətdirə bilməmişəm. Eh... bu devolvasiya imkan verir ki...” - öz-özünə mızıldandı. Ağaclar budanmalı, yerdə sürünən üzüm tənəkləri də doğranmalı idi. “Şənbə, bazar bağa gəlməklə də bağ olar? Bağda ki, ilimiz on iki ay yaşamadın, o bağdan bağ olmaz. Qonşuluqda yaşayan Naibə arvadın nə vecinə, həyətin açarının birini vermişəm ona, güya kişinin qızı bağa baxır, səhər-səhər gəlib toyuqlara dən səpir, itin yeməyini verir, çıxıb gedir. Babalı yuya bilmərəm, amma əri Eynullanın saxladığı göyərçinlər də, deyəsən, mənim toyuqlarımın hesabına kef çəkir. Heç harda işləməyib, bütün gününü göyərçin uçurtmaqla keçirən Eynullada axı pul harda idi ey, əlliyə yaxın göyərçinə dən ala. Dükandan hər ay it üçün aldığım iki kisə “Çappi” heç məni yandırmır, yenə arada hürür, axşamlar qapı-bacanı qoruyur, hamı da deyir, kişinin qapısında yekə bir nemes iti var. Yoxsa bu toyuqlar kimi, nə vaxt yumurta istəyirsən, Naibə arvad deyir ki, yumurta yoxdur. Bəs bunların yumaurtaları necə olur, soruşanda da, deyir, onların yeri soyuqdur, ona görə də yumurtlamırlar. Bəlkə də, düz deyir, amma havalar, doğurdan da soyuq keçir, fevral ayıdır da, bəs necə olmalıdır ki?”

Üşüdüyünü hiss edən Səfər tələsik evə girdi. Mətbəxə keçib iki stəkan su içdi. Açqarına su içməyin şəkər xəstəliyinə xeyri olduğunu televizordan eşitmişdi, artıq neçə illər idi ki, bu vərdişə ciddi əməl edirdi. Stolun üstündə olan dərmanların içindən acqarına içməli olduğu dərmanı tapıb ağzına atdı. Dərmandan sonra səhər yeməyini yemək üçün ən azı qırx dəqiqə gözləməli idi, ona görə yenidən bağa düşmək qərarına gəldi. Əgər yatağından qalxdısa, yenidən uzanıb yata bilmirdi, həm də arvadının xorultusu buna imkan vermirdi. Zalım qızı elə bil tankdır, nəriltisi otağı başına götürür. Sakitcə yataq otağına qayıtdı, ehmalca qapını açdı. Arvadını oyatmasın deyə qapının arxasından asılmış kürkü götürüb sakitcə qapını örtdü, pillələri düşərək həyətə çıxdı. Kürkü əyninə taxdı, cibində olan idman papağını başına keçirtdi: - “Bu havada bağda işləmək ləzzət eliyər” - deyib, əl damına tərəf getdi. Qapının ağzında divara dyanmış bellərin yanından keçib, dəmir stolun üstündə olan bağ qayçısını əlinə aldı, sonra nə fikirləşdisə, qayçını yerinə qoydu. Divardan asılmış mişarı götürdü, öz-özünə: - “Tənəkləri doğramaq hələ tezdir, torpaq işi də ağırdır, belləmək mənlik deyil, elə quru ağacları budasam, bəsimdir” - deyib, mızıldanaraq damdan çıxdı və tələsmədən bağa doğru addımladı. Ağacların içində quru ağac axtarmağa başladı. Gözünə sataşan ilk ərik ağacları oldu. Yeddi il bundan qabaq əkdiyi beş ərik ağaclarının beşi də qurumuşdu. Ərik ağacının birinə yaxınlaşdı, əli ilə ağacın gövdəsinə toxundu, əzizləyirmiş kimi sığalladı. Başını buladı, barmağı gövdənin yuxarısından aşağıya doğru süzülən və qatılaşmış balı xatırladan ağacın buraxdığı şirəyə bulaşdı. Təəssüf hissi ilə ağacı kəsmək üçün yerə oturdu və ürək ağrısı ilə mişarı gövdəyə dayayıb kəsməyə başladı. Ağac quru olduğundan, bu iş ona elə də çətin gəlmədi. Bir saat ərzində beş ağacın hamısını doğrayıb yerə yıxdı. Doğranmış ağacların yerində yeni ağaclar əkmək lazım olduğunu düşünərək xəyala daldı. Cibindən bir siqaret çıxardıb yandırdı və tüstünü acgözlüklə sinəsinə çəkdi. Kötüyün üstündə oturmaq istəyirdi ki, arvadının səsini eşidib eyvana tərəf boylandı. Arvadı adyala bürünmüş halda eyvandan onu səsləyirdi:
-A kişi, gəl səhər yeməyini ye, sonra işləyərsən.
Səfər:
- Gəlirəm, - deyib, ac olduğunu sanki indi hiss etdi, tələsmədən ayağa qalxdı. Yorulmuşdu, çoxdandır ki, fiziki iş görmədiyindən, kürəyi, qolları gizildəyirdi. Yavaş-yavaş bağdan çıxıb, mişarı yerinə qoymaq üçün əl damına tərəf getdi. Mişarı divardan asıb, otaqdan çıxdı. Toyuqların yanından keçəndə hinin içinə baxmağı qərara aldı. Toyuqlar onu görcək təşvişlə ora-bura qaçışdılar. Səfər elə də böyük olmayan hinin içinə nəzər saldı. Yerə səpilmiş taxta ovuntularından gələn iyi gözlərini acışdırdı. Çölə çıxmaq istəyirdi ki, küncdə olan yumurta gözünə sataşdı. Əyilib yumurtanı götürdü, yumurta soyuq idi, cibinə qoyub hindən çıxdı. Evə qalxıb kürkünü soyundu, yumurtanı mətbəxdəki stolun üstünə qoydu və birbaşa hamam otağına keçib, əl-üzünü yuduqdan sonra mətbəxə qayıtdı. Arvadı stolun üstünə yağ, pendir, düzmüş, çay süzüb qoymuşdu, özü isə dəmirin üstündə çörək qızardırdı. Səfər isti çaydan bir qurtum içib, gətirdiyi yumurtanı arvadına göstərib dedi:
-Bu yumurtanı da qayqanağ elə.
-Bunu hardan aldın, soyuducuda yumurtamız yox idi axı. Dünən axşam bağa gələndə gərək ala idin. Mən demədim, sənin də ki, yadına düşmədi.
-Əşi, dedim bəlkə, öz yumurtalarımız oldu da, amma elə bir dənə idi.
-Yaxşı, sən hələ çayını iç, çörəyini ye, mən də qoy bu çörəkləri qızardım, sonra qayqanağı bişirərəm. Bir yumurtadan sənə nə olacaq ki?
Səfər dinmədi, isti çayını içməyə başladı.
-Kişi, bu soyuqda nə iş görürdün elə?
-Quru ağacları doğrayırdım.
-A, ağaclarımız quruyub? Hansı ağacları?
-Ərik ağaclarını.
Arvadı qızarmış çörəyi stolun üstünə qoyub, qızartmaq üçün yenidən çörək götürüb, isti dəmirin üzərinə qoydu.
-A kişi, deməli bu il əriyimiz olmayacaq? Heyif...
-Yox, olmayacaq.
Arvadı əsəbi halda dilləndi:
-Əlbəttə olmayacaq, belə getsə bütün ağacların quruyacaq. Sən bağa baxırsan ki, fevral ayı bu gün-sabah qurtaracaq, amma bağ hələ bellənməyib. Gərək bağa baxasan ki, bağ ola da.
Səfər əlini yellədi:
-Boş-boş danışma, ay arvad, bağı hər il sən belləyirdin bəyəm. Hər il pulun verib, bellətdirmişəm də. Amma indi imkan yoxdur, devolvasianın bu vaxtında əlimdə olan beş-altı manat pulu da xərcləməyə əlim gəlmir. İşləmirəm, eləmirəm, qoy görək başımıza nə iş gəlir. Bir də ki, bağı belləməkdən deyil, Abşeron torpağında ərik ağacları ümumiyyətlə uzağı səkkiz doqquz il yaşayırlar, sonra quruyub gedir.
Arvadı qızarmış çörəyi masanın üstünə qoyub, əri ilə üzbəüz oturdu:
-Sənin dostların kimi.
Səfər əlindəki qaynar, qızarmış çörəyin üstünə pendir qoyub, elə ağzına aparmaq istəyirdi ki, arvadının sözünü eşidib, əlini saxladı:
-Anlamadım, dostlarımın bura nə dəxli var?
-Necə nə dəxli var? Demirsən, pulun yoxdur, əlin aşağıdır?
-Hə, nə olsun ki?
Arvadı çayı içərək stəkanı nəlbəkinin içinə qoydu:
-Sən işləyəndə, pulunu balta kəsməyəndə, onlar səni axtarırdılar. İndi də sən onları axtar, dostların deyil? O olsun ki, çağır gəlsinlər, bağı belləməyə sənə kömək eləsinlər. İki günə belləyib qurtararsınız. Mən də sizə qəşəng bir borş bişirərəm, ərik arağından içib işləyərsiniz. Çörəyini ye, sonra zəng elə gəlsinlər, onsuz da hamısı sənin kimi işsiz-gücsüz adamlardır.
-Boş-boş danışma, ay arvad. Nə deyim, deyim ki, durun gəlin bağı belləyək?
-Hə, elə də denən. Bəs yayda zəng eliyən sən döyüldün ki, durun gəlin, arvad plov bişirib, yaxşı kabab çəkmişəm. Gəlirdilər, halal xoşları olsun, yeyirdilər, ərik arağından içirdilər, hələ gedəndə də meyvələrini qoyurdum aparırdılar.
-Ay arvad, Eldar gəlib mənə bağ belləyəndir? Xəstə adamdır, bu havada onu evdən ancaq xəngəl yeməyə çağırmaq olar, o da ki, mənim hesabıma. Yox, o, gələn deyil. İsrafil isə iki gün bundan qabaq, valideyinlərini görmək üçün rayona gedib, yəqin bu tezliklə qayıtmaz.
-Əhmədə de, - Bunu deyib, arvadı yumurtanı götürüb ayağa qalxdı.
Səfər gülümsəyərək başını buladı:
-Yox, ay arvad, ona heç deyə bilmərəm. Altı ay bundan qabaq məndən borc pul alıb. Çağırsam, yaxşı düşməz, deyəcək, pul borcluyam deyə, qapısında işlədir. Mən də bunu özümə bağışlaya bilmərəm. Kişi ilə gör neçə ildir dostluq edirik, həmişə bir yerdə ...
Bu vaxt əl telefonuna gələn zəng, onu sözünü deməyə imkan vermədi. Zəng edən dostu Şahin idi. Ordan-burdan danışdılar, sonra Şahin ondan harda olduğunu soruşdu:
-Harda? Bağda neynirsən bu soyuqda? Yəqin ərik arağından tək vurub qızışırsan, hə? Beləsən də, çağırmazsan ki, biz də gəlib qızışaq. Evdə adamın ürəyi darıxır, nə qədər bu televizora baxmaq olar.
-Yox, ay Şahin, arağ yoxdur, ərik arağının axrıncısını səninlə kafedə qutab yeyəndə aşırtmadıq? Dur gəl, arvadda yaxşı bir boş bişirir. Əsl borş havasıdır ey, iki qardaş borşdan yeyərik, həm də bağı belləməyə mənə köməklik edərsən. Gəlirsən?
Şahindən səs çıxmadı, - Bir iki dəfə, alo, alo, mən səni heç eşitmirəm, - deyib, telefonu qapatdı. Arvadı əlindəki yumurtanı balaca maskuranın qırağına vurub, qaba boşaltdı:
-Hə, nə oldu, Şahin gəlir?
-Deyəsən konturu qurtardı. Yox, gəlmir..
Səfər, maraqla ona baxan arvadına çiyinlərini çəkib dedi:
- Bax belə...
Arvadı da içində lax yumurta olan maskuranı Səfərə göstərib, gülümsəyərək dilləndi:
-Bax, bu da belə ...


Arif ƏRŞAD

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar