Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Sən şoran torpaqda ümidlər göyərt, münbit torpağında yağı oynasın" -Sevinc QƏRİB (şeirlər)

Tarix: 12-04-2017 13:58     Baxış: 31 395 A- / A+
"Sən şoran torpaqda ümidlər göyərt, münbit torpağında yağı oynasın"
Sevinc Qərib özünəməxsus dəst-xətti, fərqli üslubu olan şairdi. İnanırıq ki, bundan sonra da o öz prinsipinə sadiq qalacaq, yeni-yeni poetik nümunələrlə oxucularının görüşünə gələcək. Manevr.az S. Qəribin bir neçə şeirini təqdim edir:


Dərdim...

Sən şoran torpaqda ümidlər göyərt,
münbit torpağında yağı oynasın.
Sən vaqonda yaşa, qamışdan ev qur,
sənin xanimanın yağıya qalsın.

Sən dərdlərə bələn, qəmlərə bükül,
düşmən at oynatsın sənin obanda.
Ürəyindən göynə, içindən sökül,
yağı büsat qursun isti yuvanda.

Sən dağlara boylan köksünü ötür,
ürəyin dağ boyda qubar bağlasın.
Varını, yoxunu, balanı itir,
için nalə çəksin, ruhun ağlasın...

Xatirə yolu çək xəyallarına,
ovundur özünü ölü ümidlə.
Düşmən atəş açsın yuxularına,
sən vüsal qapını ahla kilidlə.

Sahibsiz, yiyəsiz bir yetim kimi,
ümid bağlayırsan gəlib gedənə.
Bu ağrı, bu əzab ölənə kimi,
dünya öz işində, səndən kimə nə.

Yiyəsiz dünyanın yiyəsi Allah,
mərhəmət əlini çək üstümüzə!
yazıqdı bu millət, yazıqdı, Vallah
niyəsə dünyanın qəsdi var bizə.

Ayrılığınla

Qoltuq ağaclarına söykənən
əlilin ümidləri kimidi ümidlərim.
Hərdən ölür, hərdən:
"bir gün mütləq yeriyəcəm"-deyir,
yanır gözlərimdə bir ulduz,
ürəyimdə bir qığılcım alışır,
tutunuram həyata...
Sən qoltuq ağaclarının
verdiyi əzab kimi
ürəyimdə qövr edən
yaranın üstünə basırsan
ayrılığınla...

Gülmür

Gülmür o qadının çöhrəsi
açılmamış qönçələrin
ləçəkləri tək kilidlənib
dodaqları...
Başı kəsilmiş canlının
dirilməsinə inanmaq
kimidi ümidləri...
Gövdəsindən olmuş
ağac kötüyünün
bar verəcəyi inamına
bağlıdı sabahları...
Suyu qurumuş
quyu kimidi gözləri,
dərinliyində cəsəd
varmış kimi
bulanıqdı baxışları...
Gülmür o qadının çöhrəsi,
dəfn olunmamış ölü kimi
ruhu başının üstündə.
Hisslərinə hasarlar çəkilib
tikanlı məftillərlə qorunur
özündən keçməyə
yolu da yoxdu...

Yollar

Uşaqlığımın son uzaq səfəri
dönüşsüz yollardan başladı.
İçimdə acıyla bərabər
bir ümid də daşıdım
dönərəm deyə...
Bu yolların heç insafı
yox imiş,
gətirdiyi kimi
götürmədi geriyə...
Ürəyimi çəkə-çəkə
uzandı yollar,
yad ünvanlara,
tanımadığım izlərə.
Gəncliyimin üstündən
adladı,
ümudlərimin üzərindən
yeridi,
tənhalığıma apardı yollar..
Bu yolların heç insafı
yox imiş...


Elə bil

Elə bil zamanın ətəklərindən
asılıb ruhumun sevinc saatı.
Qəlbimin ən dərin çökəklərindən
səslənir bir həzin qəmli bayatı.
Buraxmır bu zaman önə getməyə,
yerimdə sayıram vaxt ötsə belə.
Dünən ümidliydim vaxtı ötməyə,
bu günə qalmayıb gümanım belə.
Zamanın küləyi yolur saçımı,
yüz yol darasam da sığala yatmır.
Sinəmi göynədən ağrı acımı
ömür məndən alıb əcələ satmır.
Dinləyib səsini susmuş ruhumun,
səssizlik içində qovrulur qəlbim.
Saralıb yarpağı sevda duyğumun,
uşaq tək ağlayır buludlu könlüm.


Sevgi ya...

Üşüyür könlümün arzu bucağı,
hələ əriməyib həsrət buzları.
Qolları açılı sevda qucağı
ruhumu səsləyir özünə sarı.
Bəlkə bir ümiddi heç ölməyəsi,
bəlkə əzabımın son damlasıdı.
Bu qismətin nəyi qaldı əyəsi ?
Bəlkə bu sevgidən kam alasıdı...
Yoxsa aldanıram öz həvəsimə,
ötəri istəkdir keçib gedəcək ?
Elə köklənmişəm bir sarı simə
bu könül aldansa sükut edəcək...


Ayrılıq

Ayrılıq adına
əsir küləklər,
bu yaz havasında,
bu nə soyuqluq..?
Burda hər şey
ayrılıq rəngində,
ayrılıq dadında
bütün yeməklər.
Titrəşən yarpaqlar
ayrılıq havasına
rəqs edir...
Ayrılıq ətri
saçır çiçəklər,
günün şüasından
ayrılıq yağır,
şəhər
ayrılığa boyanır...


Beləcə...

Bir işıq selində
yuyundum bu gecə
ulduzun əli telimdə
ayın nəfəsi üzümdə
beləcə...
Zülməti boğdum içimdə,
gecəni çəkdim başıma
birnəfəsə,
səhəri "sərxoş" qarşıladım.
beləcə...


Yenə...

Gecənin zil səsli sükutu
beynimi döyəcləyir...
gecənin qoynuna
yorğun düşənlər
səssizliyin vahiməsini
yuxularında yox edir.
qarışıq nəfəslərin
gecə sükutuna həmləsi
məğlub olan döyüşçünün
son ümid atəşinə bənzəyir.
içimdəki səsin hayqırtısıyla
boğum bəlkə qışqıran səssizliyi...
Yenə...
Yuxunun insafı yox...

* * *
Küçələrin palçığına bulaşa-bulaşa
azdı qaldı fikirlərim gecədə...
gəl,
yuyun gecənin gözlərində,
durulan, saflan...
bəlkə gecə ulduzlardan
pay verdi gözlərimə...
gecə də qəribdi,
mən də qəribəm...

***
Gecəyə saç hörürəm
zülmətin əlləriylə.
Uzanar gecənin
qaranlıq saçları
sabaha qədər
günəşi düyün vuraram
gecənin hörüklərinə...

Yazığım gəlir

Gecə sükutunu zorlayıb hər gün
gecənin zəhləsin tökür maşınlar.
Pəncərəmin qulağını kar edir,
otağıma hücum edir yad səslər
pozur gecəylə səssiz söhbəti,
dağıdır ruhani həmahəngliyi...
Gecə yumur gözünü yavaş,
həzin, səssizcə,
sükut zümzüməsi bir layla kimi
alır ağuşuna astaca məni
gecəylə bərabər süzülür gözüm...
Nə mən gecəmə qonaq olan
yuxuma qovuşmuram,
nə gecə dincəlib səssizliyinə...
Yolları incidən "qəddar" maşınlar
gecəni yorğun aparır səhərə.
Yazığım gəlir bu şəhərə,
yazığım gəlir gecələrə...

Sevinc QƏRİB

Xəbəri paylaş







Müəllif: lala
Tarix: 13 aprel 2017 11:04
Uqurların bol olsun Sevinc xanım
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar