Xəbər lenti
"Səhnələrdə meydan sulayan qocaman "Məcnunların" yemi olan "Leylilər"
Hələ uşaqikən məni düşündürən və üzən bir müəmma teatr, konsert salonlarına gedən yolumu kəsdi. Uzun illər də bu müəmmanı anlamağa və çözməyə çalışdım.
Lakin nəticə çıxarmağıma parik, ifa olunan qəhrəmanın yaşına və başına uyğun olmayan xanəndələr, səs tempri mane oldu... Söhbət unudulmaz sənətkarımız Üzeyir bəy Hacıbəyov tərəfindən 1907-ci ildə yazılmış, ilk dəfə 1908-ci ildə Tağıyev teatrında tamaşaya qoyulmuş musiqi mətnli -vokal əsəri "Leyli və Məcnun" liberettosundan gedir. Hansı ki, Məhəmməd Fizulinin eyniadlı poemasının motivləri əsasında yazılmış əsər ilk olaraq 5 pərdə və 6 şəkildən, sonrakı quruluşlarda isə 4 pərdə, 6 şəkildən ibarət olaraq səhnələşdirildi. Beləcə müsəlman şərqində opera janrının, Azərbaycan musiqi mədəniyyəti tarixində isə yeni bir dövrün başlanğıcı oldu.
Əslində, hamıya məlum olan, lakin elə hamının görməzdən gəldiyi həqiqətdən danışacağam. Hansı ki, dastan qəhrəmanı Leylinin bu sevgini yaşadığı vaxt on üç, on dörd yaşında təbii, bakirə və bənzərsiz bir gözəl olduğu M.Füzuli poemasında əks olynub. Qeysin- Məcnunun da on altı, on yeddi yaşında ilahi bir sevgiyə mübtəla olduğundan bəhs olunur. Ən azından belə rəvayət olunur. Güman edirəm ki, Üzeyir bəy Hacıbəyov da bunu hamıdan yaxşı bilirdi və hər hansı qısqanclıq naminə belə müqəddəs hisslərin ifadəsini səhnədə yalnız hansısa yaş yetirmiş, gur səsli müğənnilərin hay-harayına buraxa bilməzdi. Bu mümkünsüz bir şeydir. Şübhə yox ki, gənclərin faciəli sevgi yaşamını canlandıra biləcək təbii ifaçıların yetərli sayda olduğunu düşünmüşdür. Bu rolu da oynamaq üçün dastan qəhrəmanlarının həmyaşıdı, saf, təbii və qrimsiz gənclərdən seçiləcəyinə inanmışdı. Ən uzağı ifaçının gənc tələbələrdən və ya aktyorlardan seçilməsi məqsədəuyğundur. Söz yox ki, Üzeyir bəy ssenari yazarkən ifaçının hansısa hakimin xoşuna gəlməsinə və ya hansısa tanınmış ifaçının səs diapazonuna görə seçilməsini mütləq bir tələb kimi qoymamışdır. Unutmamalıyıq ki, bir çox səhnələr muğam üstündə qurulmuş olsa belə "Leyli və Məcnun" musiqi dramaturgiyanın tədricən inkişafda olan və obraz-emosiya məzmunundan çıxış edərək kompleks səhnə həllini tapmış bir əsərdir. Hansı ki, mövhumatçı quruluşda yaşayan gəncliyin sevgi faciəsi olaraq önəmlidir. Əsla qoca "aşıqlərin" əyləncə səhnəsi deyil.
Diqqətinizə çatdırım ki, hələ 110 il əvvəl elə Üzeyir bəy Leyli roluna xanım ifaçı tapmayınca çayçı şagirdi Əbdürrəhmanı Fərəcovun məhz gəncliyini, səsinin məlahətini və boy-buxununun incəliyini nəzərə alaraq onu Leyli obrazını yarada biləcəyinə inandıra bildi. Məhz illər sonra, 1923-1929-cu illərdə incə və lirik səs tembrinə malik aktrisalardan Sona Hacıyeva, Sürəyya Qacar və Həqiqət Rzayeva səhnəmizin ilk gənc xanım Leyliləri oldu. Daha sonra zərif boy-buxunu, məlahətli səsi ilə diqqət çəkən Sima Haşımlı, Simuzər Hətəmova, Rübabə Muradova, Sara Qədimova gəldi. Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova, Flora Kərimova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Yaqut Abdullayeva, Gülyaz Məmmədova, Aygün Bayramova və Nəzakət Teymurovanın da taleyi Leyli müsibətinin, kədərinin yaşamından keçdi. Təbii ki, içərilərində bu saf sevginin özəlliklərini bütün varlığı ilə yaşadıqdan sonra səhnədən uzaqlaşmış xanım sənətkarlardan illər sonra Leylinin anası olaraq qayıdanlar da oldu. O cümlədən Məcnun rolunun mahir ifaçılarından sayılan Hüseynağa Hacıbababəyov, Hüseyinqulu Sarabski, Baba Mahmudoğlu, Canəli Əkbərov, Əbülfət Əliyev, Arif Babayev və sonuncu maqikan olan Mənsum İbrahimov...
Yaxşı, bir əsr ərzində nələr dəyişmiş oldu ki, səhnəmiz Leyli problemindən qurtarmamış Məcnun problemi ilə üz-üzə qaldı. Bu gün Məcnun yaşında nəvələri olan xalq artisti Arif Babayev öz Leylilərindən bəhs edərkən: "- Mən səhnədə çox Leylilərə Məcnun olmuşam. Hərəsinin də öz yeri var. Deyə bilmirəm ki, bu Leyli o Leylidən üstün idi, yox! Hər bir xanım
sənətkarımız öz xarakterinə uyğun Leylisini oynayıb..."-deyə xatırlaması da günümüzün reallığıdır. O cümlədən iyirmi ildən artıq Məcnun rolunun ifaçısı olaraq qürur duyan , təkcə "Leyli və Məcnun"da 136 dəfə səhnəyə çıxmış, on Leyliyə Məcnunluq etmiş Mənsum İbrahimovun: "-İlk dəfə Məcnun obrazında çıxış edəndə 33 yaşım var idi. Çox yaxşı alınmışdı. O dövrdə gənclərin səhnəyə kütləvi şəkildə gəlməsi çətin idi. Mümkün olmurdu. İndi çox rahatdır. 18-19 yaşında gənclər səhnəyə çıxıb, Məcnunu ifa edə bilir. Həm də o dövrdə gənclərə qarşı qısqanclıq çox idi. Şəxsən mən, 3-4 il Zeyddən başqa rol oynaya bilmədim."-kimi etirafları mənim təxminlərimi və səhnəmizin faciəsini təsdiqləmiş oldu.
Təsəvvür edin ki, vokal səsə malik Mənsum İbrahimov hələ gəncikən qrimsiz, pariksiz canlı Məcnun olaraq səhnədə parlamış olsaydı, söz yox ki, saçına dən düşüncə də "pas ötürməyin" vacib və şərəfli bir iş olduğunu sevə-sevə qəbul edib, növbəti bir gənc Məcnuna meydan verərək ənənə yaratmış olardı. Təəssüf ki, Mənsum İbrahimova Məcnun olmaq şərəfi (növbəsi) 33 yaşında qismət oldu. Deyə bilmərəm ki, o dövürdə də kadr çatışmamamazlığı vardı və bu gün də davam edir. Çünki, Muğam festivalı təşkil olunması ilə nə qədər qüdrət sahibi gənclərimizin olduğu, nakam Leylilər və bir o qədər də Məcnunlar aşkara çıxdı. Hətta Məsum bəy yüzlərlə tələbəsinin olduğunu söyləsə də, ahıl çağında belə ehtiyaca uyğun 16 yaşlı bir gəncin faciəsini canlandırmaqda israrlı.
Ənənəvi olaraq gənclərimizi qətiyyətsizlikdə, ön sıralardan, o cümlədən teatrlardan uzaq düşdüyü, sevgiyə yadırğadığı, özünə inanmadığı üçün qınadıq. Lakin kimsə onların bu məqama yetincə yaşantılarını görmək, dərdini soruşmaq, soruşulmayan dərdlərinə çarə tapmaq istəmədi. Bəzən inad edib, teatra üz tutan sevdalı gənclərin səhnələrdə meydan sulayan qocaman "Məcnun"ların yemi olan "Leyli"lər üçün ağladığını da gördük, hər gün sərxoş olanadək içirilib "bataqlığa" sürükləndiyini də. Beləcə, nə qədər taleyindən küsən, çiçəyi burnunda Leyli, bir o qədər də Məcnun səhnə və səhnəarxası yaşama tamarzı qaldı.
Bəzən tamaşaçıya elə gəlir ki, Məcnun olmaq üçün yaş yetirmək, yüksək vokal səsə və dondan-dona girməyi bacarmaq lazımdır. Məhz bu kimi səbəblərdən adamlar arasında sevgi, inam, iman, etibar azalmış olur. Teatrlarımızda isə daha çox təlxəklik, səhnə arxsında aktyorluq, üyarsız yaşam tərzi hökm sürür. Harda ki, bir aktyorun "yuyulmamış çömçə" dayağı varsa, elə bilir teatrın və səhnənin taleyi onun elə "çömçə" baxışları nizamlamalı. Sən demə səhnədə "pas ötürmə" mədəniyyətinin olmaması üzündən adamların sərhədsiz davranışlarına yol açılır. Hansı ki, eynilə yuyulmamış çömçə kimi göz önündə olmaq, söz-söhbətsiz baş rolara seçilmək, hər yaşda Məcnun ola bilmək və zavallı Leylilərin yalnız onlar "xoşbəxt edə bilər" kimi davranış sərgilənir. Necə ki, futbolda Anatoli Banşevski hücumçu olaraq özünü təsdiqləyincə bütün komanda onun əsarətinə keçdi. Əlində qol vurmaq imkanı olanlar belə məhz bu ünlü hüçumçuya pas ötürməli, qapıya "qolu" mütləq o vurmalı idi. Çünki onun vurduğu qol millətin, dövlətin və tamaşaçıların şərəfinə olurdu. Özfaliyyət yolverilməz, təkəbbür rəmzi hesab olunurdu. Çünki sürprizlər gözlənilməz nəticələrə yol aça bilərdi. Həqiqi mənada isə bu kimi olaylar baş-başa qalmaq düşüncələri zəhərləmiş, zövqləri korlamış, adamları mənəvi dəyərlərdən didərgin salmış oldu.
Məni isə bu gün daha çox narahat edən, üzən bir suala cavab gəzərək; "- Niyə təbii, qrimsiz bir gənc oğlan öz sevgi və səmimiyyəti ilə Məcnun, ruhu sevilmək ehtiyacı ilə coşan qızlarımızdan biri Leyli ola bilmir"-deyə düşünürəm. Düşündükcə də dünyanın bütün kələklərindən keçmış, kolxoz sədirinə oxşar qarın buraxmış, yaşını gizləmək üçün parik və qrimdə gizlənən, təlxək görkəmli aktyorların məcnunluğuna tamaşa deməyə belə utanıram. Elə o qədər də bakirə duyğulardan qaçaq düşmüş "nənə"lərin mələk üzlü "Leyli" qiyafəsində yarımçıq qalmış qızlıq xəyallarını gerçəkləşdirmək cəhdlərinə baxanda isə xəcalət çəkirəm. Bütün bunlar cəmiyyətimizin güzgüsü olaraq müqəddəs məbəd saydığımız səhnədə, səhnə arxasında baş verir. Nə yazıq ki, adamlarımız hansı yöndə çalışmasından asılı olmayaraq vaxtında səhnəyə çıxmağı, vaxtı çatınca da göz qırpmadan geri durmağı bacarmadığı kimi, özündən sonra gələn gənliyin yoluna da işıq tutmağı bacarmır. Kaş ki,...
Son olaraq qeyd edim ki, mən sevməyin əleyhinə deyiləm. Nə də kimsəni aşağılamaq fikirindəyəm. Sevgi hər yaşda gözəldir və mənim də sevirəm. Lakin başqalarından fərqli olaraq mən təmənnasız, bizdən sora gələn və bizim səhvlərimizi təkrarlamayan gəncliyi sevirəm. Onların bu elin, bu yurdun qürur mənbəyi olduğuna inanaraq sevirəm.
Akəm Xaqan, şair, tənqidçi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar