Sizin Reklam Burada
Xəbər lenti
11-11-2026
10-11-2026
09-11-2026
BÜTÜN XƏBƏRLƏR

Hanı yaz gələndə çiçəyə dönən, payızda xəzəllə oynayan şəhər? - Təranə Dəmirin şeirləri

Tarix: 11-11-2026 14:14     Baxış: 337 A- / A+

Təranə Dəmir



***

Heç kimə qaynamır qanım haçandı,
Açılmır sabahım,danım haçandı,
Neynirəm isinmir canım haçandı,
Don vurub könlümün gün tərəfini.

Baş əyib getmişəm qədərə,neynim,
Vermişəm bir ömrü hədərə,neynim,
Çoxdan alışmışam kədərə,neynim,
Seçmişəm dünyanın qəm tərəfini.

Savaşa bilmədim həsrətə qarşı,
Bahar deyə-deyə gətirdim qışı,
Gözlədim bir dəfə vüsal yağışı
Tutmadı saçımın dən tərəfini.

Yaşadım eləcə düşmənə acıq,
Bir gözüm yuxulu,bir gözüm açıq,
Nə tapdım hamısı alayarımçıq,
Doldura bilmədim kəm tərəfini.

Qaldı əllərimdə yaxam,bilmədim,
Çırpındım,özümdən çıxa bilmədim,
Özümə sevgiylə baxa bilmədim,
Sevmədim dünyanın mən tərəfini.

***

Mən bir payız yolçusuyam,
Küləyim var,yağışım var,
Enişim var,yoxuşum var,
Hər açılan səhərlərin,
Hər qaranlıq gecələrin
Yanağında göz yaşım var.
Baxışımda xatirələr,
Kirpiyimdə qəm gül açıb.
Başımın üstündə səma,
Ayağım altdan yer qaçıb.
Sazaq vurub ürəyimi,
Bir də çətin oda düşə.
Bir də çətin sevdalana,
Bir də çətin bəndə düşə.
Hələ mənim irəlidə
Xəzan donlu,yaz həvəsli
Arzularla savaşım var.
Məndən uzaq dur,ay adam,
Mən bir payız yolçusuyam,
Sənin mənlə nə işin var?

***

Bu gələn payız da mənə bənzəyir,
Dumanı tanışdı, çəni tanışdı.
Bulud gözlərindən ayrılıq yağır,
Həsrəti tanışdı,qəmi tanışdı.

Başdan ayağacan bahar xəstəsi,
Təpədən dirnağa vüsal acıdı.
O da mənim kimi Sözə qaçandı,
O da mənim kimi masal acıdı.

Dolaşır arzular əl-ayağına,
Bir arzu içindən min xəzan baxır.
Sevdalar oyanır daş yuxusundan,
Xəyallar uzaqdan yarımcan baxır.

Gör necə bənzəyir bu payız mənə,
Ürəyi nigaran,hissi yarımçıq.
İkimiz əl-ələ verib gedirik,
Gedirik küləyə,yağışa acıq.

***
Yenə payız gəlincə
Yarpaqlar budaq-budaq
Ağaclardan küsəcək.
Yenə dəli küləklər,
Yenə leysan yağışlar
Küçələrin,yolların
Nəfəsini kəsəcək.
Heç gedən baharın da
Arxasınca ürəklə
Su səpən olmayacaq.
Beləcə yağış-yağış,
Beləcə külək-külək
Bu şəhər bu payızın
Nazıyla oynayacaq.
...Hələ yasaq sevdalar,
Hələ günah keçisi.
Hələ bomboz tənhalıq,
Hələ dəli darıxmaq,
Hələ payız gecəsi...

***
Xoş gördük, gələn səhər,
Xoş gördük,qayğılarım.
Xoş gördük,kağız,qələm,
Xoş gördük duyğularım.

Xoş gördük,dolan bulud,
Yağışını tök,görək.
Bəlkə bir az boşaldı
Çiynindəki yük,görək.

Xoş gördük,ay göyərçin,
Qırqovul,turac,salam.
Salam,Tuğay meşəsi,
Söyüd,qarağac,salam.

Xoş gördük, pəncərəmdə
Dəli tək əsən külək.
Xoş gördük,qızıl payız,
Xəzəllərin mübarək!.

***
 Hanı gözlərindən sevgi tökülən,
Qanı məhəbbətlə qaynayan şəhər?
Hanı yaz gələndə çiçəyə dönən,
Payızda xəzəllə oynayan şəhər?

Daha yadırğayıb sevincə deyən,
Daha gözlərindən ayrılıq baxır.
Burda xoşbəxt adam tapa bilmirəm,
Hamı narahatdı,hamı darıxır.

Hər gün hirsi artır,ədası artır,
Göydələn-göydələn dəyişir şəhər.
Günə başlamadan yenə gün batır,
Yenə qaranlıqla döyüşür şəhər.

Hanı bu şəhərin tox adamları,
Nə yaman çoxalıb aclar,səfillər.
Hanı bu şəhərin sərv ağacları,
Harda yuva qurur sərçə tifillər?

Tıxacda boğulur indi küçələr,
Yayda odu vurur,qışda şaxtası.
Kimin yadındadı aylı gecələr,
Kimin yadındadı Bakı buxtası?

Hanı gözlərindən sevgi tökülən,
Qanı məhəbbətlə qaynayan şəhər?
Hanı yaz gələndə çiçəyə dönən,
Payızda xəzəllə oynayan şəhər?

***

Əvvəlcə baxışların soyudu,
Sonra əllərin.
Sonra sığalını yadırğadım,
Sonra səsini.
Sonra dəniz çıxdı yadımdan,
Sonra sahil,
Sonra o ağac,
Sonra ağaca söykənən skamya,
Sonra qarğalar.
Sonra gülsatan qadın,
Sonra əlindəki orxideyalar.
Sonra sallana-sallana yanımızdan keçən bulaşıq küçə iti
Qarabaş adında,
adını biz qoymuşduq,
yadında?
Sonra gəmi fiti,
Sonra arxamızca əl sallayan uşaqlar,
Sonra uzaqlar,
Sonra təzə görüşlər,
Təzə sevdalar.
Sonra?
Eh,bilirsən?
Səndən sonra başladı bütün əlvidalar!

***

Arxasınca atlı qovur?
Nəfəsi təntiyib yaman,
Küləyə bax,küləyə.

Günəş hardasa gizlənib,
Bulud torpağa atır can,
Çiləyə bax,çiləyə.

Başında xəzəl dolaşır,
Boynundan asılıb duman,
Dərəyə bax,dərəyə.

Hər tərəf xəzan donunda,
Bəs nədi daş altda çıxan?
Çiçəyə bax,çiçəyə.

Ağaclar küləyə inad
Yapışıb durub havadan,
Dirəyə bax,dirəyə.

İlin-günün bu vaxtında
Bir sevda tuta yaxandan,
Diləyə bax,diləyə.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar