Xəbər lenti
Nadir İsrafilov: “Tətil uşaqların asudə vaxtını səmərəli keçirmək üçündür, ev tapşırıqları üzərində baş sındırmaq üçün yox…”
“Nə qədər ki, ev tapşırıqları ilə bağlı müəyyən limit tətbiq olunmayacaq, müzakirə və mübahisələrə də bir o qədər son qoyulmayacaq.”
“Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ümumi təhsil müəssisələrindədünəndən başlayan 5 günlük qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək və bu qərar əvvəlki illərdə olduğu kimi, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək. Tətildən sonrakı ilk dərs günü 1 fevral 2025-cü il tarixidir.
Manevr.az bildirir ki, bu barədə təhsil.biz-ə -ə tanınmış təhsil eksperti Nadir İsrafilov danışıb.
Tətil günlərində hər il olduğu kimi bu il də ən çox xatırlanan və gündəmə gətirilən məsələlərdən biri artıq, bir növ ənənə halını almış olan məktəblilərin tapşırıqlarla həddindən artıq yüklənməsi oldu. Əksər təhsil mütəxəssisləri və digər maraqlı tərəflər tətil müddətində bu məsələyə toxunsalar da, hələ ki, tətil tapşırıqları ilə bağlı hər hansı normativ qəbul olunmadığından bu məsələdə fikirlər haçalanmaqda davam edir. Deməyim odur ki, nə qədər ki, ev tapşırıqları ilə bağlı müəyyən limit tətbiq olunmayacaqsa, müzakirə və mübahisəllərin də bir o qədər davam edəcəyinin qaçılmaz olacağı birmənalı olacaq.
Yəqin, bir çoxları razılaşar ki, dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqları, müəllimlərin tələb etdikləri test və digər əlavə vəsaitlərin çoxluğu, təhsilimizin əsas problemlərindən biri olub və olmaqda davam edir. Bununla belə, bu kimi məsələlər mütəmadi olaraq gündəmə gətirilir və heç də hamı tərəfindən birmənalı qarşılamır.
Yeniyetmələrin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkilini nəzərə alıb şagirdlərin həddən artıq yüklənməsini hazırkı tədrisin böyük bəlası adlandıranlar var. Maraqlısı budur ki, dünya təcrübəsində də bu məsələyə yanaşma heç də bir mənalı deyil. Bəzi ölkədə ev tapşırığı bilik və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş hesab edilir, digərlərində isə yanaşma tam fərqlidir.
Məsələn, Böyük Britaniyanın Kolçester şəhərində müəllimlərin vaxta qənaət etməsi və uşaqlarda dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqlarının tamamilə ləğvi təşəbbüsü özünə xeyli tərəfdar toplayıb. Belə təcrübələrdən illərdir, İngiltərənin başqa məktəblərində, həmçinin Almaniya, və digər ölkələrdə də yararlanırlar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tədqiqat mərkəzinin yaydığı məlumata görə, Finlandiya məktəbliləri hər hansı digər OECD ölkələri ilə müqayisədə daha az dərs keçir və ev tapşırığı alırlar.
“Ev tapşırığı” deyəndə bu, əsasən müəllimin şagirdə dərsdən sonra həll etmək üçün verdiyi tapşırığı nəzərdə tuturuq. Belə hesab olunur ki, onun məqsədi yeni keçilən mövzunun yadda saxlanmasıdır. Bununla yanaşı, proqram materialı əsasən dərs prosesində mənimsənilməlidir, evə isə bu materialın hafizədə möhkəmləndirilməsinə xidmət edən konkret tapşırıqlar verilə bilər. Bununla belə hələ ki, bu tapşırıqdan imtina etməyə də tam hazır da deyilik.
Reallıq isə budur ki, bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə elə yükləyirlər ki, hətta onların ali təhsilli valideynləri belə ifrat dərəcədə qəliz tapşırıqların həllində övladlarına kömək edə bilmirlər. Biz isə bir çox valideynlərin şikayətlərində haqlı olduqlarını təsdiq etməklə yanaşı, ibtidai sinif müəllimlərinə ev tapşırıqları verilərkən ağırlıq səviyyəsinə diqqət yetirmələrini tövsiyə etməklə, məktəbəhazırlıq qruplarında ev tapşırığının olmayacağını bəyan etməklə kifayətlənirik və belə bir mövqe ilə ğzümüzə bəraət qazandırırıq ki, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına müsbət təsir göstərməlidir.
Bir halda ki, əvvəlkindən fərqli olaraq mövcud proqramın məqsədi şagirdlərin hafizəsindən çox təfəkkürünü inkişaf etdirməkdir, elə isə ev tapşırığının verilməsi ümumiyyətlə məqsədəuyğun deyil. Kurikulim təliminə keçid şagirdləri ev tapşırığından azad etmək tələbi qoyub. Kursumuz yaddaş məktəbindən idrak məktəbinə keçid, düşüncənin ön plana çəkilməsi, nəzəri biliklərdən çox şagirdin bacarığı istiqamətində təhsil verilməsinə yönəlib. Ev tapşırığı şagird üçün nə qədər üzücü, valideyn üçün nə qədər zəhlətökən olsa da, məktəblilərin asudə vaxtlarını mənalı keçirməsində, valideynlərə məişət və sosial qayğıları ilə məşğul olmalarında maneə yaratsa da, biz hələ ki, bu tapşırıqdan imtina edib-etməməklə bağlı konkret qərara gələ bilmirik.
Nə qədər ki, şagirdlərimizə dərsi, məhz dərsdə tam mənimsətməyi örənməmişik, ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoymaqda da problemlərlərimiz olacaq.. Bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələ isə dərs keyfiyyətini yüksəltmək yolu ilə tapşırıqların həcmi və ağırlıq dərəcəsini azaltmaqdan ibarət olmalıdır. Bir sözlə, hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar.
Sonda kiçik bir xatırlatma etmək yerinə düşər ki, dərsi evdə yox, məhz məktəbdə şagirdlərlə əlavə məşğul olmaqla anlatmaq və qavratmaq təcrübəsi sovet dönəmində geniş tətbiq olunub və müsbət nəticələr verib. Hətta, bu təcübənin bərpası, bu məşğələlərə görə müəllimlərə əlavə saathesabı ödəniş edilməsi barədə məsələ qaldıranlar da var.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar