Xəbər lenti
Baydenin yalan dolu mirası – “Wall Street Journal”
Manevr.az-ın novator.az-a istinadla məlumatına görə, jurnalist “Co Baydenin yalan dolu mirası” adlı məqalədə yazır ki, seçici kor deyil, ona gözü ilə gördüyünü danıb yalan danışmaqla çox uzağa getmək olmaz: “2020-ci ilin prezident seçkisində Amerika xalqı ona görə Cozef Baydeni seçdi ki, Donald Trampın dörd illik hakimiyyətindən usanmışdı. Bayden seçiciləri həsrətində olduqları normal həyata qaytara bilərdi. Bunun əvəzində o, seçiciləri səfeh yerinə qoydu, durmadan onlara ağ yalanlar danışdı. İndi Baydendən qalan əsas miras elə həmin yalanlardan ibarətdir.
İqtisadiyyatı götürək. Pensilvaniyalı bir santexnik, yaxud montanalı bir poçtalyon Federal Ehtiyat Sisteminin verdiyi qərarların bütün detallarını anlamaya bilər, lakin o, ən mühüm şeyləri intuitiv də başa düşür, vəziyyətinin nə vaxt yaxşılaşdığını, nə vaxt pisləşdiyini yaxşı bilir. Böyük rəqəmlərdən, statistikalardan nikbin danışıb insanları səfeh yerinə qoya bilməzsən.
Amma Bayden komandasının iqtisadçıları ilk gündən elə bu yolu – adamları səfeh yerinə qoymaq yolunu tutdular. Dörd illik hakimiyyətin əsas problemi federal xərclərin görünməmiş dərəcədə artmasının doğurduğu güclü inflyasiya idi. Bir ailənin aylıq büdcə səbətinə daxil olan nə varsa, demək olar, hamısı bahalaşa-bahalaşa getdi. 2020-2024-cü illərdə mətbəx (yemək) yağı 54 faiz, yumurta 65 faiz, yapon əriştəsi 74 faiz bahalaşdı. Bu, çox bahalı nahardır. Əgər siz naharınızın çoxunu Ağ evin yeməkxanasında yemisinizsə, yəqin sıxıntı hiss etməmisiniz, amma qalan insanlar dörd il ərzaq mağazalarını başlarını bulaya-bulaya dolaşıblar”.
Məqalədə qeyd olunur ki, hakimiyyətinin ilk çağlarında Bayden administrasiyası inflyasiyanın kəskinləşməsinə görə Donald Trampı günahlandırırdı: “Sonra onlar inflyasiyanı müvəqqəti çətinlik adlandırmağa başladılar. Bu da nəticə verməyəndə inflyasiyanı Rusiyanın Ukraynaya hücumu ilə əlaqələndirməyə səy göstərdilər, “qiymətləri Putin qaldırır” tezisindən trend yaratmağa çalışdılar. Bu da keçməyəndə bütün günahı korporativ tamahkarlığın üzərinə yıxdılar. Nəhayət, onlar dərmanların qiymətlərini aşağı salmaqla, strateji neft ehtiyatlarından yararlanmaqla inflyasiyanı zəiflədə bildiklərini bəyan etdilər.
Amerikalılar heç vaxt bu nağıllara uymayıblar. Onlar yaxşı bilirlər ki, bahalaşmaya səbəb hökumətin büdcə xərclərini sel kimi artırmasıdır. Amma Bayden administrasiyası israrla “amerikalılar Trampın dövründə olduğundan daha yaxşı yaşayır” deyəndə seçicilər özlərini əməlli-başlı təhqir olunmuş hiss etdilər”.
Müəllifin fikrincə, Demokratlar Partiyasının nümayəndələri hələ də anlamırlar ki, onların iqtisadi mövzulu bəyanatları cəmiyyətdə niyə müsbət reaksiya doğurmayıb: “Məlumatlar əmək bazarının yaxşı vəziyyətdə olduğunu, inflyasiyanın səngidiyini göstərir, bəs onda niyə bizə güclü bir iqtisadiyyat qoyub getdiyinə görə cənab Baydenə təşəkkür etməyək? Aydın məsələdir niyə: bunların hamısı gopdur. Yaxud başqa ad verirsiniz verin – yalançılıqdır, dezinformasiyadır, manipulyasiyadır”.
Məqalədə vurğulanır ki, böyük yalanlar danışmaq Bayden administrasiyasının qabarıq xüsusiyyəti idi: “Hər kəs prezidentin canındakı nasazlıqlarla, yaşından irəli gələn problemlərlə açıq-aydın çarpışdığını görsə də, o özünü elə aparırdı ki, guya turp kimidir. Amma 2024-cü ilin iyun ayında prezident seçkisi debatlarında Baydenin Trampla qarşılaşarkən düşdüyü biabırçı vəziyyət amerikalıların əksərinin şübhəsini təsdiqlədi. Debatın ertəsi günü Baydenin öz zəifliyini açıq etiraf etmək, ikinci müddətə seçilmək təklifindən nəzakətlə boyun qaçırıb seçki yarışından çəkilmək imkanı vardı. Onda ictimaiyyət də prezidentə mərhəmətlə, rəğbətlə yanaşar, hətta cəsur addımına görə ona tərif yağdırardı. Lakin bütün bunların əvəzinə Bayden və komandası yalanı daha da dərinləşdirməyə başladı. Hələ debat bitməmiş komandası mediaya təzyiq göstərirdi ki, prezidentin karıxmasını soyuqdəymə ilə əlaqələndirib bu haqda xəbər yaysınlar. Amerika ictimaiyyətinə bu qədər həyasızcasına ağ yalan danışan olmamışdı. Onsuz da heç kim o yalana inanmadı.
Yalan yalan doğurar, bunu uşaq da bilir. Cozef Bayden ABC telekanalından Corc Stefanopulosa müsahibə verəndə yalanında bir az da irəli getdi. Jurnalist nəzakətlə deyəndə ki, bəlkə Trampı məğlub etmək üçün Demokratlar Partiyasından başqa bir şəxsin namizədliyi üzərində dayanmaq yaxşı olardı, Bayden səsinin tonunu qaldırıb belə cavab verdi: “Mən nəinki seçki kampaniyası aparıram, mən həm də dünyanı idarə edirəm!”
Halbuki bir neçə həftə əvvəl amerikalılar Baydenin İtaliyada, “Böyük yeddiliyin” zirvə toplantısında az qala karıxıb meşəyə girdiyini xəcalət təri tökə-tökə seyr etmişdilər.
Ola bilsin, Bayden əqli cəhətdən sağlam olduğuna özünü də inandırıbmış. İctimai rəy sorğularının nəticələri, prezidentin cəmiyyətdəki populyarlığı haqda komandasının uydurduğu yalanlara bəlkə Bayden özü də inanırmış. Bəlkə də onların hamısı Donald Tramp məsələsində dalana dirəndiklərini, çətin yerdə axşamladıqlarını düşünürmüşlər. Amma amerikalıları Baydenin daha dörd il prezident vəzifəsini icra edə biləcəyi fikrinə inandırmaq kimin ağlına gəlibsə, onu birbaşa siyasətin küllüyünə tullamaq gərəkdir”.
Metyu Hennessi “Co Baydenin yalan dolu mirası” məqaləsini bu sözlərlə bitirir: “Bayden və onun Demokratlar Partiyasındakı tərəfdarları bu yazıda qeyd olunmayan daha neçə-neçə yalanın müəllifidir. Bunu deyən kimi adamın yadına prezidentin oğlu Hanter Baydenin məhkəmə işi ilə bağlı söylənmiş yalanlar düşür. Amma bu və digər yalanlar Baydenin prezidentlik tarixinin əsas hissəsi deyil. Əsas olan 46-cı prezidentin fiziki və psixi tənəzzülünü ört-basdır etmək üçün qurulmuş oyunlar, çıxarılan hoqqalardır. Gələcəkdə Baydenin prezidentliyi deyəndə ilk növbədə yada düşən bu olacaq”.
1942-ci il təvəllüdlü Cozef Bayden Demokratlar Partiyasının təmsilçisidir. Senatın üzvü olub, 2009-2017-ci illərdə vitse-prezident postunu tutub, 2021-ci il yanvarın 20-dən prezidentlik edib. 2024-cü ilin prezident seçkisinə də qatılan Cozef Bayden sonradan partiyadaşı, vitse-prezident Kamala Harrisin xeyrinə geri çəkilib, ancaq seçkidə 2017-2021-ci illərdə prezident olmuş respublikaçı Donald Tramp qalib gəlib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar