Xəbər lenti
Jalə Əliyeva:"Bağrıma basdım Zəhranı, həsrətində olduğu ana istisini hiss etsin deyə..." -ŞƏKİLLƏR
Uşaqlar və qocalar özümü tanıyandan bəri ən həssas mövzu olub mənim üçün. Bu gün də belədir. Hələ üstəlik söhbət anasız- atasız uşaqlardan və kimsəsiz qocalardan gedirsə... Biri hələ dünyanın nə olduğunu anlamadan, "böyümək"məcburiyətində qalır, o biri isə dünyanın beli üzərindən uzun bir yol gəlib, sonda kiməsə möhtac olur... Çox ağrılıdır... Bir də kiçik vücudlarıyla xəstəliklə vuruşan uşaqlar var ki, onlar da bir ayrı ağrılı məsələdir.
Zərdaba bu səfərki gedişimdə baş çəkdiyim ailələr arasında valideyn himayəsindən məhrum və xəstə uşağı olan ailələr də var idi... Xəyalə, Zəhra, Zakir... Xəyalə qızımız son zamanlara qədər nənəsiylə yaşayırmış. Nənəsi ona həm vəfat etmiş anasını, həm də ondan çox uzaqda olan atasını əvəz edib. Amma taleyin hökmüylə nənə də bu yaxınlarda əbədiyyətə qovuşub. İndi Xəyalə xalasının himayəsindədir. Oxuduğu Gəlmə kəndinin direktoru olmuş, indi rayon təhsil şöbəsinin müdiri, çox hörmət bəslədiyim dəyərli ziyalımız Gülağa İsgəndərov və Gəlmə kənd icra nümayəndəsi Gündüz Səfərəliyev də yanımızda idilər. Hər ikisi Xəyalənin çox nəzakətli, ağıllı bir yeniyetmə qız olduğunu dedilər. Hiss etdim ki, hər ikisinin nəzəri bu ailənin üzərindədir. Çox sevindim... Baş çəkdiyim digər ünvan Səyyarə xala ilə nəvəsi Zəhranın yaşadığı həyət oldu. Yamyaşıl otlara bürünmüş böyük bir həyətin ta başından balaca, toppuş, şirin bir qız çəkinə-çəkinə bizə yaxınlaşdı. Adını soruşdum. Yerinə nənəsi cavab verdi, adı Zəhradır, dedi. Bir az söhbət etdik. Altı yaşı var. Heç bir il deyil ki, anası və ona ata əvəzi olan dayısı vəfat edib... Öz atası isə heç bu həyətin yolunu tanımır... Qarşımda bir ildə iki övladını itirmiş çarəsiz, qoca nənə və bütün ümidi və pənahı indi bu qoca nənə olan qızcığaz... Kövrəldiyimi görməsinlər deyə, üzümü yana çevirirəm... Qızcığaz isə elə hey gülümsəyir, gəlişimizə sevinir... Qucaqlayıb bağrıma basıram Zəhranı...bəlkə bir-neçə dəqiqəlik də olsa, aylardır həsrətində olduğu ana istisini hiss etsin, deyə... Sənə nə alım?-deyə soruşuram. Cavab vermir. Hansı şirniləri sevirsən?- deyirəm. Cavab yoxdur. Hansı oyuncağı istəyirsən? Yenə cavab vermir. Gəlincik alımmı? Başının işarəsiylə, -yox,- deyir. Bir anda ağlıma gəlir, sənə rəngli qələmlər, dəftər, şəkilli kitab alımmı?-soruşuram. Nəhayət, müsbət cavab alıram. Zorla eşidiləcək səslə: Bəli,- deyir. Tamam, sabah səhər tezdən Firdovsi əmi (köməkçimə işarə edirəm) gətirəcək. Zəhra sevincindən pərvanəyə dönüb, ot basmış həyətdə ora bura qaçır... Onu da öyrənirım ki, həyətin ot, alağını təmizləməyə Səyyarə xalaya uzaq kənddə yaşayan qohumu hərdən gəlib kömək edir... Səyyarə xalaya, sıxıntısını azacıq da olsa azaltmaq üçün əlimdən nə gəlirsə etməyə hazır olduğumu, Zəhranı tək qoymayacağımı bildirirəm. Sağollaşırıq, balaca Zəhrayla görüşüb, öpüşüb qapıya tərəf yönəlirik. Amma qapıdan çıxa bilmirəm. Təkrar dönüb, təkrar Zəhraya sarılıram... Sonra yolda öyrənirəm ki, ötən il müayinə və müalicəsinə yaxından kömək etdiyimiz, amma təəsüf ki, həyatını xilas edə bilmədiyimiz Aqşın qardaşımız Zəhranın dayısıymış... Talehin hökmünə bir bax! Hərlənib, fırlanıb heç özümüz də bilmədən, yenidən bu ailənin pənahı olmağa gəlmişik! Allahım, heç bir uşağı anasız atasız etmə, dualarıyla üçüncü ünvana üz tutduq. Zərdabın Alıbəyli kəndində Şükürovlar ailəsi. Bu ailənin 8 yaşlı oğlu Zakir, talassemiya xəstəliyindən əziyyət çəkir. Hər ay Bakıya, respublika talassemiya mərkəzinə müalicəyə gəlirlər. Zakirə, xəstəliyinə görə illərdir müavinət də təyin edilib. Yəni, Zakir də, köməyə ehtiyacı olan digər uşaqlar kimi, bu illər ərzində hər zaman dövlətin himayəsi altlnda olub. Lakin bundan bir-neçə ay əvvəl, sənədlərin yenilənmə vaxtı gəldiyi zaman, ailə bu sənədləri vaxtında təqdim etmədiyi üçün, onun adı məlumat bankından silinib və avtomatik olaraq müavinət də dayandırılıb... Əvvəla ailənin öz səhlənkarlığı, sonra da məlum koronavirusun səbəb olduğu məhdudiyyətlər və bəzi bürokratik əngəllər ucbatlndan bu günə qədər müavinəti bərpa etmək mümkün olmayıb. Bu məsələ zatən son iki ayda nəzarətimizdə idi. Ailəni ziyarət etməyimizin əsas səbəbi də müavinətin ödənişi prosesini tezləşdirmək üçün, ehtiyac olan sənədlərlə şəxsən tanış olub, bu sənədləri əlaqədar təşkilatların diqqətinə çatdırmaq və məsələnin ən qısa zamanda həllinə nail olmaq idi. Balaca Zakiri şəxsən görüb, xəstəliyinin hansı səviyyədə olduğunu öyrəndik. Zakirin əhval-ruhiyyəsinin yaxşı olması, xarici görünüşüylə yaşıdlarından fərqlənməməsi, nənə, baba, ata, ana nəvazişiylə əhatə olunması, sadəcə valideynləri tərədindən deyil, dövlət tərəfindən də himayə edilməsi, balaca Zəhradan ayrılarkən ürəyimizdə özümüzlə apardığımız ağrını sanki bir az azaltdı. Elə oradaca, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Aparat rəhbəri ilə danışdıq. Sənədlərin surətini göndərdik. Araşdırıb cavab verəcəklərini söylədilər. Ertəsi gün Bakıya döndüm. Bir gün sonra isə, dünən şad xəbər aldıq. Zakir balamızın müavinətinin qısa zamanda bərpa olunacağını, üstəlik arada yaranan fasiləylə əlaqədar ötən ayların müavinətinin də ödənəcəyini bildirdilər. Çox sevindim. Balaca Zakir adına, ailəsi adına çox sevindim. Və əlbəttə ku, qürur duydum! Qürur duydum ki, belə bir dövlətim var! Hər vətəndaşını düşünən, hər uşağın göz yaşını silən, onları sevən və arxa duran bir dövlət!
Jalə Əliyeva, Millət vəkili,
Ailə, Qadın və Uşaq məsələləri
komitəsinin Sədr müavini, professor
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar