Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ təşkilatının rəy sorğusu narazılıq doğurdu

Tarix: 07-02-2024 11:52     Baxış: 4195 A- / A+


Namizədlər hesab edir ki, əsas olan ya qalib gəlməkdir, ya da...
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına açıqlamasında ABŞ-ın “Oracle Advisory Group” təşkilatının seçkilərlə bağlı keçirdiyi son rəy sorğusuna münasibət bildirib. 
BAXCP sədrinin qənaətinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkinin legitimliyinin şübhə altına alınmasına xidmət edən hesabatından dərhal sonra ABŞ-ın “Oracle Advisory Group” təşkilatının keçirdiyi sorğu arasındakı bağlılıq maraq doğurur. Qüdrət Həsənquliyev deyib: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkilərə potensial namizədlərin buraxılmadığı barədə hesabat yaymaqla seçkinin legitimliyini şübhə altına alır və ardınca qeyd etdiyiniz şirkət bu "sorğu"nu “yayır”. “Sorğu”ya gözucu nəzər yetirən şəxs dərhal ATƏT-in hesabatının son dərəcə ədalətli olduğu qənaətinə gəlməlidir. Sorğunu ciddi qəbul edən şəxs ölkədə müxalif fikrə yer olmadığını düşünəcək. Qarabağı azad etdiyindən Prezidentin nüfuzu onsuz da cəmiyyətdə yüksəkdir, amma bu sorğu ilə ölkənin beynəlxalq imici darmadağın edilir. Bu sorğunu keçirənlərin əsl məqsədi də budur. Müasir dünyada müxalifətin olmadığı ölkədə necə demokratiya, ədalət, hüquq, inkişaf ola bilər? Bu sorğuya inanan adam həm də iqtidarın demokratiyanı inkişaf etdirmək siyasətinin iflasa uğramasını düşünəcək.
Ümid edirəm ki, xalqımız öz səsi ilə ölkəmizin belə eybəcər görüntüsünü yaratmaq istəyənlərə layiqli cavab verəcək".
Sosioloji sorğunun nəticələrinə görə, respondentlərin 97%-i İlham Əliyevin, 1.2%-i Zahid Orucun, 0.7%-i Fazil Mustafanın, 0,5%-i Razi Nurullayevin, 0,3%-i Qüdrət Həsənquliyevin, 0,2%-i Fuad Əliyevin, 0,1%-i isə Elşad Musayevin adını çəkib. 
Ümumiyyətlə, prezident seçkisi kampaniyası dönəmində keçirilən sorğularla bağlı prezidentliyə iddiaçıların fikirlərini öyrəndik. 
Zahid Oruc prezidentliyə namizəd olacaq
Zahid Oruc 

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc belə sorğulara ən layiqli cavabı Azərbaycan xalqının verəcəyini qeyd etdi: “Bu cür sorğularda müəyyən məqsədlər var. Onların ictimai rəyi, Azərbaycan insanının düşüncəsini əks etdirib-etdirməməyi ilə bağlı ən gözəl cavabı xalqımız bugünkü seçkilərdə verəcək. Qaldı ki prezidentliyə namizədlərlə bağlı rəqəmlərə, heç şübhə yoxdur ki, Azərbaycan Prezidentinin qərarlaşdığı hazırkı mövqe mübahisə olunmayan bir mövqedir. Amma ümumiyyətlə, seçkilərdə demokratiya, insan haqları, alternativlərlə bağlı ən gözəl cavabı bu gün xalqımız yetkinliklə seçkilərə qatılmaqla verəcək. Bundan sonra məqsədli mərkəzlər hesabatlar hazırlayanda yaxşı olar ki, nəzərə alacaqları bir məsələ olsun”. 
Fuad Əliyev vəzifəsinin icrasını dayandırıb » Avrasiya.Net
Fuad Əliyev 
 
Müstəqil Həmkarlar İctimai Birliyinin sədri Fuad Əliyev bu sorğunu normal qəbul edir: “Bu xarici bir təşkilatın keçirdiyi sorğudur, obyektiv də, subyektiv də ola bilər. Dünyanın hər bir ölkəsində bu cür seçkilərdə müxtəlif təşkilatlar belə sorğular keçirirlər. Təbii ki, bu seçkilərin əsas favoriti Ali Baş Komandan İlham Əliyevdir. İstənilən halda belə sorğuları normal qəbul etmək lazımdır. Sorğu keçirmək hər bir təşkilatın hüququdur. Amma unutmayaq ki, seçimi Azərbaycan xalqı edir. Bu gün də xalqımız seçkilərə gəlsin, öz seçimini etsin”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa heç nəyə əhəmiyyət vermir: “Bu cür sorğuların mənim üçün heç bir əhəmiyyəti yoxdur. Hansısa bir sırada yer almağımın da elə bir əhəmiyyəti yoxdur. Mən öz fikirlərimi, görüşlərimi Azərbaycan cəmiyyətinə çatdırmağı daha vacib hesab edirəm. Hesab edirəm ki, bu seçki kampaniyasında kifayət qədər fərqli görüşlərimi, baxışlarımı çatdıra bildim. Bizim işimiz hələ uzaq gələcəyə yönələn maarifçilikdir. Mən bu işi davam etdirirəm. İndi haradasa kimsə sorğu keçirir, kimsə bunu şərh edir, yaxud hansısa formada ciddi, yaxud qeyri-ciddi qəbul edir, açığı, mənim maraq dairəmə daxil deyil. Mən özümə aid olan prosesi irəli aparmağı düşünürəm. Əsas da odur ki, özümün fərqli yanaşmam, Azərbaycanın gələcəyi ilə bağlı fikirlərimin gerçəkləşməsi üçün çalışıram. Ona görə də belə sorğular hər bir ölkədə olur. İndi bu sorğunun əsaslı və ya əsassız olduğunu deyə bilmərəm. Hər halda, ümid edirəm ki, Azərbaycana qarşı müəyyən dərəcədə bu seçki prosesi hansısa bir xaricdən gələn ittihamların, iradların səslənməsinə imkan verməyəcək, 7 fevraldan sonra daha bir islahatçı mühitin yaranmasının şahidi olacağıq”.
Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az
Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bu sorğunun nəticələrindən razı deyil: “Bu sorğular reytinq toplamaq xarakteri daşıyır. Bunlar qoxusu şirin olan ətir kimi bir şeydir. Bunu iyləmək olar, amma içmək olmaz. İndi bu sorğunu bilmirəm ki, kimlər keçirir. Fakt olan odur ki, oradakı namizədlər faktiki hakimiyyətin namizədləridir. İlham Əliyev icra hakimiyyətindədir, qalan 4 namizəd qanunverici hakimiyyətdə təmsil olunur. Bir mən müxalifəti təmsil edirəm. Fuad Əliyev də müstəqildir. İndi belə çıxır ki, bizim xalqın yüzdə yüz faizi hakimiyyətə səs verəcək. Bu baxımdan da bu sorğunu sifarişli sorğu hesab edirəm. Bunu açıq şəkildə deyirəm. Qərəzli sorğu olduğu açıq şəkildə görünür. Görüşlər barədə deyə bilərəm ki, sərt tənqidi çıxışlar etmişik, öz təkliflərimizi vermişik, ən böyük görüşləri biz keçirmişik. Bir adam belə bizim görüşlərdən yarımçıq getməyib. Amma başqa namizədlərin görüşlərindən adamlar topa-topa çıxıb gediblər. Bu baxımdan, bu sorğunu qərəzli hesab edirəm. Bizim üçün əsas məqsəd bu proseslərdə iştirak etmək idi. Çünki ölkəmizə ciddi şəkildə basqı var. Bu basqının qarşısı alınmalıdır. Ölkədə demokratik və azad seçkilər keçirilməlidir. Həqiqəti əks etdirməyən belə sorğular seçkiöncəsi çox olur. Hesab edirik ki, real sorğularda biz ikinci yerdəyik. İlk sırada hakimiyyətin namizədidir. Bizim sorğularda bu belədir. Əsas olan belə proseslərdə ya qalib gəlməkdir, ya da divident götürməkdir. Biz də buradan çox böyük divident götürdük. Xalqımızın içərisinə getdik, öz təbliğatımızı apardıq. Partiyamızı demək olar ki, bütün bölgələrdə otuzdurduq. Əlaqələrimiz, informasiyamız baxımından hesab edirik ki, bu seçkilərin bütün hallarda qalibi biz olduq”.   

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar