Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəblər üçün ixtisaslı psixoloq

Tarix: 16-11-2023 18:59     Baxış: 3355 A- / A+



Bu gün təhsildə keyfiyyətin yüksəldilməsi dövlət qarşısında duran əsas prioritetlərdəndir. Qeyd edək ki, təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin əhəmiyyətli rolu var. Məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaqla deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Təbii ki, söhbət məktəblərdə işini bilən, ixtisaslı psixoloqlardan gedir. Müasir təhsil sistemindəki psixoloji xidmət praktik psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə və məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş aparmaq, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq və s. kimi konkret və həlli vacib vəzifələr qoyur. Etiraf edək ki, bu gün təhsil sahəsində psixoloqlarıın sayı yetərli deyil və bu sektorda peşəkar mütəxəssislərə ehtiyac var.
Yeri gəlmişkən, bu məsələ bir neçə gün öncə parlamentdə də müzakirəyə səbəb olub. Milli Məclisin deputatı Azər Badamov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib ki, məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır. Onun sözlərinə görə, təxminən 5 il əvvəl məktəblərdə müəllim və psixoloqların əməkhaqqısı, demək olar, eyni səviyyədə idi: “Ona görə də psixoloq olmaq istəyənlər həvəslə məktəbdə işləmək istəyirdi. Sonra müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün imtahanlar təşkil edildi və onların əməkhaqqısı artırıldı. Bu gün müəllimin orta aylıq əməkhaqqısı 800 manatdan yüksək olduğu halda, psixoloqların maaşı 450 manatın üzərindədir. Bu qədər fərq aradan qaldırılmalıdır. Eyni zamanda psixoloqların sayı məktəbdə olan şagirdlərin sayına görə tənzimlənməli və normalar müəyyənləşdirilməliidr”.
Qeyd edək ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da məktəblərdə psixoloq və sosial işçilərin sayının şagird və tələbələrin sayı ilə nisbətdə çox az olduğunu deyib: “Buna görə də məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac vardır”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, müasir məktəbi psixoloqsuz təsəvvür etmək artıq heç də birmənalı qarşılanmır: "Psixoloqlar təkcə uşaqlarla yox, müəllim və valideynlərlə də işləməlidir. Lakin gəlin görək pedaqoji işçilərlə birlikdə təhsilalanların psixoloji vəziyyətini, təlim nailiyyətlərini, inkişaf meyillərini, maraq dairəsini müəyyən etmək üçün psixoloji xidmətin vəzifələri nə dərəcədə yetərlidir. Tam əminliklə demək olarmı ki, məktəblərdə psixoloji xidmət işinin səviyyəsi ürəkaçandır? Təbii ki, məktəbdə psixoloji xidmətin təşkili digər təhsil xidmətləri ilə müqayisədə, nisbətən yeni sahədir. Əsasən, 90-cı illərdən etibarən ilk olaraq Bakı məktəblərini əhatə edən psixoloji xidmət sahəsi qeyri-ixtisas və ya belə desək, digər fənn müəllimlərinin qısamüddətli ixtisasartırma yolu ilə yenidən hazırlanmış kadrların ümidinə buraxılıb. Bu mənada, onları peşəkar psixoloq hesab etmək, həmin psixoloqlardan aktiv və səmərəli fəaliyyət gözləmək sadəlövhlük olardı. Psixoloqların müəyyən hissəsi ali təhsilli deyil, onlar yenidən hazırlanma təhsili alanlardır. Ən böyük çətinlik isə ondan ibarət olub ki, 150 şagirdi olan məktəbdə də, 2 min şagirdi olan məktəbdə də bir psixoloq işləyir. Uzun müddət təhsil müəssisələrində çalışan müəllim heyətinə, psixologiya elminin müasir dövrün tələbləri və yenilikləri barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları və seminarlar təşkil olunmayıb. Ali məktəblərdə psixologiya elminin qanunauyğunluqları və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmayıb. Köhnədənqalma Əsasnamədə müvafiq dəyişikliklər edilməyib, psixoloqların diaqnostik qiymətləndirilməsi uzun müddət aparılmayıb. Nəhayət, xeyli sonralar “Təhsil haqqında” qanunda edilən dəyişikliklər və əlavələr tədricən öz nəticəsini verməyə başlayıb. Təhsil haqqında qanuna dəyişikliyə görə, psixoloqlar üçün daha peşəkar şərtlərin müəyyənləşdirilməsi baxımından yeni qaydaların hazırlanması nəzərdə tutulub".
N.İsrafilov vurğulayıb ki, məktəb psixoloquna baxış bucağımız mütləq şəkildə dəqiqləşdirilməlidir: "Qeyd edim ki, Nazirlər Kabinetinin qərarına əsasən təhsil müəssisələrində psixoloq ştatı şagird sayı 1000-dək olduqda 1 vahid, şagird sayı 1000-dən 3000-dək olduqda 2 vahid, şagird sayı 3000-dən çox olduqda 3 vahid müəyyən edilib. Bununla belə bu sahəyə xüsusi diqqət yetirilməsi və bu istiqamətdə müəyyən işlərin görülməsinə baxmayaraq, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Məktəblərdə baş verən hər hansı bir neqativi psixoloqun fəaliyyəti ilə əlaqələndirmək də ədalətsizlik olar.  Başqa sözlə desək, məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Bu baxımdan məktəblərdə işini bilən, ixtisaslı psixoloqlara ehtiyac var. Bununla yanaşı, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür. Deməli, hadisənin səbəblərini daha dərində axtarmalıyıq.
Zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən “əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək məcburiyyətində qalmışıq. İndi müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarının axtarışındayıq. Belə çıxır ki, məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllim və valideynlərlə də işləməlidir. Halbuki, müəllimlərin özü də peşəkar səviyədə olmasa belə, heç olmasa elementar psixoloji biliklərə sahib olmalıdırlar. Lakin bütün deyilənlər, heç də məktəb psixoloqunu məsuliyyətdən azad etmir. Bəli, bu gün psixoloji işin təşkilində boşluqlar var. Əksəriyyət məktəblərdə psixoloq çatışmazlığı  müşahidə olunur. Bu gün 1 milyon 600 min nəfərdən çox  yeniyetmənin təhsil aldığı 4 500 civarında olan ümumtəhsil məktəbinin hər birinin psixoloqla təmin olunması da o qədər real görünmür. Ona görə də bugünki müəllimlər təkcə pedaqoq kimi yox, həm də psixoloq kimi hazırlanmalı, xüsusilə uşaq psixologiyası və fiziologiyasının incəliklərinə yiyələnməlidirlər. Bu işdə pedaqoji təhsil verən ali və orta ixtisas təhsil müəssisələrinin üzərinə böyük yük düşür".
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, son illər bununla bağlı bir çox tədbirlər görülür: “Bütün bunların nəticəsində artıq orta məktəblərdə bu sahənin adı var, bircə onun doğru-dürüst fəaliyyəti qalır. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşırlar. Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni, orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə varmır ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də maariflənmə işi düşünürəm ki, daha da geniş formada aparılmalıdır. İkinci səbəb isə psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparmaq üçün şəraitlərinin olmamasıdır. Heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək ki, öz işləri ilə yanaşı, başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Bir də psixoloqun ştat vahidinin müəyyən olunması da psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq. Düşünürəm ki, ştat vahidi qaldırılmalıdır. Orta məktəbdə çalışan psixoloqun aldığı əməkhaqqı da digər müəllimlərin  məvacibinə müəyyən qədər bərabər tutulmalıdır. Bax, bu işlərin həll olunması və eyni zamanda, düşünürəm ki, orta məktəbdə çalışan psixoloqlara təlimləri, treninqlərin mütəmadi olaraq keçirilməsi vacibdir. Orada uşaqlarla yanaşı, yeniyetmələr də mövcuddur. Hətta onların da içərisində elələri var ki, konkret olaraq psixoloji rahatsızlıqları ilə yanaşı, həm davranış, ünsiyyət problemləri var, həm də çətin tərbiyə olunan uşaqlardır. Orta məktəb psixoloqları da bilməlidirlər nə formada işləmək lazımdır. Düşünürəm ki, bunların hamısı mütləq nəzərə alınmalıdır”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar