Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ali təhsil almaq niyə çətinləşib?

Tarix: 09-07-2022 16:16     Baxış: 3422 A- / A+
Test sualları ilə bağlı qəliz suallar
Belə görünür, Azərbaycanda ali təhsil almaq ilbəil çətinləşdirilir. Builki buraxılış və qəbul imtahanlarında iştirak edən abituriyentlər qəbul imtahanlarında sualların həddən artıq çətin olduğunu bildiriblər.
Dövlət İmtahan Mərkəzi (DİM) bu iddialara reaksiya verib, bildirib ki, bu haqda yalnız nəticələr tam yekunlaşandan sonra araşdırma aparıb fikir bildirmək olar. Ancaq fakt odur ki, test sualları ilbəil qəlizləşdirilir. 2020-ci ilin martından 2021-ci ilin sonunadək pandemiya il əlaqədar uşaqların normal təhsil ala, hətta fərdi qrup hazırlıqlarına gedə bilməməsi bu il də nəzərə alınmayıb. Hətta bəzi sualların orta məktəb dərsliklərində olmayan materiallardan yazıldığı iddiaları var. Habelə 3-cü qrup üzrə 6 iyulda keçirilən imtahanda test tapşırıqlarından birinin səhv olduğu haqda məlumat yayılıb. Bu haqda təhsil eksperti Sabir Əsədov öz Facebook səhifəsində ilginc məlumat açıqlayıb.
“Dövlət İmtahan Mərkəzi 6 iyul tarixində keçirilmiş qəbul imtahanında ədəbiyyat fənni üzrə yenə bir şou göstərdi. Onsuz da müəyyən qədər psixoloji problemlərin çox olduğu bir dönəmdə ədəbiyyat kitablarını qarşısına qoyub cümlə-cümlə köçürməyə nə lüzum var ki? Üstəlik, əsərdəki bir faktı səhv köçürüb, sonra da onu düzgün cavab kimi göstərmək.
6 iyul 2022- ci il. 3-cü qrup üzrə sual kitabçası.
“A” variantında 86-cı test tapşırığı;
“B” variantında 86-cı test tapşırığı
“C” variantında 83-cü test tapşırığı
“D” variantında 85-ci test tapşırığı.
Açıq tipli test tapşırığıdır. C. Cabbarlı “Oqtay Eloğlu” faciəsi.
Əsərdə belədir: Xaspolat.( Oqtay Eloğlu haqqında): Türküstanda hökumət əleyhinə çalışdığı üçün Sibirə sürgün edilmişdir.
Sual kitabçasında: 2-ci bənddə: Türkmənistanda hökumət əleyhinə çalışdığı üçün Sibirə sürgün edilmişdir.
Və bu ikinci bənd, sırf 4 bəndlik cavab alınsın deyə, 1,2,4,5 kimi düzgün cavab götürülüb. Amma düzgün cavab 1,4,5-dir.
Mən həmişə bu cür yanaşmalardan və yazılardan kənar durmağa çalışmışam. Amma bu qədər də olmaz. Xahiş edirəm, dostlar da paylaşsın ki, bəlkə bu məsələyə rəsmi aydınlıq gətirilə və ədalət öz yerini tuta. “Oqtay Eloğlu” 1922-ci ildə yazılıb. O vaxt Türkmənistan adı keçərli idimi. Və ya əsərdəki bir faktı öz istədiyimiz kimi dəyişib doğru cavab kimi götürmək olarmı? Əgər bu, texniki səhvdirsə, o zaman yenə rəsmi açıqlaması olmalıdır", - deyə təhsil eksperti qeyd edib.
Bundan əlavə, açıq test tapşırıqlarının yoxlanılmasında tələbələrin iştirak etdiyi, yanlış nəticələr olduğu iddiaları da var. Yekun qənaət isə budur ki, Azərbaycanda hətta təhsil səviyyəsi orta olan şagirdlərin ali məktəbə daxil olması müşkülə çevrilib. Ən yaxşı halda onlar ödənişli fakültələrdə təhsil ala bilirlər. Belə bir iddia da var ki, test suallarının həddən artıq çətinləşdirilməsində məqsədlərdən biri də abituriyentlərin az bal toplayıb ödənişli əsaslarla oxumağa sövq etməkdir.
Avropa və Türkiyə təcrübəsində isə ali təhsil daha əlçatandır. Ali təhsil almaq istəyənlərə belə ağır şərtlər tətbiq olunmur. Ali təhsilə keçidi asanlaşdırmaq Azərbaycanın niyə marağında olmasın?
Ceyhun Məmmədov - YouTube
Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı danışıb. O, imtahanlara düşən sualların çox çətin olması ilə razılaşmadığını bildirdi: “Mən bu fikirlə razı deyiləm ki, imtahanlara düşən suallar çətindir. Doğrudur, müxtəlif yanaşmalar, fikirlər var. Lakin bir daha qeyd edirəm ki, düşən suallar heç də çox çətin deyil. Əslində qəbul balları xeyli aşağı salınıb. Yəni burada gənclərimizin üzərinə böyük vəzifələr düşür ki, onlar imtahanlara yaxşı çalışıb, hazırlaşsınlar və qəbul ola bilsinlər. Burada reallıq ondan ibarətdir ki, hazırkı dövr ali məktəblərə qəbul olunmaq üçün real dövrdür. Doğrudur, bəzi ölkələrdə attestatla və yaxud müxtəlif metodlarla universitetlərə qəbul var. Bizdə isə test üsulundan əvvəlki dövrü xatırlayırıq ki, hansı  problemlər mövcud idi. Sadəcə, indi bəzi məsələlər var ki, onları daha effektli şəkildə düşünmək lazımdır. Suallara gəldikdə, burada böyük işdən, gərgin əməkdən söhbət gedir.
Bir məsələ var ki, biz prosesi asanlaşdırdıqca insanlar istəyəcəklər ki, daha da asanlaşsın, rahatlaşsın. Ona görə də düşünürəm ki, bu prosesdə bitərəf olmalıyıq. Eyni zamanda şagirdləri, valideynləri narahat edən məsələləri də təhlil etmək lazımdır. Baxmaq lazımdır, əgər imtahanlara düşən suallar həqiqətən dərsliklərdə yoxdursa, həqiqətən də şagirdin bilmədiyi məsələlərdən olursa, növbəti illərdə bu məsələdə diqqətli olmaq lazımdır ki, narazılıq yaşanmasın".
Deputat qeyd etdi ki, bu məsələdə əsas məsuliyyət şagirdlərin və valideynlərin üzərinə düşür: “Onlar bu məsələdə daha diqqətli olmalıdırlar. Baxın, bu gün Azərbaycanda 200 balla universitetlərə qəbul olunmaq mümkündür. Hətta bəzilərində 150 bal da olur. Yəni niyə bunu daha da asanlaşdırmaq istəyirik? Bəs yaxşı, hansı formada olmalıdır? Bu bir faktdır ki, hazırda xaricdə təhsil almağa çox böyük meyl var. Bunu da fərdi qaydada düşünmək lazımdır ki, necə etməliyik. Əlbəttə ki, xaricdə təhsilə meylin qarşısını da almaq mümkün deyil. Lakin buna tam şərait yaratdıqda da başqa problemlər ortaya çıxa bilər. Sadəcə, ixtisas seçimini düzgün etmək lazımdır. Heç də hamının ali təhsil almasına ehtiyac yoxdur”.
Nadir İsrafilov: Ənənəvi təhsili bərpa etməyin inamlı və təhlükəsiz yolu  vaksinasiyadan keçir - AZƏRTAC
 Nadir İsrafilov

Təhsil eksperti Nadir İsrafilov isə qeyd etdi: “Əslində biz ali təhsilin hər kəs üçün əlçatan olması kursunu götürmüşük. Gündəmdə neft kapitalının insan kapitalına çevrilməsi məsələsi var. Digər bir məsələ, adam başına düşən ali təhsillilərin sayına görə dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparırıq. Ümumiyyətlə, qeyd olunan məsələ bu günə və yaxud dünənə aid deyil. Test məsələsi çıxandan Təhsil Nazirliyi ilə indiki İmtahan Mərkəzi arasında bir növ ”soyuq müharibə" gedib. Yəni 1991-ci ildən test imtahanları başlayandan qızıl medal alanlar 100-200 bal, “3", ”4" alanlar isə yüksək bal topladı. Ona görə də qeyd etdiyim iki qurum bir-birini ittiham etməyə başladı ki, imtahanlara dərsliyə düşməyən materiallar salınır və sairə. Dövlət İmtahan Mərkəzi də nazirliyi ittiham edirdi ki, orta məktəbdə tədrisin keyfiyyəti lazımi səviyyədə deyil.
Elə il olur ki, suallar nisbətən yüngülləşdirilir, bəzən isə nisbətən çətinləşdirilir. Bu da görünür ki, plan məsələsi ilə bağlıdır, məsələn, filan yerlərin sayı azaldılmalı və yaxud çoxaldılmalıdır deyə. Bunu da Dövlət İmtahan Mərkəzi öz mövqeyindən, valideynlər də öz mövqeyindən izah edir. Beləliklə, ortada problemlər var. Problem ondan ibarətdir ki, Rusiya, Polşa, Ukrayna və digər ölkələrdə attestatla qəbul məsələsi var. Həmçinin orada ödənişlər bizdən xeyli aşağıdır. Ona görə də əksər məzunlar təhsil almaq üçün xaricə üz tutur ki, bu da insan kapitalının ölkəmizdən getməsi deməkdir".musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar