Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rəsul Rza ömründən damlalar - Rafiq Yusifoğlu

Tarix: 19-05-2020 18:45     Baxış: 3490 A- / A+
Rəsul Rza ömründən damlalar - Rafiq Yusifoğlu

Sənətkar ömrünü, yaradıcı insanın düşüncə tərzini, həyata, cəmiyyətə, müxtəlif hadisələrə, sənətə münasibətinii öyrənmək baxımından ən yaxşı mənbə onun öz əsərləri, məqalələri, çıxışları, xatirələridir. Ancaq dünyasını dəyişən qələm sahibinin ömürlüyündə baş verən hər kiçik hadisə, söhbət, ştrix belə həmin insanın şəxsiyyətinin bütövlüyünü göz önündə canlandırmağa bu və ya digər dərəcədə yardımçı olur.

Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı Rəsul Rza istər şəxsiyyəti, istər əsərləri, istər ictimai həyatdakı yeri və rolu ilə həmişə gündəmdə olan nəhəng şəxsiyyətlərdəndir. XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin formalaşmasında, yeni istiqamətdə formalaşmasında Rəsul Rzanın özünəməxsus xidmətləri danılmazdır.
Özümü xoşbəxt hesab eləyirəm ki, bu görkəmli şəxsiyyətlə az da olsa ünsiyyətdə olmuşam, onun çıxışlarını, söhbətlərini, tövsiyyələrini dinləmək mənə də nəsib olub.
Rəsul Rzanın adını hələ orta məktəbdə oxuyarkən eşitmişdim, dərslikdə verilən şeir və poemalarından parçaları oxuyub əzbərləmişdim. Ancaq təəssüf ki, o zaman Rəsul Rza sənətinin sirlərindən baş çıxarmaq səviyyəsində deyildim. Digər tərəfdən, müəllimlərimiz heç onun yaradıcılığını sevdirməyə cəhd də göstərməmişdilər. Təəssüf ki, ali məktəb auditoriyasında da Rəsul Rzanın yaradıcılığına həsr olunmuş mühazirə mənim biliklərimə heç nə əlavə eləyə bilməmişdi. Ancaq qəribə bir təsadüf maraq selmi Rəsul Rza yaradıcılığının üstünə çevirə bildi. O zamanki APİ-də tarixdən seminar məşğələsi aparan gənc bir müəllim, Bəşir Quliyev şeir yazdığımı biləndə tənəffüslərdə mənimlə ədəbiyyat haqqında söhbət eləyirdi. Bir dəfə necə oldusa, Rəsul Rza yaradıcılığından söz düşdü. Mənim novator şair kimi tanınan bir insanın yaradıcılığına laqeyd münasibətim Bəşir müəllimin diqqətindən yayınmadı. Dedi ki, Rəsul Rza böyük şairdir, mütləq onun əsərlərini tapıb oxu. Söz verdi ki, məni dostu Fikrət Qoca ilə tanış edəcək.
Dərsdən sonra kitab mağazasından Rəsul Rzanın "Duyğular və düşüncələr" kitabını alıb oxumağa başladım və etiraf edim ki, bu kitab mənim ədəbiyyat haqqında duyğu və düşüncələrimi əhəmiyyətli dərəcədə dəyişdi. Bu kitabı oxuyandan sonra nəinki Rəsul Rzanın, eləcə də o zaman yaradıcılıq nümunələri birmənalı qarşılanmayan, adları Rəsul Rza ədəbi məktəbinin davamçıları kimi çəkilən Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər Salahzadə, İsa İsmayılzadə kimi şairlərin də yaradıcılıq nümunələrini mütaliə etməyə başladım. Etiraf edim ki, ədəbi zövqümün formalaşmasında oxuduğum yeni tipli şeir nümunələri çox böyük rol oynadı. Şeirlərini ilk dəfə Rəsul Rzanın tərcüməsində oxuduğum böyük ispan şairi Federiko Qarsia Lorkanın yaradıcılığına marağım gücləndi. Sonralar məndə Lorkanın şeirlərini dilimizə çevirmək arzusu baş qaldırdı...
Rəsul Rzanın əsərlərini maraqla oxusam da, ədəbi məclislərdə, iclaslarda çıxışlarını dinləsəm də, onunla görüşmək, söhbətləşmək səadəti mənə nəsib olmamışdı. Yerevanda əsgərlikdə olanda Rəsul müəllimin ünvanına bir neçə sərbəst şeir göndərmişdim. Əsgərlikdən sonra "Gənclik" nəşriyyatına getmişdim. Ələkbər Salahzadə mənə deyəndə ki, Rəsul müəllim sənin şeirlərini nəşr etmək üçün bizə təqdim eləyib, sevincimin həddi-hüdudu yox idi. O şeirlərdən biri "Arzu" adlanırdı və məzmunu belə idi:

"Araz" kinoteatrında
baxanda kinolara,
könlümə çəkilməmiş
filmlər düşür ara-sıra.
Qəhərlənirəm bir az da,
Gün o gün olsun ki,
"Birlik" sənədli filminə
baxım "Araz"da...


Görünür Rəsul müəllimin diqqətini cəlb edən şeirin məzmunu imiş. Burada qoyulan məsələ o dövrün yaradıcı gəncliyini düşündürən problem idi və bizim nəsil həmin düşüncə tərzinə görə çağdaş ədəbiyyatımıza, o cümlədən də onun öncüllərindən biri olan Rəsul Rzaya borclu idi. O Rəsul Rzaya ki, "Dana və balaca qız", "Rənglər", "Bağları qum basır", "Pəncərə" tipli şeirlərini, "Qızılgül olmayaydı" poemasını dönə-dönə oxuyub müzakirə eləyir, hər misrada sətiraltı məna axtarırdıq...
Taleyim üzümə güldü. Qələm dostum, gözəl şair, təşkilatçı Vaqif İbrahimin vasitəsi ilə böyük şairlə - Rəsul Raza ilə şəxsən tanış oldum. Vaqif İbrahim Sumqayıtda Əli Kərim adına Poeziya klubunun açılmasına nail oldu və istedadlı gəncləri bu klubun ətrafında birləşdirdi. Rəsul Rzanın fəxri sədr kimi istər klubun Şahmat klubundakı açılışında, istər "Dalğa" mehmanxanasının restoranında keçirilən poeziya günlərində, istərsə də bəzi məşğələlərdə iştirakı sevincimizə sevinc qatırdı. Hamımız böyük acgözlüklə onun söhbətlərini, tövsiyələrini dinləyirdik. Bəzilərimiz Rəsul Rza ilə birlikdə şəkil çəkdirmək şərəfinə də nail olmuşduq.
Rəsul Rzanın gənclərlə ünsiyyəti nəinki Sumqayıtda, eləcə də respublikamızda ədəbi mühitin canlanmasına böyük təkan verdi. Sumqayıt ədəbi mühiti bir növ ədəbi mübarizələr meydanına çevrilmişdi. Ən maraqlı cəhət bu idi ki, həmin tədbirlərdə o dövrün çox görkəmli şair və yazıçıları da iştirak edirdilər. Ancaq etiraf edək ki, burdakı ədəbi mübarizənin, çalxalanmanın önündə də Rəsul Rzanın drijor çubuğu öz işini görməkdə idi...
O vaxt mən Sumqayıtdakı 23 nömrəli orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyirdim. Könlümdən keçdi ki, məktəbimizdə Rəsul Rza ilə görüş təşkil edim. Ancaq bilirdim ki, Rəsul müəllimin işi çox olduğundan belə görüşlərə gedə bilmir...
Fikrimi məktəbin direktoru Minarə Tahirovaya dedim. Elə bil üzündə işıq yandı, ancaq o işıq tez də söndü. Minarə xanım dedi ki, yəni Rəsul Rza bizim məktəbə gələr?
İndi respublikamızın Əməkdar müəllimi, "Şöhrət" ordenli Prezident təqaüdçüsü olan Minarə Tahirovanın bu sualı təsadüfi deyildi. Çünki məktəbdə bir neçə tanınmış şair və yazıçılarla görüş keçirmək istəsək də, son məqamda tədbirimiz baş tutmamışdı... Minarə xanımı inamsızlığa məcbur edən səbəb də elə bu idi...
Fikrimi Vaqif İbrahimə söylədim. O mənə dedi ki, Rafiq, qəti söz vermirəm, ancaq çalışacam ki, Rəsul müəllimi onu sevən şagirdərin, müəllimlərin görüşünə gətirim.
Vaqif İbrahimin Rəsul Rzanın məktəbə gəlməyə razı olduğunu söyləməsi sevincimizə sevinc qatdı. Böyük həvəslə görüşə hazırlaşdıq, ssenari yazdıq, uşaqlar şeirləri əzbərlədilər...
15 fevral 1975-ci ildə Rəsul müəllimlə məktəbdə görüşümüz baş tutdu. Böyük şair kövrəldi, minnətdarlığını bildirdi, Minarə xanımın təşkilatçılığını, Hökumə xanımın məruzəsini, mənim şeirimi təriflədi. Uçmağa qanadımız yox idi...
O vaxta qədər çox ciddi bir adam kimi tanıdığım, hətta sual verməyə cəsarət etmədiyim Rəsul Rza bizimlə, hətta şagirdlərlə çox səmimi söhbət edir, hətta zarafatlaşırdı da... O günlərin xatirəsi kimi bir neçə fotoşəkil durur...Həmin şəkilləri böyük şairimiz Rəsul Rzanın 100 illik yubileyi ərəfəsində oxuculara təqdim edirəm.
Sonralar "Göyərçin" jurnalının redaksiyasında Gənc Yazıçıların Respublika Ədəbi Birliyi fəaliyyət göstərməyə başladı. Həmin birliyin rəhbəri Vaqif İbrahim, baş memarı isə yenə də yaradıcı gəncliyə böyük qayğı göstərən Rəsul Rza idi...
Ömür əbədi deyil. Rəsul müəllim də öz dünyasını dəyişdi. Ancaq nə yaxşı ki, Rəsul Rzanın yaradıcılıq nümunələri, tövsiyələri, xatirəsi həmişə bizimlədir...

Rafiq Yusifoğlu
şair, filologiya elmləri doktoru, professor.

Manevr.az
Rəsul Rza ömründən damlalar - Rafiq Yusifoğlu
Rəsul Rza ömründən damlalar - Rafiq Yusifoğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar