Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qaranlıqların köksündən qopan işıq zərrəsidir şair

Tarix: 30-12-2023 21:02     Baxış: 3433 A- / A+
Fəridə Köçərli 

Şair çəmənin çiçəyi, sözün gerçəyi, ədalətin hökmü, hökmün zərbidir. Şair Haqqın elçisi, elçinin ölçüsü, ölçünün meyarıdır. Şair Tanrının yer üzünə bəxş etdiyi kəlam qaynağıdır. 
Hər kəsin yararlana bildiyi, örnək sandığı ibrət boğçasıdır. Qaranlıqların köksündən qopan işıq zərrəsidir şair. O işığın haləsində sabaha yol alan, ümid çırağını yandıran kəslərin enerjisi də yüksək olur. Şairlik həm də enerji deməkdir. İlahidən qidalanır, hikmətlənir, müdrikliyə doğru addımlayır. Qəmdən libas geyənlər də var, sevincdən əbaya bürünənlər də var şairlər arasında. Qəm libası ilə sevinc əbası şairin
ilham köynəyidir. Şairlər bulaqdır - gecə-gündüzdemədən çağlayır; şairlər çəməndir - al-əlvan güllərdən ətirli çələng toxuyur;şairlər dayaqdır – hər kəsin yükünü daşıya biləcək çiyinlərə malikdir. Şairlər həmdə bir çox hallarda dərk edilməyən duyğu və düşüncələrin eyhamı, fəlsəfəsidir.
“Üzü Laçına doğru” kitabının müəllifi Fəridə Köçərli də tanıdığımız vəbəlkə də yetərincə tanımadığımız söz sahiblərindən biridir. Qalaq-qalaq şeirlərinintonqalında isinənlər də var, həsrət, kədər, hicran illətində tir-tir əsənlər də. Yurdağrı-acısı, doğmaların itkisi, düşmən tapdağı altında inləyən çiçəklərin harayı,bulaqların acı göz yaşı ruhunu sardıqca, fəryadı misra-misra, bənd-bənd olub
su səpdi könüllərə. Həsrətdən çatlayan qəlbi qoşmanın, bayatının, gəraylının sədasında məlhəm tapdı. Doğulduğu yurdun – ana torpağın itirilməsi azmış kimi anasının ətrini rəngi solmuş nimdaş yaylıqdan almağa çalışdı.

Neçə ildir yoxsan ana
Səndən mənə köhnə, nimdaş
Yaylıq qalıb – rəngi solmuş.
İyin, qoxun, həm keçmişin
Bu yaylığa hopub yatmış...

Yaylaqları qoyun-quzu sürüsü, zirvələri heykəli xatırladan uca qayalar,dərələri nəğməkar bulaqların beşiyi, çəmənləri Tanrının əli ilə çəkilən rəsm əsəri,güneyləri kəklilərin yuvası, quzeyləri tar tutmuş aşırımlar, gədiklər... Hər biri bir şeirdi - dağlar əzəməti, meşələr füsunkarlığı, çaylar qıjhaqıjı ilə... F.Köçərlinin doğulduğu kənd də o gözəlliyin qoynundan boy atmışdı. Heyif ki, qarı düşmənin
çaynağına keçdi. Nə əl çatdı, nə ün yetdi. “Kəndimiz” şeirindəki kimi...

İllərdir oxşayıb sevmədik boyun
Gözlərin yollardan kəsdi kəndimiz.
Açıldı başına minlərlə oyun
Ününə yetmədik, küsdü kəndimiz.

Ədalətsizliklə barışmadı F.Köçərli, haqsızlığa boyun əymədi. Yalanla həyatını “abad” edənlərə qarşı kəskinliyi ilə sipər çəkdi. Şəri xeyirdən üstün
tutanlarla mübarizədən yorulmadı. Haqsızlığın tüğyan elədiyi bir dövrdə qətiyyət və iradə göstərdi. Kiminsə bədbəxliyi üzərində xoşbəxtlik quranlara qarşı sərtliyi və amansızlığı ilə fərqləndi. Elə onu hər kəsə sevdirən də mərdliyi, dəyanəti və sədaqəti oldu. Kişi kimi yaşamağın anlamını anlatmağa çalışdı hər kəsə.
Ömürdə bir dəfə ölməyə nə var Zülm odur hər saat ölüm görəsən. Hələ lap uşaqlıqdan Ana – Vətən, Vətən – Ana oldu duyğularından çələng
hörən Fəridə üçün. Ömrünün bir qismini doğma diyardan uzaqlarda keçirəndə də Vətən deyib haray çəkdi. Qismətin açarı əlində olmadığı üçün zamanın təkərini geri döndərə bilmədi. Dərdini vərəqlərə büküb ayrılıqdan hasar hördü, könüldən-könülə yol çəkdi, körpü saldı.
Vətənə dönəndə nə qədər sevinmişdisə, illər sonra sevinci də kəpənək kimi bir o qədər tez uçub getmişdi əlindən. Qarı düşmənin torpaq iddiası Laçın kimi alınmaz qalamızı könüldən də, gözdən də ayrı salmışdı. Həsrətin kəskin qılıncı ox olub düşmənə tuşlansa da, ayrılığın 30 cu ilində zirehi dəmir yumruq olan cəngavərlərin qarşısında tab gətirməyəcəklərini anlayan düşmən diz çökməkdən başqa çarə tapmamışdı. Yurdun oğulları Qubadlıya, Kəlbəcərə, Şuşaya, eləcə də Laçına dönərək Qələbə sevinci yaşatmışdılar xalqımıza. Ana torpağın yenilməz
əsgəri ilə qarşılaşan müəllif “İgid əsgər, qurban olum boyuna, Laçınıma baxan gözünə qurban” deyərək, sevincini dilə gətirməkdən qürur duymuşdu.
Xeyirlə şərin mübarizə apardığı bir zamanın nə sonu deyil, nə əvvəli. Haqq nahaqla, kədər sevinclə, yaxılıq pisliklə, gecə gündüzlə, ölüm yaşamla eyni ittifaq təşkil etsə də, məramları tərs mütənasibdir. Tərsliyin izharı, yaxud vicdanın susqunluğu insani dəyərə ləkə salırsa, günah dolu ömrün uzun vəfasından, vəfasızlığından danışmağa dəyməz. “İnsanlar artdıqca insanlıq ölür” ifadəsi əbəs yerə deyilməyib. Fəridə xanım da insanlıq naminə çarpışan, haqqın, ədalətin bərqərar olması  qaranlıqların aydınlığa çıxması üçün ömrünü əridən söz
sahiblərindəndir.

Nə var ki, əl açıb çörək tapmağa
Dilənmək istərdim insanlıq üçün.

F.Köçərli yalançı vədlərlə xalqı aldadan, boş ümidlərlə sabaha “işıq” tutan, xalqın varını talayan, qarnı burnundan qabaqda olan üzdəniraq məmurların, işçinin maaşına göz dikən sahibkarların, varı-dövləti ilə qürrələnən oliqarxların timsalında
insanlıq dərsi keçir kasıba xor baxanlara. Vicdanının səsinə qulaq asmayanların, müdiklərin hikmətli kəlamlarından ibrət götürməyənlərin, valideyninə ağ olanların “ağ günə” çıxacağına ümid bəsləmir. Çünki o, yalançı vədlərdən papağını yelə verənləri, yeməklə doymayıb qaşıq yalayanları çox görüb.
Tüstüdən kor olan qızmaz istidən Qazandan doymayan qaşıq yalarmış.
F.Köçərli üçün sözdən dəyərli, sözdən qiymətli olan elə sözdür. Sözü söz eləməyi də sevmir. Oturduğu kürsü, qalxdığı zirvə, çıxdığı ucalıq da elə sözdür. Sözü sözə qoşub xarüqələr yaratmağı, səltənətlər qurmağı bacaranlardandır. Sözün
toxunuşunu məharətlə bacardığı kimi, ilməsini də yerində vurur. Dövləti-varı, isməti-arı söz bilən şair “qaranlıqlara çıraq, sərrafa yaraqdır söz”, - deyir. Sözlə tumarlanıb, sözlə ətirlənir, arılar çiçəkdən bal çəkdiyi kimi, şair  sözün
hikmətindən pöhrə verir. Pöhrələr böyüdükcə, dəyəri artır söz boxçasının.

Çox gəlin, qızların duvağıdır söz
Dolaşıq işlərin darağıdır söz
Sərraf olan kəsin yarağıdır söz
Bəzən qaranlıqlar çırağıdır söz.

Fəridə xanım qəmin, kədərin əlindən qurtulub duyğular qanadında uçmağı bacaran, aydın səmalarda əlçatmaz ənginliklərə varan, axtardıqlarını ulduzlu kəhkəşanda tapan, bir anlıq da olsa, dərdini unudub təki-dünya – zahid olan sərraflardandır. Mal-mülk, var-dövlət, sərvət üçün deyil, əziz bir kəsin ilıq nəfəsi
üçün darıxmağı tövsiyyə edir. Ruhuna kim tənsə, o bəsin ola, - deyə hayqırır sanki.

Dərddən qorxmayasan, nə tənhalıqdan
Ruhuna kim tənsə, o bəsin ola.
Xəyala dalasan... baxa aynadan
Verdiyi nəfəsi nəfəsin ola
Darıxmağa əziz bir kəsin ola.

Laçın həsrəti ilə yanıb yaxılan F.Köçərli Laçınlı günləri ömrünün ən bəxtəvər anı hesab eləyir. Laçınsızlığın yaşatdığı acılar taleyinin ağrılı səhifəsi olsa da, ömrünün bahar fəslidir. Amma məşəqqətlər ruhuna sirayət eləyib deyəsən.
Yurd niskilli “Laçın” şeirində olduğu kimi...
Yolum bağlı, ürək dağlı
Bəxtəvərdim – Laçın çağlı
Yaşım hələ barlı-bağlı
Ruhum yüzə dirənibdir.

“Yaltaq itlər qurda hürmür” deyir F.Köçərli. Sözün qiyməti çəkisi qədər ağırdır. Söz ruhun bətnindən doğulanda ağırçəkili olur, dəyəri artır. Dəyərli söz köhnəlmir, ucuzlaşmır, qiymətdən düşmür. Ona görə də sərraflar dedikləri sözün ömrü qədər yaşayırlar.
Vətəni sevmək imandandır, - deyib ulu peyğəmbərimiz (s.a.v). Vətənin dar günündə dadına çatmaq, namərd düşmən üçün keçilməz səddə çevrilmək, haqq uğrunda vuruşaraq ədaləti bərpa etmək insanlıq adına ucalıqdır. Uca insanlar da günəş kimidir, Günəş nə qədər yüksəyə qalxsa ətrafa bir o qədər çox işıq düşər.

Axı nə biləsən yorulmaq nədir
Su ağun olmasa, yeməyin boğma
Vicdanın boynuna salmasa kəndir
Ürəyin dağ olmaz, Vətənin doğma.

Qələmi fikrinə çıraq eləyən, niskili gözündə yaşa döndərən məsum duyğulu, ağır ifallı, qəmi həyalı, dərdi bahalı (Vətən dərdi), baxışı məğrur, kəlməsi məlhəm olan söz sahibi misraların hönkürtüsünü, hayqırtısını, harayını dastanlaşdırıb dəstə bağlayır. Hər dəstənin öz çəkisi, öz ətri olduğu kimi, ruhuna hakim kəsilən, təravəti ilə könül ovsunlayan, təsbehlənən sətirlər oxucu üçün həbə çevrilir. Bəzən təvazökarlıq edib dəftər-qələmi korladığını dilə gətirsə də, həqiqətin diktəsi – təcəllası qarşısında məmnunluğunu görməmək mümkün deyil Fəridə xanımın.
Ağlayıb sızladı dəftər-qələmim
Dedi qurban olum bizi korlama.

F.Köçərlinin ruhundan qopan, dilindən çağlayan, varlığından qanadlanan sətirlər halallıqdan yoğrulub, ədalətlə kündələnib, saflıqla körüklənib. Ona görə də cana şəfa, dərdə dava, ruha nəvadı. Vücudu saran niskilə qarşı məlhəm olan
kəlmələr sabahı aydınladan işıq, zülmətə kölgə salan çıraqdır. Qələmin kefiköklüyü isə zənnimcə ilk dəfə Köçərlinin barmaqlarından süzülüb. Yeni sözün, yeni ifadənin doğuşu ədəbi cameənin əbədiyaşarlığını, sütununu möhkəmləndirir.

Deyilən hər sözdə bir məlhəm ola
Qəlbinin niskilin yoza biləsən
Həmişə kefikök bir qələm ola
Sevincdən, vüsaldan yaza biləsən.

Müəllifin “Yuxum özün asdı dar ağacından...”, yaxud “Sevgisiz bir ürək nifrətə yurddur...” misraları eşqsiz bir ürəyin intiharı, bəlkə də intihara gedən çarəsizin içinə axan göz yaşlarıdır. Kədərin sevinclə yoldaşlığı bir təzad olmasa da, dərdin çarəsizliyinə əlac axtarmaq misraların hökmündədir. İlahi qüdrət çarəsizliyə məlhəmdir. Qapıları döyülən dərdin məlhəmi...
Yəqin ki var hər bir dərdin əlacı
Əlacsız dərd qapıları döyməsin.

Şair hər kəlməni, hər misranı ədalət tərəzisində misqal-misqal ölçür, dodaqdan qopan hər sözü süzgəcdən keçirərək paklaşdırmağa çalışır. Yaş artdıqca kamilləşən, kamilləşdikcə müdrikləşən vücudun daha da durulduğunu, saflaşdığını duyğularında inikas elətdirir. Amma bu gidi dünyada heç bir cövhərin səhvlərdən, nöqsanlardan xali olmadığını söyləməklə, mənəm-mənəm deyib özünü öyənlərə həyat dərsi keçir öz timsalında.

Fəridə, gileylə özünü döymə
“Ömür azaldıqca durulur adam”
Dostu qınayaraq özünü öymə
Demə ki, səhvlərdən qırağam, yadam.

Müəllif üçün ən ali məqam eşqdir. Eşq həyati dəyərlərin, insani keyfiyyətin
 əsrar gözəlliklərin vəcd halıdır. Bu hal kölgələrin düşməni, qaranlıqların qənimidir. Eşq ulu Haqqın təcəllası – surətidir. Eşqlə yoğrulan, eşqlə doğur. Eşqlə doğulan çiçəklərə ətir, dodaqlara təravət çiləyir. Kəlmələr  eşqlə süslənir.
Sətirlərə hopan “təbib” kimi...
Elə bil təbimə sən bir təbibsən
Qələmsiz hopursan sətirlərimə...

İmansızın dini, dinsizin imanı olmaz. İmanlı olanlar haqqı nahaqdan, yaxşını pisdən seçənlərdir. Fəridə xanım da bu zalım dünyada haqqa söykənib, ədalət işığına güvəndi. Dünya malına güvənənlərə həqiqətin sirrini açdı, ürəkdəki gözəlliyin limansız olduğu isbatladı, “halallıq elçisi olub göz əlin” deyərək haramdan uzaq durmağa, “yalansız həqiqətlərin işığnda” həyatdan kam almağa səslədi hər kəsi.

Dünyanın malından doymayan insan
Allah dərgahında gümansız olur.
Güvən axirətə, haqq dünyasına
Axı həqiqətlər yalansız olur.

Bər-bəzək xoşlamır hüsnü gözəlin
Halallıq elçisi olub göz əlin
Sonun gözəl olsun, keçdi əzəlin
Ürəkdə gözəllik limansız olur.

Könül, nə danışır, nə də dinirsən
Haqsızlıq görəndə daim sinirsən
Fəridə, sən özün yaxşı bilirsən
Vətənə kəc baxan imansız olur.

F.Köçərli təlatümlü şairdi. Gah şimşək olur, gah tufan, gah zəlzələ, gah boran. Gah hayqırtısı bağır dəlir, gah da həzinliyi ilə könül ovsunlayır. Amma səmimiyyəti və qətiyyəti heç zaman dəyişmir, ahəngi, ritmi dəyişməyən çaylar kimi. Köçərlinin “Üzü Laçına doğru” əsəri bu qəbildən olan əzəmətli bir abidədir.
İllərin, əsrlərin sınağına dözə biləcək qədər möhkəmdir özülü. Çünki o özül, bir yurd sevdalı, torpaq təravətli, Vətən canlı söz mülkünün qüdrətindən yoğrulub.
İnanırıq ki, oxucuların masaüstü kitabına çevriləcək bu abidə - əsər oxunulduqca, daha da dəyərə, qiymətə minəcək.

Ötərxan ELTAC
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar